Səni gözləmək...

 

Səni gözləmək qiyaməti gözləmək kimidir.

Ya həyat verəcək,

Ya ömür alacaqsan.

Səni sevmək odla oynamaq kimidir.

Ya gəlib isidəcək,

Ya gəlməyib yandıracaqsan.

Sənə toxunmaq ilğıma toxunmaq kimidir.

Ya toxunmayıb öləcəm,

Ya sən toxunub yox olacaqsan.

Sənə yar olmaq bütün dünyanı

gözündə öldürmək kimidir.

Ya mən sənə yar olacam,

ya sən mənə yar olacaqsan...

 

And olsun

 

And olsun sübhün

dan yeri sökülən çağına

"O"nun

altı günün içində yaratdıqlarına

Min illər boyu

yaşatdıqlarına

and olsun səcdəyə

alın qoyulan torpaqlarına

Dodağımda sübh duamsan,

Tanrımla pıçıltımsan...

Sən...

 

Darıxdım...

 

Gözümdə böyüyən saatda

Əqrəbləri nəfəsimlə

sən gələn vaxta çəkirəm yenə.

vaxt gedir, sən gəlirsən,

insafa gəlirsən.

tapıram bir aram

sən...

Eehhh... Darıxıram...

Gözümü yolda qoymaqdan

usanmırsan, yorulmursan...

Kaş vaxtı qırıb-dağıdam

Əqrəbləri özüm sancam

Əqrəb kimi

Boynu bükülü qalsın

Mənim kimi

Mənim gücüm sənə çatmır,

Yazıq əqrəblərə çatır...

 

Susdum

 

"Səndən ötrü burnumun ucu göynədi" -

deyəcəkdim, demədim.

ölçüdə, həddə darıxmışam -

heç özüm bilmədim...

Susdum -

Ən doğrusu susmaq idi.

Dodaqlarımı,

Kirpiklərimi -

Bir-birinə möhkəm sıxdım -

Ağlamadım...

Danışmadım...

Sözümü , hissimi

Ən doğrusu udmaq idi...

 

Günəşi ovsunlamış kəsəm...

 

Günəşi ovsunlamış kəsəm!

Ey bəni-adəm...

De, fikirlərinlə nəsən?

Sənə yüz il bəsəm.

Bilirsən ki, möcüzəyəm.

Bir çıxış yolun varsa,

Əlbət, o da elə mən özüməm...

 

Səni sevirəm...

 

Səni sevirəm...

Minarədən buludlara qanadlanan azan haqqı...

Taleyimi yazan haqqı.

Bu dünyanın ədalətin

Ölçüb-biçən mizan haqqı.

Göy üzündə mələk varsa,

Yer üzündə fələk varsa

İki aləm arasında

O sərhədi cızan haqqı...

Səni sevirəm...

Minarədən buludlara qanadlanan azan haqqı...

 

Susarsan...

 

Birdən möhkəm darıxarsan

Gücün heç nəyə çatmaz.

Qışqırarsan,

Dəlidir deyərlər.

Ağlayarsan,

Kədərlidir deyərlər.

Susarsan,

Qərəzlidir deyərlər.

Anlamazlar...

Unudarsan,

Bax, bunu bacarmazsan,

Unutmarsan,

Udqunarsan...

Qoxusu, istisi yadına düşər

Susarsan

Susarsan

Susarsan...

 

Sən keçmiş kimisən...

 

Sən keçmiş kimisən

Əlçatmazsan, ünyetməzsən.

Bir az gələcək kimisən

Gəlib çıxa bilmirsən.

Gerçək ola bilmirsən.

Bir az yuxu kimisən

Oyanınca itirsən.

Mən ...

Mən ki, zamanlar arasında

Yersiz-göysüz boşluqda

məhv olub gedən kəsəm...

 

Bat sevgimin dərininə

 

Bat sevgimin dərininə

Gözüyumulu,

Üzüqoyulu!

Eşq qoxulu -

Sevdaya bat.

Qorxma,

Mən ki varam.

Əllərini mənə uzat,

Burulğana ruhunu at.

Buruq-buruq saçlarıma -

Dolan, mənə ruhunu sat...

 

Xanım AYDIN

 

Ədəbiyyat qəzeti.- 2021.- 2 oktyabr.- S.6.