İranda Nizami Gəncəvi irsinə
münasibət: iddialar və həqiqətlər
Nizami əsrlər boyu şimallı-cənublu
bütün Azərbaycan xalqının milli iftixar mənbəyi
olmuşdur. Xalqımızın neçə-neçə nəsilləri
Nizami ruhu ilə böyüyüb zənginləşmişdir.
Eyni zamanda Nizamini İran şairi kimi təqdim
edən İran ədəbiyyatşünaslığı bu zəngin
mənəvi-ədəbi irsi özününküləşdirməkdə,
mənimsəməkdə əsla tərəddüd etmir.
Nizami irsinə dair İran ədəbiyyatının bəzi
nümunələrinə nəzər salaq. Özünün
"İran və Qafqaz" əsərində
tanınmış tarixçi Pərviz Vərcavənd
yazır: "Nizami bir İran əsillidir (iraninejad), anası
aryayi və irani qövminə mənsub kürdlərdən
idi, amma bu böyük şair fars ədəbiyyatının
bir neçə aparıcı (şəhsəvar) şairlərindən
biridir, Gəncədə doğulmuş, orada
yaşamış və orada da vəfat etmişdir, indi Azərbaycan
ədəbiyyat tarixinin (əlbəttə, Sourəri Azərbaycan
deyilən) nümayəndəsi adlandırılır!". İran və Qəfqaz. (Əran
və Şirvan). Neveşte, gerdavəri və
tənzim Dr. Pərviz Vərcavənd. Tehran,
nəşre Qətre, 1378, s.280.
İrandan fərqli olaraq dünya şərqşünasları,
həmçinin Rusiya tədqiqatçıları hər zaman
Nizami irsini yüksək dəyərləndirmişlər, hər
vaxt Nizami irsinə ədəbiyyat araşdırmalarında
lazımi yer verilmişdir. Eləcə də
1960-cı ilin yayında Moskvada Sovet hökumətinin qərarı
ilə dünya şərqşünaslarının
konfransındakı məruzə və
çıxışlarda Nizami irsi diqqətdən kənarda
deyildi. Şahlıq İranını bu konfransda təmsil
edən İran elmi ictimaiyyətinin tanınmış
simaları olan Pur Davud, Meynəvi, Səid Nəfisi, Moin,
Yarşater, İrəc Əfşar Nizaminin böyük Azərbaycan
şairi kimi təqdim edilməsinə qarşı əsaslı
bir iddia irəli sürə bilməmişdilər. (Adəmiyyət Teymurəs.Gəşti bər qozəşte.
Xaterat-e səfir-e kəbir-e İran dər Şourəvi,
1945-1965).Tehran, Ketabsəra,1368 (1989), s. 228.
İkinci
Dünya müharibəsinin SSRİ üçün ən
ağır zamanında, alman-faşistlərinin uzun sürən
mühasirəsi şəraitində Leninqradda (Sankt-Peterburq)
Nizaminin anadan olmasının 800 illik yubileyinin keçirilməsi,
onun əsərlərinin nəşri, sonralar isə
adının əbədiləşdirilməsi, Bakının
mərkəzində möhtəşəm heykəlinin
qoyulması və başqa bu kimi tədbirlər, əlbəttə,
İranda birmənalı qarşılanmamışdı. Oradakı elmi ədəbiyyatlarda, siyasi kluarlarda, mətbuat
vasitələrində Nizaminin "İran dilli (fars) və
ruhlu" şair olaraq, məhz İrana mənsubluğunu iddia
edənlər həmin vaxtdan etibarən çoxalmağa
başladı.
Ümumən, İranda azərbaycanlıları (Azərbaycan
türklərini) İran-fars mənşəli hesab etmək cəhdləri
hər zaman olmuşdur və indi də müxtəlif tədqiqatçılar
belə düşünməkdə və yazmaqda davam edirlər. Hətta tarixdən,
ədəbiyyatdan yazan peşəkar, ya qeyri-peşəkar
araşdırmaçılar bəzən çox bəsit və
məntiqsiz iddialar irəli sürürlər.
