Güllü gəbə
Hekayə
Həmin axşam qaranlıqdakı ildırım
gurultusunun səsindən doğan işıq seli, bizim evin pəncərəsində
elə bir vahimə yaratdı ki, mən qaçıb nənəmə
qısıldım. Kəndimiz dağ döşündə
olduğundan, yağış yağıb ildırım
çaxanda adama elə gəlirdi ki, başının
üstündən qırıcı təyyarə keçir.
Onda qocaların dodaqlarından dualar əskik
olmazdı. Hamı ürəyindən keçəni
dilinə gətirərdi - Allah, sən saxla, Allah, sən saxla!, - deyərdilər.
Hanaya ilmə
vuran nənəm, məni özünə sıxıb: -
Qorxma, mənim balam, ildırım dağlara düşdü,
heç nə olmaz. Bir az hay-küy
salıb, buludları çaxnaşdırıb, göz
yaşın töküb yox olacaq!
Nənəmin qolu altından pəncərəyə
baxanda çölü qaranlıq zülmət gördüm. Tez gözlərimi yumdum! Onda mənim 6 yaşım var idi. Mən babamla nənəmin ilk oğul nəvəsi
idim. Atamgilin evi kəndin o başında,
babamgilin isə bu başındaydı. Kəndə
hamı babama usta Xudaverdi deyirdi. Özünün dediyinə
görə, əsli Göyçə mahalından idi . Kəndimizdəki evlərin
çoxu onun əli ilə ucalmışdı. İki-üç yaşım olanda, atamgili məni
babamgilin buyurub çağırmaları üçün
onlara vermişdi. Onlar da meyillərini
salmışdılar mənə! Uşaq
ağlımla mən həyata onların söz- söhbətli
gözləri ilə baxırdım. Axır
vaxtlar kənd adamları çox narahat idi. Tez-tez ermənilər kəndimizə güllə
atırdılar. Bir gün atam gəlib,
babamın sandıqda gizlətdiyi qoşalülə tüfəngi
və patrondaşı götürüb getmək istəyəndə,
nənəm onun qarşısını kəsdi.
- Ova
gedirsən, tüfəngi neynirsən?
- Ana, ermənilər
kəndə hücum etməyə hazırlaşırlar!
Camaat yığışıb, pir ağacının
yanına! Silahı olan kişilər dağın
başına çıxırlar, kəndi qorumaq
lazımdır!
- Ay bala,
bəs bu hökumət hardadı? Öz vətəndaşına
niyə sahib
çıxmır?
- Ana, bu
Sovet hökuməti bizi ermənilərə satıb. Moskva erməninin tərəfindədi.
Topu-tüfəngi də onlara verir, bizim ov tüfəngimizi də
əlimizdən alırlar! Burdan səsimiz heç Bakıya da
çatmır! Orda da vəzifə davası gedir!
- Bıy,
başıma xeyir, indi sən deyirsən Sovet
dağılıb?
-
Çürük ağac belədi, ay Ana, gec-tez
yıxılacaq! Mən özüm müdafiə
dəstəsinə üzv yazılmışam, biz cavanlarla
dağa çıxırıq, kəndin keşiyini çəkmək
lazımdı. Siz də ehtiyatlı olun!
- Ay bala,
sən Allah, özünü qoru!
Nənəm atamı sanki son dəfə
görürmüş kimi möhkəm qucaqlayıb
ağladı.
Atam üzünü mənə tutub - "kişi
qırığı, nənəndən muğayat ol,
sözündən çıxma ha", - deyib məni
öpüb həyətdən çıxdı. Ondan sonra onu görmədik. Öldüsündən-qaldısından
xəbər olmadı. Adını qoydular itkin! Bu dərd
ailəmizi yumağa döndərdi! Nənəm
gecələr məndən xəlvət dil deyib, göz
yaşı tökürdü. Axşamlar kəndi
sanki qaranlıq bir vahimə bürüyürdü. İşıqlar yanmırdı, hamı lampa
işığına möhtac idi. Nigaranlıq
içində qovrulan kənd hər gün bir xəbərlə
oyanırdı.
- Filankəsin
oğlu ermənilər tərəfindən
öldürüldü. İki nəfər ermənilər
tərəfindən əsir götürülüb.
Bizimkilər də dörd ermənini tutublar, deyirlər, əsirlərlə
dəyişəcəklər! Hər gün
dedi-qodu ayaq alıb camaat arasında gəzirdi. Hamı öz həqiqətini axtarırdı.
