Sonsuzdur Vətən sevgisi
Süleyman Rüstəm - 115
Zaman-zaman ədiblərimiz Vətənə çoxlu
şeir həsr edib, bununla da bir vətəndaş kimi öz
sevgilərini, borcunu vermişlər. Belə ədiblərin
sırasında qəlbinin dərinliyində odu sönməyən
məhəbbətinin, həyatının, varlığının
ünvanının Vətən olduğunu dilə gətirən
Xalq şairi Süleyman Rüstəm də vardır.
Vətəni
təkcə torpaq, hava, su kimi deyil, onu həm də azadlıq,
xoşbəxtlik, inqilab, eləcə də istiqbalı,
hürriyyəti nişan verən bir kitab kimi görən
şair hər zaman şeirlərinin qanad
çaldığı, sıravi əsgər kimi qoruduğu,
nəğmələrinin cana gəldiyi ana torpağa
heyranlığını misralarında iftixarla, sevinclə təsvir
edir:
Gözəlliklər
Vətənə gözəllərindən gəlir,
Dostluğun, qardaşlığın təməllərindən
gəlir.
Könüllərin
müqəddəs əməllərindən gəlir,
Qüdrət
görmək istəyən Azərbaycana gəlsin,
Millət görmək istəyən Azərbaycana gəlsin.
Vətənin
hər bucağını öz doğma evi bilən, Vətən
torpağını öpə-öpə vəcdə gələn,
ömrü boyu fərağını görməyə belə
təsəvvür edə bilməyən, bəxtini vətənin
varında görən, ilk və son yerinin ana qucağı
olduğu Vətənə sevgini belə ifadə edir:
İgid
oğulunla, qızınla öyün,
Sənə
qara əllər, uzansa bir gün
Qanımı
verərəm, səni vermərəm,
Canımı
verərəm, səni vermərəm!
Qələmi
ilə vətəninin mübariz, sayıq keşikçisi
olan, hər bir Vətən oğlunun daim onun dərdinin qeydinə
qalmasını təşviq edən şair yazırdı:
İzim
var yurdumun hər bucağında,
Ömrümün
ən gözəl, qaynar çağında,
Vətən
torpağında, Vətən bağında
Xəzansız çiçəklər bitirən oldum.
Özünün
can evində ən böyük nemətin, sərvətin məhz,
Vətən olduğunu car cəkən, gözəl ana Vətənimizin
ürək mahnısını dilində əzbər edən
ustad sənətkar Vətənə sonsuz məhəbbətini
belə izhar edir:
Ey vətən!
Torpağın əzizdir mənə,
Mən səndə tapmışam səadətimi.
Könüldən
mahnılar qoşmuşam sənə,
Çevirib
bayrağa məhəbbətimi...
...Şöhrətim
ey Vətən, şanım ey Vətən,
Sən mənim adımı ellərə yaydın.
Ürəyim
ey Vətən, canım ey Vətən,
Mən
şair olmazdım sən olmasaydın!
Vətən torpağını əlində
qələm yorulmadan seyrana çıxaraq, dağdan-dağa,
bağdan-bağa, eldən-elə dolaşan şair Vətəninə
heç bir zaman gərəksiz olmadığını, ilk və
son pənahının, dəyişməyən
qibləgahının məhz, ana Vətən olmasını
ürək çırpıntıları ilə qələmə
alırdı:
İlk pənahım,
son pənahım Vətəndir,
Səcdəgahım, qibləgahım Vətəndir.
Dəyişməyən
qərargahım Vətəndir,
Bilir Vətən,
bilir anam beləyəm,
El oğluyam, Süleymanam beləyəm.
Ömrünün
mənasını, ürək döyüntülərini, qəlb
sızlarını Vətənin torpağında,
daşında görən, həyat sinfoniyasının
çağlayan bulaqlarından, dağ şəlalələrindən
mayalandığını dönə-dönə vurğulayan
şair hər hansı bir hərəkəti ilə Vətən
qarşısında günahkar olduğunu hiss etdiyi təqdirdə
Vətəndən əfv diləyirdi:
Könlüm
gülə bilməz bilir aləm ki, Vətənsiz,
İstər
ona sən varlığı, dünyanı bağışla!
Ey
nazlı Vətən, mən sənə öz
könlümü verdim,
Qarşında
günahkarsa, Süleymanı bağışla!
"Bizim
nəsillərdə ta qəbrə qədər Vətənə,
millətə xəyanət ola bilməz"
- deyən şair Vətən yolunda ömür sürüb,
qurub-yaradan insanların heç bir zaman
unudulmadığını da şair qələmi ilə belə
qeyd edirdi:
Unudulmur məna dolu ömür sürüb ölənlər.
