Övlad borcu

 

Hekayə

 

İlk əvvəl nə baş verdiyini anlamadı. Əllərinin arxası ilə gözlərini silib təəccüb dolu baxışlarla otağa göz gəzdirdi. Yaxında, lap qulağının dibində eşidilən səsin hansı tərəfdən gəldiyini ayırd etmək üçün dikəlib oturdu, ətrafa diqqət kəsildi və o andaca anası Şahnazın səsini tanıdı. Yan-yörəsinə baxdı. Xatırladı ki, bu gün saatlarla davam edən gic-gici baş ağrısına görə işdən icazə alıb evə tez gəlmiş, günorta yeməyini yeyib "spazmalqon"dan bir tablet atan kimi yataq otağına keçmişdi.

Sadiq artıq ayıq başla anası Şahnazın dediklərini təkrar eşitmək məcburiyyətində qaldı:

- Səni Allah vurmuşdu. İştahan çox böyükdür, Pakizə. Elə bilirsən şirin dilinlə, yastı yapalaq əndamını titrətməklə, "Ay can!", "Başına dönüm!" deməklə tək oğlumu əlimdən ala bilərsən? Ay sən öləsən. Boynunun dalını görəndə onu da görərsən. Nifi, bu söhbəti bir dəfəlik qurtarmaq lazımdır.

Niftulla razılıq əlaməti olaraq başını tərpətdi və mizin üstündəki çay dolu stəkanı qabağına çəkdi. Çaydanı qaz sobasının üstünə qoyan Şahnazın hirsi-hikkəsinə bir sərinlik qatmaq istədi.

- Düz deyirsən, arvad, bu məsələyə bir dəfəlik son qoymaq lazımdır. Belə davam edə bilməz. Həvəsdi bəsdi, mən o dombagöz Səftərə həyatı başa salaram.

Şahnaz mizin ətrafında olan stullardan birini hirslə altına çəkib əri ilə yanbayan oturdu.

- Bilməmişdik, hamımız bunların mamlımatan qızı qarşısında gərək farağat duraydıq. İşdən gələndə yeməyini, hamama girib-çıxanda çayını, yatıb-duranda mer-meyvəsini hazırlayıb qabağına qoymalı idik. Bunun hikkəsinə bax e. Deyir, sizinlə yaşamaq mənə çətindir, məni başa düşmürsüz. Düz deyir də, çətin olar. İndiyə kimi bazarlıq nədir bilmirsən, evin səliqə-sahmanı hardan gəlir, hara gedir xəbərin yoxdur... Bah, kişinin qızı işləyir, gündə bir dəfə paltar yuyur, bir dəfə də yemək bişirir. Bəlkə, bunları da mən eləməli idim. Nifi, ürəyim partlayır e, sən də bir söz de də.

- Şahnaz, sən narahat olma. Səftər elə bilir ki, o metrəlik burnunu bizim ailə işimizə də soxa bilər. Yox, onu görməzsən. Sənin burnunu elə ovum ki, özün də əhsən deyəsən. Danışmışam, sabah gəlib zir-zibillərini yığışdırıb apararlar.

Şahnaz çaydan bir qurtum içib stəkanı kənara itələdi.

- Sənə əvvəldən dedim ki, bu ailə bizim tayımız deyil, sözümə qulaq asmadın. Oğlu beş-on qəpik Rusiyadan ona pul göndərir, elə bilir ki, dünya onundur. Uşağa tərbiyə vermək lazım idi, tərbiyə. Səhər gedir, axşam gəlir, kişinin qızı müəllim işləyirmiş, xəbərimiz yoxdur. Yaxşı ki, qazanclı bir işdə işləmir, yoxsa hamımız ona baş əyməli idik. Heç kimi də bəyənmir. Sənin çox baldızın var? Cəmi iki baldızınla dil tapıb onların ürəyini ələ alsaydın, dünya dağılardı. Allahın işidi də, ərlərindən boşanıb atası evinə pənah gətiriblər. Gələndə bəlkə səndən icazə almalı idilər. Ürəkləri qırıqdı, birinin uşağı yoxdur, biri də iki uşağına həyatını bağlayıb.

