"Varislər"
Rafiq
Tağısız on il, yaxud gözlədiyim zəng
"Varislər"in bugünkü qonağı unudulmaz
yazıçı, gözəl dost, şəfqətilə hər
kəsə can yandıran həkim, zarafatları, söhbətləri
daima xatırlanan əziz insan, namərd bir saldırıda həyatını
faciəli şəkildə itirən Rafiq Tağının
ciyərparası Asiman Tağıdır.
1950-ci ilin 5 avqust günü Azərbaycanın cənub
gözəli, yaşıllıqlara qərq olmuş
Masallıda, Xoşçobanlı kəndində, Nəzir
kişinin ailəsində dünyaya gəlmişdi. Orta məktəbi
qonşuluqdakı Təklə kəndində başa vuran Rafiq
Tağı 1972-ci ildə Azərbaycan Dövlət Tibb
İnstitutunu bitirmişdi. Daha sonra Moskva Tibb İnstitutunda
ordinaturada təhsil almışdı. Müxtəlif illərdə
Saatlıda, Rusiyanın Kalinin vilayətində, Moskvada,
ömrünün son illərində isə Bakıda həkim
kimi fəaliyyət göstərmişdi.
Rafiq Tağı həm peşəsinə sadiq şəfqətli
həkim, həm də bir yazıçı, jurnalist kimi
saflığın, təmizliyin və istedadın ən dəyərli
etalonlarından biri idi. Onun ədəbiyyatla bağlı
söhbətlərini dinləməkdən yorulmaq olmurdu.
Sözə, yazıya olan yanaşması həm ciddiliyi, həm
də peşəkarlığı ilə seçilirdi. Dostlarının,
tanışlarının sağlamlıq qayğısına
qalan, resepti yazıb, dərmanı öz puluyla alan həkim
idi Rafiq Tağı.
...Və bu il noyabrın 23-də Rafiq Tağının əbədiyyətə
qovuşduğu vaxtdan düz 10 il ötəcək. Artıq 10
ildir ki, o əziz dostun, o gözəl insanın, o istedadlı
yazıçının təbəssümləri şəkillərində
donub qalıb...
Gülən adam
- Babam Nəzir
kişini görməmişdim. İki yaşım olanda o,
dünyasını dəyişib. Bircə uşaqlıq şəklim
var onunla. Atam müəllim ailəsində dünyaya gəlmişdi.
Çoxuşaqlı ailə olublar. Doqquz uşaq olub ailədə,
ikisi körpə vaxtı tələf olub, yeddi
uşağı böyüdüblər, dörd
oğlanın hamısı oxuyub, ali təhsil alıb. Atam ailədə
böyük uşaq olduğundan onun elmə, təhsilə
olan həvəsi özündən kiçik
qardaşlarına da keçib. Çox mehriban ailədə
böyüyüb atam, o mehribanlıq bu gün də davam edir.
Atam tibb institutunda
oxuduğu vaxtlarda şeirləri çap olunub, amma belə deyək
də, yaradıcılığa hələ orta məktəb
illərində başlayıb. İnstitut qəzetində,
sonra başqa qəzetlərdə şeirləri,
yazıları çıxıb. Moskvada ordinaturada oxuyanda
paralel olaraq həm də ədəbiyyatla ciddi məşğul
olub. Çoxlu mütaliə edib. Nəsr yazmağa
başlayıb. Atamın yaradıcılığından
söz düşəndə bəzən ona Azərbaycanın
Çexovu deyirlər. Əlbəttə, bu fikir onun daha
çox hekayə yazarı olduğu ilə bağlı
yaranıb. Atam hekayələrilə sevilirdi və
seçilirdi.
Azərbaycanın Çexovu
Atamın əmisi
Əvəz müəllim də həkim idi, o da ədəbiyyatla
maraqlanıb, dünya ədəbiyyatından xəbərdar
adam olub. Atam ilk yazılarını əmisinə göstərib
və o, atamın yazmaq qabiliyyətini hiss edib, onu həvəsləndirib,
müəyyən məsləhətlər verib, atam da bundan həvəslənərək
ədəbiyyatla daha ciddi məşğul olmağa
başlayıb.
- Rafiq
Tağının ədəbiyyatda öz dairəsi,
özünə yaxın seçdiyi imzalar vardı, amma bir
insan kimi də, bir yazıçı kimi də, demək olar,
bütün ədəbi dairələrdə sevilirdi, qəbul
olunurdu, çünki istedadlıydı. Amma lap yaxın dostlar
kimi qəbul olunan insanlar olur həyatda...
