Nizaminin türk ruhu
Təkcə Azərbaycan ədəbiyyatının deyil, həm də ümumtürk mədəniyyətinin ən böyük simalarından olan Nizami Gəncəvinin möhtəşəm yaradıcılığı mənsub olduğu xalqın dünyagörüşünü, bədii yaradıcılıq potensialını və mənəvi varlığını ifadə etmək baxımından böyük dəyərə malikdir.
Nizaminin əsərlərinin
mövzu seçimi və fars dilində
yazmasının səbəbləri barədə mütəxəssislər
dəfələrlə izahat verib məsələyə tam
aydınlıq gətirdikləri üçün yenidən bu
mövzuya qayıtmağa ehtiyac duymuruq. Bircə
onu vurğulamaq istərdik ki, Nizami poeziyasının cismi -
dili, mətni farsca olsa da, ruhu - məramı, ideyası
türkcədir.
Bizim klassik ədəbiyyatımızda, hətta türkcə
yazan şairlərimizin heç birində türklük
ideologiyası Nizamidəki qədər ardıcıl və
prinsipial xarakter daşımır. Nizami farsca yazsa da, ana
dilinə dərindən bələd olduğu və
böyük sevgi bəslədiyi
yaradıcılığından aydın görünür.
Onun əsərlərində türk söz və
ifadələri həm sayca, həm də işlənmə məqamlarına
görə xüsusi əhəmiyyət daşıyır.
Nizamidə ozan, muncuq, gərdək, alaçıq, bayraq, bilək,
doğru, dovğa, çox, çavuş, çirkin, dağ,
qırmızı, uşaq, qarınca, hancarı ("necə"
mənasında Gəncə şivəsində bu gün də
işlənir), yerəl ("lider" mənasında) və
s. kimi türk sözləri ilə yanaşı, fars söz
köklərinə türk şəkilçisi artırmaqla
düzələn miyançı ("vasitəçi"),
xacətaş (bir ağanın rəiyyətləri) sözləri
də işlənir. Bu son nümunələr
böyük şairin ana dilinin yalnız leksikasına deyil,
qrammatikasına da yaxşı bələd olduğunu sübut
edir. Sələfləri Qətran və Xaqani kimi Nizami də
Azərbaycan atalar sözləri və məsəllərini
fars dilinə tərcümə edərək əsərlərində
işlədir: "Qurd quzuyla otlayır", "Doşab
almışam, bal çıxıb", "Əyri oturaq,
düz danışaq", "Kələklə gələn
küləklə gedər", "Heç kəs öz
ayranına turş deməz", "Ot kökü üstə
bitər", "İsinmədim istisinə, kor oldum tüstüsünə",
"Pişik balasını istədiyindən yeyər",
"Özgəyə quyu qazan özü düşər",
"Beş barmağın beşi də bir deyil" və s.
Nizamiyə qədər bu deyimlərin fars dilində
qarşılığı yox idi. Başqa sözlə, etnik mənsubiyyətinə
görə fars olan farsdilli şairlərin
heç birində bu tipli ifadələr işlənməyib.
Nizaminin türklüyə bağlılığı təkcə
dil məsələsində deyil, şairin
yaradıcılığının məzmun və ideya istiqamətlərində,
onun dünyagörüşü və düşüncə tərzində
də çox qabarıq və aydın şəkildə
görünür. Səbəbsiz deyil ki, şairin həyatı və sənəti
haqqındakı bir sıra tədqiqat əsərlərində,
xüsusən M.Ə.Rəsulzadənin, Həmid
Araslının, Rüstəm Əliyevin, Əlisa
Şükürlünün, Seyfəddin Rzasoyun
araşdırmalarında bu məsələyə geniş yer
verilmişdir.
Nizaminin təfəkküründə
"türk" anlayışına, dilində
"türk" sözünə pərəstiş səviyyəsinə
yüksələn bir sevgi var. O, əsərlərində
gözəl, mərd, qəhrəman,
döyüşçü, sərkərdə, müdrik, rəhbər,
adil anlayışlarını "türk" kəlməsi
ilə ifadə edir. Gözəllikdən,
yaxşılıqdan, təmizlikdən, doğruluqdan, mərdlikdən,
qəhrəmanlıqdan, halallıqdan, müdriklikdən bəhs
edəndə "türklük" sözünü işlədir.
