Ədəbiyyatın fəlsəfəsi

və ədəbiyyatda fəlsəfə

 

İkinci məqalə

 

Ədəbi tənqid və Fəlsəfə

 

Elmin poeziyaya, bədiiyyata nəzərən fərqli qütb olması haqqında əvvəl də yazmışıq.

Bəs fəlsəfə? Fəlsəfə elmə, yoxsa ədəbiyyata daha yaxındır?

Öncə görək bu yaxınlıq dərəcəsi barədə Qərb filosofları nə deyir. Aristotelin mövqeyi məlumdur. Amma onun dövründə müasir mənada elm yox idi. Ona görə o, qütb kimi tarixi götürür və fəlsəfi düşüncənin tarixə deyil, poeziyaya daha yaxın olduğunu vurğulayır. Amma indi biz hər sahədə elmin önə çıxdığı bir zamanda yaşayırıq. Pozitivist fəlsəfənin elm yanlısı olması və fəlsəfəni də elmin bir sahəsi sayması məlumdur. Amma Qərb fəlsəfəsi heç də yalnız pozitivistlərdən ibarət deyil. Hans Qadamer belə deyir: "Fəlsəfə ilə poeziya arasında maraqlı bir yaxınlıq vardır. XIX və XX əsrlərdə universitet fəlsəfəsi öz əhəmiyyətini itirdi. Bu ona görə baş verdi ki, o öz yerini KerkeqorNitsşe kimi böyük qeyri-akademik filosoflara və yazıçılara təslim etdi. daha çox dərəcədə ona görə ki, o, Stendal, Balzak, Zolya kimi böyük fransız romançıları, habelə Qoqol, Dostoyevski, Tolstoy kimi rus yazıçıları tərəfindən kölgəyə sıxışdırıldı. Bu dövrdə universitet fəlsəfəsi öz "elmiliyini" isbat etməyə çalışmaqla yanaşı, tarixi-fəlsəfi tədqiqatların labirintində yolunu azdı. Əgər universitet fəlsəfəsi sonralar öz itirilmiş mövqelərini ekzistensialist filosofların - Yaspers, Sartr, Merlo-Ponti, Qabriel Marselilk növbədə Martin Haydeggerin sayəsində qismən geri qaytara bilsə də, bu ancaq onun sayəsində mümkün oldu ki, fəlsəfə poetik dillə qonşu sahəyə müdaxilə etdi".

Əslində akademik fəlsəfənin ən böyük nümayəndəsi sayılan Kant da fəlsəfənin xüsusi missiyasını görməmiş deyildi: "Əgər insana həqiqətən də lazım olan elm varsa, onda bu, insana onun layiq olduğu yeri göstərən və İnsan olmaq üçün nə etmək lazım olduğunu öyrədən fəlsəfədir".

Düzdür, Kant fəlsəfəni yenə də "elm" adlandırır, amma bu elmin digərlərindən nə isə xüsusi bir fərqi olduğunubu fərqin məhz insana münasibətlə bağlı olduğunu vurğulayır. Söhbət insanın təbiətin bir hissəsi kimi deyil, təbiət dışında bir varlıq olduğunu vurğulamaqdan gedir. İnsan təbiətin və ya cəmiyyətin bir parçası olmaqdan daha çox, mənəvi/ruhani bir varlıq olmaqla seçilir. Poeziya da tarixdən və təbii elmlərdən fərqli olaraq, məhz insanın aləminə köklənmişdir. Yəni fəlsəfə ilə poeziyanı yaxınlaşdıran onların predmetindəki yaxınlıq, bəzi məqamlarda hətta eyniyyətdir: geosentrikya heliosentrik dünya deyil, homosentrikya antrop dünya. Ptolomeymi, yoxsa Kopernikmi haqlıdır sualı ancaq elm adamı üçün maraqlıdır, ədəbiyyat üçün dünyanın mərkəzi insan, daha doğrusu, onun məni/ruhudur. Xüsusən bizim milli fəlsəfi fikirdə bu mövqe ŞelerKantdan öncə kök salmışdır. Molla Nəsrəddinin dünyanın mərkəzi haqqında suala, "mən hardayamsa, mərkəz də oradır", - deyə cavabı bir yana, "Alim olmaq asandır, insan olmaq çətin", - deyən atalar sözüböyük fəlsəfi yük daşıyır. Çünki alim olmaq üçün elm öyrənmək lazımdır, insanlığı dərk etmək üçün isə - fəlsəfə. Amma akademik fəlsəfə deyil, ədəbiyyat üzərindən fəlsəfə.

