Nizami əsərlərinin rus tərcümələri

və rus nəşrləri ilə bağlı qeydlər  

 

XIX əsrdən başlayaraq Nizami Gəncəvinin əsərləri ingilis, alman və fransız dilləri ilə yanası, həm də rus dilinə tərcümə olunmuşdur. Belə ki, hələ 1831-1833-cü illərdə şairin "İskəndərnamə" poemasından bir parca "Böyük Aleksandrın Kefçaq (Qıpçaq) səhrasına gəlməsi" və "Yeddi gözəl" poemasından parça "Gözəl qəsr, yaxud rus knyazının qızının tarixçəsi" D.P.Oznobişin tərəfindən Moskvada çıxan "Teleskop" jurnalında çap olunmuşdur. Bundan sonra bu sahədə xeyli müddət hər hansı rus dilinə tərcümə, yaxud nəşr ortaya qoyulmamışdır.

1920-1930-cu illərdə rus mütərcimləri və tədqiqatçıları Nizami ilə bağlı yenidən bəzi məlumatlar vermişlər. Eyni zamanda qeyd etdiyimiz tarixi kəsimdə "Yeddi gözəl" poemasından bir novella da rus oxucularına təqdim edilmişdir. A.Y.Qruzinski adlı müəllif isə "Leyli və Məcnun" poemasından bir sıra nümunələri rus dilinə çevirmişdir. Ümumiyyətlə, rus mütərcimlərinin Nizami yaradıcılığına marağı həmin illərdən yetərincə böyük və ardıcıl olmuşdur. Burada Nizamini rus dilində səsləndirənlər sırasında Y.Bertels, A.Qloba, Y.Dunayevski və digərlərinin adları qeyd edilməlidir. Bundan başqa, bir qədər konkret olaraq göstərə bilərik ki, Q.V.Ptitsın "Sirlər xəzinəsi" və "Xosrov və Şirin", A.Korsun "Xosrov və Şirin", İ.Oratovski və İ.İvanov "Xosrov və Şirin" və "İskəndərnamə", T.Forş isə "Leyli və Məcnun" poemasının bir sıra parçalarını rus dilinə çevirmişlər. Adlarını çəkdiyimiz əsərlərdən rus dilinə tərcümə olunmuş nümunələr Azərbaycanda çıxan "Literaturnıy Azərbaydjan", Moskvadakı "Oktyabr", "Drujba narodov", "Zvezda" və başqa bu kimi nəşrlərdə təqdim edilmişdir. Eyni zamanda Nizami poemalarından birinin prozaik tərcüməsi S.Mstislavski tərəfindən uşaqlar üçün 1942-ci ildə həyata keçirilmişdir.

1939-cu ildə Nizami poemalarından yerinə yetirilmiş poetik tərcümələr K.Lipskerovun, S.Şervinskinin təqdimatında V.Luqovskoy və S.Vurğunun redaksiyası ilə nəşr olunmuş "Azərbaycan poeziyası antologiyası"nda işıq üzü görmüşdür. Burada "Leyli və Məcnun"dan kiçik bir parça P.Antokolskinin, "Gözəllərin yeddi rəsmi" ("Bəhram qırmızı çadıra necə girdi"), B.Lebedev, Y.Keyxauz, K.Simonov tərəfindən və "İskəndərnamə" poemasından ayrı-ayrı fraqmentlər, o cümlədən "Bərdə şəhərinin təsviri və İskəndərə Nüşabənin gözəlliyi ilə bağlı məlumat verilməsi" adlı parça rus dilində təqdim olunmuşdur.

1947-ci ildən başlayaraq Nizami irsinin ilk daha bütöv, tam nəşri ortaya çıxmağa başlayır. Böyük şairimizin poemalarının tərcümələrinə yenə də K.Lipskerov və S.Şervinski daha çox diqqət yetirirlər. "Sirlər xəzinəsi", "Xosrov və Şirin" və "İskəndərnamə"ni K.Lipskerov, "Leyli və Məcnun" poemasını P.Antokolski və T.Streşneva, "Yeddi gözəl"i V.Derjavin, "Sirlər xəzinəsi"ni M.Şaginyan, yenə də "Yeddi gözəl"i R.İvnev, "Leyli və Məcnun"u A.Starostin rus dilinə çevirmişlər.

Nizami poemalarının filoloji tərcümələri üzərində də az iş aparılmamışdır. Onun "Xəmsə"yə daxil edilmiş poemalarının rus dilinə çevrilməsində Y.Bertels və A.Arends "İskəndərnamə", "Xosrov və Şirin", Q.Əliyev və M.Osmanov "Lirika" hissəsini, R.Əliyev "Leyli və Məcnun", "Sirlər xəzinəsi" və "Yeddi gözəl"in tərcümə etdiklərini söyləmək vacibdir.

