Füzuli sevgisi
"Unudulmazlar"
silsiləsindən
Bəzi dostlarım, tanışlarım və məni
şəxsən tanımayanlar televiziya verilişlərində
(vaxtilə "Məclisi-üns"də) Füzulinin qəzəllərini
əzbər söyləyəndə, ya onun hansı beytinisə
bildiyim dərəcədə şərh eləyəndə elə
zənn edirlər ki, mən füzulişünasam. Mən
Füzulini şeirimizin allahı hesab edirəm, hər dəfə
poeziyadan, ya bir müasir şairimizdən bir yazı qələmə
alanda sanki Füzuli bir müəllim kimi durur
başımın üstündə, mən də o müasir
şairin şeirlərində "Füzulidən bir dad, bir
duz" axtarıram. Amma mən Füzuli
heyranı olsam da, füzulişünas deyiləm. Azərbaycanda böyük füzulişünaslar
olub: F.B.Köçərli, Həmid Araslı, Mir Cəlal,
Mirzəağa Quluzadə,
Əkrəm Cəfər, Əli Fəhmi, Fuad Qasımzadə,
Samət Əlizadə, Sabir Əliyev, Hacı Mail, Hacı
Ələmdar, indi də Gülşən Əliyeva Kəngərli,
Teymur Kərimli, Kamil Vəliyev, Lalə Əlizadə, Rafail
Hüseynov.
Mənim dahi Füzuli dünyasıyla ilk
tanışlığım hardan, nə zaman başlayıb?
Mənim Füzuliyə sevgim onu az da olsa duyduğum, dərk
etdiyim andan başladı, nə gizlədim, bu yolda
füzulişünas Sabir Əliyev (1936-2007) mənə müəllim
oldu. Sabir müəllimi tanıyana qədər həmişə fikirləşirdim
ki, görəsən, müasir dövrdə Əli Fəhmidən,
Əkrəm Cəfərdən sonra Azərbaycanda Füzuli
sözünü dərk edən
neçə söz xiridarı var? Daha bir-iki nəfərin
adını çəkə bilirdim, Universitetdə mənim
müəllimim olmuş Samət Əlizadənin və Hacı
Mailin. Amma Sabir müəllimlə şəxsi
tanışlıqdan və onun Füzuli ilə bağlı tədqiqatlarını
oxuyandan sonra təsəvvürüm
genişləndi. Bizim ilk tanışlığımız isə
belə başlandı: Yadımdadır ki, gözəl
şairimiz, hamımızın dostu Xəlil Rza yanında bir kişi "Azərbaycan"a gəlmişdi. Xəlil Rza o kişini redaksiya əməkdaşlarına
təqdim etdi, bu, professor Sabir Əliyevdir,
füzulişünas alim, Gəncə Universitetinin müəllimi.
Sonra üzünü
o zamankı baş redaktorumuz Əkrəm
Əylisliyə tutub dedi ki, mənim şeirlərimi qoyun bir
qırağa, onları götürüb gedə də bilərəm,
amma bu kişinin
yazısını çap eləyin. Mən tənqid
şöbəsinin müdiri kimi yazı ilə tanış
oldum. "Söhbətül-əsmar" niyə
Füzulinin deyildir?" məqaləsi sırf polemika üzərində
qurulmuşdu. Sabir müəllim sübut edirdi ki, "Söhbətül-əsmar"ın
Füzulinin əsəri kimi təhlil olunması
yanlışdır, bu əsər
Füzuli
külliyyatının toplandığı heç bir əlyazmada
müşahidə olunmamışdır, yalnız Əmin Abid
"Maarif və mədəniyyət" jurnalının
1926-cı il 12-ci nömrəsində belə bir poemanın
varlığı haqqında elm aləminə məlumat
vermişdir. Ən əsası isə odur ki, bir çox
türk alimləri də bu poemada Füzuli
yaradıcılığına xas olmayan sənət
qüsurları müşahidə etmişlər. Sabir Əliyev də bu mövqedən
çıxış edib əsərdə vəzn, qafiyə,
dil, ifadə, üslub və digər qüsurları nəzərə
çarpdırırdı. Əlbəttə, bu məqaləni
birbaşa jurnal səhifələrinə çıxarmaq
mümkün deyildi, ona görə də biz onu görkəmli
alim-mətnşünas
Əziz Mirəhmədova rəyə göndərdik.