Niftulla kimdənsə çəkinirmiş kimi ətrafa göz gəzdirdi, simasına saxta bir təbəssüm qondu. Arvadı Şahnaza tərəf azacıq əyilib dedi:

- Keçən səfər bildin də, Səftər mənə nə dedi? Deyir ki, cavandılar, onların xoşbəxt olmasına çalışaq. Gəl birləşib onlar üçün bir mənzil alaq gedib yaşasınlar. Mənə o çurban başıyla məsləhət verir. Bilməmişdim, sən Allah, mən oğul böyütmüşəm ki, onun qızı kənarda xoşbəxt yaşasın, mən də oğul həsrəti ilə yanıb-yaxılmalı imişəm. Zəhmət çəkib oğul böyütmüşəm, ona ali təhsil vermişəm. Mən indi mühəndis balamı sənin o tərbiyəsiz qızına qurban verməliyəm?

- Ay kişi, o kimdən tərbiyə götürməli idi ki, anası Pakizədən? İt qızı, adamla elə danışır, elə bil ki, o qazanıb biz yeyirik. Pakizənin qarnından çıxan ondan artıq olmaz. Pakizə özü gəlinlik edib kı, qızı də evlərdə gəlin olsun. Bir aydan çoxdur ki, qızları evdən çıxıb. Gör anası, ya elə atası bir dəfə zəng edib deyirlər ki, sonsuz gəlininiz bilməyib bir qələt edib, icazə verin onu evə gətirək. Deməyiblər, çünki o qabiliyyət yiyəsi deyillər. Axxx, sözümə qulaq asmadın da. Birinci dəfə mənə cavab qaytaranda saçından tutub onu sürüsəydim, indi belə olmazdı.

Mətbəxin qapısı qəfil açıldı. Sadiq əsəbi görkəmdə qapının ağzında göründü. Təəccüb dolu gözləri valideynlərinə dikilmişdi. Niftulla və Şahnaz bu qəfil gəlişdən tutulub qaldıqlarından nə edəcəklərini bilmirdilər. Otağa cansıxıcı bir sükut çökdü. Şahnaz tez ayağa durub şirin dilini işə saldı.

- Oğlum, yaxşı çay dəmləmişəm. Gəl bir yerdə çay içək.

Sadiq bu sözləri eşitmək halında deyildi:

- Ay ana, bəsdi də. Gəlinin daha yoxdu, çıxıb getdi. Daha nə istəyirsən o yazıqdan, - deyib əsəbi halda otaqdan çıxdı.

- Ay-hay! - Şahnaz təəccüb dolu baxışlarla Niftullaya zillənib əlini yellətdi. - Buna bax e!.. Sən bizim oğlumuzsan, bizi eşitmək sənin borcundur. Borcundur, başa düşürsən? Dərdimizə bax, sən Allah. Ürəyimizi boşaltmağa da qoymur. Sən elə bilirsən onlar indi oturub canımıza dua edirlər? Ay-hay!!!

...Səftər televizoru yandırıb pultunu jurnal masasına qoymaq istəyirdi ki, arvadı Pakizə otağa keçdi. Deyinə-deyinə divanda, Səftərin yanında oturdu.

- Deyirəm abır-həya da yaxşı şeydir, Vallah. Qızı alanda qırsaqqız kimi evimizin kandarına yapışıb qaldılar. Gündə zəng edib zəhləmizi tökdülər, ağsaqqal qalmadı evimizə göndərməsinlər. "İmtahanların bütün xərcləri bizim boynumuza" - deyib ilan dili tökdülər. Alandan sonra hər şey yaddan çıxdı. "Qızımdır, balamdır" - deyib evinə aparandan sonra şahmar ilan kimi quyruq üstə şaha qalxıb hər dəqiqə çalmağa fürsət axtardılar. Yazıq balam bu iki ildə cəhənnəmi görüb qayıtdı.

Gözləri televizor ekranına dikilsə də, Səftərin bütün diqqəti arvadında idi. Son bir ay yarımda bu barədə dəfələrlə, uzun-uzadı danışsalar da söhbət bitmək bilmirdi ki bilmirdi.

- Pakizə, düz deyiblər ki, taylı tayın tapmasa, günü ah-vayla keçər. Qızım Sadiqin tayı deyildi.

Pakizə məhzun baxışlarla ərinə baxdı və elə o tonda da cavab verdi:

- Ay Səftər, insafla danış, Sadiq pis oğlan deyil. Yazığın başını ata-anası xarab edir.

- Dayan görüm, ay qız. Yaxşı oğlan sən nəyə deyirsən ki? Ailədə hər kəsin öz yeri olmalıdır: ata-ananın, bacının öz yeri, arvadın da öz yeri. Yaxşı oğlanın arvadı yanında olar. Əgər o öz şərəfini qoruya bilmirsə onun nəyi yaxşıdır? Bir də ki, ömür boyu müftəxor həyatı yaşayan, haram pulla şişən Niftulladan törəyən nə bilir şərəf nədir.

