Essevari fikirlər

 

Beşinci silsilə  

 

Düşmənə sevgi, yoxsa?.. 44 günlük müharibədən illər öncə, 1988-ci ildə Göyçədən qovulmuş qonşumla söhbətlərin birində o, erməniləri tərifləyəndə heyrət etmişdim. "Belə mehribanıydıq, get-gəl, biz onlara gedəndə heyvan kəsirdilər, onlar bizə gələndə eyni şey, evlərində nələri var gətirib süfrəyə düzərdilər, Allah Qorbaçovun evini yıxsın, gül kimi yaşayırdıq, aləmi qatdı, iki xalqı düşmən elədi bir-birinə". Qəribədir ki, qonşum o hadisələrə görə bir dəfə də olsun erməniləri, onların başında duranları söymədi. Matım qurumuşdu. Bu söhbətdən bir neçə il sonra, - Talibanın hakimiyyətinə gəlməsinə hələ illər qalırdı, - "Komsomolskaya Pravda" qəzetində vaxtilə Sovet əsgərlərinə qarşı vuruşmuş sıravi əfqan mücahidiylə  intervünü oxuyanda heyrətim pik nöqtəsinə çatmışdı. Mücahidin - qəzetdə gülərüz şəklini vermişdilər, - dediklərindən təxmini yadımda qalanları yazıram: "Sovet əsgərləri Kabildə əhali ilə çox mədəni davranırdılar, avtobusları dayandırıb sənədləri yoxlayanda qadınlarımızın üzünə belə baxmırdılar". Yenə deyirəm, bunu dinc əfqan sakini yox, əlindəki avtomatla Sovetlərə qarşı vuruşmuş mücahid deyirdi.

Tutaq ki, ermənilər göyçəli qonşumgilə fiziki güc, xətər yetirməyibmişlər, ya evlərini yandırmayıbmışlar, eləcə evlərindən qovubmuşlar deyə, onda ermənilərə qarşı nifrət, kin yox idi, hərçənd onun Ermənistanın başqa bölgələrində zorakılıqla üzləşmiş azərbaycanlıların başına gələnlərdən xəbəri olmaması mümkün deyildi. Bəs 1979-88-ci illərdə bir milyona yaxın dinc əfqanın ölümünə səbəb olan Sovet əsgərlərinə qarşı vuruşmuş döyüşçüdə niyə onlara qarşı nifrət hissi yox idi? Bir neçə ehtimal ağlımdan keçdi. Birincisi, yaranın illər sonra sağalması, faciənin yavaş-yavaş unudulması məsələsi. İkincisi, mücahid rus jurnalistinin suallarına cavab verərkən, onun xətrinə dəyməkdən çəkinməyi bir yana, hətta onun xoşuna gəlmək istəyibmiş, lap açıq desək, ona yarınıbmış. Nəhayət, daha çox inandığım ehtimal: hər bir insan bəzən elə bir ovqata düşür ki, illərlə nifrət etdiyi obyektdə ancaq müsbət cəhətləri xatırlayır, məhz onları dilə gətirmək qərarına gəlir və bununla hardasa rahatlıq tapır. Tarixdə bundan da betər hadisələr olub. İkinci Dünya müharibəsində alman faşistinin əsir düşərgələrində əzab verdiyi əsgər illər sonra öz cəlladını tapıb onu bağışladığını deyib, hətta sonda onlar dost olublar. Bu, xristianlıqda "Öz düşmənini sev" prinsipilə uzlaşır. Azərbaycanlının qonşu olduqları erməniləri, əfqan mücahidinin onun xalqına faciə yaşatmış Sovet əsgərləri haqda dediyi xoş sözlər yəqin ki, insanın böyük tikanlıqda qızılgül görməsi kimi bir şeydir. İnsan qəlbi bəzən yuxa kimi yumşaq olur, onda o yuxa qəlbin gözləri pis şeyi görmür, ya görmək istəmir, qəlbin yaddaşı qətl, dağıntı səhnələrini özündə canlandırmaq istəmir.

