Animasiya kinomuzda
qadınlar
1892-ci ildə
Çarlz Emil Reyno Qrevin muzeyi ilə gündəlik
nümayiş üçün və illik proqram tərtib etmək
üçün müqavilə bağladı və Reyno
filminin ilk nümayişini 28 oktyabrda həyata keçirə
bildi. Onun nümayişi ilk animasiya kinosunun nümayişi kimi
tarixə düşdü.
2002-ci ildən
28 oktyabr günü Beynəlxalq Animasiya Kinosu Assosiasiyası
(ASİFA) tərəfindən Beynəlxalq Animasiya Günü
hesab edilir.
Ölkəmizdə
də sənət cameəsində bu günü
xatırlayanlar və xüsusi gün kimi vurğulayanlar var.
Beynəlxalq
Animasiya Gününün qeyd olunduğu həftədə Azərbaycan
animasiya kinosunun qadın obrazlarını oxucularımıza
xatırlatmaq istədim.
Əvvəla,
onu vurğulayım ki, uşaqlar üçün çəkilən
animasiya filmlərimizin əksəriyyətinin qəhrəmanları
oğlanlardır. Bunun səbəbi barədə çox
düşünmüşəm. Bəlkə bu ona görə
belədir ki, nağıl qəhrəmanlarımızın da
böyük əksəriyyətinin baş qəhrəmanı
oğlanlardır? Hər halda yeddibaşlı əjdahalarla,
mağaralardakı divlərlə vuruşmağa oğlanlar
gedirdi, yəqin, bu ona görə belə idi. "Cırtdan"
(1969), "İlham" (1972), "Cırtdanın yeni sərgüzəşti"
(1973), "Sehrlənmiş küpə" (1979),
"Yayın bir günündə" (1979), "Cırtdan pəhləvan"
(1981), "Uşaq və külək" (1982),
"Akvarium" (1983), "Cırtdan və div" (1983),
"Sehrli ləçək" (1983), "Qəribə əjdaha"
(1984), "Sehrli naxışlar" (1984), "Balaca
çoban" (1985), "Xeyirxah nağıl" (1986),
"Qara leylək" (1986), "Sehrli çıraq"
(1987), "Nar ağacının nağılı" (1989),
"Cavanşir" (2002) və s. kimi uşaq animasiya filmlərinin
baş qəhrəmanları oğlanlardır. Animasiya ustalarımız
qız obrazlarına yaman xəsisliklə yanaşıblar. Bəlkə
filmlərin çoxu dəcəl oğlanlar haqqındadır
deyə, bu belədir. Dəcəl oğlanlar dəcəl
qızlardan çoxdur. Filmlərin əksəriyyətinin
oğlan qəhrəmanları başlanğıcda dəcəl
olurlar, onlar xeyli səhvlər edirlər, ağacları,
heyvanları incidirlər, tənbəlliklə məşğul
olurlar. Ancaq filmin sonunda ağıllanırlar, öz səhvlərini
başa düşürlər. ("Sehrli ləçək",
"Sehrlənmiş küpə", "Nar
ağacının nağılı" kimi filmlərdə).
Ancaq
çox ağıllı, xeyirxah obrazlar da var içlərində
axı. Məsələn, "Qara leylək" filmində
qanadı qırıldığı üçün
köçdən ayrılıb yerə düşən leyləyə
balaca oğlan kömək edir, onu bütün qış evində
saxlayır, qanadının sağalması üçün əlindən
gələni edir, quşu yemləyir, sulayır. Yaz gələndə
də sağalan quşu səmaya buraxır. Quş minnətdarlıqla
qanad çalır, yoldaşlarına qoşulur.
"Akvarium" filminin qəhrəmanı məktəbli
oğlan təbiəti, heyvanları, balıqları çox
sevir, düşərgədən qayıdıb valideynlərinin
baxımsız qoyduğu akvariumu əvvəlki vəziyyətinə
qaytarmaq üçün çırpınır. "Cavanşir"
filmindəki məktəbli Cavanşir müharibə
meydanında qəhrəmanlıq göstərir və s.
Uşaqlar
üçün çəkilən animasiya filmlərindəki
qız obrazlarından danışmaq istəsəm, ilk növbədə
1985-ci ildə "Azərbaycanfilm" studiyasında çəkilmiş
"Humayın yuxusu" cizgi filmindən danışa bilərəm.
Film yazıçı Elçinin ssenarisi əsasında
rejissor Nazim Məmmədov tərəfindən çəkilib.
Ancaq bizim
Humay da dəcəl oğlanlardan geri qalmır. Humay
oyuncaqlarına pis münasibət göstərir.
