Kinomuzda qadınlar

 

İşçi qadınlar

 

Beşinci yazı 

 

Azərbaycan kinosu qadını həyatın bütün sahələrində çalışqan, bacarıqlı, zəhmətkeş göstərməyə çalışırdı. Əmək, zəhmət Azərbaycan filmlərinin prioritet mövzusu idi. Sosrealizm cərəyanının tələbilə Azərbaycan qadını da quruculuq işlərində fəal iştirak edir, qadın əməyindən həyatın hər sahəsində istifadə olunurdu. O, artıq məişətin bir parçası deyildi, evdən, ailədən kənarda sosial-ictimai həyatın ən vacib üzvünə, işçi, fəhlə sinfinin aparıcı qüvvəsinə çevrilmişdi.

Kinomuzda azadlığa can atan qadınların sığınacaq yeri də məhz  fabriklər, zavodlar olurdu. Molla tərəfindən namusu ləkələnən, ərə getdiyi adam tərəfindən az qala öldürülən, təqib olunan Zeynəb  ("Bismillah"), həm əri, həm valideynləri tərəfindən küçəyə atılan Sevil ("Sevil"), əri və atası tərəfindən təqib olunan İsmət ("İsmət") zülm əlindən qaçıb fabrikə sığınmışdı.

İşini həyatının mənasına çevirən ilk obrazlardan biri "Almaz" (1936) filminin  baş qadın qəhrəmanıydı. Onun barəsində daha əvvəl də ətraflı danışmışdıq. Almaz öz işinə o qədər bağlıdır, öz mübarizəsinə o qədər inanır ki, kəndə çathaçatda qolçomaqlar tərəfindən öldürülən aqronomun  şərəfinə qoyulan plakatda oxuduqları, yolboyu faytonçunun dediyi sözlər, kənddə rastlaşdığı çətinliklər, üstünə atılan böhtanlar belə onu yolundan döndərə bilmir. Almaz fiziki işdən də qorxub çəkinən qız deyil. O, başına yığdığı qadınlarla birgə xalça toxumaq üçün artel açır, özü də orda alın təri tökür.

"Mavi dənizin sahilində" (1936) filminin qəhrəmanı gənc qadın Maşa  ən çətin şəraitdə Alyoşa və Yusiflə birgə balıq ovlayır. Onlar bir yerdə dənizdə balıq ovladıqları zaman dənizdə fırtına qopur, Maşa dalğaların arasında gözdən itir, sonra xoşbəxt təsadüf nəticəsində sağ tapılır.

"Görüş" (1955) filminin qəhrəmanları pambıq tarlalarında qəhrəmanlıqlar göstərən qadınlardır. Bu filmdə kənd içində avara-sərgərdan gəzib-dolaşan, çayxanalarda nərd oynayan kişilər tənqid hədəfi seçilir, gülüş obyektinə çevrilir və məsxərəyə qoyulur.

Ancaq filmdə qadının həm tarlada, həm evdə və məişətdə işlə yükləndiyinə də işarə var. Sahəyə yollanmağa hazırlaşan məşhur pambıq ustası qadını əri yoldan qaytarır:

- Bu nə plovdur? Yağ gətir! Plov bişirmək də bilmirsən!

- Bəyənmirdin, özün bişirəydin!

- Hə? Arvadın da işini mən görəndən sonra bəs arvad nəyə gərəkdir?

- Elə hara baxırsansa, arvad işidir. Tarlada da arvad, evdə də arvad!

Özbəkistan pambıqçılarının şərəfinə təşkil edilən gecədə çay-çörək işinə həmin deyingən kişi baxmalı olur. Onda qadın ərindən bu dialoqun qisasını alır.

Ancaq yuxarıdakı dialoqda bir acı həqiqət də gizlənirdi ki, Sovet qadını həddindən artıq işlə yüklənirdi. Filmin ideyası ilə razılaşıram: "Əmək insanı ucaldır və xoşbəxt edir"...

