"Güllər
hakimə çatdı", yaxud dirənişin Xəlil Rza
Ulutürk zirvəsi
"Türk
olmalı, anadan Türk
doğmalı" tələbi
vardı istiqlal şairi
Xəlil Rza
Ulutürkün. Hər gün yenidən doğuldu... Lefortovo
zindanını yardı, buzdan soyuq dəmir divarlarını əritdi.
İnamını özünə sipər etdi. "Bu dəmir
zindandan Bakıya 20-ci əsrin poetik ensiklopediyası ilə
qayıdacam" toxtaqlığı verdi millətinə, səadəti
bildiyi Firəngizinə. O dəmir divarlar arasında Pol
Elüarın Vyetnama həsr etdiyi şeirini gündəliyinə
köçürdü.
Mənə həyat
bəxş edir bircə kəlmənin gücü.
Səni tanımaq
üçün, sənə ad vermək üçün
Yarandım, ey
Azadlıq!
Bu yolda Əfzələddin
Xəqaninin "Zindandaşı, tale qardaşı"
olmağının şükranlığını qələmə
aldı. Kameradaşı Volodyanın sorğusunu cavabladı:
- Nə
yazırsan?
-
Deputatımıza ərizə!
- Azərbaycanca?
- Əlbət!
- Əbəsdir!
Lefortovo zindanından gedər-gəlməz ərizələr
yalnız və yalnız rusca yazılmalıdır.
Həmin o gedər-gəlməz
zindandan ona bir udum su qıymayan rus soldatına tarixi anlada-anlada
döndü... Xəlil bəyin həqiqətlərini dinləyən
rus əsgəri o zaman dözməyib
ağlamışdı...
Noyabrın 17-də
Azərbaycan Yazıçılar Birliyində Xalq şairi,
AYB-nin Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadənin
təşəbbüsü ilə keçirilən anım tədbirində
unudulmaz Xəlil Rza Ulutürk bu düşüncələrlə
baş-başa yad edildi.
Xalq
yazıçısı, AYB-nin sədri Anarın o tarixi
günlər barədə söylədiklərini dinlədikcə
yaddaşımda Xəlil bəyin "Lefortovo
zindanında"n oxuduqlarımı birər-birər
xatırlamaqdaydım: "Konvoy qabağında müstəntiqin
- Aleksandr Qubinskinin hüzuruna gəlirəm.
Salamlaşırıq. Qarşıma bir stəkan çay, iki
konfet qoyub deyir:
- İndicə Anar
zəng eləmişdi. Sən çayını içincə
gəlib çıxar...
- Hansı Anar? -
soruşuram. - Mənim qardaşoğlumun da adı Anardır.
- Yox, - deyir, - sizin
Yazarlar Birliyinin sədri, məşhur yazıçı,
SSRİ Ali Sovetinin deputatı Anardan gedir söhbət.
...Dizlərimə
taqət, gözlərimə işıq gəlir. Az qala
qışqırıram ki, Anarın gəlişi mənim
üçün Azərbaycanın gəlişi və
Azadlıq deməkdir... Mən bu düşüncələrdə
ikən addım səsləri eşidirəm, qapını
açıb böyük salona qədəm qoyan və sürətli
addımlar ilə gələn Anarımızdır.
Qalxıram. Qucaqlaşıb öpüşürük... Rusca
danışırıq. Deyir, "bəzi şeyləri boynuna
alıbsan, eləmi?"
- Bəli - deyirəm,
- mən neyləməliydim? Ermənilərin, daşnak
bandasının yarım milyon türkazəri öz ata-baba
torpaqlarından qoparıb çöllərə səpələdiyi
çağlarda hansı çağırışa qoşulmalıydım?..
Xəlil bəyin
gündəlikdə yazdıqlarını Anarın xatirələri
izləyir: "Müstəntiqə deyib ki, siz imperiyanın
qul təbiətli əsgərlərisiniz... Həmin günlərdə
ölkə başçısı ilə tez-tez
görüşür, şairin azadlığa
buraxılması üçün köməkliyini əsirgəməmisini
bildirirdim. Deyirdi: "İşə gəlirəm, Xəlili sən,
evə gedirəm, həyat yoldaşım
tapşırır..."
Xalq şairi Nəriman
Həsənzadə söhbətə qoşulur:
"Altmış illik yubileyimə şeir həsr etmişdi.
"Gözün aydın, əziz dost, günbəgün gəncləşirsən"
- deyə:
Makinaçı,
maketçi, mürəttib də olursan,
Tək dan üzə
köşkə çıxsın cəsur bir qəzet.
Vur,
çatdasın köləlik. Şəri darmadağın
et...
