İmza yerinə rəmzi qılınc

 

 

Allah bəşəri dəyər meyarlarından nəhayətsiz dərəcədə üstündür.

Rafiq Tağı

 

Nə yaxşı, Yaradanı monopoliyaya almaq olmur. O, hamınındır, hamı da onun.

Özü də, əslində, parasız.

Ancaq yox, ayrı-ayrı təriqətlər və təmsilçiləri, lap elə sıradan üzvləri Ali Gücü inhisara almaq niyyətindədirlər. Düzüb-qoşduqlarını aksiom sanırlar. Sanki onlar Böyük Qüdrətin adından danışmağa səlahiyyətlidirlər, vəkil seçiliblər, - kim tərəfindən, nə üçün, başlıcası hansı haqq ilə soruşanı, cavab verəni yoxdur. Yorğan-döşək sırıyan sayaq kobud ehkam sapları ilə beyinləri zor-xoş sırıyırlar.

Nə yaxşı, Qurban Olduğum mənimsənilməyir və barəsində hələ ki, özəlləşdirilməmiş bir neçə ali  sözdən istifadə edə bilirik.

Bu təkrarsız dünyada hər gün təkrar olunur, amma o özü olduğu qədər də özü olmur. İnsanlar da beləcə. Hər bir insanın ruhu da özünə bənzərin cismində dünyaya qayıdır.

Nəsiminin dərisini soyduranlar cahil idilər, amma öz bugünkü xələflərindən fərqli olaraq bir cahanın lənətinə sığmayan əməllərini aşkar, "mərd-mərdanə" etdilər. Hazırda hüzür tamadaları  artıq böyüklüyünü inkar etmək mümkün olmayan Nəsimidən bəlağətlə danışırlar. Sələflərinin günahlarını "yuyurlar". On dördüncü əsrin düşüncə üsyançısına bu gün xalqın hədsiz sevgisindən çəkinərək onu heç nə olmamış kimi özününküləşdirməyə çalışırlar.

 Guya Nəsimi də eynən bunlar deyəni deyir.

O mürşid də, bu mürid də cəsarətli fikirlərinin qurbanı oldular. Sələflərindən daha namərd cinayətkar naxələflərin ardıcılları isə bir qədər uzaq sabahda yeni şəraitə uyğunlaşaraq bu dəfə Rafiq Tağıdan sitatlar gətirəcəklər.

İnsan beyni virusa yoluxubsa, nə gözü, nə könlü, nə beyni, nə eyni, nə dili, nə əl-qolu açılır.

Çoxşaxəli cəhalətin qələm qardaşımıza toy tutduğu günlər onsuz da Qarabağ hüzüründən çıxmayan ədəbi kəsimin yası, azad fikrin öndərinə qucaq açan əbədiyyətin toy-bayramı idi, - o, Böyük Yolun daha bir yolçusunu ağuşuna almış olurdu.

Doğmalarımla Rafiqi xəstəxanada iki dəfə ziyarət edə bildim. Şaşırmışdım. Nə deyəcəyimi bilmədim. Qayğıkeşliklə bizdən soruşdu: "Necəsiniz?" Həmişəki kimi o, həkim idi, biz– xəstə.

Həmin nurlu sima, işıqlı gözlər, xoş təbəssüm… Balam gülü dolab üstə qoyub, yazarın alnından öpdü. Bu mənzərə Onun keçindiyi sabahı günü nəzərimdə ayrı məna kəsb etdi.       

Mən Rafiqi bu gün ailəsinin, dostlarının yanında təsəvvür etmək istərkən onun müqəddəs məzarı üstə gül yerinə "Şübhə etməkdə haqlıdır insan"– deyən Hüseyn Cavidin  "Gərçi görmək də başqa nemətdir, Görməmək ən böyük səadətdir" misralarını "düzürəm...".

 

 

RAFİQ TAĞIYA ŞEİRLƏR

 

Tum ağ çıxdı qara qabıqdan

 

Ay– sarvanı, ulduz– karvanı;

Karvansaray oldu göy üzü.

Qaranlığı alaq eləmək

əldən saldı Ayı, ulduzu.

 

Tum ağ çıxdı qara qabıqdan,

Günəbaxan gün baxdı yerə.

Çırtlayan kim bu günü tum tək,

Toxum kimi əkən kim ömrə.

 

 

Soldan- sağa yazılanı, sağdan- sola oxumaq

 

Dünya beş gündür,

19-dan 23-nə kimi, –

Özü də 2011-ci il noyabr ayının.

Əlbəttə hicri- şəmsi yox,

Miladi.

Lap sadə mil mil adi.

 

Hicri- qəməri

Hicranı Qəmərin.

 

yanı, njdesi..,

At ilinin müjdəsi:

İcra atı dayanıb,

İcra gəmisi batıb.

 

Ey qatil,

ey qafil,

ey batil,

ey baxil,

naqafil çıx üzə.

 

Süni qəsdçi,

süst araşdırıcıları yanılt!

məst qızışdırıcıları soyut!

et icrasızlara qarşı bunt!

Çıx yaşıl düzə,

milsiz qəhrəman ol,

mil mil tarixdə qal!

 

Ən əsl mükafat

Lebon Nobeli,

bütün ölkələrin bəbələri

nə edir etsin

kütlə psixologiyasına.

 

Hə, dostlar mən deyim

siz məsələni necə qoyun;

Soldan- sağa yazılanı,

Sağdan- sola oxuyun!