Qeyd edilməlidir ki, sovetlər zamanı Nizami Gəncəvinin
yubileylərinin keçirilməsi ilə əlaqədar narahat
olan İran elmi dairələrinin qeyri-elmi iddialarına
İranın xarici ölkələrindəki diplomatik
missiyaların rəhbərləri və diplomatları da bir
qayda olaraq səs verirdilər. Məsələn, İranın
Moskvadakı səfirliyinin yüksək diplomatı, sonra isə
İranın SSRİ-də səfiri olmuş Teymurəs Adəmiyyət
" Keçmişə səyahət"
kitabında yazır:
"Nizaminin vəfatının 750 illiyi münasibətilə
SSRİ-nin tanınmış şərqşünası
Bertelsin 1953-cü ilin dekabrında "Literaturnaya qazeta"da
Nizami Gəncəvi haqqında məqaləsi dərc
edilmişdi. Bu məqalədə də, o zamanlar dərc edilən
məqalələrdə olduğu kimi, İran şairinin
başqa xalqa aid olduğu irəli sürülürdü.
Mən qəzetin redaktoruna məktub yazıb istədim ki,
SSRİ Elmlər Akademiyasının üzvü cənab
Bertels (aşağıdakı) suallarıma cavab versin:
1. Məqalə
müəllifi Gəncədə doğulmuş Nizamini Azərbaycan
şairi adlandırır, Nişapurda doğulmuş Xəyyamı
tacik şairi adlandırır. Onların hər ikisi bir dildə
- fars dilində öz şeirlərini
yazmışlar. Nə cür onların biri azərbaycanlı,
digəri tacik ola bilər?
Sözümün canı budur ki, Nizaminin azərbaycanlı
hesab edilməsinin səbəbi onun Gəncədə
doğulmasıdırsa, Gəncə də Sovet Azərbaycanının
şəhəridir, onda nə üçün İranın
Nişapur şəhərində doğulan Xəyyam iranlı
yox, tacik olur? Çünki Xəyyamın tacik
olmağının meyarı onun farsca yazmasıdır. Nə üçün onda şeirlərini farsca
yazan Nizami azərbaycanlı adlandırılır, tacik yox?
Xülasəsi budur ki, Nizami Sovet Azərbaycanının
şəhəri Gəncədə doğulub və onu azərbaycanlılardan
alıb taciklərə vermək olmaz. Amma İranın
farsdilli şairi Xəyyamı ki Nişapurda doğulub,
Nişapur da SSRİ-də deyil, İranda yerləşir, deməli,
onu yağmalayıb taciklərə verməkdə bir mane
yoxdur.
2-ci sualım bu idi ki, tacik və Azərbaycan şairi
olmağın nə fərqi vardır?
3-cü sualım bu idi ki, İran və tacik şairinin
bir-birindən nə fərqi vardır, əgər varsa nədir?
T.Adəmiyyətin yazdığına görə,
Bertelsin qısa cavabı onun çıxılmaz vəziyyətə
düşdüyünü yaxşı bəyan edirmiş. Yəni
naçar qalaraq son illərin tələblərini (?) hesaba
almalı olub. Əlbəttə, bu
qeyri-elmi meyarları qəbul etmək olmaz. ( Adəmiyyət... s.240-243).
Qeyd edilməlidir
ki, T.Adəmiyyət 17 dekabr 1953-cü il
tarixində "Pravda" qəzetinin redaktoruna da SSRİ
EA-nın müxbir üzvü E.Bertelsin "Velikoe tvorenie
Nizami" məqaləsinə etiraz məktubu göndərmiş,
bənzər suallarla müraciət etmişdi. (Adəmiyyət
- s.245).
Nizami Gəncəvi ilə əlaqədar 1953-cü ilin
15 dekabr tarixində "Pravda" qəzetində Səməd
Vurğunun "Velikiy Qumanist" (Böyük humanist) məqaləsi
dərc edilmişdi. Məqalədə S.Vurğun yazırdı:
"Başıbəlalı Azərbaycan xalqı tarixin
çox sınaqlarından keçmişdir. Lakin o, ən
başlıcasını unutmamışdır: öz tarixini,
öz milli dilini, öz mədəniyyətini öz doğma
oğlu və şairi Nizamini ki, qədim Azərbaycan şəhəri
Gəncədə doğulmuş və orada
yaşamışdır (indiki Kirovabad)".
