Kamal AbdullanınSirlərin sərgüzəşti

romanı rus dilində çap olunub.

 

Xalq yazıçısı Kamal AbdullanınSirlərin sərgüzəştiromanı rus dilində çap olunub. Yazıçının sayca dördüncü romanının tərcüməçisi Azər Mustafazadə, redaktoru və ön sözünün müəllifi Etimad Başkeçiddir.O, ön sözdə romanı belə xarakterizə edir:

Sirlərin sərgüzəşti”ni oxuyanda adama elə gəlir ki, ümumiləşdirilə bilməyən qəribə bir proses dünyaya hakimdir: klassik ümumiləşdirmə və təhlil metodları burada az işə yarayır. Buna baxmayaraq, müəyyən universal yanaşmalar var ki, onları diqqətə almamaq çətindir. Bunlardan birində deyilir ki, gözəl üslub müəllif əməyinin, çəkilən zəhmətin izlərini özündə saxlamamalıdır. Doğrudan da metaprozanın, demək olar, bütün elementlərini özündə ehtiva edən «Sirlərin sərgüzəşti» romanı elə bir ekzistensial təcrübənin ifadəsidir ki, oxucuda zərrə qədər də şübhə doğurmur. Bundan başqa, oxucu burada yaradıcı oyunun bilavasitə iştirakçısına çevrilir ki, bu da təsvir olunan bütün prosesin dinamikasına xüsusi anlam verir, onun spontan, canlı xarakterini üzə çıxarır. Burada hər bir personaj, oxucunun özü də daxil olmaqla, sonu sirrin xarakteri ilə müəyyənləşən hadisələr burulğanının içinə düşür. Burada bütün universumun əvəzolunmaz faktoru olan sirrdən söhbət gedir”.

Roman “Azərnəşr”də işıq üzü görüb.

Sirlərin sərgüzəştimüasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcılığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. “Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.

 

Ədəbiyyat qəzeti.- 2021.- 2 oktyabr.- S.19.