Varislər

 

“O kitabı atamın qırx mərasimində məzarı üstə apardım”

 

"Varislər"in bugünkü qonağı Azərbaycanın Xalq yazıçısı, ictimai xadim, unudulmaz ağsaqqal, yaradıcılığı ilə milli-mənəvi dəyərlərimizi yaşadan böyük şəxsiyyət, gözəl müəllim İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır.

 

Yazıçı... müəllim... şəxsiyyət...

 

1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində, müəllim Qəhrəman kişinin ailəsində dünyaya gəlmişdi. Qazax Pedaqoji Məktəbini bitirdikdən sonra bir müddət kənd məktəbində müəllim işləmiş, daha sonra Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdi. İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz, Krım, Belarusiya cəbhələrində döyüşmüşdü. Müharibədən sonrakı illərdə ən sevimli peşəsilə - müəllimliklə məşğul olmuş, bir müddət yenə kənd məktəbində dərs demiş, filologiya üzrə elmi iş müdafiə etdikdən sonra bir vaxtlar ali təhsil aldığı pedaqoji institutda baş müəllim, dosent kimi fəaliyyət göstərmişdi. İsmayıl Şıxlı milli azadlıq hərəkatında həmişə xalqının yanında olmuş, bir ağsaqqal, bir ziyalı kimi müstəqilliyimizin əldə edilməsinə, onun qorunmasına öz töhfəsini vermişdi. AYB-nin sədri, Milli Məclisin deputatı kimi də hər zaman böyüklüyünü, səmimiyyətini, milli kimliyini qoruyub saxlaya bilmişdi.

 

- Elçin bəy, ənənəmizə sadiq qalaq: kim olub Qəhrəman kişi? İsmayıl Şıxlı necə ailədə böyüyüb? Uşaqlığı necə keçib?

 

Cahandar ağanın nəvəsi

 

 - Babam Qəhrəman kişi Əsədulla bəy Şıxlinskinin oğludur. Amma imkanlı bəylərdən olmayıb. Əsədulla bəy çox hazırcavab adam kimi yadda qalıb. Atamın anası Mina xanım "Dəli Kür"dəki Cahandar ağanın qızıdır. Yəni Cahandar ağa atamın doğma babasıdır, amma təbii ki, romandakı Cahandar ağa həm də bədii obrazdır. Qəhrəman kişi rus dili müəllimi olub, Qori Müəllimlər Seminariyasını bitirib, müxtəlif vaxtlarda tərcüməçilik edib, amma ömrünün axırına qədər əsas işi rus dili müəllimliyi olub. Özümə də qəribə gəlir bəzən, bütün nəsil sürgün olunub, təqiblərə məruz qalıb, güllələnib, amma otuzuncu illərdə Qəhrəman Şıxlinskiyə Lenin ordeni veriblər. Maraqlı olan odur ki, İsmayıl Şıxlı rus dilini öyrənməmişdi. Rus dilini bilirdi, amma təmiz danışa bilmirdi, müharibədə bir əsgərin öyrənə biləcəyi qədər bilirdi. Atam bizi də Azərbaycan məktəbinə vermişdi. İndiki İstiqlaliyyət küçəsində, yazıçılar binasında yaşayırdıq, məhəllədə rus məktəbinə gedən barmaqla sayılan uşaq vardı. Atam həmişə deyirdi ki, əsərlərimi yazdığım dildə oxuya bilməyəcəksinizsə, kiminçün yazıram? Ümumiyyətlə, o həyətdə əksər yazıçıların dilə münasibəti beləydi. Qəhrəman kişi faciəli şəkildə, sonuncu dərs dediyi Koslar kəndində vəfat eləyib. Qışda sobanı qalayanda üstü od alıb, yanıb...

- Şıxlinskilər Azərbaycan tarixində xüsusi yeri olan nəsildir. Mümkünsə, bu barədə danışaq...    