T.Adəmiyyət eyni ilə Səməd Vurğunun
"Böyük humanist" məqaləsinə təpki
göstərmiş, redaktora etiraz məktubu ilə müraciət
etmişdir. Məktubda Nizaminin Azərbaycan şairi kimi təqdim
və tərənnüm edilməsi İran səfirini
sözün həqiqi mənasında hikkələndirmişdir.
T.Adəmiyyət yazır ki, Nizaminin beş
poemasının üçünün mövzusunun Azərbaycanla
əlaqəsi yoxdur (?) "Leyli və Məcnun"
ərəb süjetidir, "İskəndərnamə"
Makedoniya və başqaları, "Xosrov və Şirin"
erməni və b. Nizaminin farsca yazmağını, əsərlərinin
mövzu-süjet müxtəlifliyini vurğulayan Adəmiyyət
onun Azərbaycan şairi olmadığını iddia edir.
(Adəmiyyət.. s.242).
Diplomatın
bu cəhdi, əlbəttə, səbəbsiz deyildi,
çünki İranda atası Rza şahın bədnam
ariyaçılıq siyasətini yeni şəkildə davam
etdirən Məhəmməd Rza şahın həyata
keçirdiyi dövlət siyasəti bunu tələb edirdi,
müxtəlif dövrlərdə
yaşayıb-yaratmış bütün digər xalqlara mənsub
farsca yazan mütəfəkkirlərin, məşhur şairlərin
İran-fars mənşəli olduqları iddiası irəli
sürülürdü.
T.Adəmiyyətin Gəncə barəsində qeydləri
də diqqətçəkəndir. Vərəqaltı
qeyddə yazır ki, Gəncə şəhərinin adını
Sovetlər "...abad" qoyublar, bu sözün əvvəlindəki
üç hərf farsca pis sözdür, pis olmazdı ki, biz
ona Kuruşabad deyək, çünki ruslar Kuruşa (Əhəməni
hökmdarı - E.M.) elə Kir deyirlər. Buradakı gizli niyyət də üzə
çıxır. Belə ki, İran
diplomatı tarixi Gəncə adının bərpa edilməsini
deyil, onu bu dəfə də Əhəməni hökmdarı
Kuruşun (Kir) adı ilə adlandırıb bu Azərbaycan
şəhərini də iranlılaşdırmaq
iddiasındadır.
Maraqlıdır ki, Nizami dünyanın möhtərəm
alimləri və elmi qurumları tərəfindən
böyük Azərbaycan şairi kimi qəbul edilsə də,
indinin özündə də İranda ona sahiblənmək
iddialarına rast gəlinir. Bu kimi əsassız
fikirlərə həm elmi dairələrdə, həm də mətbuat
səhifələrində rast gəlmək olar. İranın yüksək dövlət rəsmiləri
də fürsət düşən kimi sözarası olsa da,
Nizaminin İran şairi olduğunu söyləməkdən
çəkinmirlər.
Təəssüflə
qeyd edilməlidir ki, yalnız fars dilində
yazdığına görə Nizamini, eləcə də orta əsrlərin
bir sıra xalqlara mənsub mütəfəkkirlərini
İran şairi kimi təqdim etmək tendensiyası
şahlıq zamanında olduğu kimi, indi də davam etməkdədir.
Bu kimi fikirlər yalnız elm və fikir
adamları tərəfindən deyil, yüksək dövlət
rəsmilərinin dilindən də eşidilməkdədir.
Deməli, ərazi iddiaları edilə bilməyəndə
mədəni-mənəvi irsə iddialar cəhd edilir.
Nizaminin
"Sirlər xəzinəsi" əsərində onun milli
kimliyinə dair beytlərini Nizami irsinin tədqiqatçısı
Siracəddin Hacı "Həzrət Nizami Gəncəvinin
yaradıcılığında peyğəmbərlik
anlayışı və Həzrət Məhəmməd"
adlandırdığı kitabında Nizaminin milli kimliyinə
bir daha aydınlıq gətirilir və onun bir sıra beytlərinin
türk ruhundan, türkə hüsn-rəğbət məzmunundan
söz açılır:
Türk
gözəllərinin gülüşlərindən
səkər
xəcalət çəkirdi?
