Poeziya hissin xülasəsidir
Yusif Nəğməkarın
"Nizami demiş" lirik poeması haqqında yazır
Romantizmin ifrat emosionallığını və xəyalpərəstliyini
həyatın canlı, bəzəksiz təsvirləri ilə əvəzləyən
realizm ədəbi cərəyan kimi Azərbaycan ədəbiyyatında
da XIX əsrdən başlayaraq özünü göstərdi.
Öz həyatiliyi ilə realizm əsasən
bədii nəsri və dramaturgiyanı ağuşuna alsa da,
onun forma və məzmun təzahürləri və inikas
qanunları poeziyadan da yan keçmədi. Vaqif, Vidadi,
Seyid Əzim Şirvani, Qasım bəy Zakir, Mirzə Ələkbər
Sabir və başqaları XIX əsr və ondan əvvəlki
dövr Azərbaycan poeziyasında bu janrın imkanlarından bəhrələnərək
milli quruluşumuzun bir sıra mənfi xüsusiyyətlərini
tənqid atəşinə tutdular.
Mən
cahan mülkündə mütləq doğru halət görmədim,
Hər nə gördüm əyri gördüm, özgə
babət görmədim. (M.P.Vaqif)
Bu misralar hələ realizmin əsas konsepsiyası
açıqlanmamış, sanki həyatın sərt diktəsilə
başıbəlalı Qarabağımızda
yazılmışdı. Daha sonra realizm lirik poeziyaya da öz
qanunlarını diktə etməyə başladı. Bir neçə istisnalar olmaqla, Azərbaycan sovet
poeziyası büsbütün realizm janrının məhsulu
sayıla bilər. XIX əsr tənqidi
realizmi dünya ədəbiyyatının qızıl fonduna
böyük şedevrlər bəxş etdi.
Keçən əsrin ortalarından başlayan və
sonunadək davam edən dövrü Azərbaycan
poeziyasında realizm poeziyasının pik dövrü
adlandırmaq olar. Realistik poeziyanın böyük bir hissəsini
“sənət həyat üçündür prinsipi”nə
söykənən şeir nümunələri təşkil
edir. Həmin dövr Azərbaycan
poeziyasının sovet ədəbi mühiti ilə həm
mövzu, həm üslub, həm də ideoloji səciyyə
baxımından oxşar akkordlar vurduğunu demək
yanlışlıq olmaz.
Adətən deyirlər ki, ədəbiyyata hər gələn
nəsil yeni ab-hava gətirir. Mən deyərdim ki, hər
müəllif özü ilə yeni hava, yeni üslub, yeni
fikirlər gətirir.
Yusif Nəğməkar da belə şairlərdəndir. Hələ poeziya aləminə
yeni gəldiyi vaxtlarda ustadı saydığı Bəxtiyar
Vahabzadə onun haqqında dediyi fikirlərdə haqlı idi:
“...ədəbiyyatımızın gələcəyindən
narahat deyiləm. Bizdən sonra ədəbiyyata
gələnlər içərisində seçilən gənclərimiz
çoxdur. Onlardan biri də Yusif Nəğməkardır”.
Yusif Nəğməkar
bu inamı doğrultdu və ustadının izi ilə gedərək
bütün yaradıcılığında özünəməxsusluqla
milliliyi qorudu:
İki
nizəm, iki oxum,
iki xəncərim,
iki bıçağım –
Qıpçağım.
Ötən
sözüm, dünənki danüzüm,
Uca
başım,
Ağ
üzüm –
Oğuzum.
...
Qıpçağımla Oğuzum –
iki
kökün böyük biri...
Bu da olsun
Şeirimin
ilk şeiri...
– dedi və
yoluna şəxsi maraqlarına xidmətdən uzaq, milli-mənəvi
dəyərlərin qorunmasına, xalqın
bütövlüyünə, Azərbaycan milli mədəniyyətinin
inkişafı və güclənməsi naminə davam etdi. O
öz əsərlərinin ekspressivliyi,
yığcamlığı və dərin məna tutumu ilə
bir daha sübut etdi ki, poeziya həyatdan daha çox, hissin
xülasəsidir.