 

Şıxlinskilər

 

 

 

- Əlbəttə, şıxlinskilər deyəndə ilk olaraq gözümüzün önündə general Əlağa Şıxlinskinin siması canlanır. Bu nəsil Azərbaycan ərazisinə XVI əsrin ortalarında gəlib. Ulu babamız Ağdolaq Məmməd ağa olub. Məmməd ağa -türkmən elindən Şəmkirə köçüb. İki oğlundan birinin  adı Alqazax, o birinin adı Şıxı olub. Şıxı şeyx olub. Sonra Şəmkirdən Qazaxa gəlib, Salahlı ətrafında məskunlaşıblar. Şıxı bizim qolun ulu babasıdır, Şıxlı kəndi onun adıyla bağlıdır. Alqazax isə Salahlıda binələnib. General Əliağa Şıxlinski birbaşa Alqazaxın törəmələrindəndir. Atamın dayısı - Cahandar ağanın böyük oğlu - Şəmiddin bəy repressiya illərində güllənib. Onun iki kiçik qardaşı - Qiyas bəy və Hasan ağa - həmin illərdə Türkiyəyə keçib. Bu gün Türkiyədə Alqazax soyadıyla böyük bir nəsil var. Deyilənlərə görə, 1943-cü ilə qədər Qiyas bəy vaxtaşırı sərhədi keçib Qazaxa gəlirmiş. Hər dəfə gələndə Sovet quruluşunun dağılacağını, tezliklə geri qayıdacaqlarını deyirmiş. Əlbəttə, quruluş dağıldı, amma bir az uzun çəkdi... Hətta Sovet hökuməti Atatürkdən onları tələb eləyib. Qiyas bəy Atatürklə görüşüb. Atatürk deyib ki, sizi təslim etməmək üçün mütləq vətəndaşlıq qəbul etməlisiniz.

 

 Atatürkün mülk bağışladığı adam

 

İqdırda Atatürk Qiyas bəyə mülk bağışlayıb. İndi Hasan ağayla Qiyas bəyin törəmələri demək olar bütün Türkiyə ərzisinə yayılıblar. Hasan ağanın oğlu Çingiz Alqazax Türk Hərbi Hava Qüvvələrinin albayı (polkovniki) olub. Atam altmışıncı illərdə sovet yazıçılarının tərkibində Türkiyəyə gedəndə qohumlarıyla görüşmək istəsə də baş tutmamışdı, çünki KQB ciddi nəzarət eləyirmiş onlara. Amma mən tapdım onları, görüşdük, tanış olduq. Sonra onlar da gəlib-gedirlər. Belə...    

- Var olun, ətraflı cavaba görə. İsmayıl müəllim Yazıçılar Birliyində mühüm vəzifələr tutdu. "Azərbaycan" jurnalının baş redaktoru, birinci katib, sonra da sədr...

- Atam ömrünün çox hissəsini müəllimlikdə keçirmişdi, Yazıçılar Birliyinə gələndə müəllimlikdən getməli oldu və ömrünün sonuna qədər buna görə təəssüf elədi. Bilirsiniz ki, 1968-ci ildə Yazıçılar Birliyinin katibi olub, öz ərizəsilə çıxıb. Sonra "Azərbaycan" jurnalının baş redaktoru olub, öz ərizəsilə çıxıb. Sonra Birliyin sədri olub, yenə ərizə yazıb çıxıb. Həmişə deyirdi ki, o işlərin heç birindən getməyimə heyifsilənmirəm, bircə müəllimlikdən getməyimdən başqa. O, AYB-nin sədrliyindən çıxanda evdə narazılıq elədik, dedik niyə çıxırsan? Dedi ki, siz mənim ölməyimi istəyirsiniz? Bu vəzifədən ötrü yaxın bildiyim adamlar elə hərəkətlər eləyir ki, hər şeydən iyrənirəm. Bununla da evdə bu barədə söhbət qapandı.

- Onun yaşıyla bağlı təzadlı fikirlər var. Deyəsən, yaşını artırmışdı...

 

Yaşını niyə dəyişmişdi...

