"Nizami"nin ekran həlli

 

Azərbaycanın müsəlman Şərqinin övladı, dahi şairi Nizami Gəncəvi özünün yaradıcılığı ilə dünya ədəbiyyatda xüsusi yer tutur. Mütəfəkkir şairin 1981-ci ildə 840 illik yubileyi keçirilmiş, əsərləri ilk dəfə olaraq ana dilimizdə filoloji tərcümə ilə nəşr olunmuşdur. 1982-ci ildə bu münasibətlə yazıçı İsa Hüseynovun ssenarisi, rejissor Eldar Quliyevin rejissorluğu ilə "Nizami" filmi ekranlara çıxdı.

Film dahi şairin ömrünün ahıl çağında "İskəndərnamə" əsərini yazması ilə başlayır. Afaqın xəyalı ilə birgə olan Nizami (Müslüm Maqomayev) öz sənətində kamil insan axtarışını yekunlaşdırmaq niyyətindədir. Ekran əsəri həyatının sonuna yaxınlaşan şairin ömrünün əvvəlinə aparır. Film boyu Nizaminin həyatının müxtəlif dövrləri göstərilir. Lakin bu epizodlar bir-birilə  dramatik xətlərlə bağlanmır.

Şair Gəncənin qədim küçələrini gəzərək insanların arasına gəlir. Qara Qarayevin unudulmaz  bəstəsi fonunda Nizami ilk növbədə tamaşaçılara şeyx kimi göstərilir. Xalqın inanc faktorunu qabardan bu səhnələrdə yeni doğulmuş körpəsini bir ana Nizaminin nəfəsi dəysin deyə ona verir. O dövrki mənəvi-sosioloji gerçəklik filmin başlanğıc epizodunda tutarlı göstərilir. İşıq daşıyıcısı hesab edilən Nizaminin şam nurunda  namaz qılıb, sonra da sənəti ilə məşğul olması onu bir müsəlman Şərqinin mədəniyyətinə məxsus olan şair  kimi göstərir.  Yaşının ahıl müdriklik çağını yaşayan Nizami son əsəri "İskəndərnamə"ni yazarkən dünyasını dəyişmiş Afaqın xəyalı da onunla olur. Ümumiyyətlə, qadın faktorunun Nizami yaradıcılığına təsiri film boyu müşahidə olunur.

Bayaq bəhs etdiyimiz şeyxlik faktoru insanların həyatının xilasında da rol oynayır. Nizaminin öz müasirləri kimi təqdim edilən Zeyd Rəna bir-birlərini sevirlər.

Zeydlə Rənanı evində mühafizə edən Nizami onlara mənəvi cəhətdən kömək eləmək istəyir. Zeyd (Əhməd Salahov) insandakı kin-küdurətin dağılmasını istəyir. Nizami bu cür mənəvi problemlərin həllini etiqadın idrakda birləşməsində görür. Onun dərk olunmayan etiqadın qarşısında insan saxtakar, riyakar olur deməsi "Quran"ın "Maun" surəsinin ruhuna çox uyğun gəlir. Bu surədə namazı anlamadan qılanların qəflət içində olduqları belə ibadətin lənətləndiyinin mesajı verilir.

Atabəy hökmdarı Qızıl Arslan (Hacımurad Yegizarov) öz sarayında Azərbaycan, türk tarixindən hökmdarlarından yazılan bir ədəbiyyatın olmasını istəyir. Şair Müzəffəri (Həsənağa Turabov) isə Firdovsinin "Şahnamə"sinin cazibəsi altında olan şairdir. Hökmdarların tarixindən bundan sonra yazmağın çətinliyindən bəhs edir. Lakin Qızıl Arslan fikrindən dönmür, Nizamini belə əsər yazmaq üçün qədim Bərdə kitabxanasına yollayır.  Bu epizod tarixi gerçəkliklə üst-üstə düşür. Nizami "Xosrov Şirin" əsərində əhvalatın mənbəyini Bərdədə yaşayan yaşlı insanlardan aldığını qeyd etmişdir. Kitabxanada işləyən Mütəzzil (Vsevolod Yakut) Nizamiylə söhbəti zamanı Azərbaycan xalqının  uzun illər fars-ərəb istilası nəzarətində yaşadığını deyərək öz dilimizi unutduğumuzu söyləyir. Lakin bununla belə, yenilməz ruhumuzun olduğunu deyir, buna güvənərək Nizamiyə əsərlər yazmağı tövsiyə edir. M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami" kitabında da bunları qeyd edir ki, şairin əsərləri fars dilində yazılsa da daşıdığı hissiyyatın onun Azərbaycan duyğularından zövqə sahib olmasını göstərir.

Şairin Gəncədən getməsindən istifadə edən kütlə onun evinə hücum edir. Orada sığınmış Rənayla Zeydi bir-birindən ayırırlar. Rənanın ölümündən sonra Zeydin Nizamini ittiham etməsi şairin ideallarının məğlubiyyətini göstərir. Haqq-ədalətin yalan olduğunu deyən Zeyd Nizamini çətin duruma salır. Nizami özü Zeydin mənəvi tərbiyəsi ilə məşğul olub onu kamil insana çevirməyə çalışsa da, buna nail ola bilmir. Zeyd bundan sonra kamil insan yox, bir eşqdən dəli olmuş Məcnuna dönmüş olur.