Siçanın quyruğundan tutub hara gəldi tolazlayır,
pişiyinin bığlarını kəsib atır. Qələmlərinin
ucunu gəmirir. Bir dəfə Humay qəribə bir yuxu
görür. Yuxusunda pişiyi canlanıb, çıxıb
getmək istəyir. Qələm də, siçan da pişiklə
birgə yola düzəlir. Oyuncaqlar evdən çıxandan
sonra yağış yağır, siçan balaca gölməçəyə
düşür. Qələm də ona kömək etmək
üçün özünü suya atır. Pişik
quyruğunu sallamasaydı, siçan boğulub öləcəkdi.
Qələm divara çətir şəkli çəkir.
Sonra divara çəkdiyi çətiri əlinə
götürür. Hamısı çətirin altına
toplaşırlar. Qələm bir qayıq da çəkir,
minirlər içinə. Qayıq bir axına
düşür, oyuncaqlar qayıqla birgə az qala
batırdı ki, Humay həyəcanla yuxudan ayılır.
Qız peşmanlıqla oyuncaqlarından üzr istəyir,
onları əzizləyə-əzizləyə
tolazladığı yerdən toplayır, otağını səliqəyə
salır. Söz verir ki, onları bir də incitməyəcək.
Böyüklər
və yeniyetmə tamaşaçılar üçün
çəkilən animasiya filmlərimizdə yer alan unudulmaz
qadın obrazlarının sayı daha çoxdur. Bunlardan biri
də böyük Nizaminin əsərləri əsasında
çəkilmiş "Fitnə" filminin qəhrəmanı
Fitnədir. Xalq arasından çıxmış gözəl
Fitnə öz ağlı-zəkasıyla şahı heyran
qoyur, ona qalib gəlir. Həm özünü şahın qəzəbindən
xilas edir, həm də öz fikrinə axıra qədər
sadiq qalır.
Nizaminin əsərlərinin
motivləri əsasında çəkilən daha bir filmdə
- "Xeyir və Şər"də Xeyiri səhrada
yaralı vəziyyətdə tapıb xilas edən, ona inanan, həm
dost, həm sevgili olan gənc qadının obrazı da Azərbaycan
animasiya kinosunda yaddaqalan obrazlardandır. Biz bilirik ki, Nizami Gəncəvinin
əsərlərində yaratdığı qadın
obrazlarının böyük əksəriyyəti
dürüst, fədakar, zəhmətkeş, əqidəsindən,
sevgisindən dönməyən qadınlardır.
Göyçək
Fatma ("Göyçək Fatma" xalq nağılı əsasında
milli animasiya kinomuzda iki film çəkilib. 1973-cü ildə
Vaqif Behbudov məşhur nağılı kukla üsuluyla,
1988-ci ildə Nazim Məmmədov cizgi üsuluyla çəkmişdi)
həm nağıl qəhrəmanı, həm animasiya filminin
qəhrəmanı kimi səmimi, mehriban, çalışqan
xarakterdir. O öz dürüstlüyü,
mehribanlığı, xeyirxahlığı sayəsində
ögey anasıyla ögey bacısının şərinin
öhdəsindən gələ bilir, layiq olduğu xoşbəxtliyi
qazanır.
"Şahzadə
qara qızıl" (1974) filmindəki şahzadə qız
obrazı simvolik obraz olsa da, ondan da qadın obrazlardan biri kimi bəhs
edəcəyik.
"Şahzadə
qara qızıl" filminin yaradıcıları filmdə
qara qızıl adlandırdığımız neftin və dənizin
dibindən neft çıxaran neftçilərin
obrazını yaratmağa çalışıblar. Bu
film-nağılda dənizin dibində zalım atası tərəfindən
zəncirlənib dənizin üzünə çıxa bilməyən
şahzadə - qara qızıldan və dənizin dibinə
enib qızı zalım atasının əlindən
qurtarıb işıqlı dünyaya çıxaran qəhrmandan
- neftçidən və onların qarşılıqlı məhəbbətindən
obrazlı şəkildə söz açılır.
Dənizin
kənarında mahnı oxuyan igidin biləkləri çox
güclüdü. Dənizin dibindəki şahzadəyə -
qara qızıla aşiqdi. Qəddar atası şahzadəni
yer üzündəki sevgilisinə qovuşmağa qoymur. Qoca nənəsi
də daim şahzadənin keşiyindədi ki, suyun
üzünə çıxıb sevgilisi ilə
görüşməsin. Öz gücünə inanan igid dənizin
dibinə enib şahzadəni zalım atasının əlindən
xilas edir. Bu yolda qarşısına çıxan əjdahanı
da, daş robota bənzəyən məxluqu da məhv edir. O, əlindəki
alətlə daşın bağrını dəlir. Qorxulu xəyaləti
məğlubiyyətə uğradır. Səhəngin
içindən çıxan cin də sevgililərin tərəfinə
keçir.