Sözə ilk olaraq ədəbi cərəyanlardan
başlamağım təsadüfi deyildi. Ədəbi cərəyanlar
bəzən ədəbiyyatda yeni bədii metodun, yeni ədəbi
üslubun yaranmasına səbəb olur. Bu
yeni üslub Yusif Nəğməkarın şeirlərində
açıq şəkildə görünür.
Akademik
Nizami Cəfərova həsr etdiyi, heca üslubunda, vəznin
qorunması ilə başlayan "Nizami demiş" lirik
poemanın davamında başqa, şeirin formaca yeni ideya
estetikasını dəyişən bir üslubla
qarşılaşırıq.
Belə də
deyəsən, bir qədər
ənənəvi formadan çıxdım,
bu dəfə,
bu səhifə,
bu
töhfə...
O
ağbirçək yaddaşın qəlbigeniş,
saçları dən-dən..
Qoy yol – sətir
ucası -
Şeirimizin hecası inciməsin məndən.
Bu ara, bu sıra
sərbəstə keçməyim
uzun
qaçış arası
bir hovur
nəfəs dərməyimdir;
yəni
ki, daş binanın arakəsmələrinə
kərpic
hörməyimdir.
Ya
ünvanı bəlli mənzil yolun
damarını qırmaqdır,
Ya fikirlər
xalısının ərişinə
təzə ilmə vurmaqdır.
Sərbəst
və nağılvarı bir fonla davam edən əsər lirik
növün daha böyük formalarına qədərki
epik növə keçərək, sərbəst vəznə
uyğunlaşdırmışdır ki, bu da musiqililiyin, ritmik
imkanların genişliyi ilə fərqlənən formadır.
Bu forma müasir ədəbiyyatda ənənə
halını almasa da, şifahi xalq ədəbiyyatından
oxuculara tanışdır.
Belə vəzndə yazılan şeirlər vurğulu
hecalar üzərində qurulur. Təqdim etdiyimiz
nümunədə də söz və ifadələr
hecaların tərtibatına, onların yerini elastik şəkildə
dəyişmək imkanına uyğun seçilib. İxtisarla və avazla oxunanda şeirin daxili ahəngi,
vəznin özünəməxsusluğu asan duyulur, təsir dərinləşir.
Lirika var ki, bəlli bir hadisədən
danışır, lirika da var ki, hadisənin yaranmasını
nəql edir. Bu əsər içində müəllifin həm də
özünü təqdimatıdır. Bu
sanki kollektiv lirikaya – xora oxşayır, necə ki, xorda
kollektiv ifaçılardan birinin (və ya bir neçəsinin)
kollektivdən ayrılıb fərdi bir sözü və ya səsi
ifa etməsi kimi, fərdi, ritmik özünüifadə,
özünüvaretmə formasıdır. Bu, xora həm forma verir, həm fərqlilik gətirir.
Nümunədəki mətn də ritmindən
ayrılan lirikadır, nəğmədir. Şair
burada bədii dilin xüsusiyyətlərini əsas
götürərək vəzni qısa və uzun hecaların
tənasübü üzərində qurmuşdur ki, bu da onun zəngin
sənətkarlıq texnologiyasının təzahürü
kimi qiymətləndirilməlidir.
Əsərin bu bölümündə diqqətə
çarpan digər məsələ isə müəllifin
eyni zamanda tənqidçi kimi çıxış etməsidir.
Epik və
lirik poemanın tarixində və təcrübəsində Həsənoğludan
üzübəri, N.Gəncəvi, M.Füzuli, Ş.İ.Xətai,
M.Hadi, H.Cavid, S.Vurğun, B.Vahabzadə və b. əsərlərində
belə bir ənənəvi üslub vardır ki, müəllif
yazdığı fikrə niyə gəldiyini əsərin
özündə açıqlayır, yəni əsərin
içərisində əsəri bir növ təhlil edir –
müəllif həm də tənqidçi rolunda
çıxış edir. Yusif Nəğməkarın
"Nizami demiş" poemasında yeni bir ədəbi
üsluba rast gəlinir ki, müəllif bu üslubun
izahını verir, niyə hecadan sərbəst vəznə
keçdiyini elə əsərin içərisində izah
edir. Klassik şairlərdə əsərin
içərisində gəlinən fikrin izahı verilirdisə,
Y.Nəğməkarda üslubun izahı verilir – bu,
ayrıcalıqdır.
