M.Ə.Rəsulzadənin "Azərbaycan

şairi Nizami" kitabı haqqında

 

III məqalə

 

Əvvəli ötən saylarımızda

 

M.Ə.Rəsulzadənin bu dəyərli əsərində Şərq İslam mədəniyyətində Azərbaycanın əhəmiyyətinə xüsusi önəm verilir. M.Ə.Rəsulzadə yazır: "...Ədəbiyyat alanına (sahəsinə - red.) gəlincə, Azərbaycanın rolu daha böyük bir ölçüdədir.

Azəri türklərin klassik türk ədəbiyyatına Nəsimi, Həbibi və nəhayət, Füzuli kimi tanınmış və böyük simalar verdikləri məlumdur.

Məlumdur ki, zamanında farsca müslüman Doğuda ədəbi və rəsmi bir dil hökmündəydi. Fars olmayanlar da əsərlərini bu dillə yazarlardı".

Bəs "Türk hakimiyyəti altında fars ədəbiyyatı" necə yaranırdı?

M.Ə.Rəsulzadə qeyd edir ki, oxşar hadisələr dünyanın ayrı-ayrı xalqlarının da tarixində baş verib. Məsələn, XVIII yüzildə fransız olmayan avropalı yazarlar da öz əsərlərini fransızca yazmışlardır. Bəs İslam Şərqində vəziyyət necə olmuşdur?

M.Ə.Rəsulzadə bu sualı belə əsaslandırır: "İslam Doğusunda biz bu olayın bir bənzərini bulmaqdayız (görməkdəyiz - red.): Miladi X yüzil ilə XIII yüzil arasında İslam Doğusu üçün farsca genəl bir dövlət və ədəbiyyat dili olmuşdur. İranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlardır. Zamanın bu gərəyinə bilxassə (xüsusilə - red.) türk aydınları uymuşlardı. Bu surətlə, kəndilərindən qalan əsərlər, təbiidir ki, yazdıqları dilə görə İran və fars ədəbiyyatının malı olmuşdur".

M.Ə.Rəsulzadə tədqiqatçı Y.E.Bertelsin məqaləsindəki İran ədəbiyyatı haqqında olan fikrini  təsdiqləyir: "Yeni İran ədəbiyyatını fars ədəbiyyatı  deyə almaq doğru olamaz. Bu ədəbiyyat İranın olduğu kimi, Hindistanın, Orta Asiyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyyatıdır".

M.Ə.Rəsulzadə bu fikri bir qədər də əsaslandırır ki, "fars ədəbiyyatı türk cinsindən olan şairlər tərəfindən dəxi yaradılmışdır".

M.Ə.Rəsulzadə Nizami ilə bağlı olan bir mühüm problemə toxunur: şairin kimliyi. Və yazır: "Nizami indiyə qədər Doğu (Şərq) və Batı (Qərb) araşdırıcıları tərəfindən daha çox İran ədəbiyyatının bir müməssili (təmsilisi) olaraq incələnmiş və şəxsiyyəti ancaq bu sifətlə tanınmışdır. Bu kökləşmiş şöhrətə rəğmən Nizami bizə görə bir Azərbaycan şairidir və bu, onun sadə "Gəncəvi" olmasından dolayı deyildir. Gəncəli Nizaminin Azərbaycanla olan maddi ilgisi hal-tərcüməsi yazılırkən mümkün olduğu qədər bəlirtəcəkdir (aydınlaşdırılacaqdır - red.). Mənəvi ilgisinə gəlincə, bunu söyləmək lazımdır: dilinin farsca olmasına rəğmən şairin daşıdığı hissiyyat ilə işlədiyi konular (mövzular) kəndisinin Azərbaycan duyuşlarından doğmuş bir zövqə şahid olduğunu göstərməkdədir".

M.Ə.Rəsulzadə bu problemin, yəni Nizaminin məcburən farsca yazmasının təkrarsız hadisə olmadığını qeyd edir. O yazır ki, tarixin gedişatında müəyyən xalqlarda da belə problemlər yaşanıb. Məsələn, Finlandiyada yaşayan fin şairləri əsərlərini isveçcə yazıblar. Hətta həmin şairlərə Finlandiyanın paytaxtında "milli şair" adı ilə abidələr ucaldılıb. Eyni zamanda, İrlandiya ədəbiyyatı müəyyən dövrdə ingiliscə yazılmışdır. İngilislərin təsirində olan Hindistanda da ingiliscə yazılarla rastlaşmaq mümkündür.

M.Ə.Rəsulzadə bu məqamları qeyd etdikdən sonra "Nizami Azərbaycan şairidir" fikrini daha geniş olaraq açıqlayır: "Nizaminin yaradıcılığı şəkil baxımından Azərbaycana nisbətlə milli deyilsə də, seziş və duyuş nöqtəsindən şair içindən çıxdığı mühitə dərindən bağlıdır. Və bu bağlılıq onu bizim gözümüzdə Azərbaycanlı bir şair olmaqdan başqa, bir Azərbaycan şairi dəxi yapmaqdadır".

