Nizaminin Amerika tədqiqatçısı
Amerika Birləşmiş Ştatlarında Nizami irsinin tədqiqi
baxımından ən maraqlı araşdırma Nyu-York
Universitetinin Şərq xalqları dilləri və ədəbiyyatı
kafedrasının professoru Piter Çelkovskinin 1975-ci ildə
Nyu-Yorkda oxuculara təqdim olunan "Gözəgörünməz
dünyanın güzgüsü" kitabıdır. Kitabda Nizaminin
"Xosrov və Şirin", "Leyli və Məcnun",
"Yeddi gözəl" poemalarının nəsrlə
qısaldılmış tərcüməsi verilmişdir.
P.Çelkovski kitaba yazdığı ön söz,
müqəddimə və hər üç poemaya aid şərhlərdə
şairin həyatı və yaradıcılığı
haqqında daha çox və başqa şərqşünaslara
nisbətən daha sanballı və dəqiq məlumat
vermiş, öz sələflərindən fərqli olaraq,
Nizamiyə yeni nöqteyi-nəzərdən
yanaşmışdır.
Amerika
oxucusunun Nizami yaradıcılığı ilə lazımınca
tanış olmadığını nəzərə
alan P.Çelkovski yazır: "...Gözəllik cəhətdən
Nizami "Xəmsə"sinin tayı-bərabəri yoxdur. Dərin təfəkkürlü dilçi alim,
psixoloq Nizami öz estetizmi, nəşəli və incə təsvirləri
ilə dahiliyini bir daha sübut edir. Nizaminin
əsərləri öz şöhrəti ətrafında
yüzlərlə pərəstişkar toplamış olsa da,
onu izləyənlərin heç biri onun səviyyəsinə
yüksələ bilməmişdir".
"Nizami dəqiq psixoloji təsvirlər yaratmaqda
taysız istedad sahibidir. İstər gündəlik həyatın ən
adi hadisəsi, istər ov məclisləri, istərsə də
saray şənlikləri olsun, onları şair eyni dərəcədə
qüvvətli və maraqlı təsvir edir".
"Nizami təkcə təşbehlər və bədii
surətlər yaratmır, o, təzə sözlər
yaradır. Bu sözlərin yeni məna çalarlarını
işlətməklə, danışığın, nitqin təzə
ifadələrini üzə çıxarır. Nizami təkcə söz rəssamı olaraq
qalmır. O, adicə kərpiclərdən istifadə edərək
ustalıqla elə gözəl saraylar tikir ki, onlar adamı
valeh edir. Bir dahi şeir ustadı kimi Nizami mahir
və əvəzsizdir".
P.Çelkovski şairin sufizmlə əlaqəsini
danmadan bildirir ki, Nizami öz dövründə bütün
üsyankar qəlblərin getdiyi yolla getmiş, xalqın
ictimai rifahına çalışan və şəhər sənətkarları
arasında gizli özünümüdafiə təşkilatları
yaratmış sufilərin məşhur əxilər təriqəti
nümayəndələri ilə yaxından əlaqədə
olmuş və öz qəhrəmanlarını onların
içərisindən seçmişdir.
P.Çelkovski
tərəfindən "Sirlər xəzinəsi" Şərq
xalqlarının bədii təfəkkür tərzində
dönüş, "Xosrov və Şirin" təkcə
Nizami yaradıcılığında deyil, həm də
bütün farsdilli ədəbiyyatda əsl ədəbi hadisə,
forma və məzmun gözəlliyini kamilliklə özündə
təcəssüm etdirən ilk bitkin poema "Leyli və Məcnun"
poeziya sənətində həqiqi triumf kimi xarakterizə
edilmişdir.
"Yeddi
gözəl" poemasının təhlili ilə
bağlı Amerika şərqşünasının
mülahizələri də obyektiv səslənir:
"Yeddi gözəl" "Xəmsə"yə
daxil olan poemaların ən mürəkkəbidir. Dünyaya bəlli
olan ən seçmə incilərdən və ən parlaq
brilyantlardan düzəldilmiş misilsiz zərgərlik əsəri
kimi heyranedicidir. "Yeddi gözəl"
mistik poema kimi də izah oluna bilər. Nizami
ehyamla danışmağı sevən şairdir. O,
heç vaxt erotika ilə didaktika arasında sərhəd
qoymur, çox zaman birini digərinə əyani misal kimi
işlədir.