- Heç Şahnazı demirsən. Elə bilir ki, qızım o evdə bir qulluqçudur. Bütün ailənin qulluğunu o tutmalıdır. Gözləyir ki, hər bayramda, ad günündə biz zurna-qavalla onun evinə getməliyik. Söz arası bir neçə dəfə bunu mənə eşitdirib də. Mən bilmirəm ki, onlar qızı alıblar, yoxsa bütün ailəmizi.

- Düz deyirsən. Niftullaya gülən olmasa məndən aylıq istəyər. Gör bunlar nə ağlın yiyəsidirlər ki, Vəfanın evdən getməsində bizi günahkar bilirlər. Düşünmürlər ki, hansı valideyn istəyər qızı ailəsini atıb ata evinə dönsün. Məgər qızı biz buna görə ərə vermişdik? Yəqin, iki qızlarının boşanmasını da özləri istəyiblər də.

Pakizə köks ötürdü, əyilib salfetdən götürüb pörtmüş sifətini sildi.

- Fikirləşmirlər ki, bunlar da cavan ailədirlər, özlərinin dərd-sərləri var. İki ilə yaxındır evləniblər, hələ uşaqları da yoxdur. Bir dəfə də müalicə olunmayıblar. Hər dəfə bir bəhanə tapıb müalicəni gecikdirirlər. Yəqin, bizim qabağa düşməyimizi istəyirlər də. Şahnaza gülən olmasa gecələr də Sadiqlə Vəfanın arasında yatar. Belə də dərd olar, ay başına dönüm.

- Əslində, bütün günahlar evin böyüyü hesab olunan Niftulladadır. Bu insanla danışmaq mümkün deyil. Bu da bir cür xəstəlikdir onda var. İnsan özünü həmişə haqlı hesab edir. Heç kimin sözünü qəbul etmir. Oğlunun ailəsi ilə ayrı yaşamağını o təsəvvür belə etmir. Fikirləşir ki, oğlu daima onun yanında, onun itaətində olmalıdır. Adama sual verərlər, əgər belə idisə onda oğlunu niyə evləndirirdin?

Pakizə yenə məzlum sifətində ərinə baxdı.

- Sadiq özü də onların əlində avara qalıb.

- Bəsdi, Pakizə, məni hövsələdən çıxartma. Onsuz da sabah hər şey bitir. Gedib qızımın bütün cehizlərini götürüb gətirərəm. Qurtardı bu söhbət. Niftulladan mənə qohum olmaz. Belindən gələn oğlu da ondan geri qalmaz. İtdən it törəyər, aslan yox. Sadiqin qeyrəti olsaydı gəlib arvadının əlindən tutub aparardı. O da atası kimi qanmazdır. Elə yaxşı oldu ki, uşaqları da olmadı, yoxsa...

Bu vaxt otağın qapısı qəfil açıldı.Vəfa pörtmüş halda içəri keçdi. Bir addım atıb dayandı və kövrək səslə:

- Ata, - dedi, amma sözünün dalını gətirə bilmədi. Əlləri ilə üzünü örtüb geri döndü və otaqdan çıxdı.

Ər-arvadın baxışları anidən toqquşdu və dərhal da zərblə örtülmüş qapıya zilləndilər. Səftərin təəccüb, bir az da məzəmmət dolu səsi eşidildi.

- Mənim bu qızdan heç başım çıxmır. Bu yenə də o ilan yuvasına dönmək istəyir? Fikirləşmir ki, beləsi ilə həyatını çürütməyə dəyməz. Biz həyatın hər üzünü görmüş adamlarıq. Məgər sənin pis gününü istəyərik? Əlbəttə, yox. Valideyn övladı üçün çalışır. Övladın da borcu ona qulaq asmaqdır...

Cehizləri aparmaq üçün bazar günü gələcəkləri barədə Səftərin sifarişindən Niftulla xəbərdar idi. Üstəlik də, ehtiyat tədbiri kimi o, qızlarını və nəvələrini bağ evinə göndərmişdi. Odur ki, QAZ-53 maşınının həyətə girməyini ev paltarında pilləkəndə dayanan Niftulla soyuqqanlıqla qarşıladı. Sürücüdən başqa, maşından iki cavan oğlan düşdülər. Elə bu vaxt Səftər və arvadı Pakizə də həyət qapısında göründülər. Pakizə irəlidə, fəhlələr arxasıyca evə tərəf getməyə başladılar. Səftər isə həyətdə gəzişməyə üstünlük verdi. Bu vaxtı Şahnaz özünü ərinə çatdırdı. Niftulla əsəbi halda fəhlələrə müraciət etdi:

- Keçin içəri, zir-zibilləri yığışdırın.

