Sözün hekayəti

 

Hər kəsin sözə xoşu var,

Hər adam sözdən xoşlanır.

Hər sözün iki başı var,

Hekayət ordan başlanır.

 

Sözün tapmacası olur,

Gec qanan var, tez qanan var.

Sözün əkiz bacısı olur,

Sözü sözə qısqanan var.

 

Gedir birinə söz dəyir,

Biri göydə qapır sözü.

Söztapmaz gözünü döyür,

Çoxbilmiş tez tapır sözü.

 

Ha de, nadana yox xeyri,

anlasa, baş-ayaqdır.

Arxadan atılan əyri,

Üzə deyilən söz şaxdır.

 

Söz çeşməsi bulananda

Dolaşıq-bulaşıq gəlir.

Can yanğısı olan anda

Yaxşı sözdən işıq gəlir.

 

Tonqalda yanmayan adam

Bir kəlmə sözdən alışır.

Hər söz qaranlıqda bir şam,

Başında şair dolaşır.

 

Ağasəfa, söz uzatma,

Qalma alışa-alışa.

Sözün kölgəsində yatma,

Sözün işığında yaşa.

 

Varam, yoxam

 

Gördüm məni asacaqlar dilimdən,

Baş götürdüm, can qurtardım ölümdən,

Buraxmadım ətəyini əlimdən

Sığınanda Qız bürcünə dünyanın.

 

Min üzü var, həyat belə həyatdır,

Yoxuşları gah dəvədir, gah atdır,

Yorulanda, darılanda əl atdım

Yəhərinə, hürgücünə dünyanın.

 

Çox atların nallarını töküblər,

Döyüşüblər, becəriblər, əkiblər.

Babalarım, gördüm, sığal çəkiblər

Hər daşına, kərpicinə dünyanın.

 

Qarşıladım düşdüsə baxtıma,

Burayacan neçə əngəl yıxdım a,

El içində hər gün şərik çıxdım a

Ağrısına, sevincinə dünyanın.

 

Əmanətdir, qardaş bildim qələmi,

Qocalıq da ucalıqdır, eləmi?

Ucalıqdan yelləyirəm əlimi:

Salam olsun hər gəncinə dünyanın.

 

Qoy desinlər zəmanədən geriyəm,

Çəkilmişəm bir küncünə dünyanın.

Gələnlərdən, gedənlərdən biriyəm,

Varam?

            Yoxam?

                        vecinə dünyanın?

 

İçimdə bir uşaq

 

Qışın hər gecəsi bir uzun yoldu...

Bu qışdan çıxmağım möcüzə oldu,

Azarı-bezarı ötürdüm yola...

Gəlmişdi...

            Dil töküb, gətirdim yola,

Bir az Əzrayılla gəzdim qol-qola.

Nəfəsi bir azca üşütdü məni,

Sağ olsun, qırmadı, eşitdi məni.

Onun da haçansa bir dostu varmış,

O köhnə dostuna oxşatdı məni.

Saldım zarafata, qolboyun olduq,

Şirin zarafatlar yaşatdı məni...

 

Novruzda sıçrayıb çıxdım tələdən,

Utana-utana qaldı dörd divar.

Baxdım ki, uşaqlar tonqal qalayıb,

Atıldım üstündən...

            Gördüm hələ

İçimdə bir uşaq Ağasəfa var...

 

Qarlı bayatılar

 

Ay Ağa, qar daşına,

Qonubdur qar daşına.

Şəhid bacısı hər gün

Gül alır qardaşına.

 

Ay Ağa, qarışıqdır,

Yerlə Göy qarışıqdır.

Şəhidlər yatan yerdə

Qar nurdur, qar işıqdır.

 

Ay Ağa, Qara düşməz,

günü qara düşməz.

Dağlarla canbir olan

Ər oğul qara düşməz.

 

Ay oğul, qaraltına,

Möhtacam qaraltına.

Yanındayam, qəlbimi

Gömmüşəm qar altına.

 

Sehrlənmə

 

Şəhid məzarı gül-çiçək,

Məzar başında bir uşaq.

Sınan budaqda bir ləçək,

Kədər döşündə bir uşaq.

 

Verib şəkillə baş-başa,

Baxır, qəhərlənir uşaq.

Mehrlə əl çəkir daşa,

Dönür, sehrlənir uşaq.

 

Bir az genişlənir sinə,

Bir az genişlənir yaxa...

Sehrlidir... budur... uşaq...

Baxır yanında bayrağa,

Qəddini şax tutur uşaq...

 

Payız gəlməmiş...