Həqiqət isə biganəliyin qurbanı olmuşdu!
Mən birinci dəfə Şəhid sözünü kəndimizdə
eşitdim. Nənəm
axşam yas yerindən gələndə ondan soruşdum:
- Nənə
Şəhid nə deməkdi?
- Mənim
balam, Şəhid Allahın sevimli bəndələridi. Hər
adam o zirvəyə ucala bilmir!
- Mənim
atam da Şəhiddi, nənə?
- Allah bilən
məsləhətdi, bala! Axşam-axşam nə çox sual
verirsən, ay Rüstəm! Gəl yat, mən də bu
Hananın başın-ayağın yığım bir yerə,
sabah inşallah kəsərəm. Nənəmin
nəvazişli sözləri məni elə ovsunladı ki, necə
yuxuya getdiyimi heç özüm də bilmədim! Səhər
hay-küy, çığırtı-bağırtı,
top-tüfəng səsindən qorxu içində
gözümü açdım!
Anam həyətdə həyəcanla nənəmlə nə
isə danışırdı. Həyətə çıxanda kəndin
aşağı hissəsini od içində
gördüm. Anam tez məni qucaqladı: - "Qurban olum,
pal-paltarını yığışdır", - nənə
ilə tez evdən çıxın. Biz də gəlirik.
Kənd bir-birinə dəymişdi. Nənəm yerində donub qalmışdı.
Qadınlar qorxudan ağlayan uşaqların əlindən tutub
zorla darta-darta kənddən çıxardırdılar!
Qonşu Allahverdi kişi xəstə
atasını kürəyinə alıb aparırdı. Bizim həyətin
qapısına çatanda çığırdı:
- Ay
Güllü, nə durmusan ermənilər kəndin bir
addımlığındadılar, ələ keçərsiniz.
Tez uşağı götür gəl ardımca!
Nənəm sanki yuxudan ayıldı. Tez mənim
ayaqqabılarımı gətirdi:
- Rüstəm,
nənə qurban, qorxma ayaqqabılarını gey,
paltarını götür, mən
bu dəqiqə gəlirəm.
Bunu deyib tez içəri otağa keçdi. Mən həyətdə
qadınların, qocaların, uşaqların göz
yaşı içərisində evlərini necə tərk
etdiklərinə baxırdım. Bu zaman
anam özünü yenidən yetirdi.
- Rüstəm,
nənən hardadı?
- İçəridə.
Anam qaça-qaça pilləkənləri
çıxıb evə girdi. Onun ucadan səsi gəlməyə
başladı.
- Ay xala,
burax qalsın bu gəbəni! Bu iki daşın
arasında, gəbə kəsilən vaxtdı? Kəndin
o başında ermənilər evləri yandırırlar,
camaat görmürsən baş götürüb gedir!
Nənəm
hirsli-hirsli: - gedən getsin. Mən gəbəni kəsməsəm
getməyəcəm!
Qayçının ipliyi kəsən
xışıltısı, nənəmin dualarına
qarışmışdı. Anam
göz yaşı içində;
-
Yaxşı, tez ol, qurban olum xala, uşaqlar qorxu içində
həyətdə bizi gözləyirlər.
- Tez
yükdən ağ mələfəni gətir!
Bax belə, bax belə bük, möhkəm bağla...
Bir azdan nənəm
anamla ağ mələfəyə
bükülmüş gəbə qoltuqlarında çölə
çıxdılar. Nənəm hökmlə,
bəri gəl, bunu evin zirzəmisində gizlədəcəm
- deyib, anamı ardınca apardı. Bala, mən
buna gecəmi, gündüzümü vermişəm, heç
erməniyə verərəm, hə?
Onlar evin zirzəmisinin balaca qapısından zorla içəri
keçdilər. Biz azdan ordan çıxdılar! Nənəm
zirzəminin qapısını bağlayıb həyətdəki
otu-çırpını qapının üstə
tökdü.
- İnşallah yada qismət olmaz, - deyib yenidən evə
girdi.
Anam zorla
mənim əlimdən tutub aparmaq istəyəndə, - yox, nənəmi
gözləyirəm, - dedim!
-
Yaxşı, Rüstəm, qurban olum, çağır bu
arvadı, özünə yazığı gəlmir, heç
olmasa bu uşaqları düşünsün!