Ancaq çiyinlərimizin qaldıra biləcəyindən artıq əmək nəinki bizi xoşbəxt, hətta xəstə edər. Yadımdadır ki, anam iş yerindən məcburən pambıq yığımına aparılırdı. Al günün altında səhərdən axşama qədər pambıq toplayan, plan doldurmağa məcbur qalan anam günün sonunda epilepsiya keçirirdi. Anam pambığa aparılanda yolunu qorxuyla gözləyir, böyük həyəcan keçirərdim.

Sovet ideologiyası qadını həddindən artıq yükləyir, ondan  çox şey gözləyirdi. Qadın ailə qurubsa, ailə dəyərlərinə sadiqdirsə, təqdir olunurdu. O, həmçinin çoxuşaqlı, qəhrəman ana olmalıydı, bununla paralel olaraq, həm məişətdə, həm tarlada, həm də hər hansı peşədə çalışmalıydı. Müharibə başlayıbsa, döyüş meydanına atılmalı, kişilərlə çiyin-çiyinə vuruşmalıydı.

Qadınlar müxtəlif sahələrə cəlb edilirdi. Onlar tarlalarda traktorlar, kombaynlar sürür, tikintidə fəhlə, rəngsaz kimi çalışırdılar. Bütün bu filmlərin əsas ideyası əməyə sevgiyə çağırış idi.

"Qızmar günəş altında" (1957) filminin qadın qəhrəmanı Nərminə əməksevər, çalışqanlığı sevən, möhkəm və sağlam bədənli kənd qızıdır. O, kəndə işləməyə gələn gənc həkim Aydına vurulur. Öz mehribanlığı, səmimiyyəti, zəhmətkeşliyi ilə axır ki, Aydının ürəyini fəth etməyi bacarır. Film Həsən Seyidbəylinin "Kənd həkimi" adlı əsərinin əsasında çəkilmişdir. Ssenari müəllifi də Həsən Seyidbəylinin  özüdür. Həsən Seyidbəylinin kinoda bir-birinin ardınca yaratdığı parlaq qadın obrazlarından birincisi elə bu Nərminədir.

1963-cü ildə ekranlara çıxan "Böyük dayaq" filminin qəhrəmanı Maya şəhərdən kəndə gəlmiş şəhərli qızdır. Maya heç bir tərəddüd hissi keçirmədən sevib seçdiyi Qaraşa qoşulub kənddə yaşamağa gəlir, əri, qayınatasıyla birgə kolxozda işləməyə başlayır. Şəhər qızı Mayaya əvvəlcə şübhəylə yanaşırlar, Maya ilə qayınatası Rüstəm kişi arasında konfliktlər yaranır, ürəyiqara Rüstəm kişi bəzi məqamlarda  Mayanı qısqanır, hətta onun işdən ayrılmasını da istəyir. Maya kolxozda əliəyri adamlar tərəfindən iftiraya da uğrayır. Lakin dürüstlüyü, əzmi sayəsində Maya özünü hamıya sübut etməyi bacarır. Axırda Rüstəm kişi Maya ilə qürur duyur.

"Ulduz" (1963) filminin qəhrəmanı Ulduz da şəhərdə oxuyub gəlmiş müasir qızdır. Ona da müxtəlif əngəllər yaradılır. Özü də bütün bu zəhmətkeş qadınlara qarşı çirkin kampaniyaları həmişə cığal, paxıl kişilər aparır. Gülümsərov Ulduzun işinin öhdəsindən gələ bilmədiyi haqqında yuxarıya donos məktublar yazır. Ancaq axırda Ulduza məğlub olur. Yenilik köhnəliyə qalib gəlir.

"Əhməd haradadır" (1965) filminin qəhrəmanı Leyla həm dərslərini yaxşı oxuyan tələbə, həm də çalışqan qızdır. Əhmədgilin yataqxanadakı otağında gecələməli olan Leyla otağı tərtəmiz yığışdırır. Uşaqlıqdan tanıdığı Leyladan qaçan, onunla nişanlanmaqdan boyun qaçıran Əhməd Leylanın təmizkarlığını görəndə ona vurulur. Üstəlik, bu təmizkar qız həm də beş qiyməti alan tələbədir. Leyla da uşaqlıqdan tanıdığı Əhmədə qarşı əvvəlcə biganə olur, ancaq onun Bakıda Şərəf lövhəsində şəklini  görəndən, Əhmədin qabaqcıl, zəhmətkeş işçi olduğunu öyrənəndən sonra bir könüldən min könülə Əhmədə aşiq olur. Gənclərin sevgisinin təməlində nə gözəllik, nə var-dövlət, nə qohum-qonşuluq əlaqələri deyil, qəribə də olsa, əməksevərlik dayanır. Əməksevərsənsə seviləcəksən də, qabağa da gedəcəksən, xoşbəxt də olacaqsan. İşdir, əməkdən qaçacaqsansa, hər şey səndən uzaqlaşacaq. Bu gün də Azərbaycan tamaşaçısının sevə-sevə baxdığı filmlərin tamaşaçıya mesajı bu qədər sadədir.

