Fövqəlzərərçəkən

 

Hekayələr

 

Adəm bir gün əvvəl onu qətlə yetirməyə cəhd edənlərin kimliyini bilmirdi. Odur ki, hələlik gizlənməli idi. İçərişəhərdə Qız qalası ilə üzbəüz binanın üst qatındakı mənzilə sığınmışdılar.

Həvva Adəmə görə narahat idi. Onun, hətta eyvana belə çıxmasına imkan vermirdi.

Gecə saatları olduğundan ətrafdakı restoran kafelər bağlanmış, İçərişəhərə sakitlik çökmüşdü.

Adəm: - Həvva, sən narahat olma, ürəyim sıxılır, bir az hava alacam, - deyib, eyvana çıxdı.

Onun arxasınca gələn Həvva başını Adəmin çiyninə söykəyib dedi:

- Yəqin ki, bizim burda olduğumuz ağıllarına gəlməz.

Adəm: - Mənim göyərçinim, dünya biz düşündüyümüzdən çox kiçikdir. Onların əli uzundur. Geci-tezi bizim burda olduğumuzu da biləcəklər. Amma ən pisi odur ki, bu sui-qəsdi kimin sifariş etdiyini, məndən istədiklərini hələ bilmirik.

- Səninlə kimin düşmənçiliyi ola bilər? Özün bir düşün .

- İndi bəyəm yalnız düşmən olduqlarına pislik edirlər?  Zamanın təkəri şərlə fırlanır. Bunlar şeytan alovundan yaranmış mərdimazarlardır.

Adəm sözünü bitirər-bitirməz Qız qalasının üstündən alov dilimləri püskürdü. Qaladan eyvana doğru atılan yoğun kəndir məhəccərə dolanıb tarıma çəkildi.

Kəndirin üstü ilə onlara doğru bir kəndirbaz gəlirdi.

Həvva Adəmin əlini dartışdırıb, - Aman Allahım, bu kimdir? Gəl qaçaq, - dedi.

Adəm: - Qorxma, qaçmaq mənasızdır. Artıq gecdir, - dedi.

Kəndirbaz yaxınlaşıb onlarla qabaq-qənşər dayandı.

Əynində kahin paltarı, quru kəlləsində türban olan skelet göz dəliklərini onlara zilləmişdi. Adəmə xitabən dedi:

- Ayıb deyil səninçün? - Əli ilə Qız qalasını göstərib, - Niyə imkan vermirsən ki, bu daxmamızda rahat çürüyək. Müqəddəs odu təhqir etdiniz. Onu qıcıqlandırıb oyatdınız. Heysiyyatıma toxunursunuz... Budur bizim yaxşılığımızın əvəzi?

Adəm Həvva bir-birlərinə baxıb, çiyinlərini çəkdilər.

Kahin skeleti isə görünür, çöx həyəcanlı idi:

- Bizim çalağanlar səni xilas etməsəydilər indi qəbirdəydin... Müqəddəs odun göndərdiyi çalağanlar... Sən isə müqəddəs odu  mərdimazarlarla bir tutursan. Axı onları müqəddəs od, torpaq, hava su qəbul etməyəcək... Siz isə etdiniz? Daxmanın üstünü qapatdınız, çalağanlar da uçub getdilər...

Adəm bir gün əvvəl onu ölümdən xilas edən çalağanların adını eşidib ürəkləndi:

- Bağışlayın, müqəddəs odu sizi narahat etmək fikrində deyildim. Bəlkə siz məni nişan alanların kimliyini bilirsiniz?

Sümükləri qalmış kahin kəlləsinin arxasına sürüşən türbanını alnına doğru sıxdı:

- Hörmüzdün mübarək adına and olsun ki, qorxaqlar hiyləgər olur. Onlar qorxaqlardır... Əhrimənə xidmət edirlər...

Kəndirbaz kahin geri çevrilib, gəldiyi kəndirin üstü ilə addımladı, Qız qalasına çatar-çatmaz gözdən itdi...

Həvva Adəmə sığınıb, - Təcili burdan getməliyik, - dedi.

Adəm:

- Hara gedəcəyimizi bilmədən, buranı necə tərk edək?

Həvva gülümsədi:

- Qəm eləmə, elə bir yerə uçub gedərik ki, bizi orda kimsə tapa bilməz.

Sonuncu arxeoloji qazıntı zamanı Qız qalasının yaxınlığında aşkar edilmiş kilsənin günbəzindən bir dəstə çöl göyərçini pırr eləyib Adəm Həvvanın olduqları eyvanın məhəccərinə qondular.

Ortadakı erkək göyərçin quruldayıb yerində fırlandı:

- Bu sivilizasiyada milyardlar xərcləndi ki, kosmosu fəth etsinlər. Amma hələ orada yaşayış yoxdur. Siz isə uça bilirsiniz. Mükəmməldir... Uçmaq gözəldir...

Adəm:

- Bəlkə, Siz deyəsiniz, mənə güllə atanlar kimlərdi?

Erkək göyərçin donquldandı:

- Kim olacaq, canım? Uçmağı bacarmayanlar. Bəyəm onları tanımırsınız? Bu qədər var-dövlətlə hələ uçmağı bacarmırlar. -Erkək göyərçin duruxub Adəmə baxdı. - Biri var təyyarə ilə uçasan, bir var özün göy üzünə qanadlanasan. Azad, istədiyin yerə, heç kimdən, heç nədən asılı olmadan uçasan... Fərq böyükdür... Uçmaq gözəldir...