Qeyd:
Yenilik kitabın forma və quruluşunda da özünü
göstərir. Həm ölçü, həm
dizayn, həm də əsərin səhifələrə yerləşdirilməsi
baxımından yeniliklər diqqəti cəlb edir. Belə
ki, kitabın qoşa səhifələrinin birində müəllifin
poeması ardıcıllıqla, digərində N.Cəfərovun
elmi nəzəriyyələrindən, Azərbaycan tarixi, fəlsəfəsi,
mədəniyyəti, ədəbiyyatı haqqında və bu
sahələrdə iz qoyan görkəmli simalar haqqında
fikirlərindən seçmələr verilib. Silsilə
olaraq bir-birini əvəzləyən mətnlərdə bədii
və elmi təfəkkürünün paralel, eyni zamanda
çarpazlaşan xətləri aydın sezilir. Bu üslub böyük türkoloq alim və
ictimai-siyasi xadim Nizami Cəfərovun həm insan kimi
xarakterini, həm də onun zəngin fikir dünyasını
müasir oxucuya çatdırmaq baxımından
özünü doğruldur. N.Cəfərov
bir şəxsiyyət olaraq sağlığında
poeziyamızın diqqətini çəkən həqiqətən
nadir alimlərimizdən biridir. Onun bir millət
vəkili, Bakıda Atatürk Mərkəzinin sədri kimi
gördüyü çox dəyərli işlər türk
dünyasının birliyinə, dünya türklərinin mədəniyyətinin
tanıdılmasına əvəzsiz xidmətdir. Bu baxımdan şairin mövzu seçimi də,
bütün parametrlər üzrə özünü
doğruldur.
Əsərin davamında öz ritmindən ayrılan “nəğmə”
ritminə dönür və mətndə lirika ilə məntiqin
birgəliyi xüsusi zövq verir.
...Hər
kəsdən hər şeyi sormaq gülüncdür,
Demirəm qurunu sən yaşa söylə.
Qınından
sıyrılan söz də qılıncdır,
Dərdi də dərd qanan sirdaşa söylə.
Məqamdır,
üzümü tuturam sənə,
Qəbzəli xəncərin tiyəsi hanı?
Uca
dağ qocalır hey sinə-sinə...
Bəs qoca dünyanın yiyəsi hanı?!
- deyən
şair alimin bu sualların cavabını verəcəyinə
inanır və yaxud buna borclu olduğunu ona çatdırmaq
istəyir.
"Nizami
demiş" poemasında görkəmli akademik Nizami Cəfərovun
simasında Azərbaycan
aliminin ümumiləşdirilmiş obrazı var və şair
bu obrazda alimi yetişdirən müəllimləri də
öz müsbət keyfiyyətləri ilə təqdim edir.
Alçaq
qaldırsa da, çox uca tutmaz,
Ucalıq yolunu bilən adamı.
Kölgədən
qaçsa da, kölgədə qalmaz,
Əqidə sahibi, qələm adamı.
Şair
eyni zamanda alim adına layiq olmayanları da
diqqətdən kənarda saxlamır və onları da, necə
deyərlər, əməlli-başlı
"mükafatlandırır".
Adaməvəzlərə
"əvəzsiz" dedik,
Hanı əvəzliklər – yeganəliklər?!
Hərənin
əlində bir susqun düdük,
Bürüyüb
ətrafı biganəliklər...
Alimi zirvələrsayaq bilirəm.
Bildiyim bilgidən aləm halıdır.
Alimi aləmə
dayaq bilirəm,
Alim cəmiyyətin pyedestalıdır.
Burada müəllif alimin ən böyük dəyərini
verməklə, həm də ona məsuliyyətlərini bircə
sözlə xatırladır. Eyni zamanda şeirə
gətirilməsi nə qədər çətin olan bu sözü
(pyedestal) elə ustalıqla ölçüyə
sığdırır ki, oxucu bu sözün
ağırlığını, qəlizliyini hiss etmir və
misranın ahəngində asanlıqla oxuya və səsləndirə
bilir.
Qatqıdan
qorunub özünü gözlər,
Bu saf mayamızla təmiz dölümüz.