Onların
baxışları ceyranların
gözündən
sürməni aparırdı.
Yaxud:
Türklərin
dövləti ona görə ucaldı ki,
Məmləkətdə ədalət hakim oldu.
Siracəddin
Hacı yazır: "Nizami türkdür, amma millətçi
deyil, ümmətçidir, insanlığın şairidir. (525-ci qəzet, 17 aprel 2019).
Həqiqətən
də fars dilində yazsa da, Nizami
poeziyasında türkə məhəbbət, türk gözəlinə
dəyər verilməsi, əsərlərində vəsf
etdiyi türk hökmdarları və qəhrəmanları
hüsn-rəğbət doğurur. Şübhə
yoxdur ki, böyük özbək şairi Əlişir Nəvai
də Nizami irsinin bu keyfiyyətlərindən bəhrələnmişdir.
Türk mənşəli, məşhur hind şairi Əmir
Xosrov Dəhləvi Nizami poeziyasının təsiri ilə
Nizamidən yüz il sonra Xəmsə
yaratdı, o da dövrün şeir dili kimi qəbul edilən
dəri (fars) dilində yazırdı.
Dünya
Nizamişünaslığının qəbul etdiyi görkəmli
alim Rüstəm Əliyev qətiyyətlə bildirir ki,
Nizamini fars və ya tacik şairi hesab etmək
iddiaları rədd edilməlidir. Nizami Azərbaycan
şairidir, çünki onu Azərbaycan və onun qədim
xalqı yetişdirmişdir. Şair dəfələrlə
türk (azərbaycanlı) olduğunu bildirmişdir.
Nizami özünün dördüncü məşhur
"Yeddi gözəl" poemasında
çağdaşları və həmşərilərindən
şikayətlənərək deyir:
Torkiyəmra
dər in həboş nəxərənd,
Lacərəm, duğbaye xoş nəxorənd.
(Türklüyümü
bu həbəşlərdə qiymətləndirmirlər, rəncidə
edib xoş dovğamı da içmirlər)
(Bax:
Doktor Cavad Heyət. Nizami Gəncəvinin əsərlərində
türk sözləri, ifadələri və zərbülməsəlləri,
fars dilində. "Varlıq"
jurnalı, Tehran, 1385 (2006), payız, özəl sayı, s.27).
Rüstəm Əliyev yazır ki, Nizami "türk"
deyərkən öz xalqını - Azərbaycan türklərini
nəzərdə tuturdu. Türk sultanı Səncəri aqil idarəçiliyə
və ədalətə dəvət edirdi, onun fikrincə, bir
türk hökmdarı haqq və ədaləti təmin etmirsə,
rəhmli deyilsə, o, türk ola bilməz,
yalnız türk olduğunu söylər. Nizaminin "Sirlər
xəzinəsi"ndəki aşağıdakı beytlərində
deyilir:
Dovlət-e
torkan ke boləndi gereft
Məmləkət əz dadresəndi gereft.
Conke to
bidadgəri pərvəri
Tork neyi, hendu-ye bidadgəri.
(Türklərin
ölkəsi ucalıb yüksəldi
Məmləkətə mərhəmət hakim oldu.
Sən
ki, zülmün qarşısını almırsan,
Demək sən türk deyil, zalım hindlisən).
(Rüstəm Əliyev. Nizami Gəncəvi. Bakı, Yazıçı-1991,
s.22.)
Rüstəm
Əliyev yazır ki, Nizami üçün türk hər
zaman qəhrəman, sərkərdə, pəhləvan, yenilməz
əsgərdir... Türk sözü Nizamidə
həm də bəyaz, gözəl, zərif mənalarında
da işlədilir. Nizami poemalarında ana dilindəki
"alaçıq", "muncuq", "yataq",
"uşaq" və onlarca bu kimi sözlərdən istifadə
etmişdir. (Rüstəm Əliyev. s.23.).