Könlü
həyat nəğmələrindən yoğrulan, şeirlərində
Vətənin gözəlliyini,
füsunkarlığını, müqəddəsliyini, bənzərsiz
ana beşiyi qədər doğma olduğunu sevgilə,
iftixarla, qürur hissi ilə ifadə edirdi:
Ey
nazlı Vətən! Yox elə bir şey həyatda,
Səndən
əziz olsun mənə, səndən gözəl olsun,
Təkrar
edəcəkdir bunu hər yerdə Süleyman,
Bir öylə gözəl yox ki, Vətəndən
gözəl olsun.
"Vətən adlı anamsız olmadım mən"
- deyib könüllər qapısının
açarının özünün Vətənə həsr
etdiyi şeirlərində, nəğmələrində
görən, xəzan bilməz bağban kimi bütün
varlığıyla Vətən torpağına bağlı
olan ədib Vətəni vəsf etməkdən doymurdu.
S.Rüstəm vətən övladına
ömürlük bəzək olan ülvi məhəbbətin
keşikçisi idi. Onun qəlbi həyatı ilə, bütün
varlığı ilə Vətənlə
döyünürdü...
S.Rüstəm öncə vətəndaş idi. Vətənini
böyük məhəbbətlə sevən, onu hər zaman tərənnüm
edən vətəndaş-şair. Bir vətəndaş-şair
kimi üzərinə düşən vəzifəsinin
ciddiliyini, məsuliyyətini dərk edirdi. O, daim Vətənin
qeyrətini çəkir, vətən sevgisini
aşılayırdı.
Şair həyat xəzinəsinin cəvahiratını qəlbində
çağlayan söz sərvətində, vətənə
olan sonsuz məhəbbətində görürdü. O, həmçinin
özünün həyat fəlsəfəsini aydın həqiqətdə,
Vətənə, millətə dərin məhəbbətdə,
haqda, ədalətdə, milli-dəyərlərə əbədi
hörmətdə, düşmənə nifrətdə,
hünərdə, rəşadətdə, hürriyyətdə
görürdü. O, qəhrəmanlar yetirən Vətən
torpağı ilə fəxr edirdi. Öz bəxt günəşini
məsləkində görən şair ürəyində
kök salan vətən xəritəsini şairanə vəsf
edirdi:
Könlümüzün
əbədi nəğməsisən, ey Vətən,
İmlamızın
müqəddəs kəlməsisən, ey Vətən!
Səni
yadlar önündə əyilən görmədilər,
Əzmindən
bir an geri çəkilən görmədilər.
Dizlərini döyüşdə bükülən
görmədilər.
Dünən
sonsuz əzaba sinə gərdin, ey Vətən,
Mənə səndən yazmağa qələm verdin, ey
Vətən.
Böyük həqiqətlərin carçısı
olan şair qəsbkar dövlətlərin, cəlladların pəncəsində
əzilən millətlərin bəxtindən, taleyindən
nigaranlıqla söz açaraq, bir azadlıq nəğməkarı
kimi ikiyə bölünən vətən
torpağının - Azərbaycanın dərdini qəlbində
gəzdirdi, silsilə şeir qalereyası yaratdı. Xəzər kimi
könlündə coşan arzuları ürək
ağrısı ilə şeirə köçürdü:
Tapdaq
altındadır Vətən torpağı
Hələ
sağalmayıb sinəmin dağı
Qardaş
həsrətilə hər bahar çağı
Yarası lalətək açılan mənəm.
S.Rüstəm
hər dəfə ikiyə bölünən Vətən sərhədində
Araz çayından cənubda qalan doğma torpaqlara yetimtək
boynu bükülü, məlul-məlul baxar, həsrət dolu
göz yaşlarını şeirə
köçürürdü:
Yenə qəlbimdə
çiçəkləndi yaram,
Dikmişəm gözlərimi dərdli Arazdan o taya.
Nə qədər
mən qoca dünyada varam,
Könlümün
dərdi bulaqtək axacaqdır çaya!
və
ya
Süleymanam,
dözümlüyəm firqətə,
Zaman gərək son versin bu həsrətə.
Ürəyim
bir xəritədir, xəritə,
Orda əziz vahid Vətən özü var.
Bəli,
sovet dönəmində ilk dəfə "Vahid Vətən",
"o taylı, bu taylı Vətən", "o sahil, bu
sahil", "Bakılı, Təbrizli şair" ifadələrini
ədəbiyyatda məhz Süleyman Rüstəm işlətmişdir.
S.Rüstəm vətən aşiqi, Vətən
vurğunu idi. O, Vətən yolunda hər an
qurban getməyə hazır olan şair idi:
Hər
şey satılsa da ürək satılmaz,
Əgər tapmasa da çörək satılmaz.