 

***

 

Həqiqəti söyləyən həqiqəti bilib susandan üstündür. Həqiqəti bilib susansa yalan danışandan üstündür.

 

***

 

Kreslonun magiyası və ya müdir kaprizi "Kreslo hərisi", "kreslo xəstəsi", "Hamısı kresloya görədi" - deyimləri boş yerdən yaranmayıb. Bir gün mən özüm bunun şahidi oldum...

İllər öncə auditoriya çatışmazlığına görə, bəzən dərsləri kafedrada keçməli olurdum, lap dəqiqi, kafedra müdirimin kreslosunda oturub iki-üç magistranta mühazirə oxuyurdum.

Bir dəfə dərsin ortasında kafedra müdirim içəri girdi, mənsə eləcə ona salam verib dərsimi keçməyə davam etdim. Əvvəlki dərslərimdə də o, arada kafedraya dəymişdi, hörmət əlaməti olaraq ayağa durub demişdim ki, R. müəllim, gəlin oturun, o isə "Yox, yox, dərsini keç" deyib əliylə oturmağıma işarə etmişdi, kafedradan hansısa sənədi götürüb çıxmışdı. Bu dəfə necə oldusa, yerimdən durmadım, eləcə salam verdim buna, həm də açığı, eyni situasiyanın təkrar olunmasından bezmişdim: ayağa durub deyəcəm, gəlin oturun, o da qayıdacaq ki, narahat olma, dərsini keç. O dəqiqə tək salam deməyimlə bunun qüruruna toxunduğumu hiss etdim. Sifətinə zəhm çökdü, əsəbi-əsəbi nəyisə axtarmağa başladı, otaqdan çıxmış laborant qızın qarasınca bir-iki söz dedi: lazım olan sənədləri lazım olan yerə qoymur. Balaca, dar kafedrada onun qəfil dəyişən əhvalını tələbələrim də hiss etdi, qızlardan biri təəccüblə mənə "Buna nə oldu?" mənasında baxdı. Bu baxışı görməməzliyə vurdum, kafedra müdirim hirsli-hirsli otaqdan çıxdı.

Məsələ burasındadır ki, o, vaxtilə rektorun mənə başqa kafedraya müdir, dekan müavini vəzifələrinə etdiyi təkliflərdən imtina etməyimdən xəbəri varıydı, yəni bilirdi ki, mən vəzifəpərəst adam deyiləm. Sadəcə, həmin gün onun kreslosunda oturub təkcə salam verməyim, ayağa durub "Gəlin əyləşin, R. müəllim" deməməyim qüruruna toxunmuşdu. Düzü, bir az pis olsam da, onu qınamadım, anladım ki, kreslo simvol kimi bir neçə dəqiqəliyə onun şüuraltısına daxil olubmuş, görünür, məni orda öz yerində oturan görəndə, instinktiv olaraq düşünmüşdü ki, sanki vəzifəsini ələ keçirmişəm, bundan qıcıq olmuşdu.

 

***

 

Sözün gücü Sinfimizdə bir davakar oğlan varıydı, həm də dostum idi. Onun ayda bir-iki dəfə kiminləsə dalaşmadığı, döymədiyi uşaq olmurdu. Xoşuna gəlmədiyi oğlana söz atırdı, buna cavab verən kimi cumurdu üstünə, başlayırdı dalbadal var-gücüylə təpikləməyə, qapazlar endirməyə. Qapazlardan gic olan yerə yıxılanda, başlayırdı təpikləməyə. Döyülənlərin göy şalvarlarının üzərindəki toz izlərini kədərli-kədərli çırpmasına, bəzilərinin uduzduqlarını həzm edəmmədiklərinə görə gizlicə ağlamasına baxmaq mənimçün həmişə əzablı olurdu. Onun davakarlığına ikili yanaşırdım. Bir yandan, dostum olduğu üçün qürrələnirdim. Mən davadan uzaq, məktəb leksikasıyla desək, oxuyan uşaq, onun timsalında özümçün dayaq, müdafiəçi tapmışdım, yəni kimsə barmağıyla mənə toxuna bilməzdi. O biri tərəfdənsə, onun ifrat aqressiyasından qıcıqlanırdım: görürdüm axı, adam heç nədən dava salır, açıq-aşkar cığallıq edir. Artıq ürəyimin dərinliyində davaların birində dostumun döyülməsini arzulayırdım, elə bilirdim, bircə dəfə möhkəm döyülsə, tripaşlığından əl çəkəcək.

