Saqinamə
Şeyx
Nizaminin ruhuna
Ey göylərin saqisi,
mey süz könül camına.
Mənim
kimi naqisi
yetir eşq məqamına.
Mən rindlər küçəsinin
avarəsi, sərxoşu.
Kirpiyimin
meyvəsi
meyvələrin meyxoşu.
O, fələk süfrəsinin
ən dadlı azuqəsi.
Eşq xəzinəsinin
qiymətli dürdanəsi.
Beldə
xidmət kəməri,
hüzuruna gəldim
mən.
Qəlbdə eşqin şərəri,
əldə badə,
gəldim mən.
Hüsnün gözə görünməz,
vəslin hicranda gizli.
Qafillər səni bilməz,
danarlar aşkar, gizli.
İtir
məni dünyadan,
özümü səndə
tapım.
Qaçanda hər günahdan,
qoy açıq qalsın qapın.
Ey göylərin saqisi,
mey süz, içim, ayılım.
Bu günahlar vadisin
atım, ondan ayrılım.
Gündüzüm şam olunca
sən gözə görünürsən.
Mey süz mənə doyunca,
aç mənə sirrini sən.
Zamanın qəhqəhəsi
Zaman sol
tərəfdən
keçir hücuma,
nəfəs yollarında
tıxac yaranır,
zaman sağ tərəfdən keçir
hücuma,
qaraciyərində
ağrı oyanır...
yaşadım birtəhər
ağrılarla yanaşı,
bilmirəm ömür
qısalır,
yoxsa uzanır,
bircə onu bilirəm ki,
hər ayrılıq özünə bir liman tapır,
qorxu yol tapırsa qəlbə,
şübhə sanki bədəndə bir qəlpə,
ölüm hazıra
nazir olur.
Deyir ki, həyat müəllimi:
sən həmişə
Ümid dərsindən
beş alırdın,
fəna fasiləsində
nədir bu çırpıntı?
Zamanın səninlə işi
yox,
sən
qorxunun mühasirəsindəsən,
düşmənini tanımayanda
uduzur insan,
ağrı bədənin
bir xassəsidir,
qulaqlarında güyüldəyən
zamanın qəhqəhəsidir...
***
Qol-boyun
olmuş kölgələr
yarpaq kimi töküldü
qaranlığın dibinə,
qara bulud Ayın qüruruna toxunmuşdu,
gecə boyu görünmədi Ay,
işıq dirəklərinin
dibində
arabir sükutu diksindirən pişiklərlə
birgə
səhərəcən üşüdü
kölgələr...
***
Kəpənəklər
çiçəklərin yuxusunu dağıdır,
sevib atılmış
bir qız
bu dağılmış
yuxunu
yığır öz gözlərinə,
yuxusunda qar altından
ürkək-ürkək
bir bənövşə
boylanır...
***
Bir körpənin
əllərinə toxunur göy üzü,
Günəşin şüasından
sinəmdə bir hiss qımıldanır,
səsimə oyanır
yuxuya getmiş ağaclar,
görür ki, bahar bəzəkdə qalıb,
adamlar evdə,
Günəşin çağırışına
hay vermir adamlar,
Günəşə gülümsəyir
bir körpə...
***
Həyat
başdan-başa şeirdir,
anamın unutduğum
üzü,
atamın acı siqaret tüstüsü,
şeirdir daşa
dəyən ilk eşqin
uzun sürən üzüntüsü,
günbəgün quyu kimi dərinləşən
tənhalığım və...
doğulmayan körpəmin
qığıltısı...
şeirdir yoxluğun
adama gəl-gəl deyən
əbədi soyuğu,
dumanı, sisi,
həyat - insanın
unutmaq dərsi.
Yuxu uçqunu
Sən yuxuda ikən
yuxundan oyansam,
gözündəki bir damla
dənizə dönüb
daşsa,
mən də göyləri
dəniz sansam,
yer ayağımız
altından
qaçmazmı?
sularda yuyunan külək
bu qədim düşərgəni
başımıza uçurmazmı?
kim xilas edər bizi
bu yuxu uçqunundan?
yuxumda dəniz görünür,
sahilində
bir ağbəniz görünür,
xatirələr sularından
daha dərin,
üfüqündə Ay kimi
saralan üzün...
kor qayalar görə bilməz
üfüqdə batanları,
qayaların yuxusunda
daşa dönüb yatanları
Günəş də oyada bilməz...
sənin yuxundan oyana bilsəm...
Pəncərədə həyat dərsi
Böyümək istəməyən uşaq
üçün
pəncərənin buxarına
bu sözləri yazdım:
həyat səni
pəncərənin çölündə
gözləyir,
sən ev pişiyi deyilsən...
İşıqlar söndü,
tərli pəncərə
soyudu,
hərflər suya çevrilib
axdı üzüaşağı,
uşaq pəncərəni
açıb
aşağı boylandı
və dedi:
yazılar yerə
töküldü?!.
Bir sevgi tarixçəsi
Bir ömrün əvvəlində
ilk sevginin qırıldığı
yer var ha,
orda bir dibsiz uçurum açılar,
qosqoca həyat girər aşiqlərin arasına,
zaman duz basar yarasına...
o aşiqlərdən heç
vaxt ünvanına çatmayan
məktublar qalar,
bir göyərçin
qanadı kimi
toxunar ağ kağıza
dilə gətirmədikləri
sözcüklər...
Bir ömrün sonunda
ilk sevginin xatirəsi var ha,
axıb gedən zamana
göz qırpan yorğun ulduz kimidi,
bir azdan o da
yaddaşın qaralan səmasında
axıb gedəcək,
hər şey,
hər şey keçmişə gömüləcək...
Yarpaqdüşən ay
Yaz günəşi sümüyümüzü
qızdıranda
yaddaşın soyumuş
qaranlığında
buza dönür xatirələr,
rəngi solur,
dadı itir yavaş-yavaş,
adamların üzü
itir yavaş-yavaş,
əlbət, bir gün ərafda
yenə rastımıza çıxacaq
unutduğumuz adamlar,
əməllərimizə şahidlik
edəcək onlar,
yaddaşın rütubətli
zirzəmisində
istifadə müddəti
bitmiş
xatirələr üşüyür,
bəzmi-ələstdə
əməl dəftərimizdən
boylanacaq günahlar
hələ ki sağa-sola şütüyür...
bilmirəm niyə
yarpaqdüşən ayda
çiçək açır
xatirələr...
Sükut abidəsi
Bu köhnə düşərgədə
can bəsləmək əbəsdir.
Vaxt-vədə yetişəndə
deyərlər: yığış,
bəsdir.
Bitər
savaşın canla,
qəm gələr sinə-sinə.
Çevrilərsən zamanla
sükut abidəsinə.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2021.-
20 noyabr.- S.3.