Akrostix sonet

 

Su kimi çiləyib alın tərini

Azəri dilində cücərtdin təmiz,

Böyük Şekspirin nəğmələrini

İndi doğma dildə oxuyuruq biz.

 

Rəndələyib yondun hər əsərini.

Millətin gözündə övladsan əziz.

Ustadlar içində tapdın yerini.

Sənət zirvəsində möhürdür o iz.

 

Tərifə layiqdir yazdığın şeir,

Aldığın qiyməti bütün xalq verib,

Fitri istedadın danılar çətin.

 

Aylar sıralanır, illər ötüşür,

Yadıma ingilis soneti düşür

Adın çəkiləndə həmişə sənin.

 

Qoruyaq yaxşılıqları

 

Sonet

 

Söyüddən kəsilib atılsa birdən

Torpağın üstünə neçə qol-budaq,

Olan-qalan suyu sovurub yerdən

Meyvəsiz ağacla ətraf dolacaq.

 

Çətinlik çəkmədən artır gərəksiz,

Qalır qayğı sevən nəzərdən kənar.

Sevinir həyatda çox vaxt məsləksiz,

Nəvaziş görürmü xoş məramlılar?

 

Yamanlar yaşayır gününü rahat,

Faydalının ömrü bərbaddır, heyhat,

Könül şadlandırır bəhəri, barı.

 

Ürək arzulara qoy olsun bələk,

Xeyir verənlərin qədrini bilək,

Qoruyaq dünyada yaxşılıqları.

 

Anana

 

Sən ananın yaranmısan canından.

Əzab çəkib, qovuşduqca an ana.

Övladını ana heç vaxt unutmaz,

Övlad gərək ananı hər an ana.

 

Sən olmusan ananın ən yaxını,

Sənə verib ürəyinin yağını.

Zərbə vurub xatırlatma yağını,

Düşünmə ki, ana kimdir, ana .

 

Axı, övlad olur üzə nədən ?

Bəzən yad qız çəpər olur, danaq.

Gəl üzünə olma onun, nadan, ,

Yenə səni düşünür hər an ana.

 

Bir zamanlar həyat çaytək axırdı,

Yox, demirəm indi sondu, axırdı.

Yaşa dolub, ona bir az ağırdı,

Laqeyd olma daim səni anana.

 

Oğul, olma öz üstündən ad atan,

Əməl göstər daşıdığın ada tən

Haqsevər bir söz deyir adətən;

Qədrini bil, hörmət elə anana.

 

Əhməd HAQSEVƏR

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 noyabr.- S.22.