Bundan başqa, Nizami lirikasının poetik tərcümələrini M.Borisova, K.Lipskerov, M.Xatuntsev, A.Tarkovski, İ.Bruni, O.Romer, Vs.Rojdestvenski, N.Asanov, N.Pavloviç, S.Abramov, T.Spendiarova və başqa bu kimi tanınmış poetik məharət sahibləri həyata keçirmişlər.

Nizami yaradıcılığının rusdilli mühitdə təbliğındə və tədqiqində Moskva Şərqşünaslıq məktəbinin tanınmış nümayəndəsi Qəzənfər Yusif oğlu Əliyevin önəmli rolu olmuşdur. Q.Əliyev Y.Bertelsin yetirməsi idi. O, Y.Bertelsin rəhbərliyi altında "Nizami Gəncəvinin "Xosrov və Şirin" və Əmir Xosrov Dəhləvinin eyni adlı poemalarının müqayisəli təhlili" mövzusunda filologiya elmləri namizədi dissertasiyası hazırlayarkən, həm də Y.Bertelslə elmi maraqlardan başqa sıx dostluq münasibətlərində olmuşdur. Y.Bertels Q.Əliyevin dissertasiyasının müdafiəsini görməsə də, Q.Əliyev öz müəllimini gərəyincə dəyərləndirməklə "Y.E.Bertelsın biblioqrafiyası", "Y.E.Bertels və Nizami yaradıcılığının öyrənilməsi", "Y.E.Bertels türkmən ədəbiyyatının tədqiqatçısı" və s. bu kimi əsərləri ilə öz böyük müəlliminə ehtiramını ifadə etmişdir. Q.Əliyev eyni zamanda H.Araslı ilə birlikdə "İskəndərnamə" poemasının təkrar filoloji tərcüməsini ("Şərəfnamə" hissəsinin tərcüməçisi Y.E.Bertels, "İqbalnamə"nin tərcüməçisi A.K.Arends) hazırlayaraq 1983-cü ildə Bakıdakı "Elm" nəşriyyatında özünün ön sözü ilə çap etdirmişdir.

1985-ci ildə Q.Əliyev dostu M.Osmanovla birlikdə Nizaminin "Xosrov və Şirin" poemasının tərcüməsini farscadan rus dilinə izahlarla birlikdə yerinə yetirsə də, əsərin ikinci filoloji tərcüməsi Q.Əliyevin ölümündən sonra Bakıda nəşr olunmuşdur. Bu nəşrdəki ön sözdə Q.Əliyev "Xosrov və Şirin" poemasını Şərq ədəbiyyatında insanın daxili, mənəvi aləmini bütün zənginlikləri və şikəstlikləri ilə açmağa müvəffəq olmuş bir əsər adlandırmışdır.

"Leyli və Məcnun" poemasının ilk nümunəsi, yuxarıda qeyd etdiyimiz kimi, 1939-cu ildə "Azərbaycan poeziyası antologiyası" kitabında Moskvadakı "Xudojestvennaya literatura" nəşriyyatında təqdim olunmuşdur. Həmin nəşrdə P.Antokolski tərəfindən yalnız "Poemaya giriş" hissəsi verilmişdir. Lakin sonralar bu əsər tam şəkildə yeni nəşrlərdə yenə də P.Antokolski tərəfindən "Nizami. Şeirlər və poema" kitabında işıq üzü görmüşdür. Bundan sonra "Nizami Gəncəvi. Seçilmiş əsərləri" kitabında digər dörd poemalarla birlikdə "Leyli və Məcnun" T.Streşnevanın tərcüməsində təqdim olunmuşdur.

1991-ci ildə Nizaminin 850 illik yubileyi dövründə T.Streşnevanın bu tərcüməsi şairin əsərlərinin yeni nəşrində də yer almışdır. Bundan başqa, Nizaminin "Rübailəri" digər nəşrlərdə işıq üzü görməsi ilə yanaşı, həm də "Qədim Şərqin qapısı" kitabında verilmişdir ki, burada nəinki Nizami, həm də XI əsrdən üzü bəri yazıb-yaratmış, Xaqanidən tutmuş, Səməd Vurğuna kimi poetik söz sahiblərimizin əsərləri adını çəkdiyimiz T.Streşnevanın tərcüməsində ortaya qoyulmuşdur. Mütərcim T.Streşneva Azərbaycan şairlərinin əsərlərindən çevirdiyi "Qədim Şərqin qapısı" kitabını bizə 80-ci illərdə Moskvada onunla görüşüb, tərcümələrinin keyfiyyəti ilə bağlı maraqlanarkən hədiyyə etmişdir.