İçəri keçmək istəyəndə, nənəm
əlində babamın qaragül buxara papağı, bir də
torbadakı sazı ilə çölə çıxdı. Tez
qapını bağlayıb, açarı pilləkən
daşının altına qoydu.
- İndi
gedək, - dedi. Anam dözmədi: - Ay xala, bu vurhavurda heç sazın
yeridi. Onun əvəzində yola
çıxırıq, bir başqa şey götürərdin
də.
- Ay
qızım, elə mənim varım-dövlətim Rüstəmdi,
bir də bunlardı da!
Biz həyətdən
bir az uzaqlaşmışdıq ki, sanki yer
yerdən ayrıldı. Qrad
vıyıltısı, top səsi canıma üşütmə
saldı. Ermənilərin atdığı top mərmisi
bizim evi yerlə-yeksan elədi. Qonşumuzun ot
tayası yanmağı başladı. Nənəm mənim əlimi
buraxıb, əlini dizinə vurub yerə çökdü: -
Evi viran qalan canım vay!
Anam zorla
onu yerdən qaldırdı:
- Xala,
qurban olum gedək, heç olmasa uşaqları qurtaraq!
Nənəmin zorla ayaqları gedirdi, ürəyi isə
indicə yıxılan evinin daşları altında
qalmışdı. Biz yarıac-yarıtox yüzlərlə
insanlarla birgə Araz çayından İrana keçdik, ordan
yenə Arazı addayıb gəlib çıxdıq ilan mələyən
"Çadır şəhərciyi"nə. Bizə
çox adlar qoydular "qaçqın",
"köçkün", "vətənini qoyub
qaçanlar" daha nə bilim nələr, nələr... Qocalar Allahdan ölüm istəyirdilər. Amma
sən istəməklə deyil ki, gərək Yaradan da istəsin!
İşsiz-gücsüz cavanlar isə
başlarını itirmişdilər.
Bir sözlə, hər kəs öz vaxtını
gözləyirdi. Biz uşaqlar isə erməniyə nifrət
hissi ilə böyüyürdük. Sonralar
biz "Çadır şəhərciyi"ni,
"yataqxanalarla" əvəzlədik. İllər
keçirdi, bizlərin bu günü yox idi, ancaq dünəni
vardı. Nənəm çox az
danışırdı. Danışanda da, ancaq
kənddən həsrətlə danışardı. Hər
yeni təqvim ili gələndə, -
Rüstəm bala, görəsən, bu il də burda
qalacayıq? Bəs nə vaxt qayıdarıq, ay
bala? Nənəmin suallarına cavab
axtara-axtara, mən də illərin qoynunda
böyüyürdüm. Yaddaşımın ən
maraqlı səhifəsi isə kəndimizdə, babamla, nənəmlə
keçirdiyim günlər idi...
Nənəmlə babamın sözləri cəp gələndə
mən qalırdım ortada. Onlar öz aləmlərində
bir-birindən küsüb evin eyvanında sağa-sola üz
çevirib oturanda, mən də gəlib ikisinin arasında
otururdum! Sakitcə kimin birinci
danışmasını gözləyirdim. Nənəm hikkəli, babam isə ürəyi
yumşaq idi. Bu susqunluq uzandıqca,
babamın səbri tükənirdi.
- Rüstəm
bala, bu şah qızına deyinən, günortadı durub yemək
hazırlasın. Millət acdı!
- Baba, mən
niyə deyirəm ee.., nənəm hər şeyi eşidir.
- Yox, ay
bala, o məni eşitmir, bəlkə sənin sözünə
qulaq asa...
- Nənə,
ay nənə... balaca əlimlə onu dümsükləyirdim.
- Millət
acdı mənə nə, hər kəs öz başına
çarə qılsın! Mən heç kimin
nökəri deyiləm.
-
Gördün, Rüstəm bala, qalx gedək görək
çil toyuğun hinində nə var.
Biz durmaq
istəyəndə, nənəm nə
düşünürdüsə:
- Rüstəm,
otur oturduğun yerdə! Yenə qurban olsun sənə.
Bircə o qalıb ki, düşək xalxın
dilinə, desinlər ki, filankəsin evində yeməyi
kişilər bişirir.