Fəlsəfə bu missiyasını unudub elmləşəndə, - dünyanı koqnitiv duyğularla, hissi təcrübə əsasında təsvir və təqdim etməyə çalışanda, bu daha fəlsəfə deyil, elmi publisistika olur. Yəni fəlsəfəni fəlsəfə edən o beş koqnitiv/informativ/təsvirçi duyğunun dışına çıxması, altıncı duyğunu önə çəkməsi, kənardan gələn deyil, içdən gələn duyğulara köklənməsidir. Eynən poeziyada olduğu kimi. Yeri gəlmişkən, altıncı duyğu əslində bir deyil, beş deyil, bütöv bir kəhkəşandır, - ali duyğular dünyasıdır. Tək bir vicdan, tək bir eşq, tək bir kədər - hərəsi bir dünyadır, - elmin müdaxilə edə bilməyəcəyi, ancaq fəlsəfə və ədəbiyyata məxsus ortaq bir dünya. Beləliklə, elmin duyğu təməli ilə ədəbiyyatın duyğu təməli fərqlidir və fəlsəfə bu təməlləri birlikdə ehtiva edir. Və ədəbiyyatın tənqidi də, təbii ki, elm dilində deyil, fəlsəfə dilində danışmalıdır.

Ədəbiyyat öz həqiqi missiyasını, özəlliyini unudub elmi düşüncə və təsvirin təsiri altına düşəndə, bir psevdoədəbiyyat yaranır. Fərqi görmək üçün əsas meyar idrak üsuludur. Əgər ədəbiyyat hadisələri "olduğu kimi", "obyektiv surətdə" təsvir edirsə, demək ki, elmi üslubun təsiri altına düşmüş, özgələşmişdir. Bu baxışı realizmə qarşı bir mövqe kimi bəsitləşdirməmək üçün, qısaca onu qeyd edək ki, dünyasının da öz reallıqları var; elmin görə bilmədiyi reallıqlar. Bilik dünyasından fərqli olaraq, duyğu dünyasının həqiqətləri. E.Auerbax "Mimesis" əsərində yazır: "Homeri dəfələrlə yalanda təqsirləndiriblər. Amma onun öz hekayətlərinin tarixi həqiqiliyində israr göstərməsinə ehtiyacı yoxdur... Biz sözün sehri ilə onun "gerçəkliyinə" daxil oluruqburada hər şey təbiidir. Homerin təsvirləri tarixi reallıqdan uzaq da olanda, yenə gerçəklikdir". Yəni bir çox hallarda böyük şairlərin təqdim etdiyi bədii həqiqətlər tarixi faktlardan yüksəkdə durur. Şeirdə tarixin təfərrüatlarını ancaq bədii həqiqətləri görə bilməyənlər axtara bilərlər. Bu da elmiləşmiş və fəlsəfilikdən uzaq düşmüş düşüncə tərzinin təzahürüdür. Eynilə bizdə olduğu kimi: məsələn, Səməd Vurğunun "Vaqif" əsərindən tarixi detallar və "obyektivlik" tələb edənlər də tapılır. Halbuki, Səməd Vurğun öz Vaqifini, əzəmətli Şair obrazını tarixi detallar üzərində qurmaq məcburiyyətində deyildi. Əksinə, əsas ideyaya kölgə salacaq hadisələri bilə-bilə "unudur" və dəyişir. Çünki əsas hədəf Şair obrazıdır və o bizə kölgəsiz, ləkəsiz şəkildə - milli ruhun timsalı kimi lazım idi.