Bir dəfə dostuma qarşı nifrətim pik həddinə çatdı. Biz yeddinci sinifdə onun paralel sinifdə oxuyan bir qızdan xoşu gəlirdi, qızsa bunun atmacalarını eyninə almırdı, küçədə, dəhlizdə üzünə belə baxmırdı. Günlərin bir günü "qisas" hissilə alışıb-yanan dostum böyük tənəffüsdə o qıza söz atdı, söz dəqiq yadımda deyil, amma nəsə kobud alınmışdı. Əvəzində qız da qayıdıb nəsə dedi. Dostum əvvəlcə çaşan kimi oldu, özünə gələnə qədər qız artıq gözdən itmişdi. Sonra dərs başladı, tənəffüs zəngi vurulan kimi dostum özünü atdı dəhlizə, bufetə getməyə hazırlaşan o qızı qışqıra-qışqıra pis-pis söyüşlərlə təhqir edib ağlatdı. Sonra hər iki sinifdən olan oğlanlar işə qarışdı, məsələ davasız ötüşdü, sinfin şefləri məsələni dinc yolla həll etdilər. Düzü, bu hadisəyə görə az qala dostuma ölüm arzulamışdım.

İyun ayı idi, artıq dərslərimiz bitmişdi, sinfimizdən mən daxil beş oğlan ilan balası tapmaqçün karyer deyilən yerə getmişdik. O vaxt kibrit qutularında məktəbə ilan gətirib başqalarına göstərmək, üç manata satmaq, qızlara bağlı kibrit qutusunu göstərib "Səncə, bunun içindəki nədi?" soruşub "Bilmirəm" cavabı alanda, qutunu açıb qızları qışqırtmaq dəb idi, - bu,  oğlanların özünütəsdiq formalarından biri idi. Biz karyerdə bir neçə təpənin deşiyini çubuqla eşsək də, ilan tapammadıq. Axtarışlarımıza davam edərkən, qabağımıza iki oğlan çıxdı. Dostum onlardan birinə dedi: "Alə, bilmirsən burda hardan ilan tapa bilərik?" - "Aləynən danışma, alə. Axtarsaz taparsuz". Hamımız susduq. Həmişə dalaşqan, özündən böyüklərlə dalaşmağa girişən dostum bu dəfə ondan boyca balaca, fiziki cəhətdən zəif olan birisinə sözlə belə cavab verə bilmədi. Üstəlik, biz beş nəfər, içimizdə bir güləşçi, onlarsa iki nəfər, dostuma "Aləynən danışma, alə" deyənin dostu da fiziki baxımdan güclü deyildi...

Öncə düşünürdüm ki, bu, ərazi üstünlüyü məsələsiylə bağlı ola bilər, yəni, görünür, biz dayandığımız yer onların yaşadığı yerə yaxınıymış, dostumsa ehtiyat edirmiş ki, bununla davaya başlasa, yaxınlıqdakı məhəllə uşaqları özlərini tez yetirə bilər. Amma bir müddət sonra o məkanı, situasiyanı təhlil edəndə gördüm ki, karyer əksinə, daha çox dostumgilin qaldığı beşmərtəbəli binaya yaxın idi.

Bir sözlə, dalaşqan dostum sözə, sözün gücünə uduzmuşdu, onun rəqibi sözlə qəfil hücum etmişdi və məsələ bir dəqiqənin içində əl-qol yox, söz, psixoloji davada həll olunmuşdu.