 

- Hə, sənədlərdə 1919-cu il göstərilir, əslində, 1922-ci ildə anadan olub. Buna səbəb var. Kosalardakı yeddillik kənd məktəbini dörd ilə bitirib. Qazax Pedaqoji Məktəbinə daxil olmaq istəyəndə yaşı çatmayıb. Xatirələrində də yazıb bu barədə. Gecə girib kənd sovetinə, 1922-ci ili 1919-cu il eləyib. Təzədən sənədlərini verəndə imtahan komissiyasının sədri, səhv etmirəmsə, Mehdi Hüseynin atası Əli müəllim olub. Əli müəllim babam Qəhrəman kişini tanıyırmış, atamı da tanıyıb, sənədin saxta olduğunu da bilib, amma üz vurmayıb. Deyib, suallarıma hazırlıqsız cavab versən səni qəbul eləyərik. Atam cavab verib və qəbul olunub.

- Siz danışdıqca məndə sual yarandı. Şıxlar-Şeyxlər hansı təriqətin şeyxlərindən olublar? Sufi, səfəvi, nəqşibəndi... hansı?

- Yox, Səfəvilərə ümumiyyətlə dəxli yoxdur. Daha çox nəqşibəndi şeyxlərinə yaxınlıqları olub. Şıxı babamızın Şıxlıda ocağı olub. Sovetlər gələndə oranı da dağıdıblar. İndi hərdən məndən soruşurlar ki, Şıxlıda eviniz qalıb, deyirəm yox. Çünki babalarıma aid olan nə vardısa hamısını yerlə bir eləyib şura hökuməti. Qazaxa gedəndə əsasən Kosalarda - bibimgildə qalırdıq.

- İsmayıl Şıxlı İkinci Dünya müharibəsində Sovet Ordusunun əsgəri kimi iştirak edib, uzun döyüş yolu keçib. Oğlan uşaqları atanın medallarıyla, əsgər şəkilləriylə, müharibə xatirələrilə maraqlanır. Nə danışırdı müharibədən?

 

Müharibə - ölümün adiləşdiyi yer

 

- O, gündəlik tuturdu, xatirələrinin çoxunu yazıb. Bizə maraqlı gəlirdi, bəzən sual verirdik, ata faşist öldürmüsən? Həmişə qaçırdı bu suala cavab verməkdən. Deyirdi bilmirəm, gedirdik, biz də atırdıq, onlar da atırdı. Yəqin, bizə demək istəmirdi. Amma müharibədir, hər şey olur. Gündəliyində belə bir qeyd var, yazır ki, "...qış idi, bir neçə günlük gərgin döyüşdən sonra "irəli" əmri verildi. Demək olar, cəsədlərin üstüylə irəliləyirdik. Heç kəs buna əhəmiyyət vermirdi. İnsan həyatı müharibə dövründə hamı üçün adiləşmişdi". Amma gündəliyində başqa bir xatirə mənə qəribə gəlmişdi. Yazırdı ki, bir it cəsədi vardı, hamı dayanıb itə acıyırdı, göz yaşı tökürdü. Bu çox dəhşətli psixoloji məqamdır, insan həyatı heç nədir, amma insan dilsiz-ağızsız heyvanın ölümünə sarsılır.

Atam qatarla səyahət etməyi sevirdi. Demək olar, hər stansiyada enir, bir də qatar tərpənəndə minirdi. 1969-cu ildə Kerçə qatarla gedirdik. 12 yaşım olardı. Atam yenə qatardan endi, qatar Kerç boğazına qədər az qala addım-addım irəlilədi. O, xeyli qatarın yanıyla addımladı. Qayıdanda çox sarsılmışdı. Anam səbəbini soruşanda boğazdakı köhnə körpü dirəklərini göstərib dedi ki, onları müharibə vaxtı biz tikmişdik.

