Siyəzəndə “Vətən andı” görüşü
Bir neçə gün əvvəl,
noyabr ayının 6-da Siyəzəndə
şair Ay Bəniz
Əliyarın yeni kitabının təqdimatı
oldu.A.Əliyarın “Zəfər andı” adlı yeni kitabına “Zəfər tarixi”
poeması və “Xarı bülbül” pyesi daxil edilib. Belə bir kitab
törəninin Şuşanın azad edilməsinin bir illiyini
bayram etdiyimiz günlərdə baş verməsi qələm
adamı kimi bizim sevincimizə səbəb oldu. Çünki
kitabın məzmunu ikinci Qarabağ müharibəsi ilə
bağlıdır və şair bu şanlı
döyüşlərin gedişində Azərbaycan əsgərinin
mübarizə əzmini, torpaq sevgisini, Azərbaycan
xalqının müdrikliyini göstərən təsvirlərə
yer ayırır.
İkinci Qarabağ müharibəsinin getdiyi vaxtda çoxsaylı şeirlər, hekayələr, publisistik yazılar nəşr olunmuş, yəqin ki, bundan sonra da bu iş davam edəcəkdir. Həmin ərəfədə bu cür kitabların çap olunması düşmənə qarşı açılmış cəbhənin əhatəli, geniş miqyaslı olmağının göstəricisidir.
Belə bir vaxtda rəsmi səviyyədə ədəbi fikrə diqqət ayrılması yaxşı haldır. Ədəbiyyatın tarixdə baş verənlərin gələcək nəsilə çatdırılmasında rolu əvəzsizdir. 6 noyabrda Siyəzən şəhərində bayram tədbirlərindən birinin kitab təqdimatı, imza günü formatında keçirilməsi, oraya bölgədə yaşayıb-yaradan yazıçı və şairlərin, təhsil, mədəniyyət işçilərinin toplaşması rəsmi səviyyədə ədəbi fikrə, qələm adamına dəyər verilməsi deməkdir.
Tədbirdə döyüş iştirakçıları, qazilər, hərbçilər də iştirak edirdilər. Bu münasibət, görünür, bir də Şabranın artıq neçə illərdir, AYB-nin bölgə mərkəzi olmağı ilə bağlıdır. Şabranda təkcə elə Xaqani Poeziya evinin yaradılması və rayonun bir çox mədəni-sosial həyatında söz, sənət məkanı kimi tanınması oradakı canlı proseslərin, qaynar ədəbi mühitin göstəricisidir.
Şabran rayonunda ədəbiyyat adamlarına, incəsənətin inkişafına maddi, mənəvi, təşkilati kömək göstərilməsi Şabran rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Novruz Novruzovun adı ilə bağlıdır.
Hərçənd kənardan kiminsə dəstəyi olmadan da ədəbi istedad varsa, o, bulaq kimi bir yerdən sızıb varlığını isbat edə bilər, lakin orada ədəbi mühitin tamlığından söhbət gedə bilməz. Ədəbi mühit üçün stimul lazımdır. Azərbaycan kimi bazar münasibətlərinə hələ tam inteqarasiya etməmiş ölkələrdə kitab bazarına, kitabın nəşrinə, təbliğinə, kitab adamlarının mənəvi, hüquqi cəhətdən özünü reallaşdırmasına gerçək himayə lazımdır.
Bu işləri indi Siyəzən rayonuna rəhbərlik edən N.Novruzov (Nəcəfoğlu) yerinə yetirir. İstedadlı yazıçı kimi tanınan, onlarla kitabın müəllifi Novruz Nəcəfoğlunun sənət adamlarına, xalqın mədəni irsinə hörmət və qayğı ilə yanaşması yüksək ehtirama layiqdir.
Akademik İsa Həbibbəyli Novruz Nəcəfoğlunun fəaliyyətini belə dəyərləndirir: “Rayon İcra Hakimiyyəti başçısının yüksək səviyyəli yaradıcı şəxsiyyət olması onun bölgədəki “əhli-qələmi” arayıb-axtarmasını, onlarla ünsiyyət qurmasını, bədii yaradıcılıqla məşğul olan insanlara hörmət və ehtiramla yanaşmasını şərtləndirmiş, Şabrandakı ədəbi qüvvələrin bu ərazidə mərkəzləşməsinə münasib şərait yaratmışdır.
Lakin rayon icra hakimiyyətinin başçısı onları öz çevrəsinə yox, yaxud bəzi bölgələrdə olduğu kimi, rayon qəzeti ətrafında deyil, düşünülmüş şəkildə tərcümeyi-halı bu regionla bağlı olan görkəmli şair Əfzəlddin Xaqaninin adı ilə əlaqələndirilən Xaqani şeir-sənət ocağının başına toplamışdır”.
Şabranda Xaqani Poeziya Evinin təsis edilməsi burada ədəbi qüvvələrin bir araya gəlməsinə, ümumən bölgənin sosial-mədəni həyatına müsbət təsir göstərmişdir.
Gözəl şair, təşkilatçı, əlaqələndirici Ay Bəniz Əliyarın poeziya evinin direktoru kimi fəaliyyətini təqdirəlayiq hadisə hesab edirəm. Yeri gəlmişkən, deyim ki, bu amil – Xaqani Poeziya Evinin yaradılması Şabrana ayrıca AYB bölməsi statusu veriməsinə səbəb olmuşdur.
Siyəzən şəhərində məktəb direktoru işləyən, tanınmış şair Nəcməddin Mürvətovun moderatorluğu ilə keçən Ay Bəniz xanımın kitabının təqdimat mərasimində Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov da iştirak etdi, geniş, maraqlı çıxış edərək, Ay Bəniz Əliyarın sənətini, yeni çap olunmuş kitabını yüksək dəyərləndirdi.
AYB-nin Şabran bölməsinin sədri, “Azərbaycanın Çexovu” kimi tanınmış gözəl yazıçı Aydın Tağıyev, şair, jurnalist Sevinc Məmmədova və başqalarının çıxışları, Ay Bəniz xanımın şeirlərinin məktəblilərin və digər natiqlərin ifasında səsləndirilməsi iştirakçıların maraq və diqqətinə səbəb oldu.
Zakir Məmməd
Ədəbiyyat qəzeti.- 2021.- 13
noyabr.- S.29.