"Yeddi gözəl" əsərində Nizami yeddi
iqlim gözəllərinin hamısını hüsndə
türk qızına bənzədir, "türk" deyə
vəsf edir. "Leyli və Məcnun"da Leylinin başına
toplaşmış qızların gözəlliyini "ərəb
əndamlı türklər" deyə tərənnüm
edir. "Xosrov və Şirin"də iki fars cəngavərinin döyüş səhnəsini
təsvir edərkən onların igidliyini daha əyani göstərmək
üçün yazır: "Bu türklər
arasındakı döyüşdə türk neyinin naləsindən
türkün boğazı tutulurdu". İran
şahı Xosrovun türk gözəli Şirinin eşqi
yolunda dönməzliyini Nizami - "türkü
türklüklə fəth etmək istədi" ifadəsi ilə
dəyərləndirir. "İsgəndərnamə"də
yunan hökmdarı İsgəndər də, İran
şahı Dara da öz döyüşçülərinin məğlubedilməzliyi
ilə qürrələnəndə onları "mənim
türklərim" deyə öyürlər. Nizami
öz ideal qəhrəmanı İsgəndərin
ağlını, müdrikliyini nəzərə
çarpdırmaq məqsədilə yazır: "Əgər
belə olmasaydı, Rum papaqlı bir türk Hind və
Çinə necə sahib ola bilərdi?".
Şeyx
Nizami ərəb soylu islam peyğəmbərini mədh edərkən
onu "türk" adlandırmaqdan yüksək epitet tapa
bilmir: "Yeddi iqlimin sahibi olan bir türk ki, yerdə də,
göydə də hər şeyə yol göstərən odur".
"Sirlər
xəzinəsi"ndə zəmanədən ədalətsizlik
görmüş bir qarı Səlcuq hökmdarı Sultan Səncərin
ətəyindən
yapışaraq - "sən türk deyilsən,
türk olsaydın, ölkəndə
ədalətsizliyə yol verməzdin" - deyir. "İsgəndərnamə"də
bu fikir başqa bir şəkildə təkrarlanır:
"Adil olmayan türk də ola bilməz".
Nizami təbiət
gözəlliklərini təsvir edəndə də
"türk" sözündən təşbeh kimi istifadə
edir: "Yasəmənin türkü çöldə
çadır qurmuşdu".
Qüdrətli qələm sahiblərini Nizami "qələm
türkləri" adlandırır. Zəmanəsinin cahilliyindən, elmə,
sənətə, dərin mənalı sözə qiymət
verməməsindən gileylənəndə - "türkcəmi bu həbəşlikdə
alan yoxdur" - deyir.
Böyük
şairin "türkcəsinin" (türklüyünün)
qəbul edilməməsi ilə bağlı ən
böyük problem "Leyli və Məcnun"un
yazılması ilə əlaqədar meydana gəlmişdi.
Şirvanşah Axsitanın bu əsərin yazılması barədə
sifariş məktubunda işlətdiyi - "İstəyirəm,
bu təzə gəlini fars-ərəb zinəti ilə bəzəyəsən...
Türklük bizim etibar etdiyimiz sifət deyil.
Türklük sifəti bizə layiq deyil" -
sözlərinin şairi hiddətləndirdiyi hamıya məlumdur.
Axsitanın işlətdiyi "türki" kəlməsi
"türklük" kimi də, "türkcə"
(türk dili) kimi də anlaşıla bilər. Nizaminin heysiyyətinə toxunan səbəb hər
iki halda aydındır. Şirvan
hökmdarı onun milli varlığını, ruhunu, həm də
dilini aşağılamışdı. Əgər
Nizaminin adi bir qəzəli deyil, möhtəşəm bir
dastanı doğma dilində yaza bilməsi ehtimalı
olmasaydı, sah bu sözləri işlətməzdi.
Nizaminin "Xosrov və Şirin"də, "İsgəndərnamə"də
təsvir etdiyi Bərdə hökmdarlığı türk
Aran (Alban) dövlətidir. Məhin Banu Şirinə
öyüdündə onu İran şahzadəsi Xosrovun mənəmlik
düşüncəsindən qorumaq üçün, "O,
Keyxosrovdursa, biz
Əfrasiyabıq" - sözlərini işlədərək
böyük Turan hökmdarı Alp ər Tonqanın
(Əfrasiyabın) varisi olduqlarını qürurla
vurğulayır. Süjetin sonrakı
inkişafında müəllif Şirini eqoist bir məhəbbətlə
sevən İran şahzadəsinin qarşısına eşqi
yolunda canından keçməyi bacaran türk soylu Fərhadı
çıxarır. Fədakar məhəbbət
timsalı kimi təqdim olunan bu obraz Nizamiyə Şirini inadkar
bir məhəbbətlə sevsə də, ilk növbədə
özünü düşünən şah oğlunun
müqabilində əsl aşiqliyin nə olduğunu göstərmək
üçün lazım idi. Sonralar Nizaminin ən
böyük davamçısı Məhəmməd Füzuli
bu psixoloji situasiyanın dahiyanə düsturunu vermişdi:
Canı kim cananı üçün sevsə,
cananın sevər,
Canı
üçün kim ki, cananın sevər,
canın sevər.