Ədəbi tənqid özü də fəlsəfi baxış səviyyəsinə yüksələ bilməsə və elm çərçivəsinə düşsə, belə kritik məqamlarda sənətkarın haqqını kim müdafiə edər?

Axı, ədəbi tənqid bədii ədəbiyyat və fəlsəfənin qovuşuğunda olmaqla, elmilik şərtlərindən kənara çıxır. Ədəbiyyat nəzəriyyəsinin predmeti ayrıca bir bədii əsər deyil, bütövlükdə ədəbiyyatdır. Ədəbiyyat tarixində isə zamana və məkana görə bölgü gedirbu xüsusiləşmə elmilik meyarı baxımından bir tərəddüd yaradır. Belə ki, ədəbiyyat tarixi harada isə elm ilə tarix arasında (mülki tarixin deyil, mədəniyyət tarixinin bir qolu olaraq) yer alır. Klassik nümunələr məlumat hüdudunu keçib, yenidən təhlil olunduqda isə bu artıq ədəbi tənqidə aid olur: keçmişə yönəli ədəbi tənqid.

Ədəbi tənqid bir qayda olaraq ayrıca götürülmüş ədəbi nümunələrin təhlili olmaqla, elmin "ümumilik" tələbini pozur. Burda başqa istiqamətdə bir ümumiləşmə gedir; bir əsərdə tərənnüm olunan konkret bir hadisə insan-dünya münasibətlərinə, fəlsəfi problematikaya keçid rolunu oynayır. Əsərə münasibət onun bədii dildən rasional dilə "tərcüməsi", bir növ yenidən nəql olunması və ya izahı kimi deyil, hadisələrin mahiyyət müstəvisinə transferi, təhkiyənin ideya fonuoxucunun dünyagörüşünə aşkar və gizli/şüuraltı təsir xüsusiyyətləri baxımından... Ədəbi tənqidi yaradıcılığın Elm-Fəlsəfə -Ədəbiyyat triadasında yerini arasaq, onun əslində bədii yaradıcılıqla fəlsəfi təhlil arasında bir mövqe tutduğu və elmdən xeyli uzaqda durduğu aydın olar.

Tənqidçi fəlsəfi hazırlıq səviyyəsinə görə yazıçıdan yüksəkdə durmasa, əsərin həqiqi qiymətini verə bilməz.

(Yenə də xatırlatmaq istəyirik; elm olmaq, elmə aid olmaq tək mərifət deyil, elmdən daha yüksək dəyərlər var. Bizcə, fəlsəfəyə yaxınlıq daha böyük şərafət sayılmalıdır. Başqa sözlə desək, ədəbi tənqid hər ədəbiyyatşünasın rahatca daxil ola biləcəyi sahə deyil; burda fəlsəfi təfəkkür də tələb olunur. Bu başqa məsələ ki, ədəbi tənqidin əyarını aşağı salanda, əsər haqqında məlumat və tərif/öygü tipli yazıları da bura daxil edəndə, fəlsəfə ilə əlaqə də itmiş olur. Amma yenə də, - bunun elmlə nə əlaqəsi var?!).

Bədii ədəbiyyatı fərqli idrak yönü olmaq etibarilə elmdən və fəlsəfədən fərqləndirən əsas amil bədii özünüdərkin spesifikliyidir. Bədii özünüdərk hər bir insan miqyasında həyatın tərkib hissəsi kimi, qeyri-aşkar şəkildə yaşanır; proses daha çox dərəcədə duyğu, hissiyyat müstəvisində, qeyri-aşkar şəkildə gedir. Onsuz da bu prosesin aşkar şəkildə olması, heç də həmişə arzuolunan deyil. Bəzi adamlar özünü tanımaqdan, qəlblərini dinləməkdən məqsədyönlü surətdə çəkinirlər; onlar öz həyatını mövcud sosial normalara, mənəvi prinsiplərə, əxlaqi dəyərlərə uyğun surətdə qurmağa çalışır və əslində nə kimi bir materialla işlədiklərinin fərqinə varmırlar. Lakin bu material insanın istəyindən, arzusundan asılı olmadan, irəlicədən verilmiş, başqası tərəfindən yaradılmış bir gerçəklikdir. Elə bir gerçəklik ki, onunla tanışlıq ya meditasiya, ya da fəlsəfi reduksiya zamanı mümkün olur. Hər iki halda insan bütün kənar təsirlərdən, sonradan əldə edilmiş keyfiyyətlərdən, cəmiyyətin, mühitin insana təlqin etdiklərindən uzaqlaşmaq, "xilas olmaq" yolu ilə özünə yaxınlaşmağa çalışır. Bu bir azadlıq məqamıdır və bundan sonrakı fəaliyyət ancaq insanın həqiqi məninin, özünü realizasiyası kimi həyata keçir.