M.Ə.Rəsulzadə tədqiq edir ki, Nizaminin əsərləri araşdırıldıqca onun farsçılıqdan uzaq olduğu da aydınlaşır. O yazır: "Konuları (mövzuları) araşdırılınca Nizaminin fars nasyonalizmindən uzaq, türk sevgisiylə dolğun, Qafqasya mühit və şərtlərinə bağlı, yurdunun tarixi müqəddəratı və geopolitikindən doğan daimi qayğılarla ilgili olduğu görülür ki, bu surətlə o, əlbəttə, bir Azərbaycan şairidir".

M.Ə.Rəsulzadə tədqiqatında Nizaminin hal-tərcüməsi ilə bağlı yanlış yazılara da aydınlıq gətirir, düzəlişlərini edir. Məsələn, İran tədqiqatçısı V.Dəstgirdi Nizaminin anasının adının "Rəisə" olduğunu açıqlayır. M.Ə.Rəsulzadə bunun doğru olmadığını, Nizaminin də anası haqqındakı yazdığı "rəiseyi-Kürd"ün qadın adı kimi anlaşılmasına qarşı çıxır. O, qeyd edir  ki, Nizaminin anasının adı bilinmir və o, Gəncədə yaşamış Azərbaycan kürdlərindən olan bir ailənin qızıdır. Yəni burada işlədilən "rəiseyi" sözü bir ad yox, ünvandır: "kürd əşrafından" (tayfasından, qəbiləsindən) mənasını anlatmaqdadır.

Müəllif  Nizaminin doğum və ölüm tarixləri ilə də bağlı dəqiqləşmələr aparır. Yəni təxminə görə, şair 1141-ci ildə (hicri 535-də) doğulmuşdur. Nizaminin ölüm tarixinin isə 1204-cü il olduğunu  yazır və əlavə edir ki, avropalı müəlliflər də bu qaynaqla razılaşır. (Əlavə edim ki, sovet qaynaqlarında bu tarix 1947-ci ildə Nizaminin məqbərəsində tapılan sinə daşındakı yazıya istinadən 1209-cu il olaraq  əsaslandırılır).

M.Ə.Rəsulzadə Nizaminin 1204-cü ildə dünyadan köçdüyünü belə əsaslandırır: "Son böyük əsəri "İskəndərnamə"yi Nizami h.597-də (m.1201-də) yazmışdır. Bu tarixdən 4 və ya 5 il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi, o da müqəddər aqibətə uğramışdır. İskəndərin və ətrafındakı yunan filosoflarının öldüklərini birər-birər təsvir edən həkim (filosof - red.) kəndi ölümünü də təsəvvür etmiş, "onların uyuduqları kimi, Nizami də uyudu" demişdir. 63 ilə yaxın ömrünün yarım əsrlik mühüm bir qismini sənət, hikmət və irşada (işıqlı yol göstərməyə) sərf etmişdir. Nəhayət, kəndi sözü ilə söyləsək, 1204-də "Müvəqqət qəlibini" tərk ilə əbədiliyə qovuşmuşdur".

M.Ə.Rəsulzadə yazır ki, bəzi tədqiqatçılar Nizaminin ölümü ilə bağlı beytlərin sonradan başqaları tərəfindən əlavə edildiyini söyləsələr də, şairin uzaqgörənliyinə sübut kimi hələ sağlığında ikən həyatdan getdikdən sonra türbəsinin düşəcəyi vəziyyəti - xarabalığa çevriləcəyini təsvir etmişdir.

M.Ə.Rəsulzadə Nizaminin əslən Gəncəli olduğunu qeyd edərək onun doğum yeri ilə bağlı bəzi müəlliflərin yanlışlıqlarına da aydınlıq gətirir. Şairin İranın Qum şəhərindən olması fikri ilə razılaşmır. Müəllif bildirir ki, bu yanlışlığın əsasını Nizamiyə aid olunan iki  beyt təşkil edir və bu beytlərin də mənbəyi şübhəlidir.

M.Ə.Rəsulzadə yazır: "Bəzi "Xəmsə" nüsxəsində bu iki beytdən yalnız birincisi yazılıdır. Fəqət bu beytlərin mətnə sonradan əklənmiş olduğu sözün gəlişindən dəxi anlaşılmaqdadır".

Müəllif  həmin yazıya aid olan hissəni farsca oxucuya təqdim etdikdən sonra tərcüməni də çatdırır. Həmin hissədə bu sözlər də yazılıb: "Bir inci kimi Gəncə dəryasında qərq olsam da, əslim Qum şəhərinin Gahistanındandır. Təfrişdə "Ta" adında bir köy vardır. Nizami adını oradan almışdır".

M.Ə.Rəsulzadə əsaslandırır ki, Nizaminin əlyazmalarının yalnız bəzi nüsxələrində bu beytləri görmək mümkündür və "əski təzkirələrin heç birində böylə bir rəvayət yoxdur".