Məhin
Banunun, Nüşabənin ölkəsinin eyni zamanda yunan
tarixçilərinin heyranlıqla bəhs etdikləri
Amazonkalar səltənəti olduğu da göz önündədir.
Özündən
əvvəl yaşayıb-yaratmış Yusif Balasaqunlu,
Əhməd Yəsəvi kimi türk əsilli söz
bahadırlarına, böyük filosof əl-Fərabi ət-Türkiyə
mənən bağlı olan Nizamidə türklük
ideyalarının ən güclü dəlili onun
yaradıcılığında "Kitabi-Dədə
Qorqud" motivləri ilə səsləşən
detalların olmasıdır. Qəribədir ki, indiyəcən
nə Dədə Qorqudun, nə də Nizaminin tədqiqatçılarından
heç kim bu məsələyə diqqət
yetirməyib.
Nizami "İsgəndərnamə"də
"ozan" sözünü "Kitabi-Dədə
Qorqud"dakı semantikada işlədir. Onun əsərlərində
"Kitab"dan bizə tanış olan
"xatun" kəlməsinə (Burla xatun, Selcan xatun) də
rast gəlirik. Qeyd edək ki, bu söz türk
dilləri içərisində yalnız Azərbaycan dili
üçün səciyyəvidir. Nizami
Çinin türk hökmdarını "xanixanan"
adlandırır. Bu tərkib fars dili
üçün yabançıdır. Bu ifadəni Nizami
farsın "şahənşah" kəlməsinin əvəzində
yaradaraq türk hökmdarının titulu kimi işlədib və
bu söz "Kitabi-Dədə Qorqud"dakı "xanlar
xanı" ifadəsinin birbaşa tərcüməsidir.
"İsgəndərnamə"də
belə bir epizod var: Şirvandan keçərkən İsgəndərə
Dərbənd qalasını zəbt edib orada məskən
salmış bir dəstə qarətçinin yolları kəsərək
karvanları soymasından, əhalini talan etməsindən,
ölkəni qorxuda saxlamasından şikayət edirlər. İsgəndər onları cəzalandırmaq
üçün Dərbəndə hücum çəkir,
qalanı qırx gün mühasirədə saxlasa da ala bilmir.
Sonra ona deyirlər ki, şəhərin kənarında,
dağın başındakı mağarada bir
"piri-saleh" - ixtiyar qoca yaşayır, bu yerlərin
qaydasına görə, məqsədə yetmək
üçün ondan xeyir-dua almaq lazımdır. Yalnız bu müdrik qocanı tapıb onun
xeyir-duasını aldıqdan sonra İsgəndər qalanı
fəth edə bilir.
İndi
bu epizodu "Kitabi-Dədə Qorqud"un
lap başlanğıcından bir parça ilə müqayisə
edək: "Rəsul əleyissəlam zəmanına yaqın
Bayat boyından Qorqud ata diyərlər bir ər qopdı.
Oğuzun ol kişi təmam bilicisiydi - nə
diyərsə, olurdı. Qaibdən türlü
xəbər söylərdi. Həq-təala anın
könlünə ilham edərdi...
...Qorqud
ata oğuz qövminin müşkilini həll edərdi. Hər
nə iş olsa, Qorqud ataya tanışmınca işləməzlərdi.
Hər nə ki, buyursa, qəbul edərlərdi, sözin tutub
təmam edərlərdi...".
Nizaminin bəhs
etdiyi "piri-saleh"in Dədə Qorqud obrazının
prototipi olduğuna yəqinlik hasil etmək üçün
1636-1638-ci illərdə Qafqaz səyahəti zamanı Dərbənddə
olmuş görkəmli alman alimi və səyyahı Adam
Olearinin yazdıqlarına nəzər yetirək: "...Qədim
zamanlarda, Məhəmməd peyğəmbərdən sonra
burada Hassan (Qazan - !) adlı çar
yaşayırdı, kökcə oğuz millətindən idi. ...İmam Kurxudun (Qorqudun - !) qəbri dağda idi.
Kurxud haqqında söyləyirlər ki, o, Məhəmmədin
dostu olmuşduir. Sonra Qazanın yanına gəlmiş,
onun qarşısında qopuz çalıb oxumuşdur.
...Onun qəbri qayalıq bir dağda, mağaranın
içindədir".
Bundan başqa, A.Oleari Dərbənd səddinin İsgəndər
tərəfindən çəkdirilməsi barədə
Nizaminin fikrini də təkrar edir.