Meydan
sulayanda qurama sözlər,
Ana deyib ağlar Ana dilimiz.
Reklamlar bərq
vurur, işığı gözəl,
İşığın altında yazısı özgə.
Parkda
bizimsə də zəncir dartan əl,
Zəncir
boğazında tazısı özgə...
Bu bəndlər oxucuya Bəxtiyar Vahabzadənin “Ana dilim”
şeirini xatırladır. Demək ki, müəllif
yaradıcılığında da müəlliminə sadiq
qalaraq, sanki onun yolunu davam etdirir.
Şairin
soy-kökünə, xalqına
bağlılığının, dövlətinə sədaqətinin,
vətənə məhəbbətinin ölçüsü
ikicə misrasından bəlli olur: “Qürbətin şirini zəhərdən
betər, Yurdun acısı da şəkər kimidir”.
Qeyd edək ki, ədəbiyyat tarixində vətənpərvərlik
mövzusu daim aktual olub. Bütün şairlərin poeziyasında
vətən mövzusu bu və ya digər şəkildə
özünü göstərib. Müasir
Azərbaycan ədəbiyyatında da vətən mövzusu
son illər ən çox işlənən mövzudur. Lakin yaradıcılığında şəxsiyyəti,
şəxsiyyətində yaradıcılığı
görünən şairlər çox deyil. Bəllidir ki, poeziyanın vətənpərvərlik
hisslərinin yüksəldilməsinə təsiri olduqca
yüksəkdir. Bu hissləri ötürə
bilmənin əsas yolu onu daha güclü yaşamaqdan
keçir. Ana dilinə məhəbbət,
dünyəvilik, humanistlik, türkçülük, milli
şüura, milli kökə bağlılıq ideyaları
Yusif Nəğməkarın yaradıcılığında
olduğu kimi, əməllərində də özünü
göstərir. Bu böyük milli
ideyaları məsləkində, ictimai həyatında tətbiq
etmək, yarım əsrə yaxın bir müddətlik
yaradıcılığında yeni forma və yeni məzmunla
ifadə etmək, özünün də qeyd etdiyi kimi, elə
də asan deyil.
Elə də
asan deyilmiş
nəfs
atının ağzına cilov keçirib
ayağına üzəngi tapmaq...
Elə də
asan deyilmiş
ucalıb
alçaqlara dərd olmaq.
Elə də
asan deyilmiş
bu namərd
dünyada
mərd
olmaq...
Və ya:
“Onu çəkdikləri min yerə çəkir” – deyir
şair. Həyatın çətinliklərinin
ən dolğun poetik ifadəsidir, məncə, bu misra.
Bəli, “Əyri zaman içindən düz
çıxmaq çətin işdir”. (A.N.)
Şairin bu poetik
nümunəsində özünə inamı da kifayət qədər
aydın görünür. Yaşadığı
zamanın ağırlığının, insanların üzərinə
çökmüş yükün fərqində olsa da,
öz kökündəki gücdən güc alaraq o
yükü çəkib aparmağın qürurunu
yaşadığını oxucuya incə bir cizgi ilə
çatdırır.
Müasir dövrdə metaforalardan bol-bol istifadə edilən
və təkcə duyğu ilə deyil, həm də
düşüncə ilə qidalanan belə şeirlərin
daha çox qəbul edildiyi, daha çox oxucu kütləsi
qazandığını desək, yanılmarıq.
Ümumiyyətlə, poema şeirin avanqard üslubudur
ki, öz epoxasının zövqünü qabaqlayan şairlər
bütün dövrlərdə bu üsluba müraciət
ediblər. Çünki poemanın imkanları olduqca
genişdir. Yusif Nəğməkar da bu
imkandan peşəkarlıqla istifadə edərək, sırf
yazılan mövzu ilə kifayətlənməyib, hadisələrin
axarında həm tarixə və tarixi şəxsiyyətlərə
müraciət edir, həm də zamanın ictimai-siyasi hadisələrini,
sosial problemlərini bədii lövhələrlə diqqətə
çatdırır.