Bu sözləri deyib, çöl göyərçinləri kilsənin günbəzinə doğru qanadlandılar...

Saat artıq beş əlli altını göstərirdi. İçərişəhər məscidinin minarəsindən azan səsi eşidildi. Bədəninə yüngüllük çökən Adəmin yuxusu gəldi. Gözləri qapanırdı. Otağa keçib çarpayıda uzandılar. Bir-birlərinə sarılıb uyudular.

Yuxudan ayıldıqdan sonra Karvansarada, pəncərənin yanındakı stolun arxasında əyləşib, şirin söhbət edərək ləzzətli təamlardan dadsalar da, Adəm pəncərədən Karvansaranın giriş qapısını gözdən qoymurdu...

Birdən Adəm yerindən dik atıldı. Həvvanın əlindən yapışıb, - Getməliyik, onlar burdadırlar, - dedi.

Həvva pəncərədən Karvansaranın girişinə doğru baxdı. Bir neçə yaraqlı ətrafa boylanıb onları axtarırdı.

Adəm qarsondan arxa həyətə çıxış olub-olmadığını soruşdu. Qarson, - buyurun burdan gəlin, - deyib onlara yol göstərdi.

Qala divarları boyunca uzanan dar küçə ilə qaçırdılar. Öndəki tində bir boz qurd göründü. Həvva qorxub ayaq saxladı. Adəm dayandı. Boz qurd başını yelləyib arxa tərəfə çevrildi, irəli yoluna davam etdi. Adəm Həvva onun arxasınca gedib tini buruldular. Boz qurd onları Şirvanşahlar sarayına doğru aparıb, Murad darvazasının qarşısında gözdən itdi.

Darvaza dünya görmüşdü. Hər zaman da susmuşdu. Bu dəfə susmadı:

Ərgənəqona xoş gəldiniz. Qoşa qala qapısında pusqudadırlar onlar... qədər ki, ürəyin alovlu, biləyin güclü, başın dik, yanındakı xatun vəfalıdır, sənə kimsə bata bilməz...

 

Göyərçin

 

Birinci mərtəbədəki eyvanda həsir kresloda oturmuşdu. İnsan seli küçə boyu sağa-sola axırdı. Hava tutqundu. Göy üzündəki kirli pambığı xatırladan bulud çox yaxında idi. Gözünü o buluddan çəkmədi.

Öz-özünə yanıb, kötüyünə qədər əridiyindən, iki barmağının arasındakı siqaretin közü ətini yandırdı. Siqaretin kötüyünü stolun üstündəki dəmir külqabıya basıb əzərək söndürdü. Qara tüstü yuxarı sovrulub gözdən itdi.

Gözünü yenə həmin o buluda zillədi. Bu bulud onun ömrü boyu çəkdiyi siqaretlərin tüstüsündən yaranmışdı...

Dəmir külqabıdakı əzilmiş, boynubükük siqaret kötüklərinin qaralmış uclarından bürüşmüş sifətlər ona baxırdılar...

Bu insan üzlərini sanki göydən yağan alovlu daşlar əridib eybəcərləşdirmişdi... Gözlərini külqabıdan çəkdi.

Eyvanın önündən aramla keçənlərin sifətlərində məmnunluq vardı...

Bu səssizliyi avtomobil şinlərinin uğultusu pozdu. Eyvanın qarşısında durdurulan Mersedesdən qara saqqallı üç nəfər endi.

Saqqallılar Mersedesin sağ qapıları tərəfdə üzləri ona doğru düzülüb, əllərindəki "Kalaşnikov" avtomatlarını avtomobilin damına dayayaraq onu nişan aldılar.

Bayaqdan bəri küçə ilə səssiz hərəkət edən insanlar əli silahlıları görüb qaçmağa başladılar. Sağa-sola qaçanların arasından qara saqqallılar nişanı itirir, atəş aça bilmirlər.

Əlacsız qalan saqqallılar havaya atəş açdılar. Güllələr bayaqdan bəri onun süzdüyü buludu qara parçalara böldü. Buludun yumruq boyda bir parçası öz rəngindəydi.

Qara bulud parçaları qara kərkəslərə çevrilib silahlılara doğru şığıdılar. Sivri dimdikləri ilə onların bəbəklərini oyub üz-gözlərini al-qara boyadılar.

Heç görməyən saqqallılar indi hara gəldi atəş açırdılar. Küçədə onlardan başqa bir kimsə gözə dəymirdi.

Kərkəslər saqqallıların ətlərini qoparıb yeyir, silahlılar artıq can verirdilər.

Adəm sifətini əlləri ilə qapadıb yerində donub qalmışdı. edəcəyini bilmirdi...

Göy üzündə yumruq boyda qalan bulud qorunmaq üçün aralandığı uzaqlıqdan öz yerinə qayıtdı.

Can verən silahlılardan biri başını qaldırıb "Kalaşnikovu" ona tərəf tuşladı.

Yumruq bulud həmin anda göyərçinə çevrildi. Eyvana tərəf uçub qanadından bir lələk saldı, sonra məhəccərə qondu...

Adəm lələyi əlinə alan kimi sevgilisi Həvvanın qoxusunu duydu. Lələyi burnuna yaxınlaşdırıb tanış qoxunu içinə çəkdi. Həmin an özü göyərçinə döndü...

Atəş açıldı... İki göyərçin qanad çalıb qəhqəhərlərlə uzaqlara uçdular...

 

Vahid MƏMMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 noyabr.- S.8.