Danışıldığı kimi Pakizə bu atmacaya cavab vermədi. Pakizənin göstərdiyi əşyalar hissə-hissə əvvəlcə həyətə yığılır, ordan isə maşına yüklənirdi.

Pakizə sinəsinə sıxdığı büllur vaza ilə gəlib Səftərin yanında dayandı. Onlar üzü həyət qapısına pıçıltı ilə nəyisə müzakirə etməyə başladılar. Birdən..., hər ikisi yerlərində donub qaldılar, sanki ayaqları minanın üstündə idi, xırda bir tərpənişdən o dünyalıq olacaqdılar. Onların heyrət dolu baxışları altında Sadiq və Vəfa qol-qola həyətə girdilər. İrəli bir-iki addım atmışdılar ki, Pakizənin qışqırıq səsinə dayandılar. Onun qeyri-iradi dediyi: "Vəfa hara gedirsən?" - sözləri elə ucadan səsləndi ki, Niftulla və Şahnaz da həyətə atıldılar. Sadiq və Vəfa qarşı-qarşıya dayanmış valideynlərin arasında bir-birlərinə sığınmış halda durmuşdular. Fəhlələr də daşıdıqları komodun güzgüsünü yerə qoyub baş verənləri diqqətlə müşahidə edirdilər. Sadiq hər iki tərəfdə duranları qınayıcı baxışlarla nəzərdən keçirib dilləndi:

- Biz bir yerdə yaşamağı bacarmadıq. Heyiflər olsun ki, valideyn olaraq sizlərin tələbini yerinə yetirməkdə acizik. Bəli, sizlər bizim valideynlərimizsiz. Biz övlad olaraq sizlərə çox borcluyuq. Məgər həyatımız da sizlərə məxsusdur? Biz dözdük, çox dözdük, amma faydası olmadı. Sizlər hikkənizdən əl çəkmədiniz. Fikirləşdik, bəlkə başa düşərsiz ki, Allahın verdiyi bu həyatı biz yaşamalıyıq. Məgər buna haqqımız yoxdur? Hər kəlmə başı övlad borcundan danışırsız. Məgər övladın borcu kölə olmaqdır? Məgər övladın borcu hər cür haqsızlığa dözüb, özünün xoşbəxtliyini valideynlərinə qurban verməkdirmi? Yoxdur belə bir borc. Nə Allah, nə də ki, dövlət belə bir borc tanımır. Həmin borc sizlərin yerə-göyə sığmayan hikkənizdən törəmədir. Biz ikilikdə xoşbəxtik. Məgər sizlərə bu bəs eləmir? Atam, anam, bu ev-eşik, bu var-dövlət qoy sizin olsun. Səftər müəllim, Pakizə xanım bu cer-cehizi də aparın yığın evə, onu da sizlərə bağışladıq. Bizə heç nə lazım deyil. Bağışlayın ki, tələb etdiyiniz övladlıq borcunu sizlərə qaytara bilmədik. Biz gedirik, hara gedəcəyimizi demədən gedirik. Elə sizlərin rahat və sakit yaşaya bilməyiniz üçün gedirik.

Sadiq və Vəfa qol-qola iti addımlarla həyətdən çıxdılar. "Oğlum!", "Qızım!" kəlmələri həyəti başına götürdü. Cavanlar arxaya baxmadan daş hasarın dalında gözdən itdilər. Yan-yana düzülən qohumlar pərişan halda həyət qapısına zillənmişdilər. Fəhlələr kənardan təəccüblə onları seyr edirdilər. Səftər və Niftulla məyus halda bir-birinə baxıb başlarını aşağı dikdilər. Şahnaz və Pakizə də peşman dolu baxışlarını bir-birlərindən gizlətməyə çalışırdılar. Ortada əzabverici bir sükut hökm sürürdü. Səftərin yanıqlı köks ötürməsi ətrafa bir həzinlik qatdı. Onun işarəsi ilə fəhlələr güzgünü geri, evə aparmağa başladılar. Qohumlar da əllərinə keçən əşyalardan götürüb fəhlələrin arxasınca yönəldilər...

Payız günəşinin ilıq istisi insanın canını qızdırmağa bəs edirdi.

 

Lənkəran

 

Qafar CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 noyabr.- S.26-27.