Bədii əsərlər miqyasında özünüdərk isə ədəbi-bədii tənqidin funksiyasıdır.

"Mən"in kəşfi işində ədəbiyyat misilsiz imkanlara malikdir. Belə ki, əgər fəlsəfə daxili aləmə, dünyasına səyahətdə ancaq son hədəfi, universal həyat idealını nişan verə bilirsə, ədəbiyyat bir növ konkret presedentlər təqdim ediroxucu bu müxtəlif variantlar, alternativlər içərisində özünə uyğun nə isə tapanda, öz həyat yolunu da, kimlik ünvanını da həmin konkret nümunə timsalında axtarır. Özünəməxsus müəyyən əlamətləri sənətkarın təqdim etdiyi həyat lövhələrində tapmış, tanımış olan oxucu yerdə qalanını ya analogiya, ya ekstrapolyasiya yolu ilə, ya da "ürəyinin səsi" ilə üzə çıxarır. Başqa sözlə desək, yazıçı təxəyyülü oxucunun öz dünyasına səyahətində ona bələdçi olur. Bələdçi ola bilməyən, oxucunun dünyasını işıqlandırmaq əvəzinə, onu bir qaranlıqdan başqa qaranlığa, bir labirintdən başqa labirintə salan "ədəbiyyat" əslində gerçək ədəbi-bədii idealdan uzaq olub, - olsa-olsa psevdoədəbiyyatdır.

Bəs əsl ədəbiyyat?!

Ədəbiyyat özünü dərk edə bilərmi?!

Ümumiyyətlə, hər hansı bir sahə: siyasət də, tarix də, iqtisadiyyat da, təhsil də, mədəniyyət də, sənət də və hətta elm də təkbaşına özünü dərk edə bilməz və əgər belə bir iddiaya düşübsə, bununla əslində fəlsəfəyə müraciət etmiş olur. Daha doğrusu, burada fəlsəfənin aşağı qatları, obrazlı desək, əl-ayağı, konkret idrak və fəaliyyət sahələrinin özünüdərk axtarışlarındakı metodoloji funksiyası üzə çıxır.

Biz indi ədəbiyyatdan danışırıq. Heç şübhəsiz, ədəbiyyat da əgər özünü dərk etmək istəyirsə, özünə fəlsəfə aynasında baxmalıdır. Lakin təəssüf ki, ədəbiyyatçılarımız elm aynasına üstünlük verdiklərindən, ədəbiyyatın üstqurumu kimi ədəbiyyatşünaslıq deyilən fənn yaranmış və bu fəlsəfə dışında həyata keçirilmişdir. (Bu gün fəlsəfənin əsas fənn kimi tədris olunmadığı bir filologiya fakültəsi varsa, bunun sonuçlarını kim düşünəcək?!). Lakin ədəbiyyatın əsasən formalarını öyrənən bu fənn onun mahiyyətini nə dərəcədə ifadə edə bilir?

Ədəbiyyatçılar bədii ədəbiyyata adətən "həyatı bədii obrazlarla əks etdirən söz sənəti" kimi tərif verirlər; qısa, yığcam, konkret. İlk baxışda sanki hər şey aydındır. Lakin burada diqqəti çəkən bir neçə incə məqam var. Elmin tərifində söhbət obyektiv gerçəkliyin, ədəbiyyatda isə həyatın əks olunmasından gedir. Fiziklər "obyektiv gerçəklik", "fiziki reallıq" anlayışları üzərində hələ də "baş sındırırlar". Lakin ədəbiyyatçılar nə üçünsə "həyat" anlayışını özlüyündə məlum bir şey kimi qəbul edironun mahiyyətinin açılması istiqamətində məqsədyönlü tədqiqat aparmırlar. Əlbəttə, qəbul etmək olar ki, bu artıq ədəbiyyatın və ədəbiyyatşünaslığın predmetinə aid deyil, - fəlsəfəlikdir...

