Nizami Gəncəvinin tərəzisində
Musa Yaqub daşları
"Daş" sözünün həm də zinət
mənası var. Çox yəqin, ondandır ki, öləndə
də sonuncu zinətimiz daş olur - başdaşı. İnsan
daşı ona görə sevir ki, az-çox, daşda əbədiyyət
nişanı var, hər halda, tarixin min illik
sınağından çıxmış daş binalar, sərdabələr
bunu göstərir. Qızıl da
çürümür, yaxud da gec çürüyür deyə,
bunca qiymətlidir. İnsan
sağlığında əbədiyyət nişanını
boynundan asır, biləyinə bağlayır, qulağına
salır, öləndən sonra isə əbədiyyət
işarəsi ilə - başdaşı ilə fanilik
ünvanını bəlirləyir.
Nizami Gəncəvinin "Şərəfnamə" əsərinin
qəhrəmanı İskəndər dirilik suyunun dalınca
gedəndə bir məsələni unudur, o bilmir ki, Allah
birinin taleyini başqasına yazmır və kiminsə nəsibini
özgəsinə vermir. İnsan həddən artıq
böyük güc sahibi olanda - dünyanın axarını dəyişə
biləcəyini düşünür. Amma Allahın
çayı nə zamansa nə geri axır, nə də məcrasını
dəyişir...
İskəndər anlamır ki, Xızır peyğəmbərə
nəsib olan dirilik suyu onun qismətində yoxdur. Yüz adam
eyni məqsədlə çalışsa da, onlardan ancaq biri
öz arzusuna çatır. Ona görə də hər arzuya
çatan şükür etməlidir, çünki niyyətinə
qovuşmaq yüz adamdan biri olmaq deməkdir:
Yüzü
halva üçün yandırar ocaq,
Halva şirin eylər bir ağzı ancaq.
Nizami
aşağıdakı misraları ilə öz qəhrəmanının
düzgün yol seçmədiyini göstərir,
gücü, hakimiyyət əzmi nəticəsində yolunu
azdığına görə onu məzəmmət eləyir:
Qismətsiz bir şeyə göstərdi həvəs.
Qismətin deyilsə, çalışma əbəs.
Arzuya gedən yollar fərqlidir, hər kəs bir yolla
çatır.
İnsanın niyyətinin müqəddəsliyi
yoldan asılıdır, əyri yolla pak məqsədə
çatmaq olmaz. Xızır peyğəmbər
insanlığa xidmət, Allaha ibadət üçün
dirilik suyu, əbədi həyat istəyir, İskəndər
isə öz hakimiyyətini əbədi etmək,
hökmranlıq qılıncını boyunlarda itiləmək
eşqi ilə əbədiyyət eşqinə
düşür. Ona görə də
Xızır peyğəmbər dirilik suyunu işıqlı
diyarda tapmışdı, İskəndər isə niyyətinin
yanlışlığı ucbatından dirilik suyu naminə
zülmət aləminə baş vurmuşdu.
Qeybdən
səs gəlirdi:
Başqa
bir səs gəldi: "Ey əhli-Rum
Bu gözəl
ölkədə var parlayan qum.
Peşman olacaq onu götürən.
Dizinə vuracaq heç götürməyən.
Keçərkən
parlayan qumdan bir nəfər
Götürdü bəxtinə görə bir qədər".
Sonra
İskəndərin ordusu 40 gündən sonra zülmət
diyarından işıqlı aləmə qayıdanda
götürdükləri qumları, daşları
qarşılarına tökürlər, əldə etdikləri
ləl-cəvahirata çevrilir:
Daşların
hamısı qırmızı, yaqut,
Gözlərə nur verir, ürəklərə qut.
Daşdan
az götürən
düşmüşdür dərdə,
Heç götürməyən ahda, kədərdə.
Peşman
olmuşdu az götürənlər,
Alışıb-yanırdı götürməyənlər.
İskəndərin əsgərləri qumları,
daşları götürməkdə tərəddüd edirlər,
ona görə də bəziləri çox
götürür, bəziləri az. Çünki onlar tərəddüd
edirlər ki, görəsən, götürdükləri
onlara xeyir gətirəcəkmi. Onlardan başqa zülmət
diyarında kimsə yoxdur ki, barı
soruşsalar: bu daş bizə gərəklidir, yoxsa yox?
Adi dünya olsaydı, daşların gərəkli
olub-olmayacağı onlarda sual doğurmazdı və kimsə
demədən də qənimət kimi o qumları
acgözlüklə yığardılar.
Dönsəydi
o dağa gedənin biri,
O zaman
gözəldi, o dağ səfəri.