M.Ə.Rəsulzadə kəskin olaraq bu fikri belə yekunlaşdırır: "Bütün bunlar Nizamiyi "Gəncəli" deyə yazmışlardır. Babasının Arran vilayətindən Gəncədə yaşadığı və anasının da Gəncəli bir ailəyə mənsub olduğu açıqca qeyd olunmuşdur".

Müəllif Nizaminin mükəmməl təhsil aldığını, pəhləvicəni, nəsturicəni, yəhudicəni bildiyini, yunan fəlsəfəsinə dərindən bələd olduğunu  və "əxi"lərin mücadiləsi ilə şairin təlimatı arasındakı münasibətlərlə də bağlı məlumatlar verir.

Professor Y.E.Bertelsin Nizaminin şeirlərində "Əxilik" düşüncəsinə uyğun fikirlərə istinad etməsinə M.Ə.Rəsulzadə "elmi surətdə" yox, "ədəbi bir ehtimalla" yanaşılmasını vacib sayır. M.Ə.Rəsulzadə qeyd edir ki, "əxilərin" Nizami dövründəki durumu ilə bağlı əsaslı bilgilər yoxdur. "Əxilər" haqqında məlumatlar verən İbn Bətutənin əsəri isə XIV əsrə aiddir.

Göründüyü kimi, M.Ə.Rəsulzadə araşdırmalarında olduqca diqqətlidir.

Bəzi rəvayətlərdə isə Nizaminin Şeyx Əbu Fərruxi Reyhanidən, yaxud Əxi Fərəc Zəncanidən dərs aldığı qeyd olunmuş və buna istinadən Nizaminin ustadlarının "əxilik təriqət və cəmiyyətinə mənsub bir mürşid" olacağı" təxmin edilməkdədir.

M.Ə.Rəsulzadə belə tədqiqatçılara məsləhət bilir ki, onlar "həmin şəxslərin "əhli fütuvat" deyilən bu əxilik mənsublarının nə kimi bir fikir cərəyanını təmsil etmiş olduqlarını" incələyib öyrənsinlər. Və o zaman Nizaminin hansı ictimai-fəlsəfi bir məktəbə mənsubluğu üzə çıxacaq.

M.Ə.Rəsulzadə yazır ki, araşdırıcılardan bir qismi Nizaminin tam bir sufi olduğunu qəbul etməsələr də, onun suficə bir həyat sürdüyü fikri ilə razılaşırlar. Müəllif yazır: "O, yalnız şair deyil, eyni zamanda yüksək növidən bir həkim (filosof - red.) Şeyx deyə tanınmışdır".

Maraqlıdır ki, M.Ə.Rəsulzadə Nizaminin həyat yoldaşının adı ilə bağlı da yanlışlığa aydınlıq gətirir. Məlumdur ki,onunla bağlı bilgilər belədir: "Dərbənd sahibinin ona göndərdiyi qıpçaqlı bir kəniz, türk qızı Afaq".

Məlumatlarda Nizaminin bu qadınla 1173-cü ildə evləndiyi, onu son dərəcə sevdiyi və bu xanımdan Məhəmməd adlı oğlunun olması, Afaqın isə "Xosrov və Şirin" yazılarkən, 1180-ci ildə vəfat etdiyi qeyd olunur.

M.Ə.Rəsulzadə Nizaminin ailə həyatı qurduğu Afaqı ona göndərənin, V.Dəstgirdinin yazdığı kimi, Ərzincan hökmdarı Bəhram şah olduğu ilə razılaşmır. Yazır ki, həmin şəxs Dərbənd sahibi Seyfəddin Müzəffər ibn Məhəmməddir.

M.Ə.Rəsulzadə həmin xanımın adının "Afaq" deyil, "Apağ" olması ehtimalına üstünlük verir. Yazır ki, bu ad bu gün belə qırğızlarda vardır. M.Ə.Rəsulzadə fikrini  həm də belə əsaslandırır: "Qıpçaq sözü klassik İran ədəbiyyatında çox kərə "p"-nın "b"-ya çevrilməsiylə "Qıbçaq" şəklini alır. "Xəmsə"nin bəzi nüsxələrində belə bu sözün "p" ilə qıpçaq şəklində yazılmış olduğu görülməkdədir. Bu halda Nizaminin qıpçaqlı "türkü"nün adı türkcə Ap aq və Apağdır. Ap mənasında Azərbaycanın dəxi qadın adı olaraq Ağca isminə çox rastlanır".

M.Ə.Rəsulzadə tədqiqatında daha bir yanlışlığı aydınlaşdırır: Nizaminin "İskəndərnamə" əsəri haqqında V.Dəstgirdinin əsaslı fikir açıqlamaması. V.Dəstgirdi araşdırmasında belə qeyd var ki, "Şərəfnamə" ilə "İqbalnamə"nin hər biri ayrıca müstəqil əsərlərdir.

 

Nəsiman YAQUBLU

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 noyabr.- S.12-13.