Azərbaycan
qurşunlar, güllələr altındadır,
Düşmənlərin
ən iyrənc xəyanət qatındadır.
Qəzetçilik
döyüşdür, macal vermə, qardaşım,
Sağlığımda
qoyulsun baş girləsəm, baş daşım.
...Birinci
misrasından sonuncu sətirədək
Qəzetini bana ver!
Savalan zirvəsindən
dünyaya söz deməyin
Ləzzətini
bana ver.
...Çocuq, əziz
Nəriman!
Büllur Nərimanımız!..
Beləydi Xəlil
bəy. Kükrəyirdi. Onun istintaq işi Bakıda davam
etdiriləndə getdim bu gün təbdirimizdə iştirak edən
hakimin - həm də gözəl ziyalı olan İlqar
Abbasovun yanına. Xahiş etdim ki, Xəlilin xilası naminə
köməkliyini əsirgəməsin. Dedi, "Xəlil bəy
bizim millətin oğludu, böyük vətəndaşdır.
Onu kimlərinsə ayağına verməmək bizim borcumuzdur".
Dedim: "Heç nədən qorxmayıb Xəlil Rzaya bəraət
verən cəsarətli hakimə şeir həsr edəcəm"".
Və əminliklə ayrıldım... Aradan 31 il keçib.
Yaxın günlərdə hörmətli hakim İlqar Abbasov
mənə bir məktub yazıb ki, mən üzərimə
düşəni o vaxt etdim. İndi növbə sənindir,
söz verdiyiniz şeirin yolunu gözləyirəm. Məktubda
yazılanlardır:
"Çox
hörmətli, şərəfli, şöhrətli Nəriman
müəllim! Sizi ürəkdən salamlayıb, arzu edirəm
ki, həmişə sağlam olmaqla bərabər
özünüzə, istəklərinizə, Sizi istəyənlərə,
vətənimizə, dövlətimizə lazımlı
olasınız.
Əziz Nəriman
müəllim, Moskovada Lefortovo həbsxanasında saxlanılan
Xəlil Rza Ulutürkün və qeyriləri haqqında cinayət
işinə Bakı Şəhər Məhkəməsində
baxılmasına gedən hazırlıq zamanı dediyiniz - Xəlil
Rzaya qorxmayıb bəraət verə bilən cəsarətli
hakimə şeir həsr edəcəyiniz barədəki
sözünüzü güman edirəm ki,
unutmayıbsınız.
Mənim sədrliyimlə
həmin işə baxan məhkəmə Xəlil Rzaya onun əməlində
cinayət tərkibi olmadığına görə bəraət
hökmü çıxartdı.
SSRİ Dövlət
Təhlükəsizlik Komitəsinin xüsusi istintaq qrupunun
apardığı və SSRİ Baş prokurorunun müavinin təsdiq
etdiyi ittihamnamə üzrə təqsirləndirilən şəxsin
məhkəmə iclas zalından azad edilib və sonra da ona bəraət
verilməsi, üstəlik də SSRİ prokurorluğunun
haqqında, istintaq zamanı onun qanunla qorunan
hüquqlarının pozulması ilə əlaqədar
xüsusi qərardadın çıxardılması Azərbaycan
məhkəməsi tarixində ilk və sonuncu hadisədir.
Moskva şəhərində
bir yerdə oxuduğunuz dövrdən gənclik dostunuz,
sirdaşınız olmuş Xəlil Rzanın barəsindəki
20.11.1990-cı il tarixli həmin hökmü və s. sənədləri
Sizə göndərərək, ümid edirəm ki, heç
olmasa 31 ildən sonra verdiyiniz sözünüzə əməl
edəcəksiniz.
Bir məsələni də
xatırlamaq istəyirəm ki, ölkəmizdə qeyd olunan,
millətimizin də ən əziz bayramlarından biri - Qurban
bayramıdır ki, onun da mahiyyəti - verilən sözə əməl
etmək tövsiyəsidir.
Əziz Nəriman
müəllim, bir söznən, "Duşa moya xoçet
stixa".
Dərin hörmətlə
Sizin İlqar
Bakı şəhəri
12.10.2021"
Sonra Nəriman
müəllim özünəməxsus duyğusallıqla hakim
İlqar Abbasova söz verdiyi və məxsusi olaraq ona həsr
etdiyi şeiri oxuyur:
Azadlıq istədi
xalqına, hakim,
qılınclı,
qalxanlı ərlərə əvəz.
Dedim, həssas olun
siz ona, hakim,
Azadlığı
qram-qram istəməz.
Püskürdü
o bəzən vulkanlar kimi,
yandı,
alovlandı özü-özündən.
Göydə bir
Tanrısı, yerdə hakimi,
ədalət istədi
hər ikisindən.