Amma zülmət diyarında reallıq başqadır, eləcə
də axirətin həqiqəti başqadır. Burda bizə sərvət
kimi görünənlər axirətdə yük ola bilər. Musa Yaqub poetik tərəzisində
həmin məqamı belə çəkir:
Özümlə nə döyüşüm,
özümlə nə vuruşum?
Burda
köhnə izlərin cığırı ot,
yeri şum,
Daha bu
yoldan geri dönən yox ki, soruşum,
İlahi, mən bu daşı götürüm,
götürməyim?
İskəndərin
qoşunları zülmətdən 40 günə
çıxır, deməli, o qumlar, o daşlar həmin
müddətdə, yolda onlara yük ola bilərdi.
Çünki qoşunun yükü nə qədər
çox olsa, irəliləməsi bir o qədər çətinləşir.
Tərəddüdün bir səbəbi də
budur. M.Yaqub insana xatırladır ki, sən dünya
malını belində daşıyan yük heyvanı deyilsən,
ona görə həmişə özünə yük
olmayacaq şeyləri götür:
Bir dərya
sularında yüküm olacaq isə,
Bir səhra
küləyində çəkim olacaq isə,
Şeytan
üçün tüfəngim, cəngim olacaq isə,
İlahi, mən bu daşı götürüm,
götürməyim?
Saxlamaq da
çətindi, aparmaq da azardı,
Tale bu bilməcəni görən necə yozardı?
Bu necə
gəl-getdi bəs, eh bu necə bazardı,
İlahi, mən bu daşı götürüm,
götürməyim?
İskəndərin qoşunu o daşların nəyə
gərək olduğunu bilmir, ona görə də onları tərəddüdlə
götürür. Əgər əsgərlər axirət
üçün nəsə toplamaq, o dünya
üçün sərmayə cəm etmək fikrinə
düşsəydilər, düşünəcəkdilər
ki, daş, qum axı bizim nəyimizə gərəkdir?
M.Yaqub "Bu dünyadakı çox şey bu dünya
üçündür, başqa dünyada heç nəyə
yaramır" fikrini bu tərəddüdlərlə
açır:
Bir əl
yetməzliyində bəlkə mənə köməkdi,
Budaqda
ruzim olsa bir qarış boy deməkdi,
Yerim cənnət
bağısa, daş nəyimə gərəkdi,
İlahi, mən bu daşı götürüm,
götürməyim?
İskəndərin
qoşunu zülmətdən çıxarkən - yəni
keçid nöqtəsində imtahan olunurlar, onlara belə bir
fürsət verilir ki, daşlardan ya götürsünlər,
ya da yox. Bu, bir yolayrıcıdır, onlar
işıqlı dünya ilə qaranlıq dünya
arasındakı yolayrıcındadırlar. Qəribədir ki, insan həmişə həyatının
yolayrıclarında imtahan olunur. Musa Yaqub bu məqamı
- yolayrıcı amilini belə şeirləşdirir:
Gördüm yolayrıcında bu nə süfahi
daşdı.
Yəqin, yol gedən deyib daş yoldaşla
adaşdı.
Dünyanın
bir ucu toy, bir ucu da savaşdı,
İlahi, mən bu daşı götürüm,
götürməyim?
İskəndər nə üçün dirilik suyunu
tapmır? Çünki dirilik suyuna gedən yolu insanlardan
soruşmuşdu, Allaha təvəkkül etməmişdi.
Buna görə də Xızır peyğəmbərdən
fərqli olaraq, Allah ona yol göstərməmişdi.
Atı
Xızra verdi böyük tacidar
Bilirdi onda bir aslan qəlbi var.
Verdi ki,
bu yolda səyirtsin onu,
Onunla tapsın bu həyat suyunu.
Yaradan Xızıra at verir və yol göstərir. Xızır peyğəmbər
istəyir ki, İskəndərə dirilik suyu tapmaqda kömək
etsin, suyun yerini göstərsin:
İstədi
gəlincə yoldan İskəndər,
Desin həyat
suyu budur, qıl nəzər.
Bir daha
çeşməyə göz gəzdirərkən,
Dirilik çeşməsi yox oldu birdən.
Dərhal
bu iş oldu Xızır üçün məlum,
İskəndər
o sudan qalacaq məhrum.
Ancaq bu kömək qərarı yanlış idi,
çünki Allahın nəyisə nəsib etmədiyi neməti
insan kimsəyə bəxş edə bilməz. Bizim
xeyirxahlarımız Tanrı tərəfindən
yaxşılıq etmək üçün icazəli
insanlardır.
