Nəsib Bayramoğlunun

"Qəribə dünya"sı

 

Hörmətli Azər müəllim

Azərbaycan Yazıçılar Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Dövlət Universitetinin məzunu, "Qəribə dünya", "Sirli dünya", "Arı demokratiya", "Mingəçevirdə qalan ömür", "Tənha məzar", "Boyunduruq" s. kimi kitabların müəllifi 84 yaşlı qocaman yazıçı Nəsib Bayramoğlu (Süleymanov) qəflətən ürək tutmasından vəfat edib.

Nəsib Bayramoğlu bölgələrdə, daha doğrusu, Mingəçevirdə ədəbi prosesin inkişafına təkan verən qələm sahiblərindən idi.

Dekabr ayının 5-də bizdən cismani cəhətdən ayrılmasından 40 gün keçəcək.

Xahiş edirəm, "Vida sözü" əvəzinə onun 2020-ci ilin sonunda çap olunmuş "Qəribə dünya" adlı kitabına yazdığım "Nəsib Bayramoğlunun "Qəribə dünya"sı" məqaləmi çap edəsiniz. Qoy qocaman ədibin ruhu şad olsun!

 

İnsan həftədə iki kitab oxumaqla 50 ildə beş minə yaxın kitab oxuya bilər. Elə olur ki, hər hansı bir kitabı nəinki oxuduğuna, hətta vərəqləyərkən itirdiyin vaxta heyfin gəlir. Odur ki, adamın əlinə ürəyinə yatan, zövqünə oxşayan, düşünməyə sövq edən bir kitab düşəndə sevinir. "Qəribə dünya" kitabı məni bu baxımdan artıqlaması ilə qane etdi. Bu günə kimi şəxsən tanımadığım müəllifin Milli Elmlər Akademiyamızın sabiq prezidenti, gözəl ziyalı, mərhum Mahmud Kərimovun göstərişi ilə "Elm" nəşriyyatı tərəfindən buraxılan  "Sirli dünya" adlı kitabını oxumuşdum. Kitabı mənə professor Şirindil Alışanlı vermişdi. Yüksək elmi səviyyədə yazılan kitab arıların həyatından bəhs edirdi. Maraqlandım. Məlum oldu ki, Nəsib Bayramoğlu Mingəçevirdə ədəbi prosesin inkişafına təkan verən ziyalıdır. Azərbaycan Dövlət Universitetini bitirib. Yazar "Qəribə dünya" "Sirli dünya" kitabları ilə bərabər, "Boyunduruq", "Arı demokratiya", "Mingəçevirdə qalan ömür" (əslən Qəbələdən olan Nəsib Bayramoğlu Mingəçevirə tayinatla göndərilibmiş), "Yuvalar", "Tənha məzar", "Yazdım-yazdılar" kimi kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

"Qəribə dünya" əsəri özünüdərkə, mənəvi saflığa, kamilliyə səsləyir. Əsər həyatın hər üzünü görmüş, mütəmadi mütaliə edən, erudisiyalı, müdrik bir qələm sahibinin təfəkkürünün məhsuludur - desək səhv etmərik.

gizlədim, hər əsər adamı düşünməyə vadar etmir. "Qəribə dünya"dakı mühakimələr, qəribə əhvalatlar, rəvayətlər, hekayələr, novellalar insanı dərindən düşünməyə, həyata yeni gözlə baxmağa, həyatın mənasını, həyatda insanın cavabdehlik missiyasını anlamağa, götür-qoy etməyə sövq edir. Əsər bütövlükdə yenilik ideyaları ilə zəngindir. Mənə görə bu, təmənnasız xidmətdir, fədakarlıqdır.

Nəsib Bayramoğlunun dünyaya maraqlı baxışı, fikri ifadə etməkdə özünəməxsus yazı üslubu vardır. Mətləbi aydın orijinaldır. Vaxtilə bu kitabın çapına sevimli şairimiz Məmməd Aslan çox maraqlı yığcam on söz yazmışdı: "Müəllifin bu kitabının əsas qəhrəmanları; təbir caizsə, boyun əyməyə məhkum olunmuş adamlardır. Onlar həyatın keşməkeşlərinin qəhrəmanlarıdır. Ən başlıcası, bu qəhrəmanları Nəsib düşünüb yaratmayıb. Həyatın özünün yaratdığı zavallılardır. Xalq arasında dürlü-dürlü hekayələr, hekayətlər yaşayır. Bunlar ovqatlar arasında, söhbətlər əsnasında soydaşlarımızın karına gəlir, məqamında bir fikir dartmasına bir nöqtə kimi son qoyulur. Elə olur ki, başlanılan söz-söhbətlər unudulur, bu araya girmiş hekayətlər yenidən yaddaşlara yazılır, populyarlıq qazanır. Maraqlı əhvalatlar qəribə hekayələr burada adlı hekayələrdən daha çoxdur. Təkrara dəyər ki, bunlar xalqın olduğu qədər müəllifindir.