Dədə Qorqudun Dərbənd
yaxınlığındakı qəbri haqqında, onun yerli əhalinin
ziyarətgahı olması barədə A.Oleari ilə eyni
dövrdə türk səyyahı Övliya Çələbi
də məlumat verir. XVII əsrdə mövcud olmuş, lakin
bizim günlərə gəlib çatmamış bu ziyarətgah,
çox yəqin ki, Nizami dövründə də mövcud
imiş. Deməli, "İsgəndərnamə"dəki
"piri-saleh" obrazı təsadüfən meydana gəlməyib.
Dədə Qorqudun adını çəkməsə
də, Nizaminin ona ruhən bağlanması, onun mənəvi
varisi olması göz önündədir. Şairin
əsərlərndə türk mifologiyasından və
folklorundan gələn saysız-hesabsız detallar da bunu
dönə-dönə təsdiq edir.
Türk bədii təfəkkürünün ən
möhtəşəm təzahürlərindən biri olan
Nizami yaradıcılığı dünya ədəbiyyatının
gedişatına böyük təsir göstərmişdir. Bütün
dünyada insan mənəviyyatının və
psixologiyasının ifadəsi kimi qəbul edilən müasir
anlamda bədii ədəbiyyat məhz Nizamidən
başlayır. Nizamiyə qədər
bütün xalqların folklorunda və antik ədəbiyyatında
insan mənəviyyatının ifadəsi, psixoloji
yaşantılarının inikası yoxdur. Hər şeyin ilahi qüvvənin iradəsindən,
alın yazısından, taleyin, qəzavü-qədərin
hökmündən asılı olduğu təlqin edilir.
İnsanın psixoloji durumu, mənəvi haləti
heç nəyi həll etmir.
Gəlin,
müqayisə edək: "Kitabi-Dədə Qorqud"da yurdu
yağmalanmış, ailəsi əsir
götürülmüş, mənliyi
alçaldılmış basılmaz cəngavər,
qürurlu insan Qazan xan hansı mənəvi
yaşantıları, hansı psixoloji sarsıntıları
keçirir? Zahiri elementləri (yuxugömə,
təbiət fraqmentləri ilə dialoq və s.) nəzərə
almasaq, bunların heç biri yoxdur. Dünya
xalqlarının mifoloji və folklor mətnlərində,
Homerin ölməz poemalarında, Esxilin möhtəşəm
dramlarında, Dantenin "komediya"
adlandırdığı ilahi faciəsində, Firdovsinin
şahanə dastanında da belədir. Söhbət
keyfiyyətdən getmir. Sadəcə,
Nizamiyə qədər bədii söz
yaradıcılığı hələ o kamillik səviyyəsinə
yüksəlməmişdi. Yada salaq: Nizamidə
Şirinin üzünü görmədən, yalnız
Şapurun söhbətlərini eşitməklə ona aşiq
olan Xosrovun mənəvi-psixoloji yaşantıları və
bunun təsirilə atdığı addımlar olmasaydı, əsərdə
sonrakı hadisələrin heç biri baş verə bilməzdi.
Tək burda deyil. Nizaminin
bütün əsərlərində hadisələrin
inkişafı qəhrəmanların mənəvi-psixoloji
yaşantıları sayəsində baş verir. İntibah dahisi Nizami ilk dəfə olaraq insan
faktorunu - humanizmi ədəbiyyatın və fəlsəfənin
əsas ideyasına çevirdi. Sonralar
Avropa nəzəriyyəçiləri bu keyfiyyəti
"psixologizm" adlandıracaqlar. Bu mənada
"ədəbiyyat Nizamidən başlayır!" qənaətini
qətiyyətlə, qürurla səsləndirə bilərik.
Nizamidən sonra ötən səkkiz əsrdən
artıq bir dövrdə tək Azərbaycan yox, ümumən
dünya ədəbiyyatının heç bir böyük
nümayəndəsi həyat və insan haqqında Nizami
dühasının yaratdığı möhtəşəm
humanizm düsturundan kənara çıxa bilməyib. Nizami özünə qədərki bütün
dünya mədəniyyətinin bəhrəsi olmaqla bərabər,
ilk növbədə bu mədəniyyətə əvəzsiz
töhfələr vermiş türk ədəbi
düşüncəsinin zirvəsidir.
Ədəbi ənənələrə və
dövrün yaradıcılıq normalarına uyğun olaraq,
Nizami əsərlərini (ən azı bizim dövrə gəlib
çatanları) farsca yazsa da, dahi sənətkar bütün
varlığı ilə doğma xalqına, Vətəninə
bağlı idi. Şairin iliyinə, qanına işləmiş
türk ruhu, türk təəssübkeşliyi dönmədən
sübut edir ki, kimlərinsə ona sahib çıxmaq istəyindən
asılı olmayaraq, Nizami türk oğludur və türk
şairidir. Nizami sənətinin ölməzliyi
türk varlığının, türk ruhunun ölməzliyini
sübut edir.
İlham ABBASOV
Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.45.