- Deyim ki,
dostları evə gəlib-gedirdi, ya da atam tez-tez kiminsə evinə
getməyi xoşlayırdı, yox. Təsadüfən olurdu
dostlarından kimsə gələ evimizə. Amma atam
dostları üçün yazıçıdan başqa, həm
də həkim idi, kimin həkimlik bir problemi olsa, əvvəlcə
ona üz tuturdu, onunla məsləhətləşirdi. Öz
sahəsinə aid nə lazımsa edirdi, konkret mütəxəssislik
iş olanda yönəldirdi. Eşitmişik də, həkimlər
çox vaxt xəstəyə baxmağa gedirsə, bunun
müqabilində müalicə üçün, müayinə
üçün pul alırlar. Atam uzaq idi elə şeydən.
Dostunun evinə onu müayinə etməyə gedəndə ən
azı bir qutu şokolad olsa belə mütləq alıb
aparmalıydı. Çox vaxt dava-dərmanını da
alıb çatdırırdı.
Evdə daha
çox yaxın qohumları görərdik. Bir də orta məktəbdən
sinif yoldaşı vardı, hərdən evimizə o gəlib-gedirdi.
Amma yazar dostlarıyla, demək olar, hər gün ev telefonuyla
danışırdı. Xatırlayıram, Əjdər Olla bəzən
saatlarla danışır, hansısa hekayəni, yazını
müzakirə edirdilər. Baba Vəziroğluyla danışırdı.
Biz balacaydıq, çox söhbəti başa
düşmürdük. Amma yadımdadır, bəzən hətta
səsi də gəlir qulağıma: necə
danışdığını, güldüyünü, nədənsə
narazılıq etdiyini, nəyisə təriflədiyini
eşidirəm elə bil. Çox darıxıram o səs
üçün... lap çox...
- Asiman, Rafiq bir
müddət Kalinində həkim, sonda Moskvada təcili tibbi
yardım stansiyasında həkim işləmişdi. Niyə
qayıdıb gəldi Bakıya? Bəzən "bəlkələr"
adama rahatlıq vermir. İndi fikirləşirəm, bəlkə,
Rafiq Rusiyada qalsaydı, hələ sağ idi. Bəlkə, hələ
də yazıb-yaradırdı...
20 Yanvardan sonra...
- Yox, məncə,
qala bilməzdi. Atam elinə, obasına, dostlarına, qohumlara
bağlı adam idi. Üstəlik, 1990-cı il Bakıdakı
20 Yanvar qırğınından sonra heç qala bilməzdi.
Rusların əli qana bulaşmışdı, atam Rusiyada
qalıb əli qana bulaşmış bir xalqa xidmət edə
bilməzdi. Fikirləşmişdi ki, birdən ümumiyyətlə
yollar, sərhədlər bağlanar, heç gələ bilməz.
Orada yaşamağa məhkum olar. Ona görə işini
atıb, tez qayıtdı Bakıya.
- Rafiqin hekayələri
həm ədəbiyyat hadisəsi idi, həm də içində
yük olurdu. Onun ironik dili, fəlsəfəsi, obrazları
bütün dəqiqliyi ilə verə bilməsi adama
maraqlı gəlirdi. Ayrılmaq olmurdu oxudan. Sən onun
bütün hekayələrini oxumusan?
- Yox, deməzdim
hamısını oxumuşam, amma çoxunu oxumuşam.
Atamın "Fərqanə" hekayəsini isə lap
çox sevirəm. Atam günün istənilən vaxtı
yaza bilərdi. Təcili tibbi yardım stansiyasında atamın
işi növbəliydi. Hərdən səhərdən
axşama, hərdən də axşamdan səhərə qədər
işdə olurdu. Məsələn, gecə növbəsinə
gedəndə səhərlər, günortalar evdə yazdığını
görürdüm. Məncə, işdə də boş
vaxtlarında yazırdı. Hərdən elə olurdu ki, lap
tezdən oyananda da atamın oturub yazdığını
görürdüm. Hekayələrini A4 vərəqlərə
əlyazma kimi yazırdı. Xəttini oxumaq çətin idi.
Həkim idi də, həkimin reseptini hər adam oxuya bilir? Yox.