Elə isə bəs həyat nədir? Görünür, bu sualın mürəkkəbliyindəndir ki, fəlsəfədə bütöv bir cərəyan - "həyat fəlsəfəsi" bəs eləmirmiş kimi, ekzistensializm, həyat fenomenologiyası kimi digər fəlsəfi təlimlər də bu problemə dönə-dönə qayıdır, lakin hələ də birqiymətli izah tapmaqda çətinlik çəkirlər.

Bu sualın cavabı ədəbiyyatşünaslığın hüdudunu aşır, amma bədii ədəbiyyat onun izahını verməsə də, örnəklərini, bədii təsvirlərini verir. Burda bilavasitə yaşanmayan, amma yaşanması mümkün olan həyatlar sərgilənir. Və oxucuya bir ömürdə neçə-neçə fərqli həyatın iştirakçısı olmaq şansı verilir.

Həyat təbii mühitin, sosial-mədəni mühitin dünyasının təmas və mücadilə səhnəsidir. Və bu İnsan maddi dünyada hansı həyatı yaşayır? Bəs fikirduyğu dünyasında?

Sənətkar yaşanmış həyatı da qələmə alsa, o, bədii təxəyyül məkanında yaşanmamışlarla eyni statusda olur. Əvvəla, istər yazıçı, istərsə oxucu üçün canlandırıla bilən ancaq onların özününvaxtsa yaşadıqlarıdır: şüurluya şüursuz/qeyri-şüuri olaraq. Bu kontekstdə ədəbi-bədii yaradıcılığın daha bir fəaliyyət sferası ortaya çıxır; insanların şüurlu, rasional, verballaşa bilən şəkildə yaşadıqları ilə qeyri-şüuri, K.Yunqun termini ilə desək, "kollektiv şüur" arealında passiv/potensial hafizədə, gizli/mübhəm fondda mövcud olanlar arasında bir körpü atmaq və qaranlıqları için öz resursları ilə işıqlandırmaq!

İnsan həyatı onun mahiyyətinin təzahür səhnələrindən oluşur. Amma eyni mahiyyət heç də həmişə eyni cür təzahür etmir. Mühitlə (dünya ilə) insan arasında hansı əlaqələrin yaranmasından asılı olaraq, mümkün hallardan ancaq bəziləri həyat faktına çevrilir; insan yaşaya biləcəyi həyatlar çoxluğu (imkanlar dünyası) içərisindən ancaq müəyyən bir qismini (qismət) yaşaya bilir, digər imkanlar isə həyata keçməmiş, gerçəkləşməmiş qalır, - yaşanmır.

Ədəbiyyat gerçək həyat, yaşanmış duyğular çoxluğundan daha zəngin olan imkanlar dünyasına müraciət edir və yaşanmamışlara da yaşamaq şansı verir; nəticədə "həyat" anlayışı özü də zənginləşmiş olur.

İndi biz ədəbi-bədii həyata imkan və gerçəkliyin dialektikası kontekstində baxmaqla, əslində  həyatın mahiyyətini, mənasını xətti təfəkkürlə, birqiymətli izah etməyin yetərli olmadığını göstərdik. Lakin ədəbiyyatın predmetinin müəyyənləşdirilməsində çətinlik törədən təkcə "həyat" anlayışının mürəkkəbliyi deyil. "Bədii", "obraz", "söz", "sənət", "inikas (əks etdirmək)" anlayışlarına aydınlıq gətirilməsi yenə də ədəbiyyatşünaslıq və ya sənətşünaslığın hüdudunu keçir və fəlsəfi təhlil tələb edir.

 

Səlahəddin XƏLİLOV

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 noyabr.- S.6-7.