P.Çelkovskinin yerdən tapılıb sahibi bilinməyən
ən qiymətli dəfinə adlandırdığı
"Yeddi gözəl"ə yazdığı şərh də
ədəbi və elmi əhəmiyyətə malikdir. Şərhdə alimin
poemanın adından tutmuş, obrazlar aləmi, sənətkarlıq
xüsusiyyətləri, Firdovsinin "Şahnamə"si ilə
bağlı və fərqli cəhətlər, hər iki
şairin yaratdıqları qadın obrazlarının
müqayisəli təhlili, Nizaminin dünyanın geosentrik quruluşu
haqqında məlumatlarına münasibət və s. barədəki
fikirləri diqqətəlayiqdir. P.Çelkovskinin fikrincə,
"...Yeddi şahzadə xanım tərəfindən söylənilən
hekayələr insan həyatının yeddi dayanacağı,
insan taleyinin yeddi aspekti, mistik yolun yeddi sahəsi kimi qiymətləndirilə
bilər...".
Poemada Bəhramın qara saraydan, yəni Allahla insanın
arasında olan qara pərdədən ağa-təmizliyə, həqiqətə
qovuşmaya gedən simvolik yolu təsvir olunur.
Saraylar günbənd şəklində olub göyün
quruluşunu ifadə edir. Şahzadə
xanımlar və onların sarayları yeddi xarakterik planetə,
yeddi iqlimə, yeddi rəngə və yeddi günə işarədir.
"...Beləliklə,
Nizami din və dünyəviliyin uyğunluğunu əyani
olaraq təsvir edir".
P.Çelkovskinin
"Xəmsə"dən tərcümələrinə gəldikdə
qeyd edilməlidir ki, tərcüməçi
mətnlərin seçilməsində sərbəst yolla
getmiş, poemalardan macəra və sərgüzəşt
xarakterli hissələrə daha çox üstünlük
vermiş, bəzən mətnə əlavələr
etmiş, yaxud qısaltmalar aparmış, bir sözlə, əgər
demək caizsə, Amerika oxucularının maraqlarını əsas
götürmüşdür. Fikrimizi əsaslandırmaq
üçün "Yeddi gözəl" poemasından bir
neçə tərcümə nüməsinə diqqət
yetirmək kifayətdir.
Nizami Gəncəvi
poemanın "Bəhramın dastanının
başlanğıcı" fəslində Yəzdikürdlə
Bəhramı xarakterizə edərkən birincini qatil, qəddar,
xalqa qarşı əzazil və qan tökən kimi, ikincini isə
ədalətli, xeyirxah, humanist, xalqa nəvaziş göstərən
kimi təsvir edir:
O,
(xalqı) qırırdı, bu isə nəvaziş edirdi,
bu təəccüblüdür.
Həmişə
daş ləl ilə, tikan isə xurma ilə
(birgə) olur.
O, (Yəzdikürd)
hər kimin ayağını sındırmışsa,
Bu (Bəhram),
ona mərhəmətlə mumiya verib
(sağaltdı).
Tərcüməçi
aydın şəkildə ifadə edilə bilən bu beytlərə
aşağıdakıları əlavə etmişdir:
"Qədim zamanlarda Yəzdikürd bütün
İranın şahı olduğu zaman, ölkə
görünməmiş bir firavanlıq içində
yaşayırdı. Qəhrəmanlar şücaətlər
göstərir, şairlər böyük əsərlər
yazmaq üçün təbə gəlir, tayı-bərabəri
olmayan sarayların qübbələri əzəmətlə
göyə ucalırdı. Məhsul bərəkətli
idi, bazarlar aşıb-daşırdı,
şahlığın var- dövləti sanki axan səhra
qumundan təpələr kimi artırdı".