 

Daha gec gəlir, tez gedir bahar,

Çardaq altında boşdur yuvalar.

 

Daha tez solur güllər, çiçəklər,

Tez yorğun düşür, susur böcəklər.

 

Günə gec baxır günəbaxanlar,

Nəğmə oxumur arxlar-axınlar.

 

Şaqraq bulaqdan göz yaşı qalıb,

Quruyan gölün qamışı qalıb.

 

Yamacda, döşdə lalələr tək-tük,

Bu bağrı yanıq, o boynu bükük.

 

Zəhər tuluğu qısır buludlar,

Yağış çiləmir, qusur buludlar.

 

Mamır bağlamır çaylaq daşları,

Kəndin içində su savaşları.

 

Payız gəlməmiş xəzandır, xəzan...

düşünürsən, ey müdrik insan?

 

Xəzandır yer üzündə

 

Xəzandır yer üzündə,

Çiçəklənmir bu dünya.

Pöhrələnmir, boy atmır,

Ləçəklənmir bu dünya.

 

Gün döyür, qaxac olur,

Sel aparır torpağı.

Tufanlar qabağında

Dünya - xəzəl yarpağı.

 

Dağı dumana həsrət,

Düzü yağmur gözləyir.

Çayı ümmana həsrət,

Buludun yerdən dönüb

Üzü... Yağmur... Gözləyir...

 

Fəsillər yer dəyişir,

Hər günü dəymədüşər.

Aya çox baxma, küsər,

Ulduza dəymə, düşər.

 

Günahkar kimdir?

                        Bəşər...

Günahkar kimdir?

                        İnsan...

Hər gün xəzandır...

                        Xəzan...

 

Bu yer, bu göy qatqarış,

Əldə oyuncaq olub.

Neçə el, neçə ölkə

Od saçan ocaq olub.

 

Vulkanlar püskürəndə

Başına kül ələnir.

Meşələr alovlanır,

Gülləri güllələnir.

 

Yaxası qan içində,

Ayağı qan, başı qan.

İnsan donunda gəzən

Quzğunların dişi qan.

 

Xəzandır yer üzündə,

Meyvəsi kal tökülür.

Hər tərəfdən talanır,

Hər tərəfdən sökülür.

 

Hara, hara aparır

Karvan bizi, İlahi,

Qatar bizi, İlahi?

Çıxılmazdan Sən çıxart,

Qurtar bizi, İlahi...

 

İlahi, vermisən,

İlahi, var, apar.

Götür bizi, xilas et,

Qoltuğuna vur, apar.

 

Həm əzilən, həm əzən

İnsandır yer üzündə...

Qırğındır yer üzündə...

Xəzandır yer üzündə...

 

Şəhərdəkilər kəndlidir

 

Şəhər bir vaxt kənd olub,

Şəhər kəndin balasıdır.

Mayası kəndlə yoğrulub,

Çox da ki şah qalasıdır.

Şəhər kəndin xilasıdır,

Şəhər kəndin bəlasıdır...

Şəhərdəkilər kəndlidir...

 

Başa şələ papaq qoymur,

Qılıqdan çıxmış kimidir.

Çətir tutur, eynək taxıb,

Bir az oxumuş kimidir.

Kirayəçi kənd qızları

Ana qanadı altından

Perik düşən quş kimidir.

Kövrək arxlar, dəli çaylar

Ümmana axmış kimidir...

Şəhərdəkilər kəndlidir...

 

Kənddə koması yıxılıb,

Yerdən üzülüb, göydədir,

Qalxıb, göydələnli olub.

Asılqanda bir sırıqlı...

Kənd evi qapısı bağlı...

Şəhər evi

Gələnli-gedənli olub...

Şəhərdəkilər kəndlidir...

 

Kəndin ocağında od var,

Qızıl közü şəhərdədir.

Kənd ömür-gün aynasıdır,

Görüntüsü şəhərdədir.

Tanrı kəndə veribsə,

Dadı-duzu şəhərdədir.

Kəndin gözü hey yol çəkir,

Oğlu-qızı şəhərdədir...

Şəhərdəkilər kəndlidir...

 

Fəhləsi, naziri kəndli,

Vəkili, vəziri kəndli,

Şairi, nasiri kəndli,

Yetimi-yesiri kəndli...

Bilinmir kimin kimi var...

Şəhərdə şəhərlimi var?

Şəhərdəkilər kəndlidir...

 

AĞASƏFA

 

Ədəbiyyat qəzeti.- 2021.- 2 oktyabr.- S.24.