Könüldə
bəslənən dilək satılmaz,
Vətənim
öl desə, ölən şairəm!
Vətən
acısına, Vətənin hicranına təhəmmül edə
bilməyən şair ürəyinin dərinliyində kök
salan yaranın acısını bir an belə
unutmaq üçün hərdən Araz qırağına gələr,
dünyalar qədər sevdiyi vətən torpağını
göz yaşları ilə seyr edər, ürəyinin
yarasında çiçəklənən Vətən məhəbbətini
hiss edərdi:
Mən
Araz sahilinə hər gün gələrdimmi heç,
Həyatımda
bir kərə deyib gülərdimmi heç,
Səni
dünyalar qədər sevə bilərdimmi heç,
Vətəni sevməsəydim, vətəni sevməsəydim?
Cənublu
bacı-qardaşlarından nigaran gedən, Vətəninin,
millətinin alqışını qazanmış S.Rüstəm
ölümündən az bir müddət
sonra sərhədlərin açılmasını, o
taylı, bu taylı bacı-qardaşlarının bir-birinə
qovuşmasını çox təəssüf ki, görə
bilmədi. Amma böyük şairin bu misraları o gözəl
günlərin tezliklə baş verəcəyindən xəbər
verirdi:
Yaz, vəcdə
gəlib təntənəsindən vətənin, yaz,
Öz arzuna çatdın, a Süleyman, gözün
aydın.
Vətən
torpağının hər zərrəsini könlünə əziz,
doğma sayan, varlığının, eşqinin, ruhunun Azərbaycanda
olması ilə öyünən ustad sənətkar vətənin
dar günündə səngərə atılan, Vətən
məhəbbətilə sözü süngüyə verən
S.Rüstəm doğma Qarabağımıza uzanan əllərə
qarşı çıxırdı:
Sən mənim
doğru görən göz bəbəyimsən, Qarabağ!
Öz
canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ!
Yadigarsan
babalardan bizə, ey şanlı diyar,
Dostluğun - fəxr elə - bağlarında təməl
daşları var.
Yaşa qəlbində
məhəbbət, yaşa alnında vüqar,
Şuşası
şeirimizin çeşməsi dilbər Qarabağ!
Yürüsündə
hər ili əsrə bərabər
Qarabağ!
Torpağından yarandığı Vətəninin
özünü Günəş adlandıran, xəzan bilməz
sənətə bağlı olan əsl Vətən aşiqi,
vətəndaş şair Süleyman Rüstəm doğma Vətənini
-Azərbaycanı hürr, azad, bağımsız görmək
istəyirdi. Qarabağa uzanan qara əllərin kəsilməsini
arzulayırdı. Ustadın bu arzuları
da çin oldu. Bu gün Azərbaycan
müstəqildir, hürdür. Canından
çox sevdiyi milləti yüksək məclislər
başında əyləşir. Necə ki, zamanında
şair bu gözəl çağları uzaqgörənliklə
öz qələmilə çox gözəl ifadə
etmişdir:
Əcəb
ağ gündədir mənim Vətənim,
Günlər keçir bayram kimi, el gülür.
Rəngdən-rəngə
girir çölüm, çəmənim,
Aşığın
sazında gülür, tel gülür...
...Yaxın
gələ bilməz kədər, yas sənə,
Gülər ölkəmizin qızı, gəlini.
Gecə-gündüz
nəğmə söylər Kür, Araz,
Kim istəməz azad, xoşbəxt elini.
Dil azaddır,
El
azaddır,
Azad
sazlarla
Tel azaddır.
"Mən Vətənə borcluyam, Borcumu verəm gərək"
- deyib bütün ömrü boyu Vətənə sadiqliyi ilə
seçildi. Şeirlərində öz doğma Vətənini vəsf
etdi. Vətəninin gözəlliyi,
müqəddəsliyi, vətənə sonsuz məhəbbəti,
sevgisi şeirlərinin əsas leytmotivini təşkil edirdi.
O, ömrünün sonuna kimi Vətənin istiqlalı yolunda
vətəndaş-şair kimi mübarizə apardı, onun
adını ucalara qaldırdı. Böyük şair
Mikayıl Müşfiqin dediyi: "Vətənçin
yaşayan, vətənçin ölən, səmimi bir insan nə
bəxtiyardır" - fikirləri böyük ustad sənətkar,
Xalq şairi Süleyman Rüstəmə də şamil etmək
olar. Ruhu şad olsun, ustad sənətkarın!
Qafar Əsgərzadə
Ədəbiyyat qəzeti.- 2021.- 2 oktyabr.- S.22.