Elə tərcümənin başlanğıcında
açıq-aydın görünür ki, P.Çelkovski
Nizami mətnini büsbütün dəyişdirmiş, tərcüməyə
əsərin əslində olmayan - Yəzdikürdün
hakimiyyəti illərində ölkənin firavanlıq və
tərəqqisindən danışılan - cümlələri
əlavə etmişdir. Nizami "Yeddi gözəl"də Yəzdikürd
və Bəhram surətlərinin müqayisəsini ötəri
olaraq verməmiş, bu müqayisə ata və oğulun
hakimiyyət illərini və hər ikisinin
psixologiyasındakı ayrılıqları göstərmək
məqsədi güdmüşdü. Beləliklə,
xarakter və düşüncə ilə bir-birindən fərqlənən,
eləcə də tam barışmaz bədii surətlərin
səciyyəsinə ciddi xələl dəymişdir. Üstəlik, ölkənin idarə edilməsinin ədalətlilik
prinsipi barədəki Nizami Gəncəvi münasibəti
kökündən dəyişmişdir.
"Quraqlıq
ilinin təsviri və Bəhramın şəfqəti" fəslində
Bəhramın əkinsiz - məhsulsuz dörd il içərisində
"xalqın ruzisini xəzinəsinin hesabına
yazması", bütün əhalini qıtlıqdan
qurtarması, yalnız bircə nəfərin aclıqdan
ölməsində özünü suçlu bilib "su kimi
bulanıb pərişan olması" Nizaminin "Ölkələr
şahlardan səadət tapar" fikrinin
alqışlanması kimi səslənir:
Xoşbəxt
o şahdır ki, öz nemət və nəvazişilə
Rəiyyəti ölümdən qoruyur.
Nizaminin ədalət haqqında fikrini Amerika oxucusuna
çatdırmaq niyyətində yanlışlığa yol
verən P.Çelkovski ədalətliliyin yollarını
açıq-aydın göstərən "Quraqlıq ilinin
təsviri və Bəhramın şəfqəti" bölməsini
tərcümə etməmişdir.
Poemanın
"Bəhramın qış məclisinin vəsfi və onun
yeddi günbəz tikdirməsi" bölməsindən
aydın olur ki, çinlilərin İranın üstünə
qoşun çəkməsi və məğlub edilməsindən
sonra Bəhram Şidəyə "yeddi ulduzun təbiətinə
uyğun" yeddi gözələ layiq yeddi rəngli günbəz
tikdirir. Fəslin nəticəsi kimi isə
aşağıdakılar verilmişdir:
"İki illik aramsız zəhmətdən sonra saray
başa çatanda şah o dərəcədə heyran oldu
ki, Şidəni gözəl hədiyyələrə qərq
etdi.
Müqayisə göstərdiyi kimi, burada ən
maraqlı bölmə qısaldılmışdır. Belə ki, Neman möcüzə
yaradan memar Simnarı öldürürsə, Bəhram günbəzli
sarayları inşa edən Şidəyə Babək şəhərini
bağışlayaraq deyir:
Dedi; Neman
xəta edib
Öz
dostunu cəzalandırıbsa, qoy
Mənim ədalətim o zülmə görə
üzrxahlıq olsun.
Göründüyü kimi, P.Çelkovski poemanın elə
bölmələrini ixtisara salmışdır ki, bunlar
bilavasitə ictimai problemlərlə, sosial ədalət
prinsipləri ilə bağlı məsələlər idi.
Beləliklə, belə bir gerçəklik aydın olur
ki, P.Çelkovski Nizami Gəncəvinin "Yeddi gözəl"
poemasının tərcüməsində şairin
yaradıcılığının məhək daşı
olan və "obrazlı təfəkkürün nailiyyətləri
ifadə olunmuş bədii-fəlsəfi fikirləri"
(Y.Qarayev) ikinci yerə keçirmiş, sadələşdirmiş
və qısaltmış, yuxarıda qeyd edildiyi kimi daha
çox macəra və sərgüzəşt xarakterli
parçalara üstünlük vermiş, bu da əsərin
ictimai gücünə mənfi təsir göstərmişdir. Ancaq bu nöqsanlarla
yanaşı, Nizami poemalarının P.Çelkovski tərəfindən
ingilis dilinə çevrilməsi şairin ədəbi irsinin Amerikada
yayılması yolunda atılmış tutarlı bir
addımdır.
Mayıl İSMAYILOV
Ədəbiyyat qəzeti.- 2021.- 9
oktyabr.- S.37.