Qəddar
qız atasının dilindən bu sözləri eşidirik:
"Bu zamanda qız böyütmək nə çətin
iş imiş!".
Orta əsr
feodal-patriarxal dünyagörüşlü qız
atasının düşüncələri
reallığımızda olduğu kimi filmdə öz əksini
tapıb. O, qızının sevdiyi adama qovuşmağına
mane olur, onu əsir eləyir. Üstəlik də qız
böyütməyin çətinliyindən şikayət
edir.
Filmin
rejissoru və quruluşçu rəssamı Nazim Məmmədov
və Bəhmən Əliyevdir.
"Qız
qalası əfsanəsi" (1978) filmində el-obanın ən
gözəl qızı seçilib Göylər
qızının xatirəsinə adına Sevit deyildi və
göylər qızının şərəfinə
tikilmiş qalaya köçürüldü. Bundan sonra Sevit
adlanacaq Günel toxunulmaz sayılırdı. Günel sevgilisi
Elçindən ayrı düşməli idi. Elçin ulu
başçıdan xahiş edir ki, sevdiyi qızı
qorumağı ona tapşırsın. Elçin qalada Günelə-Sevitə
keşik çəkir. Ancaq Elçinə əğyar olan
şərürəkli bir adam var. Eşqinə rədd
cavabı alan adam qisas almaq istəyir. Elçinə yuxu gətirən
içki verirlər, o, qalanın qapısında yatıb
qalır. Sevit də ələ keçməsin deyə,
özünü qaladan atır. Əbülfəz Hüseyni və
Ədhəm Qulubəyovun ssenarisi əsasında çəkilən
filmin rejissoru Məsud Pənahidir.
Qız
qalası haqqında başqa bir əfsanə əsasında
çəkilmiş "Qız qalası" animasiya filmi
1984-cü ildə rejissor Vaqif Behbudov tərəfindən
çəkildi. Kukla filmi Rəsul Rzanın eyniadlı
poeması əsasında çəkilmişdi. Birinci filmdəki
Günel el-obaya sadiqliyi ilə diqqəti çəkirdisə,
ikinci filmin qəhrəmanı Leylaxan öz sevgisinə,
eşqinə sadiqdir. Anası Yaşılbəyim xanım vəfat
edəndən sonra dərdə qərq olan Leylaxanın fikrini
dağıtmaq üçün atası bir qala tikdirir.
Qalanın tikintisində iştirak edən daşyonanlardan biri
Uğurla Leylaxan arasında saf məhəbbət yaranır.
Uğur Leylaxanın sevgisinin gücü ilə hətta
dalğaların üstü ilə batmadan yeriyə bilir. Ancaq
bir gün görüşə gələn Uğur Leylanı
qalanın üstündə görmür. Leylaxan gecə
çox ağladığından yatıb qalmışdı.
Uğur həmin an Leylaxanın sevgisindən şübhə
edir, o saat da ayaqları altındakı dalğalar onu
özünə sarı çəkir, Uğur sularda qərq
olur.
Qız
qalasıyla bağlı digər əfsanə və rəvayətlər
kimi bu nağılın da sonu Leylaxanın intiharıyla bitir.
Qadın
qəhrəmanı intihar edən növbəti animasiya filmi
Qobustan qayalarıyla bağlıdır. 1979-cu ildə Rüstəm
Babacanovun eyniadlı əsəri əsasında çəkilən
"Toral və Zəri" animasiya filmi Qobustan
qayalıqları arasında yaşayan qədim əcdadlarımızın
həyatından, onların həyat tərzindən, qədim sənət
dünyasından, ibtidai rəssamın qəmli və
böyük məhəbbətindən danışır.
Rəssam
qəbiləsinin ovçularının ovladıqları
heyvanın şəkillərini qayalar üzərində
çəkir. Sevdiyi qəbilə
başçısının gözəl qızı da onun rəsmlərinə
heyrandı. Rəssamın rəqibi var, hansı ki, gözəl
qıza gözü düşüb. Bir gün qızı tək-tənha
yaxalayır və onun biləyindən yapışır. Zəri
yad adamın biləyini dişləyib Toralın yanına
qaçır. Həmin adam ovçudur və Toraldan
acığını çıxmaq üçün qəbilə
başçısına şikayət edir ki, guya o, hansı
heyvanın şəklini daşlara çəkirsə, həmin
heyvan yoxa çıxır, qəhətə çəkilir.