Bir həftədən sonra Əziz müəllim rəyini
yox, bu yazıya cavab olaraq qələmə aldığı
"Söhbətül-əsmar Füzulinindir" məqaləsini
redaksiyaya gətirdi. Əziz müəllim də
tutarlı dəlillərlə sübut edirdi ki, Füzulinin bu
poeması heç kimin deyil, məhz Füzulinindir. Hər
iki məqalə "Azərbaycan" jurnalının 1987-ci il iyul nömrəsində
çap olundu. Təbii ki, bu mövzu əks-səda
doğurdu, Sabir müəllimə inananlar az
olmadı.
Bundan
sonra Sabir Əliyevin jurnalımızda Füzuli ilə
bağlı digər məqalələri işıq
üzü gördü ("Füzulinin Leylisi", "Füzulinin bir
sözü", "Bircə sözün xətası, yaxud
Füzulinin dedikləri və demədikləri" və s.).
Günlər, aylar, illər keçdi və mən Sabir
müəllimin dostu və "şagirdi" oldum.
O, hər dəfə Bakıya gələndə bir yerdə bulvar gəzintisinə
çıxır, oradakı çayxanaların birində
saatlarla oturub söhbət edərdik. Ən əsas
mövzumuz isə Füzulidən və klassik poeziyadan
olardı. Mənə Füzulinin istənilən
bir qəzəlini şərh edər, sonra da bircə-bircə
şairin beytlərini necə mənimsəmişəm dərsini
keçərdi. Sabir Əliyev Füzulini
bildiyi qədər Qazi Bürhanəddini, Nəsimini, Həbibini,
Xətaini, Seyid Əzim Şirvanini, Nəbatini, Zakiri, Sabiri də
gözəl bilirdi. Bir gün onunla bir
müsahibə apardım, o zaman "İlham" qəzeti
çıxırdı, orada dərc olundu bu müsahibə.
O müsahibədən bir-iki məqamı nəzərə
çarpdırmaq istəyirəm.
"1960-cı
ildən bəri - aspirant, elmi işçi, müəllim
olduğum bu illər ərzində Füzuli mənim
üçün bütün dünyada birinci şair olmuş
və belə də qalmaqdadır. Təsəvvür
edə bilmirəm ki, planetimizdə bir də ona bərabər
şair peyda olsun. Füzuli sözün əsl
mənasında alim-şairdir. O, şeirin alimi, elmin isə
şairidir. Füzulini duymamağın və bilməməyin
nəticəsidir ki, bu gün şair adı ilə yüzləri,
minləri at
oynadır, meydan sulayırlar. Belələri səslə
sözü qarışdırırlar. Füzuli səs
çıxarmayıb, söz çıxarıb bazara: mənalı,
musiqili, obrazlı söz! Füzulidə nəyisə
qurdalamaq, dəyişmək, artırmaq, azaltmaq, yaxud söz
sırasını pozmaq əsla mümkün deyil.
Füzulinin şeiri, əslində, şeir həddini
aşır: burada şeirin verməyə borclu
olmadığı komponentlər də ehtiva olunur: elm, obraz, bədii
fəndlərdən biri və bir neçəsi, çoxmənalılıq
və s. Nəzərə alınsın ki, söhbət tək
bircə beytlik mətn çərçivəsinə aiddir. Füzuli beytləri, bir qayda olaraq, iki qatdan - alt və
üst qatlardan ibarətdir. Bunları məxrəc-surət,
elm-obraz, özül-divar qoşalıqları ilə də
vermək olar. Bir misal:
Düşməzəm
könlünə, yəni olubam öylə zəif
Dərdi-eşqinlə ki, güzgüdə görünməz
əsərim.
Burada məşuqənin
aşiqə laqeydliyindən başqa, orta əsrlərin optik
anlayışı da əksini tapıb: olmayan şeylər
güzgüdə əks olunmaz".
