Məhbus qadının məktubu

 

Salam, görmədiyim yaz,

Salam, körpə çiçəklər.

Görən neyləyir indi

Sevdiyim biçənəklər?

 

Salam, ay çöldəkilər,

Adamlar, otlar, nələr.

Təzə dost tapmışam mən -

Köhnəlmiş xatirələr...

 

...Burda, bu dar otaqda

Yada o hava düşür.

Günəşi görmək üstə

Hər səhər dava düşür.

 

Məktub yazıram sizə,

Sözüm yanır varaqda.

Baca da dardı, olmur

Göyü qucaqlamaq da.

 

Divar gəlir üstümə,

Əcəb işmiş, İlahi.

Divara kim yerimək

Öyrədibmiş, İlahi?!

 

Burda hamı özünü,

Qüssə ilə bəzəyir.

Burda bütün qadınlar

Bir-birinə bənzəyir.

 

Yaxşı ki, yanımızda

Hələ kağız, qələm var.

Gəlir nadzorun səsi, -

Yoxsa evdən gələn var?!

 

Burda azadlığı da,

Yaman baha satırlar.

Burda sanki saatı

Geriyə fırladırlar.

 

Ürək günahmı edib,

Sinəmizdən açmışıq?!

Bələdçimiz olmayıb,

Bu dünyada azmışıq...

 

Nimdaş tavan, nəm divar,

Adəmi atəş vurur.

Burda gün vurmur bizi,

Vuranda günəş vurur!

 

Qıyğacı baxır sevinc,

Sevir burda dərdi dərd.

Qızım, biz olmasaydıq

Acından ölərdi dərd.

 

...Yağışı görmürüksə,

Neynirik bu çətiri?

Yanımıza gələndə

Bir az bahar gətirin...

 

Ömür yanmış zəmi kimi...

 

Suçəkən kağız kimiyəm,

Gəzdirirəm can yerinə.

Günəş deyil, bəlkə qandı,

Yığılıbdı dan yerinə?!

 

Məni sevgi fəsli çəkir...

Allahın o qəsri çəkir.

...O kimdi eşq rəsmi çəkir,

Sinəmin kətan yerinə?!

 

Axır ki, ötdüm özümü,

Aynayla örtdüm üzümü.

Bir daşa sürtdüm üzümü,

Sürtdüm bir insan yerinə.

 

Ömür - yanmış zəmi kimi...

Su basmış zirzəmi kimi.

...O qız batan gəmi kimi,

Dönmədi liman yerinə...

 

Mən təkəmsə -

hamı yoxdu...

 

Əlim Allaha çatmadı -

Ha çıxdım düzün üstünə.

Sinəmdəki yaraları

Kim sərib duzun üstünə?

 

Mən təkəmsə - hamı yoxdu...

Dünya var e... damı yoxdu.

Bu dərdin adamı yoxdu -

Götür qoy gözün üstünə.

 

Səs deyil hər haray-həşir,

Hər adam - bir ümid nəşi.

Əl atıb tutaq günəşi,

Düşməsin tozun üstünə.

 

Yerdi əsən, yerli əsən?

Piyadaymış hər tələsən.

Qələm yorulub, deyəsən,

Yıxılıb sözün üstünə...

 

Qəfəs deyil, amma dardı,

Yer üzü damar-damardı.

...Bir ömür-bir qazan qardı,

Qoymuşuq közün üstünə...

 

İlahi, bir qadın

sevirdi məni...

 

Dünyanın üstünün daş-qaşıydı o,

Gözümdə gizlənər göz yaşıydı o.

Sevdiyim bir gülün adaşıydı o,

İlahi, bir qadın sevirdi məni.

 

Bəlkə, yağışların içində getdi?

Bəlkə, də bir durna köçündə getdi?

Getdi... Əllərinin ucunda getdi,

İlahi, bir qadın sevirdi məni.

 

Mən də bu dərdinəm, yadın deyiləm,

Dayanın, mən onun adın deyirəm...

Mən sizə ağzımda qadın deyirəm!

İlahi, bir qadın sevirdi məni.

 

Bəlkə, bu yazdığım varaqdan baxır?

Bəlkə, yandırdığım çıraqdan baxır?

Yanımda dayanıb, qıraqdan baxır,

İlahi, bir qadın sevirdi məni...

 

Axı, neynəyəydi bir naşıyla o?

Getdi kədər adlı sirdaşıyla o...

Qoydu imzasını göz yaşıyla o

İlahi, bir qadın sevirdi məni.

 

Sıxmışam sinəmə xatirəsini,

Yağışlar yadıma salır səsini.

İlahi, haçansa rastıma çıxsa,

Ona bağışlaram son nəfəsimi.

İlahi, bir qadın sevirdi məni...

 

Darıxan ağac kimi

 

Təkcə yarama dəymə,

Al apar bu əzanı.

