Azərbaycan dilçiləri: klassiklərdən müasirlərə
Professor Sayalı Sadıqovanın
bu günlərdə nəşr olunmuş kifayət qədər
fundamental "Azərbaycan dilçiliyi
simalarda" kitabı
Azərbaycan MEA Nəsimi
adına Dilçilik İnstitutunun 75 illiyinə
həsr edilsə də, kitab yalnız Akademiyanın üzvü olan, yaxud Dilçilik İnstitutunda çalışan
yox, bütün görkəmli Azərbaycan
dilçilərinin yaradıcılıq
tərcümeyi-halı barədə
geniş məlumat verir. Məmnuniyyətlə
demək olar ki, bu əsərlə
tanış olan hər kəs Azərbaycan dilçiliyinin
XIX əsrin əvvəllərindən
başlayan tarixi inkişaf mənzərəsini
bütün təfərrüatları
ilə məhz ayrı- ayrı dilçilərin simasında
izləyə, klassiklərdən
müasirlərə qədər
gələn yolların
eniş- yoxuşuna bələd ola bilər.
Məlumdur ki, "Azərbaycan
dilçiliyi" ifadəsi
iki mənada işlənir: birincisi Azərbaycan dilini araşdıran bütün
dilçiləri, ikincisi
isə müxtəlif
dilləri, eləcə
də ümumən dili araşdıran azərbaycanlı tədqiqatçıları
ehtiva edir. Sözügedən ifadə
bu kitabda ikinci mənada, yəni azərbaycanlı dilçilər mənasındadır.
Əlbəttə, Azərbaycan dilçiliyinin
tarixi indiyə qədər dərindən,
elmi əsaslarla öyrənilmiş, xüsusilə
professor Adil Babayev bu sahənin bir neçə elə dəyərli əsərini yazıb ortaya qoymuşdur ki, hər bir
dilçinin vaxtaşırı
müraciət etdiyi təməl əsərlərdir.
Lakin Sayalı Sadıqovanın bu kitabı çox yaxşı ki, həmin əsəri təkrar etməyib həm məzmun-mündəricəsi,
həm də strukturu etibarilə tamamilə orijinal bir iş olaraq
meydana çıxmışdır.
"Azərbaycan dilçiliyi simalarda" iki hissədən ibarətdir:
birinci hissə XIX əsrin əvvəllərindən
XX əsrin 30-cu illərinə,
ikinci hissə isə XX əsrin 30-cu illərindən bu günə qədər hər biri təxminən
yüz illik dövrü əhatə etməkdədir. Məsələ
burasındadır ki, birinci dövrü təmsil edənlərin heç də hamısının fəaliyyətində
dilçilik əsas yer tutmur. Məsələn,
Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Məhəmmədağa Şahtaxtlı,
Firudin bəy Köçərli, Əli
bəy Hüseynzadə,
Səmədağa Ağamalıoğlu,
Nəriman Nərimanov,
Üzeyir Hacıbəyli
kimi nəhəng Azərbaycan ziyalılarının
yaradıcılıq miqyası
son dərəcə geniş
olmuşdur. Bununla belə, onların bu kitabda dilçi
kimi təqdim olunması ona görə heç bir şübhə doğurmamalıdır ki,
sadəcə lüğətlər,
qrammatika dərslikləri
tərtib etməklə
yetinməmiş, dil haqqındakı elmin nəzəri məsələlərilə
də məşğul
olmuşlar.
Birinci dövrdə bizim
iki peşəkar dilçimiz fəaliyyət
göstərmişdir ki,
onlardan biri professor Mirzə Kazım bəy, ikincisi professor Bəkir Çobanzadədir.
Kitabda hər iki dilçi barədə yetərincə
bəhs olunmuş, onların həm Azərbaycan, həm ümumtürk dilçiliyində,
həm də dil nəzəriyyəsindəki
xidmətləri dəyərləndirilmiş,
yaradıcılıq portretlərinin
əsas cizgiləri dolğun verilmişdir.
XX əsrin
20-ci, 30-cu illərində (dilçilikdə
bu, professor Bəkir Çobanzadə, yaxud repressiya dövrüdür)
Azərbaycanda peşəkar
dilçilərin yeni
nəsli formalaşdı
ki, onların arasında Fərhad Ağazadə, Qafur Rəşad, Xalid Səid Xocayev, Miryusif Mirbabayev (o, Dilçilik İnstitutunun
1946-1949-cu illərdə ilk direktoru olmuşdur), Abdulla
Şərifov, Vəli
Xuluflu, Hənəfi Zeynallı, Abdulla Tağızadə,
İdris Həsənov kimi
görkəmli elm adamları
vardı. Basqa bir görkəmli dilçimiz - professor Əhməd
Cəfəroğlu isə
gənclik illərindən
Türkiyəyə mühacirət
etməyə məcbur
olmuş, dövrünün
ən böyük türkoloqlarından biri kimi yetişmiş, türk dili tarixi sahəsində beynəlxalq bir məktəb yaratmışdır.