Bizə belə gəlir ki, Nizaminin rus dilində işıq üzü görmüş əsərlərinin daha bütöv nəşri də məhz böyük mütəfəkkirin 850 illik yubileyi ilə bağlı hazırlanmış, 1991-ci ildə çap olunmuş üçcildliyidir. Bu üçcildliyin birinci cildində Rüstəm Əliyevin "Nizami Gəncəvi" adlı müqəddiməsindən sonra (burada şairin keçdiyi həyat və yaradıcılıq yolu, ictimai-siyasi hadisələr, ölkələr, regionlar arasındakı ziddiyyətlər, saray dedi-qoduları, şairin sənət dünyası, etik-estetik, fəlsəfi-bədii ideyalarının mənbəyi, işğalçı müharibələrə Nizaminin verdiyi qiymət və s.) Nizaminin "lirika"sı ilə yanaşı, "Yeddi gözəl" və "Xosrov və Şirin" poemaları yer almışdır. "Lirika" bəhsində "Qəsidələr" (tərcümə M.Borisova), "Qəzəllər" (M.Borisova, K.Lipskerov, N.Xatuntsev, A.Tarlovski və Rojdestvenski), "Dördlüklər" (M.Borisova və N.Xatuntsev), "Yeddi gözəl" (K.Lipskerov və S.Şervinski), "Xosrov və Şirin" (K.Lipskerov) rusdilli oxuculara çatdırılmışdır. Qeyd etdiyimiz nəşrdə orta əsərlər dövründəki nəşrlər üçün səciyyəvi olan "İzah" və "Lüğət"də hər cildin sonunda verilmişdir. İkinci cilddə "Leyli və Məcnun" T.Streşnevanın, "Yeddi gözəl" V.Derjavinin çevirməsində ortaya qoyulmuşdur. Üçüncü cilddə isə yalnız monumental "İskəndərnamə" poeması K.Lipskerovun tərcüməsində yer almışdır.

Qeyd edək ki, biz 80-ci illərin əvvəllərində Səməd Vurğunun dram əsərlərinin rus tərcümələri ilə bağlı dissertasiya üzərində işləyərkən T.Streşneva ilə Moskvada S.Vurğunun "Fərhad və Şirin" poemasının tərcüməsi üzərində onun necə işlədiyi ilə maraqlandıqda T.Streşneva həmin vaxtlar Nizaminin "Leyli və Məcnun" poemasının tərcüməsi üzərində işləyirdi. Ovqatı çox qarışıq idi. Həmin görüş zamanı o bizə söylədi ki, hazırda mən "Leyli və Məcnun" poemasının o yerindəyəm ki, Leyli ölüm ayağındadır. Mən Məcnun kimi Leyliyə vurulmuşam. Leylinin ölümünü daxilən yaşayıram. Özümdə deyiləm. Hazırda Nizaminin obrazları ilə nəfəs alıram (T.V.Streşneva ilə 8 dekabr 1983-cü ildə apardığım şəxsi söhbətdən). Bunu ona görə yada salırıq ki, T.Streşneva həqiqətən də Nizaminin "Leyli və Məcnun" poemasının tərcüməsi üzərində həmin vaxtlar böyük məsuliyyətlə işləyirdi.

Bütün bunlara baxmayaraq, T.Streşnevanın Nizaminin "Leyli və Məcnun" poemasının tərcüməsini Rüstəm Əliyevin hazırladığı filoloji tərcümə ilə tutuşdurduqda burada kifayət qədər kənarlaşmaların şahidi oluruq. Belə ki, R.Əliyevin filoloji tərcüməsində Nizaminin "Leyli və Məcnun" poemasının orijinalındakı kimi 92 yarımbaşlıq olduğu halda T.Streşnevanın 1989-cu ildə yerinə yetirdiyi tərcüməsində orijinaldakı və filoloji tərcümədəki 57 yarımbaşlıq aradan çıxarılmış, yaxud digərləri ilə o qədər də uğurlu şəkildə birləşdirilməmişdir. Məlum olduğu kimi, Nizaminin əsərləri Şərq yazılı dastan və məsnəviləri üçün səciyyəvi olan kompozisiya-məzmun xüsusiyyətləri ilə seçilirdi. Daha doğrusu, Yusuf Balasaqunlunun "Kutadqu bilik", Ə.X.Dəhləvinin "Xəmsə"sinə daxil edilmiş poemalarında, Ə.Caminin "Yeddilik"ində, Ə.Nəvainin "Xəmsə"sində və digər əsərlərdə olduğu kimi, bu əsərlərin hamısında Allahın, peyğəmbərlərin, hökmdarların, müqəddəslərin şahların tərifindən, öyülməsindən sonra müəllif nəzərdə tutduğu mətləbə, təsvir və şərhlərə keçilirdi. T.Streşneva isə əsərin Allahla, Uca Yaradanla, Peyğəmbərlərlə, möminlərlə, şahlarla və başqa bu kimi müqəddəslərlə bağlı yerlərini tərcümə mətninə daxil etməmişdir. (Bax: Nizami Qəndjevi. İzbrannoe. Baku, "Azqosizdat", 1989, s.264-370). Bundan iki il sonrakı nəşrdə isə T.Streşneva hər şeyi yenidən filoloji tərcümədə və orijinalda - 92 yarımbaşlıqlarda olduğu kimi yerinə qaytarmışdır. Və bununla da əsərin  kompozisiya-məzmun keyfiyyətləri yenidən bərpa edilmişdir. (Bax: Nizami Qəndjevi. Sobr. soç. B 3-x t., t. 2. Baku, "Azerneşr", 1991, s.7-300). Nizami əsərlərinin rus dilində 1989-cu il nəşrindəki mütərcim volyuntarizmini biz əsasən Sovetlər cəmiyyətində kəskin şəkildə dayanmış ideoloji konyunkturlarla bağlayırıq. Düzdür, 1989-cu ildə Sovet İttifaqının dayaqları xeyli dərəcədə laxlamaqdaydı. Lakin biz tərcümənin nəşriyyata təqdim olunmasını, yəqin ki, müstəqillik və suverenlik dövrünə qədər olduğunu düşünməkdəyik.