Ayrı günah edənlər

Çəkir eyni cəzanı.

 

Yazmaq da tanrıdandı,

İlham istə, ya təb tap.

Ölməyə bir səbəb yox,

Yaşamağa səbəb tap.

 

Yer qaçır ayağımdan,

Mən yerimdə qalıram.

Əldən çıxan günlərin,

Qəzasını qılıram...

 

Əl atıb göy üzündən,

Dərirəm bu sözləri.

Qəmin də gözü aydın, -

Daha görmür gözlərim.

 

Söz də ovuda bilmir,

Bu taleyi, bu baxtı.

Çıxdın cüt şəklimizdən,

Yanımı boş buraxdın...

 

Dərdin də dərdi varmış,

Bəlkə ona əlacam?

Bu meşənin içində

Darıxan bir ağacam...

 

Bu ömür islanmış

kağızmış, demə

 

Hər gün ürəyimdən durnalar uçur,

Mənim də canımda payızmış, demə.

Məni bu dünyanın yadına salan

Çoxdan unutduğum o qızmış, demə.

 

Bu yol hara belə köçünü çəkir?

Ölüm də kəfənin ucunu çəkir...

Baxdım ki, bir söyüd içini çəkir -

O da mənim kimi yalqızmış, demə...

 

Udduğum havanın içində dadın,

Yanım, - bir isin, üşüyən qadın.

Çərpələng düzəltdim, o da uçmadı -

Bu ömür islanmış kağızmış, demə...

 

Oynayır

 

Dayanmışam öz yerimdə -

Ayağım iznən oynayır.

O dalğalar öz-özüynən,

Yoxsa dəniznən oynayır?

 

Ömür nədi? - bir səfərdi...

Yolları kəmər-kəmərdi.

O hava da bəxtəvərdi,

Bir gözəl qıznan oynayır.

 

Dözə bilsən, döz ömrünü,

Uzat bir az söz ömrünü...

Hamı çırpıb öz ömrünü, -

Oturub toznan oynayır.

 

O dərdə bax, dağ kimidi,

Ortada yansaq kimidi.

...Şair də uşaq kimidi,

Hər gecə söznən oynayır...

 

Sənə yağış dərirəm...

 

Sənə şeir yazıram,

Girib sözün içindən.

Sənə yağış dərirəm

Buludların ucundan...

 

Sənə saray tikirəm,

Ürəyimin başında.

Üzük yonuram sənə,

Çiçəklərin qaşından...

 

Bir yol üzünə baxıb,

Ayı da danmaq olar.

Səndən ömür düzəldib,

Min il yaşamaq olar.

 

...Sənə ocaq çatıram

Bir misranın ahından.

Sənə yağış dərirəm

Buludun budağından.

 

Hər gün görürəm səni

Güllərin nəfəsində.

Sənə nəğmə qoşuram

Axan çayın səsindən...

 

Sevgidən sonra

 

Gecdi...

Keçdi o günlər.

Çilik-çilik olmuş bir sevginin

Şüşə qırıntıları üzərində

Ayaqyalın gəzməkdi indi mənimki...

 

Götür apar gecəni

 

Şeh qonmuş bu çiçəklər

Elə bil doluxsunub.

Gecəni məst eləyib

Axan çayın ovsunu...

 

Dağılır Ay işığı,

Nə gərək var altuna?

Yer üzü bir çətirmiş,

Hamı girib altına...

 

Bu da yaşın əllisi,

Ömür yaman laxlayır.

Sənin yükün ağırdı -

Ver, dərdini saxlayım...

 

Susub danışırıqsa,

Neynirdik bu dilləri?

Meşə də bir şəhərdi,

Ağaclar - sakinləri.

 

Kimmiş onu gözləyən,

Ömür hara tələsir?

Bütün sevgi yelləri

Sizin küçədən əsir...

 

Heyif, keçmişdə qaldı,

Biz gözləyən gələcək.

Ağlama, göz yaşından

Yanağın diksinəcək.

 

Sevgi ayələrinin

Biri sevinc, üçü qəm.

Xatirə dəftərinə

Əl basıb, and içirəm...

 

...Başım dəydi bu dərdə,

Dəyməsə, daşı düşməz.

Ölüm də əl eləyir,

Getməsəm, yaxşı düşməz...

 

Yağış, gəl rəsmimi çək...

 

Hara qoyum bu qəmi? -

Əlim gəlmir atmağa.

Hansı yalanı seçim,

Özümü aldatmağa?

 

Ümidi şikəstlərin.

Ürəyi şikəstədi.

O Ay niyə solub ki,

Yoxsa o da xəstədi?!

 

Yağış, gəl rəsmimi çək,

Sonra yaz arxasını: -

Bir az gözlə, bağlayım

Dərdimin yaxasını...

 

...Ver əlini, nə olsun,

Qara qulam, İlahi?