- Rüstəm
bala, mən həmişə sənə nə demişəm,
sənin nənənin dili acıdı, amma ürəyi bir
başqa aləmdi! Babam nənəmin ürəyini
ələ almağı, onu neçə yumşaltmağı
çox gözəl bilirdi. Bir azdan nənəmin səsi
gələrdi:
- Rüstəm
bala, o şah həzrətlərinə deyinən buyursun
süfrəyə! Belə məqamlarda babam qaragül dərisindən
tikilən buxara papağını başına qoyub, sazı
sinəsinə basıb deyərdi:
- Ay
Güllü, sən atanın goru, bir mənə bax! Qəribə
bir coşqu ilə sazın simlərinə mizrab vurub deyərdi:
Tovuz kimi
qalxdın çeşmə başından,
Cəmi
gözəllərin gözəli Güllü!
Almadı
yanağın, büllur buxağın,
Dodaqların
meyli, məzəli Güllü!
- Saxla! Nənəmin
hökmlü səsi eşidilərdi:
- Hə...
işin çətinə düşən
kimi tez keçirsən sarı simə! Aşıq
Ələsgər də, elə sənin kimi əvvəlcə
qəlb sındırırmış, sonra da
sazınnan-sözünnən könül alırmış.
Sazla-sözlə könül alarsan, ancaq qarın doyura bilməzsən!
Rüstəm bala, tez ol, yemək soyudu axı!
Allahım, nə gözəl günlər
yaşamışam, heç xəbərim olmayıb. Babam dünyasını dəyişəndə,
məni yaxın qoymadılar ki, qorxarsan! Ancaq mən
yükün arxasından gizlincə babama son dəfə
baxdım. O, sanki şirin yuxuya getmişdi. Arvadlar onu oxşayıb, mərsiyyə deyib
ağlayırdılar. Amma o, bütün
bunları nə görür, nə də eşidirdi. Sanki evində son günü olduğunu bildiyi
üçün möhkəm yatmışdı. Babamın ardınca qəbiristanlığa qədər
getdim. Yolda onun sözləri yadıma düşdü:
- Rüstəm,
mən öləndə qorxma! Mənim ruhum, nənənlə
səni həmişə qoruyacaq! Mən babama
inanıram. Yəqin, indi də o məni görür və
qoruyur!
Babamdan sonra nənəm tamam dəyişmişdi. O, deyib-gülən, əli
qabarlı qadın üçün sanki dünyanın sonu
çatmışdı. Qohum-qonşu gəlib-gedib
ona ürək-dirək versələr də, həyatdan
çox bədgüman olmuşdu. Hər
gün babamın buxara papağına sığal çəkib,
taxt üstündəki yastığın üstə qoyar,
sazı torbadan çıxarıb, tozun alıb yerinə
asardı. Babamın ilindən sonra, nənəm
qonşu arvadları başına yığıb gəbə
toxumaq üçün hana qurdu. Al-əlvan
rəngə boyanmış yun ipliklər yumru yumağa
dönüb hananın başından asıldılar. Həvə, kirgid, daraq, qayçı nənəmin əlinin
altında idi. Arğacdan keçirib ipliklərə
ilmə vuran nənəm dodaqaltı zümzümə edə-edə
balaca ölçülü bir güllü çeşnidən
üç arşınlıq gəbə toxuyurdu. Mən
də kitab-dəftərdən can qurtarmaq
üçün onun yanından əl çəkmirdim.
- Rüstəm
bala, bax bu allı-güllü gəbəni sənin
üçün toxuyuram.
İnşallah,
böyüyüb yekə kişi olacaqsan,
institut qurtarıb, nənəni sevindirəcəksən. Ondan sonra da kəndimizin gözəl
qızlarından birinə elçi gedib sənə alacam.
Bax onda bu gəbəni sənin gəlininin ayaqları
altına salacam! Gəlin gələn qız bilməlidi
axı, hansı ocağa gəlin gəlir!
O
danışırdı mən də xəyal qururdum. Bax beləcə,
onun əli ilmədə mənim başım onun dizi üstə
yuxuya gedərdim! İllər çox sürətlə
bir-birini əvəz edirdi. Fəsillər dəyişirdi.
Nənəm isə ağzın açan kimi, -
bu qış nə uzun çəkdi, ay bala, - deyə bizdən
soruşurdu. Mən də təəccüblə:
- Nənə
indi ki, yazdı, sən elə qış deyib durursan!
- Eh, ay
bala, mənim yazım kəndimizdə qalıb!
Yazda biz tərəflərdə dağ-dərə
gül-çiçəyə bürünür. Çayların
şırıltısı elə bil torpağa layla
çalır. Hələ quşların səsini demirəm!