Nizami bundan sonra öz hücrəsinə çəkilib baş verənləri müşahidə edir. Öz sevgisinə görə Rənanı qətlə yetirən atası Qazı (Muxtar Maniyev) özünün dəstəsi ilə namaz qılır. Onların arxasında Afaqın mələk kimi dayanması isə belə ibadətin riyadan ibarət olduğunu əks etdirir. Özünün çirkin əməllərini namazla örtməyə çalışanların əməlləri bununla sanki ifşa olunur.

Xaqaninin bu duruma düşməsinə səbəb Müzəffəri olur. Buna görə Nizami ondan inciyir. Dostları riyakar hesab edən şairin ev nizamı da pozulmuş olur. O, hirsindən evdəki əşyaları dağıdıb öz nizamını pozan zaman Dərbənddən Afaq (Həmidə Ömərova) gəlmiş olur. Kəniz kimi gətirilən Afaqı Nizami rədd etsə , onun çağırışı  Nizaminin Afaqı həyat yoldaşı kimi qəbul etməsinə səbəb olur. Nizaminin həyatında yaranmış qarşılıqlıq bununla aradan qalxmış olur.

Atabəy sarayında Nizaminin şöhrəti çox olsa da ona münasibət birmənalı olmur. Şair Əbu-Bəkr (Hamlet Xanızadə) Nizaminin Muhamməd peyğəmbərin vəsflərini xatırlatsa da ona irad bildirir. Peyğəmbərin meracının cismən olmasına inanan Əbu Bəkr özünün səthi anlayışını Nizamiyə qəbul etdirmək istəyir. Nizami isə yenə etiqadın biliklə birləşməsi nəticəsində həqiqi imanın doğula biləcəyini bəyan edir. Qəzalidən sonra fəlsəfənin üzərinə gedilməsi islam dünyasında fikrin inkişafının tənəzzülünə səbəb olmuşdur. Əbu Bəkrin Nizamiyə üzünü tutaraq dini qorumağın vacibliyindən başqa, elmlərin gərəkli olmadığını deməsi Qəzali sonrası hakim dayatmanın ifadəsi kimi görünür.

Ekran əsərində biz təkcə Nizamini bir filosof şair kimi yox, həm öz vətəninin gələcəyini düşünən insan kimi görürük. Müxtəlif tərəflərdən təhlükəyə məruz qalan Qızıl Arslan narahatlıq keçirir. Nizamiylə şahmat oyunu zamanı Şirvanşah Axistanın qasidlərinin Gəncədə  görünməyindən narahat olur. Bu zaman Nizaminin "Şirvan torpağı da Azərbaycanın olub, bir zamanlar fitnə-fəsadla bizdən ayırlıblar" deməsi bütöv vətənpərvərlik konsepsiyasını ortaya qoyur.

"Xosrov Şirin" əsərini tamamlaması münasibətilə hökmdar Nizamiyə Həmdünyan kəndini bəxşiş kimi verir. Bu kənd Nizami üçün bir mülk kimi yox, kiçikolsa ideal cəmiyyətin qurulması üçün şans ola biləcək məkan olur.  Lakin kənddə yaşayan iki əkiz qardaşın digərini qızıla görə öldürməsi şairin idealının üstündən bir daha xətt çəkdir. Bu epizod, həmçinin bizə Habil-Qabil əhvalatını xatırladır. Gerçəklikdə arzusu həyata keçməyən şairin xəyalı yenidən uzaq tarixə İskəndərin zamanına gedib çıxır. Hökmdar İskəndəri ideal dünyanın rəhbəri kimi yazmaq istəyir.

Zeydin xəyalı Nizamini heç bir zaman tərk etmir. Nizami çox sevdiyi Afaqı ilə birlikdə olan zaman da bu xəyal ondan əl çəkmir. Şairin çəkdiyi mənəvi əzab bununla əks olunur.

Dünyaya oğul övladının gəlməsini arzulayan Nizaminin bu arzusu çin olmuş olur. Lakin o, bu arzuya çatsa da Afaqı itirməli olur. Afaqın ölümü səhnəsi filmin ən təsirli epizodlarından biridir. O, həyat yoldaşından ayrılarkən özünü onunla çox xoşbəxt hiss etdiyini deyir. Bundan sonra Müslüm Maqomayevin ifasında unudulmaz "Sənsiz" romansı səslənir. Film boyu şeyx kimi obrazı parlayan Nizami bundan sonra dərvişanə bir həyat tərzi keçirməli olur. O öz xurcununu xalça toxuyan qızların yanında qoyaraq, Məcnun kimi çölə doğru gedir. Nizami obrazının bitkinliyi burada əksini tapmış olur.

Filmin rejissoru Eldar Quliyevə 1984-cü ildə  Sankt-Peterburqda Nizaminin humanistliyini ekranda təcəssüm etdirməsinə görə mükafat verilmişdir. Həmçinin ekran əsəri Özbəkistan Yazıçılar İttifaqının diplomu ilə təltif edilmişdir.

 

Ceyhun MİRZƏLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.48.