Deyərdin hekayələrini də resept kimi yazır. Olub ki, bəzən
masada əlyazmasını görüb oxumaq istəmişəm,
qəti bacarmamışam. Gecə növbəsindən
qayıtdığı günlərdə daha çox telefonla
danışırdı, tədbirlərə gedirdi. Əvvəlki
yazılarının, demək olar, hamısı əlyazmadır,
sonradan kompüterdə yazmağa başladı, hə,
onları oxuya bilirdim. Sonra vaxt tapan kimi yazılarının
hamısını bir-bir kompüterə
köçürürdü.
Onunla son görüşümüz...
- Rafiq Tağı
bıçaqlanandan sonra əməliyyatdan çıxdı.
Hətta reanimasiyadan da çıxmışdı, palataya yerləşdirmişdilər.
Yazıçı dostumuz Elçin Hüseynbəyliylə
baş çəkdik ona. Bir az zarafatlaşdıq da.
Gülümsəyirdi, həmişə olduğu kimi, amma dedi
ki, güldürməyin məni, tikiş yeri incidir.
Hamımız onun kəfəni yırtdığını
düşünürdük. Günortaya qədər hava da
yaxşıydı o gün. Mən artıq Sumqayıta təzə
çatmışdım, şair dostumuz Yusif Məhəmmədoğlunun
zəngi gələndə maşının yağını
dəyişdirirdim ustaya. Yusif səsi boğula-boğula dedi
ki, abi, Rafiqi itirdik. İnanmadım qulaqlarıma. Bu,
olmamalıydı. Ola bilməzdi. Bir qədər əvvəl
üzümüzə baxıb, gülən adam yox idi artıq
həyatda.
Tez xəstəxananın
həyətinə qayıtdım. Dostların çoxu ora
toplaşmışdı. Elçin Hüseynbəyli, Yusif Məhəmmədoğlu,
Vüsalə Mahirqızı, Cəlil Cavanşir, Kəramət
Böyükçöl... Axşama doğru səma
bozardı. Qəribə hava vardı, yas, matəm, ağrı
yağırdı havadan. Rafiq yox idi artıq. İndi də
başa düşə bilmirəm... necə oldu? Niyə oldu?
Biz Rafiqlə
görüşəndə onu vuranın kim olduğunu soruşmuşduq...
- Reanimasiyadan
palataya çıxan kimi ondan müsahibə
almışdılar - sonuncu müsahibəsi idi. Eyni sualı
onda da vermişdilər. Atam qatilin üzünü görə
bilməmişdi. Deyirdi arxada kiminsə həyəcanla gəldiyini
hiss elədim, amma üzünü görə bilmədim, maskadaydı.
Atam
dünyasını dəyişən günün gecəsi mən
xəstəxanada, onun yanında qaldım. Özü heç
kəsin yanında qalmasını istəmirdi, məndən
başqa. Həkimlər bir nəfərin qalmasına icazə
vermişdilər. Anam qalacaqdı, atam mənim
qalmağımı istədi. Mənim onda 22 yaşım vardı.
Atam həbsxanadan çıxanda orta məktəbi bitirirdim,
dünyasını dəyişəndə universitetin son
kursundaydım. O gecə səhərə qədər
yanında qaldım, yatmadım. Gecə həkim gəlib
baxdı ona. Səhərə yaxın atam oyandı. Bir az
keçəndən sonra əmim İlqar gəldi. Atam məni
dincəlmək üçün evə göndərdi. Dedim
gedim, yuyunum, bir az yatım, tez qayıdaram. Təzə yuxuya
getmişdim, əmimdən zəng gəldi. Dedi möhkəm
ol, ata daha yoxdur. Baş açmadıq nə oldu...
- Asiman, Rafiqin dəfnini
indiki kimi xatırlayıram və heç vaxt unutmayacağam.
Gecə hava bozardı və soyudu. Adamlar sizin həyətə
yığışdıqları vaxt hava ümumiyyətlə
pisləşdi. Qar başladı, şaxta düşdü.
Yollar keçilməz oldu. Maşın sürmək
mümkün deyildi. Həyətinizdə
başsağlığına gələnlər çox idi,
amma o havada dəfnə getməyə çoxu ürək eləmədi.
Dəfn ərəfəsində ümumiyyətlə
çovğun başladı. Məncə, saat 3-də başa
çatmışdı dəfn. Qurd qapısı qəbiristanından
"20 Yanvar" dairəsinə normal vaxtda 15-20 dəqiqəyə
qayıtmaq olur, amma biz ora artıq hardasa, saat 10-da çata
bildik. Səhər Xəzərin sahilləri dondu.
