Fəlsəfi sayıqlamalar

 

Qaranlıqda üzümdən hazırlanan şərab içdik, içdik, içdik,

Sonra qıl körpüsündən yıxılmadıq, keçdik, keçdik, keçdik...

Üzümüzü buludlara söykəyib, uşaq kimi ağladıq, ağladıq, ağladıq,

Arzulardan hasar çəkdik, yolumuzu bağladıq, bağladıq, bağladıq...

Qədim Roma deyib, Bizans üçün yas saxladıq, 40 gün, 40 gün, 40 gün,

41-ci gün toy eyləyib, qəşş eyləyib, çağladıq, çağladıq, çağladıq...

 

Aristotel qələt edib bir söz deyib, onu deyib dayandıq, dayandıq, dayandıq,

Min gecədə bir nağıldan məst oluban, min ilə biz oyandıq, oyandıq, oyandıq...

Hələ Sokrat zəhər içib gedəli, zəhərləri göz önündən saxladıq, saxladıq, saxladıq,

Platona, Ksenofana, Zenona çırtmaq vurub, siqaretə yolladıq, yolladıq, yolladıq...

 

İskəndərin buynuzunu itilədib, Hindistandan seylon çayı dəmlədik, dəmlədik, dəmlədik,

yaxşı ki, bu minvalla xəstələnib, gəbərmədik, yaşadıq, yaşadıq, yaşadıq...

Külü qoyub Şah Abbasın başına, Təhmasibi tarix üçün saxladıq, saxladıq, saxladıq,

Nadir şaha gürcülərdən nəğmə qoşub, ara yerdə özümü dağladıq, dağladıq, dağladıq...

 

Gülüstanda Bakıxanov var idi, kaş qələmi qırılaydı, qırılaydı, qıralaydı,

İmzasını o Xəzərdə bir balığın pulcuğuna ataydı, ataydı, ataydı...

Füzuli, Nəsimi çəkməyəydi bu dəm qəmi, qəmi, qəmi,

O qəmləri ol əvəzdən çəkəydi neft kimi bir gəmi, gəmi, gəmi...

 

Burulduqca quyulardan qara qızıl, qara qızıl, qara qızıl,

Qalxdı göyə ahu-fəğan, söyləməkdə dilim indi, nəyə lazım, lazım, nəyə lazım?!

 

Tural CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.32.