Quruda üzsəm də mən,

Boğuluram, İlahi...

 

Səhra kimi yaşadım...

 

Gətirdiyin havadan

Bir dəfə udum, ölüm.

Sən baxınca ölmərəm -

Gözlərini yum, ölüm...

 

Belə qəmli oxuma, -

Qar yağacaq yuxuma...

Mən boyda bir toxuma

Olarsanmı şum, ölüm?!

 

Söz qaytardım şahlara,

Könül açdım ahlara.

Girdim bu günahlara -

Özümü yudum... ölüm.

 

Ölüm də bir həvəsdi,

Gətir elə qəfəsdi.

Hər arzu bir nəfəsdi,

Ölübsə arzum, ölüm.

 

Neynirəm bu boş adı?

Mən dərdimi boşadım...

...Səhra ömrü yaşadım, -

Qoy indi qum-qum ölüm...

 

Hər adam - bir damla

yağış suyudu...

 

Bizim həyatımız bir meşə imiş -

Hər gün ağac-ağac vurulur adam.

Bəlkə, dincəlməkdi ölüm, İlahi, -

Bəlkə, yaşamaqdan yorulur adam?

 

Bu bulud sevgilər yaşa çevrilir,

Dünən adam idi, quşa çevrilir...

Axırda bir parça daşa çevrilir -

Dünyaya gələndən yonulur adam...

 

Dərədə dincələn yoxuş suyudu...

Payızın payıdı, ya qış suyudu?

Hər adam bir damla yağış suyudu -

Torpağın altına sorulur adam...

 

Səni kim qoymuşdu

gülün bağrına?

 

Bağrından ah kimi qopdum anamın,

Ah kimi düşürəm yerin bağrına.

İlahi, canında yer saxlamısan -

Ruhumu göndərim Sənin bağrına?

 

Yol çəkmək özü də yol gözləməkdi...

Göz yaşı dən imiş... o göz ələkdi.

İlahi, sevgini nə gözəl əkdin,

O bəy ürəyinə, gəlin bağrına.

 

Dağımız o dağa tən idi axı,

Ayrılıq - arada çən idi axı...

Güllə bir açılan Sən idin axı, -

Sən necə girmişdin gülün bağrına?!

 

Qadın

 

Xoşbəxt olmağa haqqı olan

bütün qadınlara

 

Adını "qadın" qoydular,

Sanki azaltdılar səni.

Özün bir gül topasıykən,

Bir gülə satdılar səni...

 

Bu nə oyun, bu nə işdi?

Dünya üzünə irişdi.

Həqiqət harda itmişdi -

Nədən aldatdılar səni?

 

Bəlkə həyat da qarğışdı?

Bir qarğıdı, bir qamışdı.

O xoş günə az qalmışdı -

Kimlər yubatdılar səni?

 

Bəxtin yaman əsnəyirdi,

Dost deyildi... bəs nəyindi?

Göylər səni səsləyirdi,

Torpağa atdılar səni.

 

Adın hələ də uluydu!

Gördüm - gözlərin suluydu...

...Allah hələ yuxuluydu -

Niyə oyatdılar səni?!.

 

Səni aldatmağım gəlir

 

Bir laylanın dizi üstə

Baş qoyub yatmağım gəlir.

Dənizdə üzmək öyrənib,

Torpaqda batmağım gəlir.

 

Bu necə ovçudu axı -

Tətikdə əsir barmağı?

O quş mənə elə baxır,

Özümə atmağım gəlir...

 

Kim çəkdi bu yolu sağa?

Çəkir məni yol uzağa...

O üşüyən yalquzağa

Bir ocaq çatmağım gəlir.

 

Göz yaşların ləldi deyib,

Kədər də gözəldi deyib.

Bu dünya düzəldi deyib,

Səni aldatmağım gəlir...

 

Bir sevgi yıxılıb ürəyi üstə

 

Zərim tək qalıbsa, düşməz ki, qoşam,

Qanadı günəşdən əriyən quşam.

Mən cəmi bir nəğmə quraşdırmışam,

Deyirlər, ona da qazamat düşür.

 

Sürət qatarıydım... Sənə çatmağa

Bir azca qalmışdı, dirəndim dağa.

Yanımda sevinci neynirəm daha -

Şəklim bu dərd ilə nə babat düşüb!

 

Çökür bu adamlar çörəyi üstə...

O eşq üstədi, bu nəyi üstə?

...Bir sevgi yıxılıb ürəyi üstə,

Yanına əzilmiş iki ad düşüb...

 

Yaş oldum, gözündə görünüm deyə,

Daş oldum, bu eşqə hörülüm deyə...

O Ay işığına bürünüb deyə -

Bu daxma necə də gör abad düşüb?!.

 

Əlizadə Nuri

 

Ədəbiyyat qəzeti.- 2021.- 2 oktyabr.- S. 14-15.