Salam, hörmətli Azər Turan!

AYB-nin orqanı olan "Ədəbiyyat qəzeti" ölkəmizin dünəni bugününün ədəbi salnaməsini özündə əks etdirən ən dəyərli mətbuat orqanıdır. Artıq neçə illərdir ki, sizin baş redaktorluğunuzla nəşr olunan bu qəzet öz aktuallığı, zənginliyi özünəməxsus ədəbi-fəlsəfi siması ilə diqqəti cəlb edir. Qəzetin səhifələrində ədəbiyyatımızın tarixi gerçəklikləri ilə yanaşı, dünyanın ölkəmizin bugünkü ədəbi mənzərəsi obyektiv olaraq əks etdirilir. Ən uğurlu addımlardan biri qəzetin səhifələrində bölgədə yaşayan istedadlı yazarlara xüsusi diqqət ayrılmasıdır. Bu cür insanların çap olunub tanınmasında qəzetin xidməti əvəzsizdir.

Sizin rəhbərliyinizlə qəzet özünün intibah dövrünü yaşayır desəm, yəqin ki, yanılmaram. Məhz bu səbəbdəndir ki, "Ədəbiyyat qəzeti" hər birimizin sevimli, çapını həsrətlə gözlədiyimiz bir qəzetdir.

Hörmətli Azər müəllim!

AYB Lənkəran Bölməsi olaraq əsas məqsədlərimizdən biri bölmənin əhatə etdiyi cənub bölgəsində yaşayan istedadlı yazarların, xüsusən gənclərin üzə çıxmasına, ölkə miqyasında tanınmasına nail olmaqdır. Bu istəklə bölgəyə daxil olan rayonlarda yaşayıb-yaradan bu cür yazarların seçilən əsərlərini çap olunmaq üçün sevimli qəzetimizə təqdim etmək qərarına gəlmişəm. Sizə müraciət etməkdə məqsədim bu istəyimizə yardımçı olmağınızdır.

İlk olaraq Lənkəranda yaşayıb-yaradan ikisi gənc olmaqla dörd şairin şeirlərini sizə göndərirəm.

İnanıram ki, həmişə olduğu kimi yenə prinsiplərinizə sadiq qalaraq ədəbiyyatımız naminə bölgədə yaşayan bu istedadlı şairlərə qayğınızı əsirgəməz, əsərlərinin qəzetdə çap olunmasına yaşıl işıq yandırarsınız.

Dərin hörmətlə,

 

Qafar CƏFƏRLİ

AYB Lənkəran Bölməsinin sədri,

yazıçı-publisist

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 noyabr.- S.22.