 

...an və son

 

Onun mənim üçün ən maraqlı müharibə xatirələrindən birini sizə danışım. Adətən mərmi bir dəfə düşdüyü yerə ikinci dəfə düşmür. Körpü qurduqları vaxt faşistlər oranı bombardman eləyiblər, hərə bir tərəfə atılıb, gizlənmək üçün. Mərmi düşən çalalardan birinə atılmaq istəyəndə, rus əsgər yoldaşı onu qoymayıb, deyib, bura bir adamlıqdır. Deyir heç 15-20 addım aralanmağa macal tapmamış, mərmi gəlib yenə həmin çalaya düşüb və onu yanına buraxmayan əsgər həlak olub. Ürəyində söyürmüş onu, düşünürmüş ona pislik eləyib, amma mərmi düşəndən sonra görüb ki, əslində, onun həyatını qurtarıb. Allah saxlayanda saxlayır. Amma müharibədə bir dəfə də yaralanmayıb. Deyirdi, müharibə vaxtı Allaha yalvarırdım ki, heç olmasa soyuqlayıb, bir-iki gün tibb məntəqəsində dincimi alım, heç nə olmadı, amma evə qayıdandan sonra üç ay sətəlcəmdən xəstə yatdım. Atam müharibə xatirələrini dostlarının təkidilə çap etdirdi, ictimailəşdirmək istəmirdi. Müharibədən 30 il sonra çıxdı ilk dəfə həmin kitab.

 

"Ölən dünyam"

 

- Yazıçı avtobioqrafiyasından çox uzağa gedə bilmir, demək olar, hər əsərində özündən bir şey olur orda. İstənilən obraz müəllifin içindən keçir, hər obrazda bir az müəllif özü də olur. Əlbəttə, "Dəli Kür" məşhur əsərdir, monumental əsərdir, amma mən "Ölən dünyam"ı oxuyanda dəhşətə gəldim. "Sovet quruluşuna niyə nifrət etmək lazımdır?"sualının cavabı orada insan talelərinin dililə çox ustalıqla verilib  və "Ölən dünyam" avtobioqrafik əsərdir...

- O romanın əsas qəhrəmanı Qönçə xanım "Dəli Kür"dəki Cahandar ağanın bacısı Mələyin prototipidir, yəni atamın doğma xalasıdır.

Atamın yazı prosesi fərqliydi. Məsələn, İsa əmi (İsa Muğanna) hər gecə yazırdı, amma atam aylarla, bəzən illərlə mövzunu beynində işləyirdi, hazılayırdı, hazır olandan sonra oturur, sürətlə yazıb bitirirdi. "Dəli Kür" isə təxminən on ilə yazılıb, sonrakı bir-neçə ildə çapı üstündə dava gedib. İcazə vermək istəməyiblər. Atam Qori Seminariyasının arxivində təxminən yarım il işləmişdi. Özünün maraqlı bir sözü vardı, deyirdi ki, görmədiyim, bilmədiyim şeylərdən heç vaxt yazmıram.

"Ölən dünyam"ın ilk iki fəslini öz əlilə yazdı, sonra azadlıq hərəkatı başladı, qayğıları, məsuliyyəti artdı, ağsaqqal kimi, ziyalı kimi dəvət edirdilər və heç birindən qalmırdı, deyirdi, fürsət düşüb, indi Azərbaycanın müstəqilliyindən vacib heç nə ola bilməz.

 

Dostların atdığı daşlar

 

Sonra şəkər xəstəliyindən gözləri, demək olar, görmədi. Yazmaq qabiliyyətində deyildi. Üstəlik, uzun müddət oturub yaza bilmirdi. O vaxt deputatlara silah verirdilər, əksəriyyəti götürmüşdü, atam isə imtina etmişdi. Yatağa düşəndən sonra silahı götürmədiyinə görə təəssüflənirdi, deyirdi, gərək götürəydim, indi vurardım özümü. Şəkər ona zülm verirdi, ayaqları tutulmuşdu. Bir tərəfdən də müəyyən yaxın bildiyi adamların xəyanətini gördü. Xətrini çox istədiyi bir tənqidçi "Sovetskaya kultura" qəzetində atamın əleyhinə yazı yazmışdı. Bilirsiniz, mənasız biri yazsaydı, vecinə almazdı, amma yaxın bildiyi adamın bu münasibətini həzm eləyə bilmirdi. Nəsə... "Ölən dünyam"dan danışaq. Arada fasilə yarandı, sonra anam dedi ki, mən sənə yazmağa kömək edərəm. Sonrakı fəsilləri atam diktə elədi, anam yazdı. "Ölən dünyam" elə yarandı, elə bitdi. Həmin romanın onda biri atamın, qalanı anamın əlyazmasıdır. Arada anam qardaşımla məni də qoşurdu işə, az da olsa, bizim də yazdığımız hissələr var.