Dənizi donduran ölüm...
O il qış
çox sərt keçdi. Dəfndən sonra belə bir status
yazmışdım, qoy tapım onu: "25 noyabr 2011-ci il: Səni
son mənzilə yola salmağa ancaq təmənnasız sevənlərin
gəlmişdi, Rafiq Tağı... Uğrunda vuruşduğun həqiqət
budur. Bir şeyə təsəllim vardı: hamı
üşüyürdü, bircə səndən başqa.
Bundan sonra nə yaraların səni incidəcək, nə qar,
nə isti sakitliyini pozacaq. Oralarda həyat necədir,
qardaş? Ölümünə həsəd aparanları da
gördüm. Xəstə adamların arasında
yaşamaqdansa, hər şeyə tüpürüb getməyin
mübarizənin bir üsulu oldu, bəlkə də. Amma
yaşamaq gözəldir, qardaş... Sən yaşaya bilərdin!".
Açığını deyim, onun ölümü mənə
çox pis təsir eləmişdi. Həmişə gülən,
pozitiv adam artıq yox idi. Elə çox adam
sarsılmışdı.
- Dostları onu
unutmadılar, sağ olsunlar. Rasim Qaraca, Zamin Hacılı,
ümumiyyətlə, çox dostları doğum günlərində,
xatirə günlərində onu yad edirlər. Hətta
atamın adına mükafat da təsis olunmuşdu, sonra maliyyə
tapa bimədilər davam eləməyə. Amma bu da bir təşəbbüs
idi. Sosial şəbəkələrdə atam yenə
xatırlanır. Dostları öz yazılarında onu
xatırlayırlar. Yəni unutmağa qoymurlar onu.
- Rafiq anayla necə
tanış olub? Bir az bu barədə danışaq.
- Onlar eyni kənddəndilər.
Atam Moskvada işləyəndə ailə qurmuşdu. Atam evələnəndə
yaşı otuz beşdən çox olub. Əvvəlcə
ata nənəm görüb bəyənmişdi anamı.
Aralarında 13 yaş fərq var. Məsləhət
görüblər ki, gedib qızı görsün. Atam da xəstəyə
baxmaq adıyla onlara gedib görmüş, bəyənmişdi.
Sonra qısa müddət Moskvada yaşayıb
qayıtmışdılar. Razıydılar bir-birindən,
başa düşürdülər bir-birini.
- Atayla oğul həm
də dost olur. Mənə şirin bir xatirə danış
atayla bağlı...
- Xatirə...
(üzünə təbəssüm qonur). Yadımdan
çıxmayan bir hadisə olmuşdu. Düzdür, o vaxt
çox pis olmuşdum, amma indi xoş xatirədir mənimçün.
Tələbəydim. Bir gün bilmirəm doğrudanmı, mənim
səhvimdən olmuşdu, ya yox, kompüterdən böyük
bir yazısı silinmişdi. Yazılarına çox həssas
adam idi axı. Mənim abrımı verdi, bərk danladı məni.
"O qədər əziyyətimi zay elədin. İndi mən
o yazını bir də yaza bilməyəcəm..." - belə
sözlər. İncidim ondan. Şələ-küləmi
yığışdırıb, kirayədə yaşayan qrup
yoldaşlarımın evinə getdim. Heç nə demədi.
Bir gün keçdi. Gözümü telefondan
ayırmıram, zəng gözləyirəm ondan. Gözləyirəm
zəng vurub desin ki, olan oldu, keçən keçdi, qayıt
gəl evə, xətrinə dəymişəm, filan... Zəng
vurmur. İkinci gün nəhayət, gözlədiyim zəng
gəldi. Heç vaxt unutmaram o zəngi. Dedi qayıt gəl evə.
Uça-uça qayıtdım. Qucaqlayıb öpdü məni.
Dedi keçdi, mən də çox əsəbiləşmişdim...
unudaq bunu. Əlbəttə, unutduq.
- Asiman, yenə zəng
gözləyirsən ondan?
- (Mənə
baxır, gözləri dolur, səsi boğulur, nəsə
deyir, eşitmirəm. Sonra bir az ucadan təkrar eləyir).
Əlbəttə, düz on ildi hər an zəng gözləyirəm...
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.-2021.-20
noyabr.-S.16-17.