Fraqmentlər
Sənətkar olmaq nəyisə
hesablamaq deyil, əksinə, damarlarındakı şirəni
oynatmadan, yayın gəlməyəcəyindən qorxmadan
özünü sadəlövhcəsinə dəli yaz küləklərinin
üzərinə atan bir ağac kimi boy atmaqdır...
Rayner Mariya Rilke
...Barokko
üslubu mahiyyəti və fəlsəfəsi etibarilə
xilasedici funksiya daşıyırdı və bu fəlsəfi
mahiyyətin zaman-zaman "təkrarlanması" həmin
xilasediciliyin "pasionar ehtirasından" irəli gəlirdi.
Bizim mədəniyyətdə barokko üslubu və pafosu həmişə,
bütün hallarda öz işini gizlində görən, illər
boyu lillənib-duran suyun altında əks cərəyan kimi
qaynayan bir hadisə kimi fəaliyyət göstərmişdir.
Əslində müəyyən tədqiqatçıların
intibah kimi "müşahidə etdikləri" hadisələr
də məhz bu, sualtı cərəyanın üzdə, səthdə
başqa bir formul kimi oxunmasından başqa bir şey deyildi.
Barokko bir üslub kimi fəlsəfi mahiyyəti etibarilə
milli ədəbiyyatın dünya ədəbi prosesinə
ümumi inteqrasiyasını təmin edən kateqoriyadır və
bu mənada o, fərdiləşməkdən daha çox,
inteqrasiya xarakteri daşıyır. D.S.Lixaçovun mülahizələrinə
diqqət yetirək: "Renessansın yoxluğu rus barokkosunun
orta əsrlər mədəniyyət təfəkkürü
ilə əlahiddə münasibətlərini şərtləndirirdi.
Rus barokkosu orta əsrlər ənənələrinə
qayıtmadı, ancaq, necə deyərlər, ondan istifadə
etdi, bu ənənələr üstündə möhkəmləndi.
Belə bir şərait barokkonun Ukrayna və Belarusdan Rusiyaya
keçidini asanlaşdırsa da, bu şəraitin özü
barokkonun tarixi-ədəbi rolunu dəyişdirdi... Barokko
öz üzərinə Renessansın bir sıra
funksiyalarını götürdü...". Lixaçov daha
sonra, fikrinə davam edərək yazırdı: "Bu,
barokkonun həmişəyaşar, insani dəyərləri təsdiq
edən və maarifçi xarakterindən irəli gəlirdi.
Bu sonuncusu, yəni maarifçi xarakter ədəbiyyatın
dünyəviləşməsində böyük rol
oynadı". M.A.Robinson "Simeon Polotskiy və rus ədəbi
prosesi" əsərində yazır: "Rusiyada ədəbi
barokkonun daxili təkamülünün qanunauyğunluğu
özünü belə bir faktla göstərdi ki, o, ədəbi
prosesdə yaranmış depressiya və pessimizmi və
ümumən yaradıcılıqdakı minor
tonallığı aradan qaldırdı". L.İ.Sazonovanın
fikrincə isə, "Barokkonun tədqiqində ən
böyük müşküllərdən biri onun
poetikasındakı bir çox üsulların müxtəlif
mədəni epoxalar üçün ümumi səciyyə
daşımasındadır". Azərbaycan ədəbiyyatının
ən müxtəlif dövrlərində özünü
göstərmiş barokko sənətində də bu cəhət
- bir çox üsulların ayrı-ayrı mədəni
kontekstlərdə ümumi səciyyə daşıması
ayrı-ayrı dövrlərdə özünü göstərmişdir.