Sabir
Əliyev bu müsahibədə bir az emosional şəkildə
söylədiklərini "Füzulinin poetikası",
"Füzuli", "Füzulinin ədəbi
estetikası" monoqrafiyalarında və onlarca məqaləsində
elmi ilə əks etdirmişdi.
Onun ən böyük arzusu Füzuli qəzəllərini
şərh eləməkdi. İllərlə
çalışdı-vuruşdu, nəhayət, 2004-cü ildə
"Adiloğlu" nəşriyyatı tərəfindən
"Füzuli qəzəllərinin şərhi" adlı
dördcildlik kitabı çapdan çıxdı. O,
dördcildliyin ilk nüsxələrini mənə də
göndərdi. Sabir Əliyevə qədər, istər
Türkiyədə, istərsə də Azərbaycanda Füzuli qəzəllərinin
şərhi ilə məşğul olan alimlər və füzulisevərlər
olub. Ancaq şəxsi və subyektiv fikrimdir: Sabir Əliyevin
şərhləri öz elmi səviyyəsi və
hamının başa düşəcəyi mənada
seçilir. Söhbətlərimizin birində mən Sabir
müəllimə belə bir sual vermişdim: "Heç
olubmu, Füzulini başa düşməyənlər, ya
başa düşməkdə çətinlik çəkənlər
içinə düşmüsünüz?".
Sabir müəllim dedi ki, belə hallar çox olub. Kim Füzulini hansı səviyyədə dərk
edirsə, onu qınamaq olmaz, yəni bildiyi odur və bundan irəli
gedə bilməz, amma belə düşünmək də zəiflik
əlamətidir. Füzulini az-çox dərk eləmək
üçün
bir az məlumatlı olmaq tələb edilir,
heç olmasa, dini elmi, astronomiyanı, fizikanı, kimyanı,
yer elmini mənimsəməlisən. Mənə Füzulinin
bir beytini misal gətirdi:
Bu qəmlər
ki, mənim vardır, bəirin başına qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər
əhli-əzab oynar.
Dedi ki,
Füzuli bu beytdə "Quran"ın bir ayəsindən
sitat gətirir: kafirlərin cəhənnəmdən
çıxması dəvənin kiçilib iynə ulduzundan
keçməsi şəraitində mümkün olacaqdır. Yəni kafirlər heç vaxt cəhənnəmdən
çıxa bilməyəcəklər. "Quran"ın
7-ci, Əl-ərat (sədd) surəsinin 40-cı ayəsində
deyilir: "Ayələrimizi yalan hesab edənlər, dəvə
kiçilib iynənin gözündən keçməyincə
Cənnətə girə bilməyəcəklər".
Füzulinin qəmləri o qədərdir ki, bunları dəvənin
başına qoysalar, dəvə iynə ulduzundan keçəcək qədər kiçilər və əhli-əzab
cəhənnəmdən xilas olar. Sabir Əliyevin Füzuli qəzəllərinin
şərhində müxtəlif variasiyalılıq nümayiş etdirməsi, bir yozumla
kifayətlənməyib, beyt tam qavranılsın deyə, onu
bütün aspektlərdən şərh eləmək bəlkə
də çoxlarına
uzunçuluq, hətta baş yormaqlıq təsiri
bağışlayırdı. Amma bu onu göstərir
ki, Sabir Əliyev Füzulini oxucuya bütöv və dolğun
çatdırmaq istəyirdi. Şərhləri oxuyanlar
bir şeyə əmin ola bilərlər
ki, Füzuli göründüyündən də dərindir. Mən
də bir misal gətirmək istəyirəm:
Ol pərivəş
kim, məlahət mülkünün
sultanıdır,
Hökm onun hökmüdür, fərman onun fərmanıdır.
Hər
hansı bir füzulisevər oxucu üçün bu beytin mənası
gün kimi aydındır: şair demək istəyir ki, o pərivəş
ki, bu gözəllik mülkünə sultanlıq edir, deməli,
sultan olan şəxsin də hökm və fərman verməyə
tam ixtiyarı var nə hökm versə, nə fərman
buyursa, öz əlindədir. (Füzulinin başqa bir beyti
yadıma düşür: Canə meylin var isə, hökm eylə,
təslim eyləyim, Şah sənsən, mən sənin bir bəndeyi-fərmaninəm).