Məlum olduğu kimi, Sovetlər dövründə biz ateistlər cəmiyyətində yaşayırdıq və həmin mərhələdə Allah, peyğəmbər, müqəddəslər, şeyxlər, imamlar, övliyalar, din xadimləri və b. adlarının çəkilməsi hakimiyyətin siyasi və ideoloji maraqlarına və tələblərinə cavab vermirdi. Bununla belə, cəmiyyətin estetik tələbləri isə daha çox yenilənməyə meyilli idi.

Nizami əsərlərinin rus nəşrləri bir sıra çatışmazlıqlara baxmayaraq, davam etməkdəydi. 2009-cu ildə "Azərbaycan poeziyası antologiyası" yenidən üç cilddə Xalq yazıçısı Anarın redaktorluğu və müqəddiməsi ilə işıq üzü gördü. Bu nəşrdə digər klassiklərimizlə yanaşı, Nizaminin "Sirlər xəzinəsi" ("Ənişirəvan və onun vəziri haqqında hekayət"), "Xosrov və Şirin" poemasından ("Xosrovun ova getməsi"), "Leyli və Məcnun"dan ("Leyli və Qeys bir-birinə necə vuruldular"), "Yeddi gözəl" poemasından ("Bəhram haqqında hekayətin başlanğıcı") və "İskəndərnamə"dən ("İskəndərin doğulması ilə bağlı hekayətin başlanğıcı və doğrunun izahı") kimi fraqmentlər K.Lipskerovun, T.Streşnevanın və V.Derjavinin tərcümələrində rusdilli oxucuların ixtiyarına verilmişdir. Bundan başqa, bu nəşrdə şairin üç qəzəli K.Lipskerov və İ.Bruninin tərcüməsində rus oxucularına təqdim olunmuşdur.

Nizaminin əsərlərinin rus tərcümələrini öyrənərkən biz sistemli və ardıcıl konsepsiya yaratmağı çalışmaqla onu da müəyyənləşdirdik ki, bu tərcümələr 30-cu illərdən başlayaraq fraqmentar xarakter daşısa da, həm də sifarişlə yerinə yetirilmişdir. Lakin bu əsərlərin mütərcimləri maraqlandırdığını və müstəqil olaraq edildiyini də diqqətdən kənarda qoymaq olmaz. Bu rus tərcümələri oxucuları böyük Nizaminin yaradıcılığı ilə xeyli dərəcədə tanış etsə də, həyata keçirilmiş tərcümələrdə yetərincə çatışmazlıqların olduğunu da qeyd etməliyik. Təhlillərini apardığımız bu tərcümələrdən gələn qənaətlərimiz ondan ibarətdir ki, Nizami kimi əzəmətli təfəkkür sahibini belə şəkildə rusdilli oxucuya təqdim etmək bizim Nizami poetik irsinə olan dəyəri nəzərəçarpacaq dərəcədə aşağı saldığı görünməkdədir. Buna görə də bu sahədə vəziyyətin nizama salınmasında Azərbaycan ədəbiyyatı tarixçilərinin və ədəbiyyatşünaslarının boynuna böyük məsuliyyət düşür. Odur ki, Nizami əsərlərinin yeni rus tərcümələri bu gün də öz mütərcimlərini gözləməkdədir.

 

Nizami TAĞISOY

 

Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.46.