Sayalı Sadıqova öz
kitabında bu dilçi-şəxsiyyətlər haqqında bitkin məlumat verdikdən sonra əsərin ikinci hissəsinə keçərək yüz
doxsan dilçi - MEA-nın həqiqi və müxbir üzvləri, eləcə
də elmlər doktorları haqqında müfəssəl oçerklər
təqdim edir. Onların mütləq əksəriyyəti Azərbaycan
dilinin - doğma dilimizin araşdırıcıları
olsalar da, müəyyən
qismi ingilis, alman, fransız, rus, ərəb, fars, türk və s. dillər üzrə mütəxəssislərdir.
"Azərbaycan dilçiliyi simalarda" vərəqləndikcə
istər-istəməz dil
haqqındakı elmimizi
səciyyənləndirən bir sıra mülahizələr
doğurur ki, onlardan birincisi professor Bəkir Çobanzadənin
yetişdirmələri olan
(lakin müəllimlərindən
"imtina etmək"
məcburiyyətində qalmış!)
akademik Məmmədağa
Şirəliyev, müxbir
üzv Əbdüləzəl
Dəmirçizadə və
professor Muxtar Hüzeynzadənin
rəhbərlikləri ilə
keçən əsrin
ortalarından başlayaraq
elmə bütöv bir dilçilər nəslinin gəlməsidir:
akademiklər Ağamusa
Axundov, Tofiq Hacıyev; müxbir üzvlər Afad Qurbanov, Zərifə Budaqova; professorlar Ə.Abdullayev, R.Məhərrəmova,
Y.Seyidov, M.Adilov, M.Qasımov, Ə.Rəcəbli,
Q.Kazımov... Lakin onu da unutmaq olmaz ki, Sovetlər
Birliyinin bu və ya digər
məhdudiyyətlərə rəğmən açmış
olduğu daha geniş bir miqyas da vardı ki, həmin miqyas ərəbşünaslıq,
iranşünaslıq, türkologiya,
germanistika, romanistika və rusistika üzrə də yüksək ixtisaslı kadrların yetişməsinə
imkan verdi: akademik Vasim Məmmədəliyev, müxbir
üzv Zemfira Verdiyeva, professorlar N.Ağazadə, Ə.Mahmudov,
H.Zərinəzadə, Ə.Məmmədov,
M.Tağıyev, T.Rüstəmova,
V.Aslanov, F.Zeynalov, O.Musayev, M.Rəhimov, F.Hüseynov, B.İsmayılov,
L.Quliyeva...
Bütün bunlar isə o deməkdir ki, milli müstəqillik ərəfəsində - 70-ci, xüsusilə
80-ci illərdə dilçiliyin
artıq elə bir sahəsi yox idi ki,
Azərbaycan alimləri
həmin sahədə
öz sözlərini
deməmiş olsunlar.
Lakin diqqəti ən çox cəlb edən o idi (və bu
bizim ikinci mülahizəmizdir) ki, dilçilikdə türkologiyaya
maraq son dərəcə
artmışdı: bir
tərəfdən, yeni
türkoloqlar nəsli
yetişir, digər tərəfdən, vaxtilə
bu sahəyə maraq göstərsələr
də ideoloji səbəblər üzündən
yalnız Azərbaycan
dilçiliyi ilə məhdudlaşan mütəxəssislər
türkoloji araşdırmalara
keçirdilər. Düzdür,
istər 80- ci, istərsə
də 90-cı illərdə
tükçülük hissiyyatları
bəzən akademik türkologiyanı üstələyirdi,
ancaq metodoloji axtarışların ümumən
sağlam istiqamətdə
getdiyi heç bir şübhə doğurmurdu. Çünki
milli təəssübkeşlik
siyasi müstəqillik
uğrunda mübarizəyə
qalxmaqda olan hər bir xalqın
təbii refleksidir.
Nəhayət, üçüncü bir mülahizə də söyləmək olar ki, müstəqilliyin
ilk illərindən etibarən
Azərbaycan dilçiliyində
germanistikaya, xüsusilə
ingilis dilinə (daha doğrusu, Azərbaycan, rus və ingilis dillərinin müqayisəli
tədqiqinə) meyil gücləndi, eləcə
də bilavasitə dil nəzəriyyəsi, yaxud multidissiplinar dilçilik sahələrində
işləyən kadrlar
meydana çıxdılar.
Bu sahədə şəksiz
uğurlarla yanaşı,
problemlər də vardır ki, onların ən populyarı müxtəlif
dilçilik cərəyanlarına
mənsub (və artıq məlum fikirləri) ənənəvi
dilçiliyə məhz
yenilik adı ilə gətirmək cəhdindən ibarətdir.
Heç bir ciddi perspektivi olmayan bu təmayül,
çox yaxşı ki, artıq aradan qalxmaqdadır.
"Azərbaycan dilçiliyi simalarda" üzərində
ən ötəri bir gözgəzdirmə bizi belə bir fakt qarşısında
düşünməyə vadar etdi ki,
ilk peşəkar dilçilər
nəslində əlli
nəfərdən 42-si kişi,
8-i qadın; son nəsildə
isə 24-ü kişi,
26-sı qadındır... Və
xanımların dil haqqındakı elmə bu qədər axını, əlbəttə,
düşündürücüdür... Ancaq "Azərbaycan dilçiliyi simalarda" kimi böyük zəhmət tələb edən ensiklopedik miqyaslı bir əsərin məhz dilçi xanım tərəfindən yazılması
da bundan az düşündürücü deyil...
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.-2021.-20
noyabr.-S.13