Heyif o yerlərdən! Ya qismət bir də görəm, ya
görməyəm! Allah özü bizə rəhm eləsin!
Yayın istisində belə nənəm yatanda
üstünə qalın yorğan salardı. Mən də uşaq
şıltaqlığından qalmırdım: - Nənə,
bu istidə yorğanın içində bişmirsən?
- Yox,
qadan alım, sən bilməzsən, babanın
sümüyü tənha yurdda sızıldayır, mənim
canım da burda üşüyür! Elə hey, yuxuma gəlib
deyir: -Ay Güllü, nə vaxt gəlirsən, üstüm
açıqdı axı, üşüyürəm!
Bax beləcə, günləri aylara, ayları da illərə
calayıb yaşayırdıq. Hə,.. əgər buna yaşamaq demək olarsa?! Ağlımız, düşüncəmiz, ürəyimiz
qalmışdı yurd yerində, cansız bədənimiz isə
şəhərin küçələrində
dolaşırdı. Getdikcə, insanlarla birgə
ümidlər də ölürdü!
Nənəm isə hər gün babamın sazını
əlinə alıb, nəticəsi Qalibi qonşu küçədə
yaşayan Aşıq Vüqarın yanına aparırdı. Açığı,
mən özüm saz çalmağa o qədər də həvəsli
deyildim, ancaq 8 yaşlı oğlum Qalibin saza bir başqa həvəsi
var idi.
Nənəm də, babamın yadigarı olan bu sazın
susmasına heç cür razı olmurdu. Üzünü həmişə
bacı-qardaşlarıma tutub deyirdi:
-
Aranızda heç olmazsa, biriniz bu sazı çalacaq, ya yox?
Bu saz çalınmalıdı ki, babanızın ruhu şad
olsun! Bilsin ki, gec-tez o torpağa qayıdacaqsınız!
-
İnşallah, ay nənə, səninlə birlikdə! Nənəm
isə əlini yelləyib: - Yox, ağlım sizdən bir
şey kəsmir, ümidim ancaq Qalibədi!
Üzünü
Qalibə tutub: - Nənə qurban, "Misri"ni
çalan günü, qapıda qoç kəsdirəcəm!
Bax beləcə, günlər bir-birini əvəzləyirdi. Və həmin gözlədiyimiz
gün gəldi! Həyət-bacada, küçədə-yolda,
vətənimizin hər bucağından insanların səsi
ucaldı! "Qarabağ bizimdi! Qarabağ Azərbaycandır!" şüarı,
Xalq, Millət, Dövlət birliyinə çevrilərək
düşmən başını əzən yumruğa
döndü. Belə bir məqamda, nəyi nə vaxt və
necə etməyi gözəl bilən ölkə Prezidenti, Ali
Baş Komandandan: - Qarabağı düşmənlərdən
azad etmək əmri gəldi! Vətən torpağını
erməni daşnaklarından təmizləmək
üçün döyüşə gedən minlərlə
könüllülərə mən də qoşuldum! Yola
düşərkən nənəm məni müqəddəs
"Quran" kitabının altından keçirərək
dedi:
- Allah, Azərbaycan
əsgərini qorusun! Ermənilərdən günahsız qətlə
yetirilmiş yüzlərlə insanların, atanın
qisasını alın, bala!
- Bura bax,
Rüstəm, bir də bizim kəndi almamış geri gəlmə
ha!
-
Yaxşı, ay nənə! Hər şey yaxşı olacaq!
Salamat qalın, buradakı əsgərlər sənin tabeliyinə
keçir!
- Sən
burdan narahat olma, cəbhədən mənə xeyir xəbərlər
yolla, ay bala! Başımızı uca elə, düşmənimizi
xar!
Beləcə, deyə-gülə nənəm məni
döyüşə yola saldı. Mənim
üçün həyəcanlı, qürurlu, igid əsgər
dostlarımla birgə, qan qoxulu, qələbə sevincli 44
gün belə başladı. Bütün
Azərbaycanın ürəyi qələbə sevinci ilə
döyünürdü. Bizim evdə isə
nə baş verdiyini, nənəmin nəticəsi Qalib
yaxşı bilir.