Azərbaycan mədəniyyətində inteqrasiya xarakterli
barokkodan sonra həmişə böyük milli mədəni
yüksəliş, ədəbi prosesin təfəkkürünün
oyanması, son hüceyrəsinə qədər fərdiləşməsi
prosesi gəlir. Bu fikrin əsaslandırılmasından qabaq,
bizə belə gəlir ki, müxtəlif dövrlərin ədəbiyyat
texnologiyalarında özünü göstərmiş
halları istisna etmək olmaz, əksinə, bu halları
xüsusiləşdirib öyrənmək lazımdır. Nəyə
görə? Məsələn, elə götürək, ən
müxtəlif dövrlərdə (xüsusən qədim və
orta dövrdə) Azərbaycan türklərinin ədəbiyyatının
digər dillərdə də yaranması hadisəsini. Nizami Cəfərov
qeyd edir ki, Azərbaycan ədəbiyyatı bunlarsız da
keçinə bilərdi (... İkinci dövrdə də (yəni
orta dövrdə - C.Y.) bu ənənə davam edir - hətta
böyük Füzuli üç dildə yazır... Lakin
etiraf etmək lazımdır ki, bu dövrdə yalnız Azərbaycan
türkcəsində yaranmış ədəbiyyat əsl sənət
faktıdır, farsca, ərəbcə yazılanlar isə o qədər
ikinci, yaxud üçüncü dərəcəlidir ki, Azərbaycan
ədəbiyyatı onlarsız da keçinə bilər...
Ancaq müəyyən müddətdən sonra müəllif
sanki öz "səhvini" düzəldərək
yazırdı: "...Ərəblər ərəbcə,
farslar həm farsca, həm də ərəbcə, türklər
isə həm türkcə, həm farsca, həm də ərəbcə
yazırlar. Bunun səbəbi nədir? Dillərin bir-birindən
fərqli nüfuz səviyyələrimi, yoxsa xalqların
bir-birindən fərqli ünsiyyətə girmək qabiliyyəti,
milli düşüncənin (mədəniyyətin) dünyaya
maraq genişliyimi?". Burada heç şübhəsiz ki,
milli düşüncənin (deməli, həm də dilin)
dünyaya maraq genişliyi təyinedici rol oyanaya bilərdi.
Ancaq bizə belə gəlir ki, məsələ bu ümumi səpkili
qoyuluşla da bitmir. Dil, konkret bir millətin malı,
düşüncə köynəyi olsa da, dünyanı, ən
müxtəlif coğrafi arealları gəzib-dolaşmağı
xoşlayır. Belə bir dünyəvi-aləm səyahətində
ən müxtəlif və fərqli mədəniyyətlərin
içindən keçib özümlüyünü saxlaya
bilən dil, onun enerjisi ilə yaranan mədəniyyətin necə
deyərlər, dünya standartlarına cavab verməsini təmin
edir. Azərbaycan ədəbiyyatının müxtəlif dillərdə
yaranması faktına həm də bu cəhətdən
baxılmasından məqsəd özünü nədə
büruzə verməlidir?
***
Qədimlərdən
formalaşıb gələn "şair" obrazı məhz
sovet dövründə dağıldı, obrazın sturukturu
primtivləşdi, o elə bil ki, yerin altından, qəlbin dərinliklərindən,
könül oylağından səthə çıxdı,
sinfi mübarizədə iştirak etdi, qırılanlar
qırıldı, yaxud şübhəli şəxs, vətən
xaini kimi qətlə yetirildi, digərləri orden və
medallara layiq görüldü, "ordenli şair"
obrazı "fəlsəfi yoxsulluğun" içinə
kömüldü. Poeziyanın sehrli aləmində
özünə yuva qurmuş digər obrazlar da böyük məna
yükündən xilas oldu, hər bir müqəddəs
sözün, obrazın semantikası dağıdıldı,
onlar bir hüceyrəli komponentlərə çevrildilər,
məsələn: süngüyə çevrilmiş qələmlər,
romantikanı söndürüb yerində bayağı
romantika obrazını yaratdılar. Bir sözlə, minillərin
ruhani düzümü dağıdıldı, yerlə-yeksan
edildi. Vaxtilə Ə.Haqverdiyev M.F.Axundovdan, onun tarixi faciəsindən
bəhs edərkən yazırdı ki, çiyinlərində
çar Rusiyasının zərli poqonları, sinəsi
altında isə milləti üçün
alışıb-yanan bir ürək döyünməkdəydi...