Bu hadisə ilə bağlı Nizami başqa bir rəvayət
də danışır. Yazır ki, Xızır İlyas
duzlanmış, quru balıqla çeşməyə
düşür, balıq əlindən düşərək
suya düşür və dirilir. Bu işarədən
başa düşür ki, bu su dirilik suyudur. Sudan doyunca içir, İskəndər eşidir ki,
orada dirilik suyu var. O, suyun yanına gəlir, amma su olan ərazi
çəmənliyə çevrilir, Nəticədə, suyu
tapmır. İskəndər əlində
qılıncla, Xızır isə gül ilə dirilik suyu
axtarmağa getdilər. İskəndər
ona görə dirilik suyunu tapa bilmədi ki, Tanrı əlində
qılınc götürənin yox, gül tutanın əbədi
həyat qazanmasını məqbul bildi. O gündən bəri
dirilik suyu - zülmə yox, mərhəmətə nəsib
oldu.
İskəndər qayıdarkən onun yoluna bir mələk
çıxır. Mələk ona deyir ki, dünyanı
tutsan da, dirilik suyu tapmaq kimi çiy arzudan əl çəkmədin.
Al bu xırdaca daşı götür,
çalış ki, bu daşla tarazlıq yarada biləcək
bir daş tapasan, onda diləklərin gerçəkləşəcək.
İskəndər gələndən sonra tərəziyə ən
ağır, batman daşları qoysa da, xırdaca - dəmir pul
boydakı daşla tarazlıq yaradan daşı tapmır. Bu
halda Xızır peyğəmbər onun gözünə
görünərək deyir ki, o daşla ancaq bir ovuc torpaq bərabər
ola bilər. Doğrudan da, tərəzinin
digər gözünə bir ovuc torpaq tökəndə pərsəng
bərabərləşir. Bu hadisədən
sonra İskəndər anlayır ki, torpaqdan yaranan insanın
da mənəvi tarazlığını ancaq torpaq tamamlaya bilər,
torpaqdan yaranan insanın gözünü ancaq torpaq doydurar.
Bütün bunlardan - bunca
peşmançılıqlardan, İlahi işarələrdən
sonra İskəndər yenə də anlamır ki, əgər
nə isə insanın nəsibi deyilsə, onu, sadəcə,
inadkarlığın gücü ilə əldə edə
bilməz.
Nizami yenə xatırladır:
Ruzi
arxasınca qaçmaq nə gərək,
Sən otur, ruzinin özü gələcək.
Keçənlər
zəhmətlə əkdiyi bağdan,
Gələnlər meyvəni dərmiş hər zaman.
Amma bütün bunlardan sonra İskəndər yenə də
nəfsinə aldanır. Bir məclisdə qoca bir şəxs
dirilik suyunun yerini bildiyini deyir.
Deyirlər ki, dağın başından bir səs gəlir,
o səs kimin adını çəkirsə, o adam
o səsin gəldiyi yerə gedir və heç zaman geri
qayıtmır. Gərək adıçəkilən adam səs gələn dağa doğru getməsin
və beləcə, oradakı vəziyyəti öyrənsin.
İskəndər bir neçə adam
seçib göndərir və getməmişdən onlara
tapşırır ki, dağdakı səs sizin
adınızı çəkib çağıranda yerinizdən
qalxmayın. İskəndərin göndərdiyi
adamların da adı çəkilir. Ancaq
o səsi eşidən heç kəs hara getdiyinin fərqinə
varmır, adı çəkiləni heç qılıncla
da yolundan eləmək mümkün olmur. Yəni
dirilik suyu eşqi - əbədi yaşamaq istəyi
hamını özünə doğru çəkir və məhv
edir. Hamı, əslində, əbədiyyətə
doğru bir səsə tərəf yüyürür.
İnsanları həmin səs - əbədiyyət eşqi
ölümə yaxınlaşdırır. Dirilik
suyu, yəni bizim bu dünyada mübarizə
apardığımız nəsnə, o dünyada bizə
mübarizəsiz, zəhmətsiz verilir. Amma
bütün bunlara baxmayaraq, insan daim tərəddüddədir
və gözünü yumub əbədiyyət savaşına
girir. Musa Yaqub həmin savaşı belə təsvir
edir:
"Ömrümün
sarayından gündə bir kərpic düşər",
Min belə kərpic düşə, torpağa nə
güc düşər?
Ömrün
karxanasında bəlkə bir az gec bişər,
İlahi, mən bu daşı götürüm,
götürməyim?
Nizami Gəncəvidən Musa Yaquba qədər, onlardan
sonra da insanın qarşısına daş qoyub seçim etmək
tələb olunanda insan tərəddüd etdiyini seçir. Tərəddüd
şeytanın, təvəkkül isə Allahın tərəfidir.
Dünyanı bir qumarxanaya bənzətsək, bu acı mənzərənin
şahidi olarıq: insanlar daşı uduzmamaq əzmi ilə
oyunu uduzur...
Fərid
HÜSEYN
Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.30.