"Sirlər xəzinəsi"ndən iki

beytin tərcüməsi haqqında"

 

Ulduz elmi Orta yüzilliklərdə bir-birilə üzvi əlaqədə olan və kompakt şəklində öyrənilən biliklər sisteminin ayrılmaz tərkib hissəsi idi. Orta əsrlərdə yaranmış ədəbi nümunələri bu elmlərin vəhdətindən xəbəri olmayanlar düzgün başa düşməkdə çətinlik çəkir. Bu elmlər sisteminin vəhdətində heç olmazsa, bir elmdən məlumatı az olanlar mətni düzgün dərk etməyərək etdikləri tərcümələrində oxucu üçün böyük problemlər yaradıblar. Nücum elmilə bağlı məlumatsızlıq Şeyx Nizami sözünün düzgün çatdırılmamasına səbəb olub, bu barədə danışacağıq.

Səyyarələr və bürcləri təşkil edən sabit ulduzların hər birinin divan ədəbiyyatında öz rəmzi mənası var. Şeirlərdə ən çox rast gəlinən ulduzlar içərisində Şira xüsusi seçilir.

Dünya ədəbiyyatının korifeyi Şeyx Nizami Gəncəvinin ilk irihəcmli əsəri olan "Məxzən ül-əsrar" ("Sirlər xəzinəsi") dastanında Şira ulduzuna eyhamla yüksək bədii deyim nümunəsi yaratmışdı. "Dər səbəbe nəzme-ketab fərmayəd" (kitabın yazılma səbəbi haqqında buyurur) bəhsində aşağıdakı beytlər var:

 

Ba fələk an şəb ke neşini bexan,

Pişe mən əfkən ğədəri-ustuxan.

Kaxere-lafe-səgite mizənəm,

Dəbdəbeye - bəndəgite mizənəm.

 

 (Farsca, Bakı çapı, s.37)

 

Nizami Gəncəvinin 840 illiyinə "Elm" nəşriyyatında 1981-ci ildə "Sirlər xəzinəsi"nin filoloji tərcüməsi nəşr olundu. Filoloji tərcümə, izahlar, şərhlər və lüğət dünya şöhrətli şərqşünas alim, sovet farsşünaslığının korifeyi, professor mərhum Rüstəm Əliyevə məxsusdu. Yuxarıda göstərilən beytlər kitabda belə tərcümə edilib:

 

Bir gecə fələklə süfrə arxasında oturarkən,

Mənə də bir neçə sümük at.

Çünki mən sənin itin olmaqdan dəm vururam,

Sənə qul olmağım üçün haray salmışam. (s.48)

 

Alim-tərcüməçinin həmin nəşriyyatda 1983-cü ildə rusca çap etdirdiyi filoloji tərcümə əslindən daha uzaqdır:

 òó íî÷ü, êîãäà òû ñ íåáåñâîäîì  ñÿäåøü çà ñòîë, ÷òîáû îòâåäàòü

                                                                             (ìîé ãîñòèíåö),

 

Ïîäáðîñü è ìíå íåñêîëüêî êîñòåé.

            (Âåäü, â êîíöå - êîíöîâ)  êè÷óñü òåì, ÷òî ÿ òâîé ïåñ,

            È ãðîìêî êðè÷ó, ÷òî ÿ òâîé ðàá.  (s.41)

 

"Yazıçı" nəşriyyatı Nizami Gəncəvinin 840 illiyinə 1981-ci ildə "Sirlər xəzinəsi" adlı kitabı oxuculara təqdim etdi. Kitab "Azərnəşr"in 1958-ci il nəşri Süleyman Rüstəm və Abbasəli Sarovlunun fars dilindən edilən bədii tərcümə kimi dəyişmədən nəşrindən ibarətdi. Burada həmin iki beytin tərcüməsi belə edilib:

 

Söz süfrəsi başında fələklə zövq alarsan,

Öz comərdlik töhfənlə məni yada salarsan.

Sənə sadiq, vəfadar olmağın öz yeri var,

Qulluğunda dayanmaq iftixardır, iftixar. (s.45)

 

Şairin yubileyi ilə bağlı "Yazıçı" nəşriyyatında 1982-ci ildə K.A.Lipskerov və S.V.Şervinskinin farscadan ruscaya etdikləri "Sokrovihniüa tayn" adlı bədii tərcümə kitabı da işıq üzü gördü. Əsərin bəhslərinin adlarının belə qüsurla verilməsinin üstündən ötərək, nümunə göstərdiyimiz beytlərə diqqət çəkmək istəyirəm. Tərcüməçilər islami süfrə mədəniyyətindən xəbərsiz olmalarını tərcümədə açıq-aydın göstərmişlər. Əvvələn, süfrə stol (masa) üzərində olmurdu, yerə salınırdı, ikincisi, süfrə yaxınlığında itin durub sümük gözləməsi də absurddur. "İt saxlanan evə mələklər girməz" - hədisi-şərifindən tərcüməçilərin xəbərsiz olduğu da aşkara şıxır.