Nizami
irsinin dünyada tanınmış tədqiqatçısı
Həmid Araslı Nizami Gəncəvinin 1180-ci ildə
tamamladığı "Xosrov və Şirin"
poemasını təhlil edərək yazmışdır:
"Poemanın Azərbaycan xalqının tarixi ilə səsləşən
maraqlı məzmunu vardır. Azərbaycan ədəbiyyatı
tarixində ilk mənzum roman olan bu əsər Sasani
hökmdarlarından Xosrov Pərvizlə Bərdə hakiminin vəliəhdi
gözəl Şirin arasındakı məhəbbət
haqqındadır. Şirin heç də
İran diplomatının iddia etdiyi kimi erməni qızı
deyildir, xristian dininə mənsub bu gözəl o zaman
xristianlığın yayıldığı Albaniyada (əsasən
indiki Azərbaycan Respublikası ərazisi) alban
hökmdarının qızı idi. Nizami bu möhtəşəm
əsərində də türk hökmdarlarını - Sultan
Toğrulu, Atabəy Eldənizi, Qızıl Arslanı mədh
edir, türk oğlu Fərhadı böyük məhəbbət
və rəğbətlə təsvir edir. Şirinə
gəldikdə, Nizami onu elmə, əxlaqa, ədalətə,
hökmdarlığa layiq, ağıllı və gözəl
bir Azərbaycan gözəli kimi məhəbbətlə vəsf
edir və onu hər cəhətdən Xosrov Pərvizdən
üstün görür. ("Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı,
Lider nəşriyyatı, 2004, s.4. Həmid
Araslının ön sözü -"Ölməz məhəbbət
dastanı").
"Xosrov və Şirin"də Nizami "torkan-e
kalem" ifadəsini işlətməklə türklərin
savadlılığına, ziyalılığına işarə
etmiş və bunu yüksək dəyərləndirmişdir. Gəncədə
və Azərbaycanın digər guşələrində
yaşayan Azərbaycan türkləri elmin, təhsilin, şeirin,
mənəviyyatın dəyərini bilir və qiymətləndirirdilər.
Nizaminin doğulduğu Gəncə şəhəri
orta əsrlərdə Azərbaycanın, eləcə də
Şərqin elm və mədəniyyət mərkəzlərindən
biri idi. X əsr ərəb səyyahı İbn Heykəl
yazır ki, "Canza (Gəncə) gözəl, zəngin və əhalisi çox bir şəhərdir.
Bu sıx yaşayış mərkəzinin
insanları çox mərd, anlayışlı, xoşxasiyyət
və mehribandırlar. Onlar əcnəbiləri,
elm adamlarını sevirlər". (Bax.
Leviatov V.N. Nizami dönəmi. Nizami toplusu, Baku, 1940, s.50).
Əlbəttə, Nizami özü də ondan əvvəlki
ədəbi irsə və müasirlərinin əsərlərinə
yaxşı bələd idi. O, ərəb-fars şairləri ilə
yanaşı, dövrünün Azərbaycan şairlərinin
əsərləri ilə yaxşı tanış
idi. Qətran Təbrizi (1010-1085), Əbul-ula Gəncəvi
(XII əsr), Fələki Şirvani (1108-1146), İzzəddin
Şirvani (XII əsr), Xaqani Şirvani (...1199), Məhsəti Gəncəvi
(XII) və başqaları həmin dövrdə təkcə
Azərbaycanda deyil, onun hüdudlarından uzaq ölkələrdə
tanınırdılar. Amma Nizami böyük və
tanınmış şair olmaqla yanaşı, qədim yunan fəlsəfəsini
və mifologiyasını, ərəb dünyasını və
islam mədəniyyətini hərtərəfli
bilən müdrik bir filosof idi, dərin zəkalı,
açıq təfəkkürlü mütəfəkkir idi. Onun müdrik kəlamları və zamanı qabaqlayan
ideyaları, gərəkliliyini heç vaxt itirməyən
tövsiyələri bizim günlərdə də əhəmiyyətlidir.
Eynulla MƏDƏTLİ
Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.39-40.