Mənim atam Rüstəm, nənəmin ilk oğul nəvəsi
olduğundan ailədə hamı bilirdi ki, Rüstəm nənəmin
sevimli nəvəsidi. Elə ki, mən doğuldum, nənəm adqoydu mərasimində
atama deyib: - Rüstəm, sən bu gündən keçdin
ikinci plana, mən gələcək ümidlərimi ancaq Qalibə
bağlamışam! Onun yaşı 90 olsa da,
çox qıvraq idi. - Bala, mən nehrə yağı,
dağ balı ilə
böyümüşəm, sizin kimi "Teksun"la yox, - deyəndə
hamımız gülürdük. Nənəmin
sinəsi bayatı ilə, nağılla, oxşamalarla dolu idi.
Eldən-obadan danışmaqdan doymazdı.
Mən də saatlarla ona qulaq asırdım.
O, hər dəfə - Ay kişi
qırığı - deyib, buyuranda mənə elə gəlirdi
ki, dünyanın ən böyük kişisi elə mənəm!
- Ay bala,
Qalib, tez ol televizoru aç görüm qadasın
aldığım təzə nə xəbər bildirir!
- Ay nənə,
hələ vaxta var, tələsmə!
- Sən
vaxta baxma, birdən elə xeyir xəbər olar ki, "Xəbərlər"dən
tez xəbər verərlər!
- Qalib,
bala, görəsən, bu Prezident niyə hər axşam
çıxıb bir məlumat vermir, hə? Axı, nə qədər
anaların, bacıların, gəlinlərin gözü
yoldadı!
- Ay nənə,
Prezidentin gecəsi-gündüzü yoxdu, O, döyüşlərə
rəhbərlik edir. Generallara, əsgərlərə əmr
verir!
- Deyirsən,
indi o da döyüş bölgəsindədi?
- Bəs
necə, Ali Baş Komandan hər
döyüşçünün yanındadı! Hamı ona
inanır, mən də ona inanıram, nənə!
-
Allahım, sən Prezidentimizi qoru!
- Nənə,
ermənilər onun "dəmir yumruğ"undan qorxub
qaçırlar! Əsgərlərimiz onları iti qovan kimi
qovurlar!
-
Yaxşı-yaxşı, gəl aç bu televizoru!
Görüm nə xəbər deyirlər! Bu
işə məəttəl qalmışam. Bizim bu əsgərlər,
niyə belə ağır-ağır irəliləyirlər!
Cəbrayıl alındı, Xüdafərin körpüsü
bizim əlimizdə! Ordan Zəngilana, Qubadlıya nə
qalıb ki, neçə gündü oranı ala bilmirlər?
- Bu
müharibədi, ay nənə! Uşaq-muşaq oyunu deyil! Bu
30 ildə ermənilər
bilirsən nə qədər keçilməz sədlər
qurublar, səngərlər qazıblar, minalar
basdırıblar.
- Allah
onları yer üzündən silsin!
- Görəsən,
nə oldu bu "Xəbərlər"ə, bunlar niyə gec
başlayırlar!
- Tələsimə,
ay nənə, bir səbrin olsun da, indi başlar!
- Eh, ay
bala, nə qədər səbr etmək olar, bu səbrin də
bir sonu olmalıdı, ya yox?!
Doğrudan
da, düşmən üzərində Qələbə
çalmaq nə gözəl hiss imiş! İnsan
sanki yenidən doğulur. Qocalı-cavanlı qürur və
şərəfin nə olduğunu məhz həmin anlarda
duyursan! Eşq olsun, bu sevinci bizə bəxş edən əsgərlərimizə,
generallarımıza, Ali Baş Komandanımıza! Allah Şəhidlərimizə
rəhmət eləsin! Bu mənim düşüncələrimdir!
Görəsən, nənəm nə düşünür!
- Bala, mən
düşünürəm ki, 30 ildən sonra indi
yaşamağa dəyər! Allaha qurban olum, bizim
inamımızı ölməyə qoymadı.
İnşallah qurbanlarım var, yurda qayıdan kimi kəsdirəcəm!
- Nənə,
bir televizora bax, Zəngilan, Qubadlıda ermənilər bizim məscidlərdə
mal-heyvan, donuz saxlayırmışlar! Bay,
alcaqlar, heç Allah evini də mundarlamaq olar?
- Allah
onların bəlasını versin, köpək
uşağı. Qalib bala, bizlərdə bir məsəl var: -
"Donuz darıdan öz xoşu ilə çıxmaz
, ancaq dəyənəklə çıxar!". Qurban
olum Prezidentin yumruğuna, indi gör onların başın necə
əzəcək!