Nəcibə Məlikovanın ustalıqla yaratdığı Nərgiz xala obrazı xüsusən diqqəti çəkir. Qabaqcıl kolxozçu olan Nərgiz xala hökmlü, sözükeçən qadın təsiri bağışlayır. Hətta əri Şirin kişi onun yanında olduqca fağır görünür. Ancaq iş ciddi mətləblərə gələndə, Nərgiz xala kişilərə güzəştə gedir, onlarsız qərar verməyi belə ağlından keçirmək istəmir, ciddi addımlarda mütləq onlarla hesablaşır. Qızı Ceyranı festivalda iştirak etmək üçün şəhərə gətirən Nərgiz xala təsadüfən gənclərin məşq elədiyi səhnəyə çıxır. Məlum olur ki, onun da gəncliyində çox gözəl səsi, yaxşı istedadı olubmuş, ancaq qəhrəmanın dediklərindən öyrənirik ki, Şirin kişi onun yolunu kəsmiş, səhnəyə ayaq açmağına mane olmuşdur. Nərgiz xalanın obrazı tipik azərbaycanlı qadın obrazına çox yaxındır. Yeri gələndə o, hökmlüdür də, həm uşaqlarına, həm ərinə, həm nəslin digər fərdlərinə sözünü keçirməyi bacarır. Ancaq tez-tez güzəştə də gedir. Lütfəli Abdullayevin yaratdığı, tamaşaçılar tərəfindən sevilən Zülümov obrazı Nərgiz xalanın haqqında görün nə deyir: "Kolxozçu da deputat kimi danışır!"... Bu cümlə bir tərəfdən əmək adamlarının cəmiyyətdə nüfuzunu göstərmək üçün hesablanmışdırsa, digər tərəfdən, Azərbaycan qadınının ötkəmliyini göstərmək üçün hesablanıb.

Deputat qədər sərt olan həmin o qadın qızına elçi düşən oğlana "Əhmədsiz bir söz deyə bilmərik!" - deyir. Bir bu cümlədən nələr çıxarmaq olar: ərin ailədəki nüfuzunun yerini evin oğlunun alması, ananın sevinclə oğlunu həmin o yerə hazırlaması, atanın da bunu fərəhlə qəbullanması... - bunlar hamısı tipik azərbaycanlı ailələrin xüsusiyyətləridir.

Haqqında danışdığımız bu filmlər günümüzdə yüksək məziyyətlərinə, yaxud yaxşı ssenarilərinə, rejissor üslublarına görə sevilmir. İnsanlar həm nostalji hisslərlə, həm də usta aktyorların həmin filmlərdə iştirakına görə onları dönə-dönə izləyirlər. Bu filmlərdə Ələsgər Ələkbərov, Məmmədrza Şeyxzamanov, Həsən Məmmədov ("Böyük dayaq"),   Leyla Bədirbəyli, Həsənağa Salayev, Münəvvər Kələntərli, Əliağa Ağayev, Barat Şəkinskaya ("Görüş"), Səyavuş Aslan, Töhfə Əzimova, Səyavuş Şəfiyev, Nəcibə Məlikova, Elxan Qasımov ("Əhməd haradadır"), Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov ("Ulduz") və başqa onlarca sevimli aktyorun yaratdıqları obrazları  təkrar-təkrar izləməkdən doymurlar.

 

Sevinc ELSEVƏR

 

Ədəbiyyat qəzeti.- 2021.- 2 oktyabr.- S.13.