Poqon-ürək ziddiyyəti sovet dövründə də
yaşandı, ancaq bu dəfə bu iki komponent
arasındakı əkslik barışan kimi oldu, medalların
ağırlığı altında milli şair olmaq
missiyası dəhşətli dərəcədə qəlizləşdi.
Boris Paromonovun "Üslubun sonu" əsərindən bir
çıxarışa diqqət yetirək: "...Total təşkilatlanma,
ən azı buna iddia etmək elə üslub niyyətini
daşıyır. Despotizm, hələ üstəlik,
totalitarizm bədii səciyyə daşıyır, perfeksionizm
ruhu incəsənət və utopiyanı
yaxınlaşdırır. Totalitarizmin bədii modeli klassik
baletdir. Nikolay Pavloviçdə ordunun özü balet idi. O,
perfeksionist idi və buna görə də tirana
çevrilmişdi. Stalin isə əksinə, erkən
bolşevizmin stilini dağıtdı, onu sosrealizm
eklektikası ilə əvəz etdi və bununla da azadlıq
perspektivini müəyyənləşdirdi. Eklektika başlayan
yerdə azadlıq doğulur". Təsadüfi deyil ki,
qızıl ordunun sinonimi kimi "azadlıq ordusu" ifadəsi
sıx-sıx işlədilirdi, II Dünya müharibəsi -
Böyük Vətən müharibəsi əslində, Stalinsayağı
azadlıq müharibəsi adlanırdı. Stalin əxlaqı
və təfəkküründə "müharibə"
anlayışı üslubun və formanın
dağıdılmasında əsas silah, əsas vasitə idi.
Müharibə "balet" quruluşunu dağıdır,
onu həyatın və ölümün təbii hərəkətinə
qoşurdu. Müəllif daha sonra qeyd edirdi ki, "müharibə
üslubun total dağıdılmasıdır və bu yolla həyatın
xilas edilməsidir...". Ancaq II Dünya müharibəsindən
qabaq 37-ci ilin qırğınları baş vermişdi. Bu
zaman ölümün və həyatın təbii hərəkəti
girdabında insanlarla bərabər üslubun klassik
anlamındakı "fərq" anlayışı aradan
götürülmüşdü. 30-cu illər ədəbiyyatında,
xüsusən də poeziya materiallarında nə qədər
qəlibsiz, formasız, mahiyyəti etibarilə bir-birinə bənzəyən
şeirlər mövcuddur...
***
Sahilsiz həyatın
dənizini damlada davam etdir... Necə? Baxın:
Gördüyümüz
hər şeyin
bizdən kənarda örnəyi,
əsası var,
O ölməzdir
- ölən isə yalnız
gözlə görünən
olacaq.
Gileylənmə
ki, işıq sönüb, ağlama ki, səs kəsilib:
İtən
heç də onlar deyil, yalnız əksləridir.
Bəs
biz və mahiyyətimiz? Dünyaya gələn kimi,
Metamorfozların
pillələri ilə qalxırıq.
Sən
efirdən daşa çevrildin, sonra ot oldun,
Daha sonra
heyvan -
bu ardıcıllıqla da
sirlərin sirri!
Və
budur artıq sən insansan, sən biliyə maliksən,
Gil sənin
simanı alıb, - ah, o necə də davamsızdır!
Qısa
dünyəvi yolu keçib mələyə çevriləcəksən,
Və
torpaqla deyil, dağın başı ilə qohumlaşacaqsan.
Ey Şəms,
girdaba düş,
yüksəkliklərdən
imtina et -
Və
xırda bir damlada sərhədsiz
dünyaların həyatını
təkrar et.