- Əsər o qədər canlı yazılıb ki, bəzən mənə elə gəlirdi, İsmayıl müəllim özü də həmin o adamları Sibirə sürgünə aparan yük qatarının içində olub.

- Xalası sürgündən qayıtmışdı, qayıdandan sonra atama danışmışdı başlarına gələn əhvalatları, ona görə çox canlı alınıb. Atam cümlələri, fikirləri beynində qurub hazırlayır, bir-bir diktə eləyirdi, sonra yüngül redaktə elədik, mən, İnqitam Qasımzadə cüzi əl gəzdirdik, tərtəmiz əsər idi. O vaxt sürgünə göndərilən qohumların indi Qırğızıstanda, Qazaxıstanda oğul-uşaqları yaşayır. Gəlməyənlər çox oldu.

 

Son kitabın həsrəti

 

Martın 10-da romanı bir də oxutdu bizə. Ondan sonra dedi ki, indi rahat ölə bilərəm. İyulun 27-də dünyasını dəyişdi. Kitabı görə bilmədi. Başımız işə-gücə qarışmışdı, kimin ağlına gələrdi ki, vaxta az qalıb, deyirdik, darıxma, redaktə edib çap eləyəcəyik... Amma vaxt gəldi çatdı, sonra təəssüfləndik, kaş görəydi o kitabı. Həm də kağız problemi vardı, kitab bir az da buna görə gecikdi. O vaxt Sabir Rüstəmxanlı Mətbuat və informasiya naziri idi, o, kömək elədi kağız tapdıq. Qırx mərasimində kitabı apardım məzarı üstə.

- İsmayıl Şıxlı ədəbiyyata "Quşlar" şeirilə gəlmişdi. Sonradan arada yenə şeir yazırdı?

- Yox. Bəzən ona deyəndə ki, ədəbiyyata şeirlə gəlmisən, acığı tuturdu, deyirdi, çaşıb bir dəfə şeir yazmışam, sevinirdim ki, o vaxtkı "İnqilab və mədəniyyət" ("Ədəbiyyat qəzeti") qəzetində şeirim çap olunub, həm də kədərlənirdim ki, daha şeir yazmayacağam. Onun çap olunan ilk hekayəsi "Həkimin nağılı" adlanır. Atam yazıçı kimi ustadım Mehdi Hüseyn, filoloq kimi ustadım Əli Sultanlıdır deyirdi. Özü uzun illər pedaqoji institutda xarici ədəbiyyatdan dərs demişdi. Bildiyimiz kimi, o dövrdə xarici ədəbiyyat üzrə yazılmış elmi əsərlərin çoxunun müəllifi Əli Sultanlı idi. Pedaqoji institutda Xarici ədəbiyyat kafedrasını yaradan atam olmuşdu. Müharibədən sonra aspiranturaya girsə də namizədlik dissertasiyasının müdafiəsi doqquz il təxirə salınmışdı, buna görə davam eləmədi. Hətta mövzu seçəndə xarici ədəbiyyat üzrə götürüb, amma o dövrdə heç bir əlavə elmi ədəbiyyat olmadığından işi saxlayıb. Beləcə, üç dəfə mövzunu dəyişdiriblər, axırda Mehdi Hüseynin yaradıcılığında dayanıb. B.Vahabzadə də S.Vurğun yaradıcılığı üzrə namizdəlik işi götürüb.