 

Òû ÷èòàé ìîþ êíèãó, áëèñòàÿ ìåæ çâåçäíûõ ãîñòåé,

Ñî ñòîëà ñâîåãî òû ìíå êèíü õîòü íåìíîãî êîñòåé.

ß âåäü òîëüêî òâîé ïåñ, è ðàññòàëñÿ ÿ ñ ðîêîì óãðþìûì

Óñëóæàÿ  òåáå ýòèì ëàåì ïîêîðíûì è øóìîì. ( s.58.)

 

Əgər rusca olan bu beytləri dilimizə sözbəsöz tərcümə etsək, belə bir mətn alınar:

 

"Ulduz qonaqları arasında parlamaqla

            sən mənim kitabımı oxu,

Masanın üstündən heç olmazsa,

            mənə bir qədər sümük tolazla.

Axı mən ancaq sənin köpəyinəm,

            mən taleyin kürlüyündən

ayrılmışam

Sənə öz hürməyimlə təslimlə

            və hay-küylə xidmət göstərirəm".

 

Bilmirəm, hürən kimdir, ancaq Şeyx Nizami Gəncəvi şah süfrəsinin pişiyi olmaqdansa, öz süfrəsinin pələngi olmağı daha üstün tutmuşdu. Heç kəsin süfrəsinin artığını da gözləmirdi, bunu özü üçün təhqir sayardı. Ruscaya edilən bu tərcümə Moskvada Nizami Gəncəvinin beşcildliyi içərisində özünə yer tutmuş və kütləvi tirajla çap olunmuşdu. Həmin kitabları böyük fəxrlə postsovet məkanında yayanlar, əslində dahi şairimizə öz əlimizlə edilən böhtanın coğrafiyasını genişləndirmişlər.

Nizami Gəncəvinin lirikası, "Sirlər xəzinəsi" və "Yeddi gözəl"dən Xəlil Rza Ulutürkün etdiyi tərcümələri 2007-ci ildə ayrıca kitab kimi nəşr olunub. İki beytin tərcüməsini şair-tərcüməçi belə təqdim edir:

 

Axşam əl uzadırkən fələklə bir təama,

Sən mənim də qarşıma bir tikə qoy, unutma.

Sənə məhəbbətimi vəsf etdim dönə-dönə,

Qoy sənə qul xidmətim iftixar olsun mənə! (s.137)

 

Tərcümədən məlum olur ki, şair Nizami Gəncəviyə böyük bir məhəbbətlə yanaşmış, ancaq sətri tərcümənin cazibəsindən də çıxa bilməmişdir.

"Məxzən ül-əsrar"ın ən son və ən kamil bədii tərcüməsi, əlbəttə ki, dövrümüzün müqtədir şair-tərcüməçisi, mərhum Mircəlal Zəkiyevə məxsusdur. 2007-ci ildə nəşr olunmuş, Şeyx Nizami Gəncəvinin vəzn, üslub və təhkiyəsini həssaslıqla qoruyan bu tərcümə kitabı, çox təəssüf ki, cəmi min tirajla işıq üzü görüb. Həmin beytləri tərcüməçi belə təqdim edir:

 

Çərx ilə həmsüfrə olan axşamı,

Bəndəyə həm süfrədən et ənamı.

Bəndəliyindən vururam dəm sənin,

Dəbdəbədir bəndəliyin həm sənin. (s.54)

 

Mircəlal Zəkiyev böyük ədəblə Şeyx Nizami sözünün cövhərini çatdırmağa müvəffəq olmuşdur.

Fars dilindən az-çox xəbəri olanlar bilməmiş deyil ki, "səgit" və "bəndəgit" sözləri birinci şəxsin təkini, yəni "itliyim"i və "bəndəliyim"i yox, ikinci şəxsin təkini, yəni "itliyin"i və "bəndəliyin"i bildirir. Filoloji tərcümədə buraxılan bu bağışlanmaz kobud səhv bədii tərcümələrin bəzisində də təkrar edildi.

Əslində beytlərin tərcüməsi belə olmalıdır:

 

O gecə ki, fələklə bir süfrədə oturmusan,

Bir qədər sümüklü (kababdan) mənim üçün endir.

 

Sözümün axırında sənin Köpəkliyindən danışıram,

Bəndə olmağının dəbdəbəsindən danışıram.

