Bizim olmayan küçə
Yenə azıb ayaqlarım,
Sən olan küçədən keçir.
O küçə bizim olmadı,
Yoldan ötən, keçən keçir...
Bir nağılı yazammadıq,
Qurda, quşa yem olduq biz.
Neylədiksə, bir olmadıq,
Bir tərəfi kəm olduq biz...
Bu küçənin o tinində
Sənin işığındı, yanır.
Mənim gözlərimə tərəf
Sənin pəncərən dayanır...
Bircə
addımlıq bu yolu
Min il getsəm,
sonu olmaz.
Bu ömürlük ayrılığın
Bir ümidlik canı olmaz...
Neyləyim ki, ara-sıra
İtər, azar ayaqlarım.
Durar küçənin tinində,
Bizi gəzər ayaqlarım...
Yer axtarışı
Mənə bir az
yer elə
Gözünün qarasında.
Kirpiyin çəpər olsun,
Gizlənim arasında...
Nə yellər qova bilsin,
Nə od yandırsın
məni.
Nə yağış döyəcləsin,
Nə buz dondursun məni...
Dünyanın dərd-sərindən
Uzaq olum gözündə.
Düşüm dəniz gözünə,
Batım
qalım gözündə...
Gecənin rəngi
Gecənin ən gözəl
rəngi darıxmaq,
Elə darıxmaqçun
doğulub gecə.
Qapqara zülməti çəkib
üstünə
Göz yaşı tökəsən
burda gizlicə...
Boğula
yastığın hıçqırıqlarda,
Qəlbindən yol gələ, axa dərdlərin.
Tavanın küncündə asılıb
qalan
Hörümçək torundan baxa dərdlərin...
Yorğanın altında xatirələrin,
Yorğanın üstündə baxtın
ağlaya
Geyinib əyninə gecə köynəyin
Ömründən tökülən vaxtın
ağlaya...
Qamış hasar
Küləklər önünə qatdı,
apardı,
Bahardan payıza
keçə bilmədim.
Bir-iki addımlıq yol vardı sizə,
Bu evdən o evə köçə bilmədim...
Kim çəkdi araya
bu boyda səddi?
Bu qamış hasarın
nə gücü varmış.
Dağlara, daşlara güc
eləsək də,
Bizdən
güclü çıxdı
bu köhnə qamış...
Baxdıq
bu hasarın deşiklərindən -
Baharda da baxdıq, qışda da baxdıq.
Adlaya bilmədik bu ayrılığı,
Bizim əzabımız bircə
hasarlıq...
Nə əlimiz gəldi, nə ürəyimiz
Bu qamış hasarı
sökə bilmədik.
Qismətə buraxdıq bu məhəbbəti,
Qamışsız bir tale tikə bilmədik...
Bəxtsiz gözəl
Bəxti
qara saçlarından
Asılıbdı bu qızın
-
Gözlərinə çarəsizlik
Yazılıbdı bu qızın...
Doğulandan bu dünyaya
Baxtsız gəlib bu gözəl -
Gec qalıbdır məhəbbətə,
Vaxtsız gəlib bu gözəl...
Qaça
bilməz bu taledən,
Hara qaçsın, həddi
nə?
Bəxtəvərlik yazılmayıb
Bu gözəlin bəxtinə...
Sözü qalıb ürəyində,
Danışmağa dili yox.
Yanıb,
yanıb öz odunda,
Bircə
ovuc külü yox...
Küskün, miskin baxışının
Duası yox əzəldən.
Sevgiləri, arzuları
Qaçaq düşüb gözəldən...
Gülüşləri bir mələyin
Gözlərində boğulub -
Hər gün ölüb ümidləri,
Hər gün bir də
doğulub...
Söz
Sığmır yerinə, yurduna,
İçimdən tökülür sözüm...
Gəlir
dilimin ucuna,
Ucundan tökülür sözüm...
Qardan, soyuqdan üşüyür,
Varında yoxdan üşüyür,
Onsuz da çoxdan üşüyür,
Özünə bükülür sözüm...
Şikəsti çox, xəstəsi
çox,
Çıxacaq yol üstəsi
çox,
Sahibi yox, yiyəsi yox,
Dartdıqca sökülür sözüm...
Bir az qorxaq,
bir az naşı,
Gəlir
ağzımda dolaşır;
Hünərin var götür,
daşı,
Qaldıqca çəkilir sözüm...
Dilimin baş bəlasıdır,
Qurumun yaş bəlasıdır,
Başımın daş bəlasıdır,
Özümə tikilir sözüm...
Təranə DƏMİR
Ədəbiyyat qəzeti.- 2021.-
20 noyabr.- S.25.