Xəlil - nəslimizin
ilk tufanıydı,
nitqi küləkliydi,
sözü kəsəydi.
Xəlil -
hamımızdan mehribanıydı
zamanın küləyi
sərt əsməsəydi.
Gələn
sabahlara rahat baxırdı,
toxunsan, hər
sözü bir cihatıydı.
Oğlunun
adını Təbriz çağırdı,
Araz nəğməsinin
nəqaratıydı.
O da hamı kimi gəzdi
yer üstə,
bizə
tanışıydı o gülüş, o əl.
Salyanda doğuldu,
dünən Kür üstə,
Fəxri xiyabanda
qalxan o heykəl!
O da istəyirdi
şeir oxusun
Məhəbbəti
- Firəngizin eşqinə.
O da arzusuna gedib
qvouşsun
iki qəlbdə,
bir həvəsin eşqinə.
Gözümdən
düşmüşdü bürkü qanunlar,
Xəlili görəndə
sevindim, uçdum.
Yəqin,
müvüqqəti buraxıbdılar? -
nə o bir söz
dedi, nə mən soruşdum.
Mənzil
uzağıdı, ömür də qısa,
dünya bəxtəvərlik
meydanı deyil.
Şair vətənində
təqib olursa,
demək o,
şairin vətəni deyil.
Şayələr
gəzirdi - Xəlilə zindan!
Çatmışdı
bizə də xəlvəti bir səs.
Hakimin verdiyi son qərarından,
narazı
qalıbmış, o vaxtkı Mərkəz!
Bir də Xəlilgildə
eşitdim ki, mən
burda, yuxarıda
işi əyiblər.
Hakim
götürülüb vəzifəsindən,
siyasi rəng verib,
hədələyiblər.
Dedim elədisə,
hakimə əhsən,
millətin
oğludur, əslində o da.
Xəlilə siyasi
azadlıq verən hakim olsa da.
Necə başa
vurdum mən o illəri,
Ağrım-acımdımı
çıxır ürəkdən?!
"Ulütürk
azaddır" - yazan əlləri,
hər bəndim
dördəlli sıxır ürəkdən.
Hakim İlqar
Abbasov səmimi şeir üçün şairə minnətdarlıq
edir: "Kövrəldim və ötənləri
xatırladım. Dərin rahatlıq hissi keçirirəm ki,
hər cür basqıları nəzərə almadan o zaman Xəlil
Rzaya bəraət qazandıra bildik. Və bu qərardad mənim
imzamla tarixə düşdü. Az keçməmiş Moskvada
dövlət çevrilişinə cəhd oldu. O zaman mənə
deyirdilər ki, səni tutacaqlar. Cavab verirdim: "Ola bilər.
Onsuz da mən Sibirin yollarına yaxşı bələdəm.
Birtəhər keçinərəm. Ancaq qürur duyuram ki,
haqq yolunda bəhs olunmuşam, Azərbaycan uğrunda
savaşan bir qəhrəman şairin haqqını
qorumuşam. Xəlil bəyə bəraət verilən
günün səhəri qəzetlər yazdı ki,
"Güllər hakimə çatdı!" Bununla
bağlı SSRİ Baş Prokurorluğunun etirazı oldu...
Ancaq artıq qatar keçib getmişdir..."
AYB-nin katibi
İlqar Fəhmi çıxış edərək bildirdi ki,
Xəlil bəyin savaşı Azadlıq savaşıydı.
Şəxsi marağı yox idi. Millət, xalq
üçün çalışırdı.
Akademik Teymur Kərimli,
Xalq yazıçısı Natiq Rəsulzadə, AYB sədrinin
müavini Rəşad Məcid unudulmaz Xəlil Rzanın vətəndaşlıq
missiyasından söz açdılar. Qeyd etdilər ki, o,
alovlu vətəndaş duyğusu ilə
yazıb-yaradırdı. Qədirbilən xalqımız Xəlil
bəyin xatirəsini həmişə əziz tutur, onu
unutmur".
Bu deyilənlərin
axarından tez-tez böyük şairin ömrü boyü
"canım-gözüm" - deyə əzizlədiyi Firəngiz
xanımın da adı keçməkdəydi. Xəlil bəyin
misraları xatırlanırdı:
Canım-gözüm
Firəngiz,
dünyada
hamıdan çox
səndən
nigaranam mən.
...Heç bir
alçaq önündə
kölgələnmə,
şax yeri,
Çıraq olsun
gözünə Xəlil Rza sözləri.
İyirminci
yüzilin xoşbəxt balasıyıq biz,
Bizim
xoşbəxtliyimiz - yalnız ləyaqətimiz!
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti.-2021.-20
noyabr.-S.11.