Toralı qonşu qəbiləyə qaval daşını gətirməyə
yollayırlar. "Biz ov edib şənlənə bilmirik.
Çünki qaval daşımız yoxdur" - qəbilə
başçısı deyir. Zəri də başçı
atasına mane ola bilmir.
Toral gedəndən
sonra Zəri yuxusunu qarışdırır. Mağarada
hamı şirin yuxuda olanda, o, yuxusunda Toralı görür.
Görür ki, onu qayadan atırlar, ayılıb göylərə
baxır...
Toralın
gəlib çıxmadığını görən
ovçu qəbilənin ən gözəl qızının
qəbilənin ən mahir ovçusuna verilməsini istəyir.
Başçı isə Toralı gözləməyi əmr
edir.
Toral qaval
daşını yox, onun sirrini gətirir. Toral deyir ki, əgər
daşı gətirsəydim, iki qəbilə arasında qan
tökülərdi. Mən daşı yox, daşın sirrini
gətirdim. Sirri nümayiş elətdirsə də, qəbilə
başçısı "Toral şərtinə əməl
elədi, budu qaval daşı" desə də, kinli
ovçu onu qayadan aşağı atır. Bunu görən Zəri
özünü onun dalınca ataraq intihar edir. Sonda əl-ələ
vermiş iki ruh göylərə qalxır.
Filmin
müəllifləri açıq səma altında muzey
adlandırılan qədim sənət abidəmiz Qobustandan
obrazlı söhbət açmaqla yanaşı, qədim və
ibtidai rəssamın timsalında hələ qədimdən sənətin
humanizmə, insanlığa, xeyirə xidmət elədiyini
göstərməyə çalışmışlar. Toral
bilir ki, qaval daşını gətirməsə, ona inanmaya,
onu öldürə bilərlər, iki qəbilə
arasında qan tökülməsin deyə, daşı yox,
daşın sirrini gətirir. Əsl sənət həmişə
qan tökülməsinə, müharibəyə, şərə
qarşıdır. İstər qədim, ibtidai dövrlərdə
olsun, istər müasir dövrümüzdə.
Filmin
ssenari müəllifi Həsən Seyidbəyli, rejissoru Əsgər
Məmmədov, rəssamı Elçin Axundovdur.
Animasiya
ustalarının arasında öz xüsusi dəst-xətti və
üslubuyla seçilən qadın animatorumuz Firəngiz
Qurbanovanın filmlərində yaratdığı qadın
obrazları fərqlidir.
"Ana
ağaca çıxıb" (1986) filminin qəhrəmanı
gənc anadır. Balaca qızına yemək yedirə bilmək
üçün o, dəridən-qabıqdan
çıxır. Firəngiz Qurbanova hadisələri bizə
qrotesk şəkildə, qeyri-adi formada təqdim edir.
"Şahzadə
qız" (1991) filmində Firəngiz Qurbanovanın
yaratdığı gənc qadın obrazı Yaramazla
Xeyirxahın arasında peyda olur və onunla hərə öz
tərbiyəsinə, mədəniyyətinə uyğun rəftar
edir. Şahzadə qız Mimoya Xeyirxah da, Yaramaz da
ağızları açıq halda, heyranlıqla baxırlar.
Mimo paltarlarını soyunub suya çimməyə girəndə
sudakı balıqlardan qorxaraq özünü itirir, az
qalır ki, batsın. Xeyirxah Mimonun həyatını xilas
edir. Şahzadə də əvəzində Xeyirxahın
paltarlarını yuyub asır, söküyünü tikir. Hətta
üzündən öpür. Bu vaxt Yaramaz onları uzaqdan
görür,əlbəttə ki, həsəd yenə onun
içini bürüyür. Yaramaz şahzadə Mimonu
zorlamağa belə cəhd göstərir. Şahzadə
qız onun əlindən zorla qurtulub ona şillə vuraraq
uzaqlaşır.
Xeyirxah
Kürən Klounla Yaramaz Ağ Klounun timsalında Firəngiz
Qurbanova iki tip kişinin - yaramaz kişiylə xeyirxah
kişinin qadına olan münasibətini müqayisəli
şəkildə açıb göstərir.
Firəngiz
Qurbanovanın ssenarist Dinarə Seyidova ilə birgə işləri
olduqca maraqlıdır. Birgə
çalışdıqları filmlərdə qadın, ana və
uşaq mövzularını xüsusilə ustalıqla işləyirlər.
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2021.- 20
noyabr.- S.30-31.