 

***

 

Bir məqam Floberin gözündən qaçıb, yoxsa?..

Bildiyimiz kimi "Madam Bovari"də ehtiraslı Emma Bovari, əri Şarla dəfələrlə xəyanət edir. O, ərə gedənə qədər monastırda oxumuşdu, xristianlıqda böyük günah sayılan zinadan xəbəri var idi. Hətta notariusda işləyən Leon Düpuiylə sevişməzdən öncə Emma kilsəyə gedir.

Bununla belə, Emmanın düşüncələrində bir dəfə də olsun, "Axı mən zina edirəm", ya "Mən zinakaram" kimi cümlələrə rast gəlmirik. Üstəlik, öz düşüncələrində dəfələrlə xəyanətinə haqq qazandırır. Qoyduğum suallarla bağlı olan məqam Floberin gözündən qaçmışdı, yoxsa?.. Düzü, suala cavab tapmadım.

 

***

 

Məğlubiyyət sindromundan çıxma. Keçən əsrin doxsanlarında "Torpaqları satdılar", "Torpaqlar satıldı" sözlərini tez-tez eşidirdik və açığı, indiyə qədər belə bir şeyin gerçək, yoxsa şayiə olduğunu bilmirəm. Bu sözlər, hətta Azərbaycanın sərhədlərini də aşıb keçmişdi. Mən Sankt-Peterburq Dövlət Universitetində oxuyanda, qaldığım yataqxanada iki dəfə bu sualı eşitmişdim: "O, düzdür ki, sizin torpaqların alınmasında xəyanət olub?". Milli qürur məsələsinə görə cavab vermişdim ki, yalan şeydi, elə şey olmayıb, sadəcə, o vaxt təzə yaranmış dövlətdə səhlənkarlıq, məsuliyyətsizlik, səriştəsizlik olub, üstəlik, Rusiya daxil olmaqla, Ermənistanın arxasında güclü dövlətlər dayanıb, ona görə biz müharibədə məğlub olmuşuq. Bir dəfə Azərbaycan türkcəsindən dərs dediyim bir amerikalı tələbə, mərhum Məhəbbət Kazımovun "Laçınım, Laçınım" mahnısını zümzümə edə-edə mənə sataşmışdı: "Laçını satdız da". Özümü itirmişdim, indi yadımda deyil, nəsə kəkələyə-kəkələyə ona demişdim. Yadımda qalan odur ki, amerikalı tələbəm heç nə deməsə də, bir növ, cavabımın zəif olmasına işarə vuraraq istehzalı təbəssümlə mənə baxmışdı. Düzü, Bakıya qayıdandan sonra da o sualları xatırlayanda özümü alçalmış hiss edirdim.

Nəhayət, 44 günlük müharibə nəticəsində əldə etdiyimiz qələbə "satqınlıq" sindromuna, "alçaldılma" duyğularım(ız)a son qoydu. İndi arzu edirəm ki, bir də Sankt-Peterburqa gedəndə, həmin adamı tapıb pafosa varmadan, amma həvəslə onlara qələbəmizin detallarından (XTQ fenomeni, düşmənə dəqiq zərbələr, XXI əsrdə qısa müddətli müharibə və s.) danışam.

 

***

 

Əməliyyat zamanı səhlənkarlıq edərkən, xəstənin ölümünə səbəb olmuş cərrahı qatil adlandırmaq məntiqlə düz deyil, çünki qətl məqsədli olur. (Qəribədir ki, biz bəzən saytlarda çıxan xəbərlərin və müəllif yazılarının başlıqlarında "qatil həkim" söz birləşməsinə rast gəlirik.) Ölümə səbəb olan həkimlərin o cür adlandırılması sırf qəzəbin doğurduğu reaksiyadır. Digər tərəfdən, ölənin qohumlarının gedib səhlənkar həkimi döyməklərindənsə, jurnalistin yazılarında o cür həkimləri "qatil həkim" adlandırılmaları daha məqbuldur.

 

Alpay AZƏR

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.31.