Nəsib Bayramoğlu bu hekayələri bayatı toplamalarında olduğu kimi asanca yazıya köçürmür; onların məğzini götürüb ətə-qana doldurur, bir çox hallarda fikri davam etdirir, mətləbin üstə mətləb qoyur. Canlı xalq dilinin şəhdi-şəkəri ilə hekayələri çimizdirir".

Təbiət şairi Məmməd Aslan mətləbi o qədər dəqiq ifadə edib ki, bu kiçik yazıda onun fikirlərinə bol-bol yer vermək zorunda qaldım. Ruhu şad olsun!

Açığını deyim ki, "Qəribə dünya" kitabının hər səhifəsini vərəqlədikcə gözlərim önündə müdriklik mücəssəməsi, ibrətamiz hekayələrlə dolu, dünya şöhrətli "Kəlilə Dimnə", xüsusən "Qabusnamə" canlanırdı. Müəllifin müşahidə qabiliyyəti qeyri-adi dərəcədə güclü cəlbedicidir. Maraqlı odur ki, bu hekayələri, möcüzəyə bənzər əhvalatları oxuduqca, indiki nəslin ağlına sığmayan, lakin yaxın keçmişdə baş verən real hadisələr göz önünə gəlir:

"Yağ talonu, dondurulmuş ət (insanlar təzə ət üzünə həsrət qalmışdı. Yağ hər ailəyə talonlarla verilirdi), şəriətdən xəbəri olmayan yarımçıq mollalar həkimlər (müəllif belələrini dinin insanların düşməni kimi təsvir edib), pambıq, üzüm, süd planını iki yüz faiz yerinə yetirmək, bir inəkdən iki bala almaq öhdəliyi, sovet dönəmində bəlaya çevrilmiş danoslar - imzasız məktublar s.

Bu ibrətamiz hekayətlərdə, qəribə əhvalatlarda lovğalıq, xəsislik, şöhrətpərəstlik, xeyirxahlıq, var-dövlətə hərislik, sadəlik, təvazökarlıq, heyvanlara münasibət, siyasətlə bağlı məsələlər, yekəxanalıq, qanmazlıq, adət-ənənələr, qarınqululuq, mərdlik, acgözlük, gözütoxluq, ailə münasibətləri, tənbəllik, laqeydlik, gopçuluq, ovçuluqla bağlı maraqlı hekayətlər s. müəllifin ədəbi tədqiqat obyektinə çevrilir.

Lakin müəllif nəticə çıxarmağa müdaxilə etmədən onu oxucunun mühakiməsinə verir. Heç vaxt demir; bu yaxşıdır, bu pisdir. Qoy oxucu özü nəticə çıxarsın - deyir.

Burada xeyli sayda Şəki şəkililərlə bağlı orijinal hekayətlər vardır. Yaxşı olardı ki, ən maraqlı, duzlu-məzəli, insanı dərindən düşündürən bu Şəki hekayətlərini yaradan şəkililərin lətifələrinə, hekayətlərinə bir fəsil ayrılaydı. Şəkililər seçilməyə layiqdirlər.

Lətifələr, hekayətlər müdriklik əlamətidir, Müdriklik isə İlahidən gələn, hər adama qismət olmayan ən qiymətli nemətdir. Müdrikliyi heç nəilə almaq mümkün deyil. Lakin insan mütaliə ilə, həyatın keşməkeşlərindən ibrət götürərək müdrikliyini artıra bilir. Nəsib Bayramoğlunun "Qəribə dünya"sı insanları çox gərəkli olan müdrikliyə yönəltmək gücündədir. "Qəribə dünya" müdriklik məktəbidir.

 

Qəzənfər PAŞAYEV

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 noyabr.- S.7.