 

1110-cu ildən 1228-ci ilədək səlcuqlu Key Qubada qədər Alp Arslanın şəcərəsi Ərzincanda hakim olmuşdu. Beytlər onlardan birinə - Ərzincan hakimi Fəxr əd-Din Bəhram şaha ünvanlanmışdı.

"Bəhram" (pəhləvicəsi Vahram) sözü fars dilində Mars planetinin adıdır. Planetlər fələklərdə Qoç, Buğa, Oğlaq bürclərilə bir məqamda qərar tuta bilir. Bürc adlarından başqa, ətindən kabab bişirilə bilən heyvanlar kimi tanındıqları üçün, ənənə üzrə şairlər süfrəni səmaya bənzədirlər. Adıçəkilən bürcləri təşkil edən ulduzlar kabab tikələrinə oxşadılır. Burada ulduzları birləşdirən xəyali düz xətlər şişə keçirilmiş kabab tikələrilə gizli müqayisə edilir. Ənənəni davam etdirən Mövlana Məhəmməd Füzuli "Leyli və Məcnun" poemasında elçilik vaxtı açılan süfrənin təsvirində bu priyomundan istifadə etmişdi:

 

Olmuşdu dolub kəbab ilə xan,

Cədyü Həməl ilə asıman həm.

 

(Süfrə kabab ilə dolmuşdu. Oğlaq-Cədi (çəpiş) və Qoç-Həməl (quzu) bürclərinin ulduzları ilə (süfrədəki kabab kimi) göy üzü də dolu idi).

Bəhram - od ünsürlü səyyarədir, mətbəx astrologiyasında od üzərində bişirilən kabab və qovurmanı rəmzləşdirir. Ağzının dadını bilən qurmanlar tikə kababla müqayisədə, ləzzətinə görə sümüklü bişmişə həmişə üstünlük vermişlər. Şair göy məclisindən sümüklü kabab istəməklə, əsərinin müqabilində ədalətlə, ləzzətli qələmiyyə (qonorar) gözlədiyini bildirir.

"Səg" - köpək sözünü də, tərcümədə göstərildiyi kimi, məğrur şair özünə aid etmir, mətləb "Kəlb əl-əkbər" Böyük Köpək bürcünün ən parlaq ulduzu olan, bir müddət səcdə edilmiş Şira (Sirius) barədədir, burada Bəhram şah həmin ulduza gizli deyim vasitəsilə, eyhamla bənzədilir. Şair burada bədii fiqur olan istifhamdan bacarıqla istifadə edərək, böyük sənət möcüzəsi yaratmışdır. Bir yandan şaha (böyük) Köpək deyir, ikinci tərəfdən, onun bir dəbdəbəli bəndə olduğuna da öz rişğəndini açıq göstərir. Yəni dəbdəbənlə hətta fələklərə ucalsan da, sənə təzim olusa belə, yenə də bir Allah bəndəsisən. Şair burada həm də dünya malını murdar leşə, ona meyil edənləri isə köpəyə bənzədən peyğəmbər hədisinə gizli işarə etmişdi. Fəxr əd-Din Bəhram şah Şeyx Nizaminin gizli eyhamlarını duyub onu layiqincə qiymətləndirməyi bacardı. İndi ərazicə Türkiyə Cümhuriyyətinin Şərqi Anadolu bölgəsində yerləşən Ərzincanda Tuqay Xatun, Məlik Qazi, Gülçü Baba, Mama Xatunla bərabər məqbərəsi olan Bəhram şah Nizami Gəncəvinin 2242 beytlik "Məxzən əl-əsrar"ına 5000 qızıl dinarla birgə, o dövrdə yüksək dəyərləndirilən, məişətdə əvəzi olmayan 5-7 seçkin qatır da göndərdi. Hər misraya bir qızıl dinardan da artıq gələn bu mükafat şairin fələklər məclisindən gözlədiyi ənamdan daha artıq çıxdı. O vaxta qədər heç bir şair belə yüksək qələmiyyə almamışdı.  

Bütün bu deyilənlərdən belə nəticə çıxarmaq olar ki, dünya ədəbiyyatının korifeyi Şeyx Nizami Gəncəvinin əsərlərinin həm filoloji, həm də bədii tərcümələrinə xüsusi həssaslıqla yanaşmaq lazımdır. Yubiley ərəfəsində 1945-1947 və 1980-1981-ci illərdə tələsik edildiyi üçün heç bir tərcümə qüsurlardan xali deyil və təzələnməsinə böyük ehtiyac var.

 

Hacı Firudin Qurbansoy

 

Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.36.