Bəlkə Vaqif Yusifli kimi yüzlərlə
Füzuli heyranı beyti məhz o cür şərh edər.
Amma indi gəlin, Sabir Əliyevin şərhinə diqqət
yetirək: "Aşiq öz sevgilisinə pəri (pərivəş)
deyir, pəri olan kəs isə sehrkarlığı ilə
gözəllik ölkəsinə sultan da ola bilər. Hökm də, fərman da pərinin
ixtiyarındadır. Məşuqə pəri
kimi təsvir edildiyindən, o, insanlara hökm edə bilər,
pəri və cinni sözü bədii ədəbiyyatda
çox vaxt yanaşı işlənmişdir.
Füzulinin "Leyli və Məcnun" əsərində
Leyli İbn-Səlamı özündən uzaqlaşdırmaq
üçün məktəb günlərində məhz bir pəri (cinni) tərəfindən tilsimləndiyini
deyir. Cinniyə əsir olanlar isə onların cəngindən
xilas ola bilmir. Odur ki, hökm
də, fərman da həmişə onların əlində
olur".
Sabir Əliyev Gürcüstanın Qarayazı rayonunun
Qaraçalar kəndində, saz-söz mühitində
dünyaya gəlmişdi. Mən israr eləmirəm
ki, bu mühitdə yetişən, formalaşan adamlar
muğamı saz musiqisi kimi dərindən sevə bilməzlər.
Amma əksər qarayazılıların saatlarla oturub saz havalarına
necə heyranlıqla qulaq asdıqlarının şahidi
olmuşam. Sabir Əliyev isə muğamı
çox sevirdi, bəlkə bu sevgi də Füzulidən gəlirdi.
Onun Füzuli sənətilə bağlı tədqiqatlarında
Füzuli və muğam problemi ilə bağlı maraqlı
fikirlərlə qarşılaşdım. Hətta
bir məqaləsini də buna həsr etmişdi. O məqalədən
kiçicik bir misal:
"Mütrib,
müğənnim, sürud, qopuz, saz, tar, ud, dəf, kanun,
tanbur və s. musiqi terminlərinə Füzuli qəzəllərində
və digər əsərlərində tez-tez rast gəlirik.
Bir beytində Füzuli
musiqinin insan əhvalına dəyişdirici təsirini
belə göstərir, ey mütrib, nəğmələrinlə
Füzuli xəstəni ağlatma, ahı ilə
dünyanın altını üstünə çevirər.
Səhər
bülbüllər əfqanı deyil bihudə gülşəndə,
Füzuli naleyi-dilsuzuna ahəng tutmuşdar.
Hətta nəğməkar bülbüllər də
şairin vagirləri, zuyçularıdır".
Mən bu
yazıda Sabir Əliyevin klassikaya hədsiz vurğunluğunu
ifadə edən bir fikrini də oxuculara çatdırmaq istəyirəm:
"Klassika şairlər üçün həmişə
düzlənmə nöqtəsi, yaradıcılıq
meyarı, səfər qiblənüması
olduğu kimi, eyni dərəcədə həm də
amansız hakim və münsifdir. Nizamidən sonra
Nizaminin topuğundan aşağı dayanan əsərlə
yaşamaq olmaz. Füzulidən sonra onun təqlidini
çıxarmaqla ancaq gülünc vəziyyətə
düşmək olar. Sabiri sönük
şəkildə yamsılamaq və hətta ondan bir neçə
mərtəbə aşağıda dayanmaq şərəf
yox, rüsvayçılıq gətirər".
Sabir
müəllimin ölümü məni və dostlarını
sarsıtsa da, bir şeydən təsəlli tapırıq ki,
onun Füzuli sevgisi ölmədi, o sevgi bizə də
keçdi (hətta məni Füzuli xəstəsinə
çevirdi) Füzuli sözü kimi əbədi yaşayacaq
bu sevgi:
Lövhi-aləmdən yudum əşk ilə Məcnun adını,
Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm.
Vaqif
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 2
oktyabr.- S.7.