İnsana üsyan

 

Silahları susdurun, quşlar yuxuya getsin bir az,

Bunu deyirəm, dayanmadan deyirəm onsuz da

Heç olmur ancaq, dilimdə parça-parça olur sözlər.

Heç edə bilməyəndə əllərim çox utanır

Gözlərim eləcə, mən qaçıram işıqdan

Qırtlağıma kimi utanc içindəyəm.

 

Çata bilmirsə bir insanın fəryadına, ayaqlarım da qopsun

Dünya boyda oldu eşidə-eşidə böyüyən qulaqlarım

Külək idi, amma heç kimə gedib çatmırdı səsim.

 

Bu şəklə yaxşı baxın

artıq insan deyil orda gördükləriniz

güzgüyə baxanda qorxutmasın sizi orda görünənlər

bayıra çıxmamışdan pəncərəni açıb baxın ətrafa, yoxlayın

düşünə-düşünə baxın, mühakimə edərək baş verənləri

mən elə edirəm düşmənəm özümə

necə dəhşətdir, bir divardakı daş da deyilik hətta.

 

Bu şəklə yaxşı baxın

Cəhənnəmlərə doğru qaçanları görəcəksiniz küçədə

sizsiniz onların hamısı.

 

İnsanların heç biri ətirşah gülü deyil

Yoxsa gül açardı hansısa biri

Ümid dağılardı ətrafa o gülün rəngindən.

 

Pivənin sarışınlığı siqaretin zövqü

bir dedi-qodunun dadı kifayətdir aldadılmağa.

Kifayətdir sanki yaşayıb ölməyə

buna görə sizi dəfn edirəm mənasızlığa.

 

Dünya, 2020

 

Yaşananlar köhnəlməz

 

Həmişə belə olub diqqət çəkərək keçir axşamüstləri,

Bəzən unudulan bir söz kimi olur hər şey.

Bunun fərqinə varıb səksənirik bir yolçuluqda

Hər gedişin axırında özümüzə çatırıq

Çıxıb gedir bundan sonra bizi aparan külək.

 

Hər gün bir az da zülmətə bürünür keçmiş,

Uşaq olanda tutduğun quşları düşünüb

Dilini dişləyərək ağlayırsan onlar üçün.

 

Ölməyi yoxladın gördüyün yuxu idi bilmədikləri

onu da yaşayaraq danışdın, heç qalmadı gizlətdiyin.

Gənc ikən bıçaq daşıyardın, bir tapanca keçdi belinə sonra

sonunda anladın vücudunun bir silah olduğunu

tapa-tapa itirdiyin hər idisə həyat

sevgilin üçün ov idin, ancaq xoşuna da gələrdi seçilən olmaq.

 

O qədər illərdən sonra yenə o meydanlardasan,

Şüarlar səslənir, itməmiş dostların səsi.

daha da qəzəblisən ciyərlərin dolusu polisin sıxdığı sudan.

Bu günlərdə özünü çağırıb özünə gələn qəribə insansan.

 

Urganlı, 2018

 

Ürəyimə dəyən külək

 

Dayanmadan xatirələr dürtmələyir məni, yuxuya gedə bilmirəm

saçlarıma toxunan bir çox yay keçdi

toxunduğu yerdə havalanır alov, varsa yanır

yox olur cəmləşdirdiyim həyat

buxarlaşan suyun çıxıb getməyi kimi.

 

Pəncərələri heç açılmayıb elə bil

Lampaları çirklənib, toz içindədir yemək masası

Qonaq otağında bir neçə dərgi oxunmadan bozaran.

Evin başı fırlanır, əməlli-başlı qarışır xalçaların naxışı

Öz-özünə dəyişir divarların rəngi

Mətbəx masasının üstündə bir reyhan

quruyub.

 

Hara baxsam kömür qarası, bir qırmızı

ağzı burnu qan içində, ağacları quruyub

bir şəhərdir boğanaq, uşaqları ağır yaralı.

Susmaqdan çürüdü səsim

Günahkar çıxdı dostlar, qopdu gitaramın teli

böyüdü içimdəki yumruq, dayanmadan qəzəbləndi.

 

Sevinç dolu bir neçə söz olsa, hərfləri rəngli

Səni tapacaq o zaman ürəyimə dəyən külək.

Neçə gündən sonra pişik mən yaxşıyıq,

Birlikdə tənhalıq üçün yaşayırıq.

 

Dünya, 2014

 

Boz

 

Gəlib gələni saxlayır küçə musiqiçiləri

Qopanda gitaranın teli səsim titrəyir

"dəniz gözəli" qızların dəli edir ulduzları.

 

Göy üzünün dayanıb baxdığı kimi bizə

Sən eləsən, hamının içinə baxırsan

dünyanı geyinmisən, fikrin qarmaqarışıq

sınan bir heykəlin itkin üzüsən elə bil

artıq danışmır səninlə bağçandakı ətirşah gülü

susuz qalıb əkdiyin bir neçə bibər.

 

Bu necə bir həyatdır, görəsən, dadanır köksünə

Heç olmasa sevişən göyərçinlərə yem verək

Kəsməyək onların küləyinin qarşısını

günümüz təzələnsin, bizim olsun öpüşən dodaqlar.

 

İnanma qaranlıq həyətlərin kədərinə

Yenə gələcək qaranquşlar

Böyüdəcəklər YAZı

Cəmləşib dayanacağıq bir-birimizdə.

 

Dünya, 2015

 

Leysan

 

Üzünə baxıram səninsə üzün günəbaxanlara doğru

İçində biz ikimiz bir avtobus sürətlə gedir

Bir yayın qurtardığını demə mənə

Qaranquşlar gedəcək bu uşaq üşüyəcək

Necə daşıyar, görəsən, o köçkün ürəyini?

 

Sevdiyimə qan verirəm gün boyunca

Sevişən insanların tərindən bir dəniz

Sevdiyimə verirəm üzüm mənə yaraşır.

 

Həmişə sentyabr vardı mənim üçün

Hansı ayda olduğunu unutmuşam

Altı yolun kəsişməsində tapdığım zamanlarda

Su kimi axırdın üzüm yamaç idi sənin üçün

Küləyinə qapdırıb özündən gedəndə

İki çiçək öpüşər qopa bilməz bu yardan.

 

Kişisiz qadın, gözəgələn, bir ağacın tək yarpağı

Sevgilim artıq sulanıb torpağın?!

Cəmiyyətin gözündə yamyaşıl tarlanın ən qurağı

Lalların oxumağa çalışdığı bir şeir.

 

Başladığımız o səhərlərin gecələri itkin

O gün yandırmışdıq dünyanın bütün tonqallarını

İki yanğın qovuşanda biz bir yerdə gülmədik?

Üzümə kölgə düşsə, unutma heç vaxt

 

Eyni üfüqlərə baxaq, yoxsa gedərəm,

Dənizə gedən yolları bağla.

Sənə öyrəşmişəm, anla dağlarım həsrət çəkməsin

Sənin üçün şüşə sındırıb gül oğurlamışam

Yorğunam, susamışam, saat neçədir,

Hava qədər soyuqdur?

Bir yorğan kimi üstümə səril

Məni öp isinib gizlənim.

 

Payız gəlib təzədən? Bu necə olur?

Qızlar hələ yamyaşıl tənəkləri qoruyur.

Düşün bu yay belə bitər heç?

Demə heç .

 

Dünya, 1981

 

Veysəl ÇOLAK

 

Uyğunlaşdırdı: Oqtay HACIMUSALI

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 noyabr.- S.9.