Qubadlı alınandan bir həftə sonra, qəfildən
bizə zəng gəldi. Anam diksindi! Həyat yoldaşı döyüş
meydanında olan qadınlar anamı anlayar! O, telefonu
açmağa ürək eləmirdi. Mən
mobil telefonun whatsapp səhifəsini açdım. Uzun fəsilədən sonra atamın səsini
eşitdim, üzünü gördüm. Onu hərbi
geyimdə çiynində silah görəndə həm
qürurlandım, həm də kövrəldim! Mənim
sevincimə hamı qarışdı. O, bir kənd evinin
həyətində idi. Üzündən
yorğunluq tökülürdü, amma gözü
gülürdü. Əlində bir
xalça tutmuşdu. Atam gülə-gülə:
- Nənəmə
deyinən kənddə evimizdəyəm.
Səsə qonşu otaqdan nənəm gəldi. Mən
telefonun kamerasını ona çevirdim.
- Nənə,
evimizdə gizlətdiyin xalçanı tapmışam,
görürsən "Güllü Gəbə"ni!
Nənəm
atamı öz həyətlərində əlində
xalça görəndə, - Allah, sənə
şükür deyib, qışqıraraq yıxıldı. Aləm qarışdı bir-birinə, atam zəng
edib sürpriz yapmağına peşman oldu. Yaxşı ki, qonşuda həkim
yaşayırdı. O, hay-küyə özün yetirdi. Bir ovuc həb və iynə nənəmi bizə
qaytardı. Bir azdan atam yenə zəng
etdi. Nənəm kameranın gözü ilə
"Güllü Gəbə"nin
sağına-soluna doyunca baxdıqdan sonra sakitləşdi.
- Rüstəm
bala, biz gələnə kimi gəbəni qoru!
- Narahat
olma, ay nənə, hərbi hissənin anbarına verəcəm,
saxlasınlar! Özünə bax, nənə, qələbədən
sonra səni gətirəcəm öz yurduna, biz hamımız
bura qayıdacağıq! İndi çox qorxuludu, erməniləri
təmizləmişik , ancaq hər tərəf
minalanıb. Bu Allahsızlar hər yeri dağıdıblar, qəbiristanlığı
yerlə-yeksan ediblər! İnşallah hər şey yoluna
düşər, hamı qayıdar öz yurd-yuvasına!
- Allah
sizi qorusun, ay bala! Ehtiyatlı olun, özünüzü
qoruyun!
Bundan sonra nənəmin gecə-gündüz sözü
söhbəti "Güllü Gəbə" oldu. Qonşu arvadı ilə
hananı necə qurmaları, ipliyin boyanmasından,
çeşni seçməsindən, arğacdan ilmənin
keçməsindən, daha bilmirəm nələr-nələr...
Bu gəbəyə sanki nənəm öz
gözəl xoş günlərini toxumuşdu. Elə
ona görə də ondan doya bilmirdi!
Hamının
cəbhə ilə nəfəs aldığı günlərin
birində, səhər tezdən nənəm
hamımızı süfrə başına toplayıb,
qarşısına qoyduğu su dolu ləyənə baxa-baxa,
- bismillah, - deyib başladı gecə gördüyü yuxunu
söyləməyə: - Allah xeyirliyə calasın! Bu gecə yuxuda gördüm ki, Həkəri
çayında çimirəm. Baban da kənardan mənə
baxır! Rəhmətliyin baxışı elə bil, cavan
vaxtlarının qılınc kimi kəsən
baxışı idi! Canıma üşütmə
düşdü, qorxub oyandım!
Mən
gülərək: - Nənə, sizin də gözəl
vaxtlarınız olub ha?
- Olub
bala, niyə olmayıb! İnşallah bundan sonra, sizin
üçün olar! Amma bu gün, nə isə böyük
bir xəbər olacaq!
Süfrə
ətrafında oturanlar bir ağızdan: - İnşallah,
xeyir xəbər olar!
Nənəmin
bu yuxu proqnozundan sonra, hamı həyəcanla xəbərin nigaranlığı ilə
yaşamağa başladı. Qarabağda şəhər
və kəndlərin bir-birinin ardınca ermənilərdən
təmizlənməsi küçə və meydanları təlatümə
getirmişdi.