Bəndlər arasında
dolaşarkən “Ədəbiyyat”, “525-ci qəzet”lə
rastlaşırıq, Sokratın, Aristotelin, Hippokratın,
Krımskinin yolundan ötüb, Bilgə Tonyukukun izindən
adlayıb, Nizami Gəncəvinin söz xəzinəsinə
baş çəkib, Mehdi Hüseynin, İsmayıl
Şıxlının, Bəxtiyar Vahabzadənin xeyir-duası
ilə yola davam edirik. Tarixi şəxsiyyətlərin
hər birinin adlarının çəkildiyi misralar olduqca
spesifikdir. Şair öz qəhrəmanını şəxsiyyət
olaraq belə təsvir edir:
Məğrur
görkəm verir ona,
Fərəhdən dolan gözləri.
Üzeyirin
musiqisi,
Əhməd Cavadın sözləri.
Oxucu isə bu təsvirdə
Azərbaycan himninin sədalarını duyur, məğrur
dayanan o qəhrəmanın varlığında vətəni,
bayrağı görür.
İkinci məqamda müəllif
qəhrəmanını alim olaraq təqdim edir: “Əlacım
olsaydı, onun adına “Fikir sərkərdəsi”
təyin edərdim”.
Müəllif əsərdə xalq ruhunun bədii ifadəsini
qorumaqla, Nizami Cəfərov kimi görkəmli alimin,
böyük şəxsiyyətin həyat salnaməsini
yaratmışdır.
Kitabın özünəməxsus kinematoqrafiyası var.
Poemadan sənədli filmə qədər uzanan incə bir xətt
diqqət çəkir. Oxucuları bu filmə dəvət edən səs
duyulur...
Azərbaycan dilçilik elminin inkişafında əhəmiyyətli
rolu olan N.Cəfərova həsr olunmuş bu əsərdə
Yusif Nəğməkarın da bir filoloq olaraq Azərbaycan
dilinə qazandırdığı yeni söz və ifadələr
nəzərə çarpır. “Boynuqısıq dünya”, “adaməvəzlər”,
“şahilik”, “ünyönü”, “ön ün”, “son ün” və
s. Ana dilimizin sərhədlərinin genişlənməsi
baxımından şairin bu xidməti də diqqətəlayiqdir.
Əsər boyunca müəllifin alimin ardınca
addım-addım getməsini, elm dünyasına – ədəbi
dünyanın yaranış nöqtəsinə girişini izləyirik,
o aləmə açılan qapının səsini duyuruq.
Zəkanın
işığı – çıraq yanması,
Düşüncə buludun sis anasıdır.
Yazı –
iç aləmin aşkarlanması,
Nitq – lal düşüncənin səs aynasıdır.
Alimin izi ilə gedən elm aləminə çatar, –
fikrilə, ağılla hissin, zəka ilə duyğunun -
şairlə alimin bir yerdə birləşdiyinin şahidi
oluruq.
Həyatda bəzən bizi düşündürən
suallar olur ki, uzun müddət aydınlaşdırmaqda çətinlik
çəkirik. Etiraf edim ki, Yusif Nəğməkarın
"Nizami demiş" kitabını oxuyarkən
özlüyümdə məni düşündürən
suallardan birinə cavab tapdım. Öyrəndim
ki, informasiyanı hansı formada daha yaxşı qəbul etmək
olar. Elmi, ədəbi nəzəriyyələrlə
poeziyanın eyni vaxtda (ardıcıllıqla) oxunması
öyrənmənin ən yaxşı üsuludur. Müasir elmi nəzəriyyənin bədii-poetik
misraların əlvanlığı ilə birləşməsində
həm öyrənmə tezliyi var, həm də xoş ovqat
yaradır.
*Bu
yazını yazmağa başlayanda Yusif Nəğməkarın
bir neçə kitabını oxumuşdum və ümumi
yaradıcılığı haqqında yazmağı
düşünürdüm. Yazının
sonlarına yaxın fərqinə vardım ki, gətirdiyim
nümunələr hələlik ancaq bir kitabı üzərindən
olub. Yazılı nitqin də dioloji
olduğunu nəzərə alaraq oxucuları yormamaq
üçün hələlik bu qədərilə kifayətləndim.
Adilə Nəzər
Ədəbiyyat qəzeti.- 2021.- 20 noyabr.- S.14.