 

***

Gücü dahisində uca millətim,

qatilliyə enən cahillərin var

dalğasında qanad açan dənizin

ilan tək sürünən sahilləri var.

 

Dalğanın silləsi güllədən betər

tutur sahillərin qumlu üzünü.

o yan bu yanı da sahillər olan

dəniz dalğa dalğa döyür dizini.

 

Dənizin dibi də sahildir, amma

bu sahil bənizdə olmaq istəmir.

Bu yastı yapalaq sahilə, anam,

adam heç dəniz də olmaq istəmir!

 

 

Şeytanbazarda Yaşıl bazarlıq

 

Yaşıl bazardan Şeytanbazara

gör neçə bıçaqlıq dəmir yolunun

bir neçə bıçaqlıq ömür yoluna

iynə iynədir bu taykı relsi.

 

19-23 sim-sim kəsim,

Bu beş gün Beşgünlük dünyaya jestin.

Yazıb, altı üstə çevirən Usta

yenə noyabr…

 

Bizə Qəzanı bağışlamağa,

yazını Yazana bağışlamağa,

ədəbi qazini bağışlamağa,

deyin, gəlsin,

balan gəlsin...

 

 

Bir tale ki pəncərədən daş kimi gəlsin

 

Bir tale ki, pəncərədən daş kimi gəlsin,

bir ömür ki, xumar gözdən yaş kimi gəlsin,

kim görüb ki, belə bəxtin xoş günü gəlsin?

ay ana, elə bil bizə it ağız açıb!

 

it ağzından çıxır səhər öz aramızdı,

ay nə bilim xoruz banı, quşların səsi,

nə bilim, Ay, dan ulduzu.., hamısı sözdü,

azanı da qarşılayır it hürüşməsi.

 

it ağzından çıxan dəniz, söz burda qalsın,

hanı səndə o mavilik, yamyaşıl yosun?

dənizsənsə tufan qopar, fırtınan olsun,

görüm sənin göl üzünü okean yusun!

 

Baskervillərin iti, tap itən yamyamı!

İtağzıgül it ağzını açır hər gülə.

inanmayanın ağlına keçə yamayım 

it qursağı yağ götürməz deyən aqilə!

 

 

Ölməmişdən qabaq öldürülmüşüm

 

Avropa bizdə lüks oteldi azı,

Avropa və Biz də beşulduz yazı.

Qloballığın ən Qaçılmazı,

mübarək sayğacın beş ildi yazır.

 

Aşıq ha köynəkdən çıxarsın sazı,

Sakit okeandı Kürlə Arazım.

sən– sahibi qaçaq yasaq ərazim,

get ey zalım fələk, gəlmədi lazım!

 

Beş ildi soyuqlar bu aydan düşür,

beş ilin soyuğu bir aya düşüb.

min belə beş illər araya düşüb,

ölməmişdən qabaq öldürülmüşüm!

 

 

Sübhün azan vaxtında, vaxtın azan yerindən

 

Uçulur gecə sökülən dan yerindən

uçunur toran üfüq boyunca

əcəl tək hərləyir öz oxu

Axillesdaban Yeri gündoğan yerindən

 

dünyaca cəh-cəhi batırırsa it səsi

sübhün azan vaxtında, vaxtın azan yerindən

balıqçısı balığı

balıq yoxsa, tilovu suya batırıb yesin.

buruqla tor qurublar Dəmir daban yerindən.

 

it rəddidir sahil boyu uzanıb gedir,

insan izi görən yerdən qayıtdım geri,–

bu "Tövrat”, bu "İncil”, "Quran” yerindən,

 

antik yunan, attik Roma, əntiq Şərq..,

əshabələrlə kral keçir.

əsrlər keçir,

qırx incəbel qızla xotkar qızı Nigar keçir.

pəncərədən daş kimi gələn günəş

özünü asan yerindən

siqaret yandırır səhər.

bir papiros kötüyü tək tapdanır şəhər,

külqabıya dönür ölkə tiran yerindən.

 

külək xəmir yoğurur, kündə tutur dənizdə,

acıb, açıb kündələri yapır sahilə.

zərrin ləpələr göz- qaş edir sahilə, göz- qaş…

par- par yanan ehtirası gözlə bir azdan,

bütün bu cahan yatıb.duran yerindən!

 

 

Müharibədə Şopen prelüdləri

 

"Müharibədə Şopen prelüdləri” şeirinin müəllifi Rafiq Tağıya

 

Noyabr Böyük Qələbə və... Rafiq Tağı ayıdır. İnanırıq ki, bir gün unudulmaz yazarla bağlı da möcüzə baş verəcək,– bu qətlin üstü açılacaq, el-obasından "məcburi köçkün” düşmüş Rafiqin ruhu öz doğma yurd-yuvasına "qayıdacaq”.

 

Suqovuşana

su kimi qovuşdum, ana!

Bu neçə on ili hardaydım deyim

bu bir neçə günə qovuşduğuma?

Suyla qovuşanı od ayıramamış,

Oda qovuşanı su ayırarmış.

Odlar yurdu odla su arasında

od-alov içində oda tapınmış...

Qarabağla ayrılıq anılarında

Şopen prelüdləri

ölümsüz faciələrdə

yaşatdı ümidləri.

 

Qardaşxan

 

Ədəbiyyat qəzeti.-2021.-20 noyabr.-S.18.