(Sətri
tərcümə)
***
Koreya
şairi Ko Un deyirdi: "...şair olmaq istəyirdim. Şair
oldum. Şair olmaq mənim seçimimlə müqayisədə
ömürlük həbs cəzasıdır. Həm 18
yaşım olanda, həm də indi, şairlik mənim
qütb ulduzumdur. Kimsə deyəndə ki şairlik mənim
taleyimdir, mənə qəribə gəlir, çünki mən
həyatımı bir şair kimi başa vurmaq istəməzdim.
Başqa sözlərlə desək, mən bu şairin sonunda
bir şeirə çevrilmək istərdim. Şeir. Şair
yox. Qədim şeirlərdə
"məkan" elə "vaxtdır", zamandır. Kimin
ağlına gələrdi ki, bu sözlər mənim sözlərimə
çevriləcəklər. Mənə görə, şeirin
"zamanı" elə şeirin məkanıdır, yeridir.
Daha sonra:
"Yeri gəlmişkən, mən çox bacarıqsız
fermer olmuşam, quş və göz yaşına boğulan
şaman. Sözlər mənim dinim idi. Şairlik gələnə
qədər torpağı qazırdım. Qazdıqca
poeziyanın artıq torpağa kömülmüş
hansısa ruhları cismimdə tərpənirdi. Küləkli
günlərdə yerimdən qalxan kimi uzaqdakı
ağacların budaqlarının necə titrədiyini hiss
edirdim. Görürdüm ki, səmada neçə belə
şeir uçur, uçuşur. Bir neçəsini buraxandan
sonra bir-ikisini nəhayət tutur və ciyərlərimə
çəkirdim. Tez-tez huşum başımdan
çıxırdı. Ağlayırdım. Bu
ağlamaqdı, yoxsa çayların dibindən gələn səslər
idi, bilmirdim. İçində olduğum dünyanın sərhədini
genişləndirməliydim, ora sığmırdım...".
***
Kitabların
sirri...
Milorad
Paviçin "Xəzər sözlüyündə"
oxuyuruq: xəzərlər haqqında bu ilk sözlüyün
bu nüsxələri ilə bərabər Daubmannus daha bir
nüsxə də basdı, ancaq bu nüsxə
üçün zəhərli tipoqrafik rəng işlədilmişdi.
Cildi qızılı tutqacla bağlanan zəhər çəkilmiş
nüsxəyə elə həmin sözlüyün
gümüşü tutqaclı başqa bir nüsxəsi də
əlavə edilmişdi. 1692-ci ildə inkivizisiya Daubmannusun nəşrinin
bütün nüsxələrini məhv etdi, ancaq nədənsə,
senzuranın gözündən yayınmış zəhərli
nüsxə, o cümlədən ona əlavə edilmiş
gümüşü tutqaclı köməkçi nüsxə
hələ də dövriyyədə idi. Belə ki, yasaq
edilmiş sözlüyü oxumaqda qərarlı olan və
boyun əyməyən insanlar və kafirlər ölümə
məhkum edilirdi. Bu kitabı açan hər kəs yerindəcə
donurdu. Daha doğrusu, oxucu doqquzuncu səhifədə, Verbum
caro factum est ("söz ətə döndü") sözlərinə
çatanda ölürdü. Köməkçi nüsxə
zəhər çəkilmiş nüsxə ilə paralel
oxunduqda ölümün təşrif gətirdiyi anı
müəyyənləşdirməyə imkan verirdi. Köməkçi
nüsxədə belə bir qeyd vardı: "Bir gün
yuxudan durub görsən ki, heç yerin ağrımır, demək
artıq bu dünyadan getmisən". Romanda belə bir yer də
var ki, Daubmannusun sözlüyünün içinə qum
saatı kömülmüşdü, gecələr tam sakitlik
kəsiləndə kitab rəfindən qəribə səslər
gəlirdi, səs kəsilən kimi, kitabı çevirməliydin,
qaldığın yerdən tərsinə oxumağa davam etməliydin.
Bu qaydaya əməl edən hər kəs kitabın sirrini
öyrənə bilərdi...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 20
noyabr.- S.29.