 

Mir Cəfər Bağırovun xatırladığı soyad

 

Buna görə də başları ağrıyıb. M.Hüseyni, S.Vurğunu vuranda onları da incidiblər. Hətta bir gün B.Vahabzadə başılovlu gəlib ki, Mir Cəfər Bağırov plenumda ikimizin də adını çəkib. Deyib ki, "Yazıçılar İttifaqında yerlipərəstlik təbliğ olunur". Plenumdakı ağzıgöyçəklərdən kimsə qalxıb deyib ki, S.Vurğun B.Vahabzadəyə, M.Hüseyn də İsmayıl Şıxlinskiyə özü haqqında dissertasiya yazdırır. Şıxlinski eşidən kimi Bağırov deyib ki, mən bu soyadı xatırlayıram. Bağırovun vaxtında M.Hüseynin "Səhər" romanının çapına qadağa qoyulub. Bağırov gedəndən sonra artıq toz basmış dissertasiyanı müdafiə eləyə bilmişdi.

- "Dəli Kür" milli kino tariximizdə öz yeri olan filmlərdəndir. "Dolu" filminin premyerasına baxanda oradakı Drakon obrazını gördüm və ürəyimdə dedim ki, Cahandar ağadan sonra uzun illər keçdi və axır ki,  kinomuzda təzə bir yaxşı kişi obrazı yarandı. Cahandar ağa yaxşı kişi obrazıydı. İsmayıl Şıxlı filmdən razıydı?

- Yox, razı deyildi, çünki həm filmdən çox şeyi kəsmişdilər, həm də romandan çox şeyin filmə salınmasına imkan verməmişdilər. Düz yarım il filmin nümayişinə razı olmadı. Uzun illərdən sonra filmin tam hazır, amma kəsilmiş final hissəsini o vaxt filmin ikinci operatoru olmuş adamın evindən tapdılar. Təəssüf ki, həmin hissə hələ ki rəsmi olaraq finala əlavə olunmayıb. İndiki texnologiya ilə həmin hissəsini bərpa edib, filmə salmaq mümkündür. Təsəvvür edirsinizmi, finalda azərbaycanlı Cahandar ağa rus knyazını söydüyü üçün həmin hissə kəsilib çıxarılıb. İkinci operator onu kinostudiyadakı zibil qutusundan götürüb uzun illər evində saxlamışdı. İndi "YouTube"da həmin hissə var. Filmdə başqa bir son dərəcə qiymətli kadrlar var idi, onu da kəsiblər. Pristav Cahandar ayağa deyir ki, qoruğu bizə verməlisən, ağa da deyir ki, o, kəndin torpaqlarıdır, verə bilmərəm. Pristav deyir, onda puluyla alarıq. Ağa cavab verir ki, dədə-babalarımız oranı pulla almayıblar, biz də pulla sataq. Həmin yer də kəsilib.

 

Sapı özümüzdən olan baltalar

 

Özü də açığını deyim, canfəşanlıq eləyənlər, elə yerləri qabardanlar, mane olanlar ruslar, ermənilər deyildi, özümüzünkülər idi, atamın qələm yoldaşlarıydı. O qədər yazırdılar ki, bezirdi yazıq kişi. Sonradan yaxın dostlar var, başqa işlə əlaqədar MTN-in arxivlərində olanda təsadüfən həmin məktublara, donoslara rast gəlmişdilər, mən də bildim kimlərdi, eşidəndə heyrətə gəldim. Yəni sapı özümüzdən olan baltalar...

Əsərin türkcəyə tərcümə edilməsinə də imkan vermədilər. Burda deyirlər antirus əsərdir, Türkiyədə Çernyayevskiyə görə deyirdilər ruspərəst əsərdir. Amma Çernyayevski bizimçün "Ana dili" kitabını yazıb, kənd-kənd gəzib, uşaqlarımızın savadlı olmasına kömək edib.

- Məncə, rus Əhməd də kiminsə prototipidir.

- Prototip olaraq Səməd Seyidovun babasıdır, amma onun həyatı elə olmayıb. Məsələn, "Dəli Kür" filmində dərviş təkkəsindən epizod var, Cahandar ağanın bacısı Mələyi ora aparırlar. Həmin epizoda görə çox adam atamdan incimişdi, amma elə təkkələr olub o vaxtlar. Rejissor Hüseyn Seyidzadə bir az da qabarıq vermişdi o yeri.

 

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2021.- 2 oktyabr.- S.16-17.