Hamı bir ağızdan "Qarabağ Azərbaycandır"
kəlməsini elə hayqırırdılar ki, Azərbaycan
insanının səsi dünyaya yayılırdı. Dünyanın bir çox
ölkələrindən gələn informasiya agentliklərinin
nümayəndələrinin ikili standartlara söykənən
suallarını, Azərbaycan Prezidenti öz parlaq zəkası,
siyasi müdrikliyi, sərkərdə qətiyyəti, məntiqli
cavablar ilə dünyanı heyrətləndirməklə, elə
həmin jurnalistlərin özlərini ifşa edirdi. BBC-nin
müxbirini nənəm televizorda görəndə, - bu lap
ilbisə oxşuyur, ay bala, türk jurnalistinin Şuşa ilə
bağlı suallına Prezident deyəndə ki,
"Şuşasız bu işimiz yarımçıq
olardı" sözlərini nənəm eşidəndə,
sanki ətrafında heç kəs yoxmuş kimi
çığırdı: - Sənin Şuşa deyən
dilinə qurban olum!
Bir
sözlə, hamımız televizorun qarşısında
"Xəbərlər"dən xəbər gözləyirdik!
Nənəm dəstəmazını alıb, dualarını
edib, gəldi əyləşdi divanın küncündə! Nəhayət ki, ekranda Prezident öz yumruğu ilə
Zəfər - Qələbə xəbərini xalqa
çatdırdı. "Şuşa
bizimdi! Qarabağ Azərbaycandır!" - Kəlməsinin
sevinci evlərdən küçələrə
yayıldı. Nənəm göz yaşları
içində ayağa durub ekrandan yumruqlu Prezidenti
öpdü. Hamımız sevinc içində
qucaqlaşıb, qışqırıb göz yaşı
tökürdük.
Nənəm içəri otağa keçib, yataq
otağında yastığın altına qoyduğu
babamın buxara papağını qabarlı əlləri ilə
oxşaya-oxşaya gətirib mənim başıma qoydu. Papaq
böyük olduğu üçün başım onun
içində itdi. Amma başımda qəribə bir
istilik hiss etdim. Nənəm alnımdam öpdü, sonra
divardan asılmış sazı götürüb mənə
uzatdı: - Qalib, bunlar babanın yadigarıdı. Onları bu Zəfərdən sonra ancaq sənə
etibar edə bilərəm. İndi isə nənə
qurban, "Misri"ni çal!
Mən əvvəlcə tərəddüd etdim, ancaq nənəmin
gözlərindəki parıltını görüb ürəkləndim. Sazı
kökləyib mizrabı simlərə toxundurmuşdum ki, nənəm
qollarını qaldırıb ləngərləyə-ləngərləyə
balaca otaqda süzməyə başladı. Mənə
elə gəldi ki, nənəm kəndlərində evlərinin
həyətində toyda süzür! Evdəkilər
donub qalmışdı. Qəfildən nənəm
əlini ürəyinin ustünə qoyub həmişə
oturduğu divana çökdü. Sanki bir
ölüm mələyi nənəmin çiyninə
qonmuşdu. Ürək artıq
sözünə baxmırdı. Nənəm son nəfəsində
dedi: - Qalib, atana zəng elə məni aparıb kənddə
babanın yanında dəfn etsin! Kişinin
gözü yoldadı.
Biz
çox çətinliklə də olsa, nənəmin cənazəsini
işğaldan azad olmuş kəndimizə, onun öz evinə
gətirdik! Atam "Güllü Gəbə"ni həyətə sərdi. Bir vaxtlar nənəm
gəbəyə ilmə vura-vura, həvə ilə kirkidin
ritminə uyğun sevgi dolu bayatılar söyləmişdi:
İlmənin
sanı yoxdu
Ərişin
sonu yoxdu,
Məst
olarsan ətrindən
Çiçəkdi,
canı yoxdu!
İndi nənəm həmin gəbənin qoynunda əbədi
yuxuya getmişdi. Nənəm son mənzilə
"Güllü Gəbə"yə bükülü getdi.
Onu kənd qəbiristanlığında,
babamın yanında torpağa tapşırdıq. Yəqin,
nənəm nigaran ruhlara xəbər apardı ki, artıq
rahat uyuyun, torpaqlarımız özümüzdədi! Bir azdan
kənd camaatı sizləri ziyarətə gələcəklər!
Molla Yasin surəsini tamamlayıb, üzünü qəbiristanlıq
əhlinə tutaraq dedi:
- Erməni
cəlladlarına lənət, sizlərə rəhmət!
Ruhunuz şad olsun! Amin!
10.11.2020
Yaqub Əlioğlu
Ədəbiyyat qəzeti.- 2021.- 2
oktyabr.- S.28-29.