Nizami Gəncəvi irsi
Ərəb alimlərinin
araşdırmalarında
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin
dərin ictimai məzmunu, humanist səciyyəli ideyaları və
bədii sözün ifadə zənginlikləri bütün
zamanlar üçün öz dəyərini
saxlamışdır. Müdrik şairin hələ
sağlığında Yaxın Şərq xalqları onun əsərlərinin
ümumibəşəri əhəmiyyətini dərk
etmişdilər. Çünki bu
yaradıcılıq Şərq bədii və ictimai fikrinə
mühüm təsir göstərmişdir. Nizami irsinin ərəb ədəbiyyatşünaslığında
öyrənilməsi isə XX yüzillikdə xüsusilə
məhsuldar olmuşdur. Əsrin ikinci yarısında
Qahirə, Bağdad, Dəməşq və Beyrut universitetlərində
islam mədəniyyətinin
inkişafında iştirak etmiş xalqların zəngin ədəbi-bədii
irsini öyrənməyə maraq güclənir, farsdilli və
türkdilli ədəbiyyat klassikləri tədqiq olunmağa
başlanır. Həmin universitetlərin mütəxəssisləri
Avropa ölkələrində şərqşünaslıq
elminin mərkəzlərinə, habelə İrana və
Türkiyəyə ezam edilərək tanınmış alimlərin
rəhbərliyi altında tədqiqatlarını davam
etdirmişlər. Qahirə və Eyn Şəms universitetlərinin
müəllimləri Əbdunueym Həsəneyn, Məhəmməd
Quneymi Hilal, Məhəmməd Bədi Cuma, Məhəmməd
Səid Camaləddin, Əhməd Mirsi Safsafi, Livan universitetini
təmsil edən Viktor əl-Keyk bu yolu keçmiş alimlərdəndirlər.
Ərəb ölkələrində Nizami irsinin öyrənilməsinə
marağın yaranmasında əsrin 40-cı illərində
Nizami Gəncəvinin 800 illik və şairin vəfatının
750 illiyinin (1953-cü ildə) keçirilməsinin də təsiri
olmuşdur.
Prof. M.Həsəneyn Nizami yaradıcılığını
ayrıca tədqiqat mövzusu seçmiş, prof. M.Q.Hilal,
prof. M.S.Camaləddin, dr. Taha Nəda, prof. M.B.Cumanın
araşdırmalarında isə şairin əsərləri
müqayisəli təhlilə cəlb edilmişdir.
Misir alimi prof. M.Həsəneynin "Nizami əl-Kəncəvi
şairul-fadiləti. Asruhu va biətuhu va şiruhu" ("Fəzilət
şairi Nizami Gəncəvi. Dövrü,
mühiti və poeziyası") əsəri ərəb
nizamişünaslığında yeni bir hadisə idi.
1954-cü ildə işıq üzü görmüş
kitabın müqəddiməsində Eyn Şams Universitetinin
Ədəbiyyat fakültəsinin dekanı prof. İbrahim
Əmin Şəvaribi Həsəneynin əsərini belə
qiymətləndirir: Həsəneyn düşüncəsi və
inadkarlığı sayəsində Nizami haqqında
ortalığa qoyduğu tədqiqatı ilə ərəb ədəbiyyatşünaslığı
kitabxanasına ləyaqətli ədəbi bir töhfə və
farsdilli ədəbiyyata gözəl bir inci əlavə
etmiş olur.
Müəllif Nizami irsinin öyrənilməsi
haqqında məlumat verir, onun dövrü və mühitinin
ictimai-siyasi durumundan bəhs edir. O, dövrün xüsusiyyətlərini
iki aspektdə təqdim edir: 1) siyasi, ictimai, ədəbi və
dini baxımdan; 2) şairin boya-başa çatdığı
Gəncə mühiti və ailəsi ilə
bağlılığı baxımından. Həsəneynin
ilkin mənbələrə əsasən verdiyi məlumatlardan
aydın olur ki, mətin iradəli insanların
yaşadığı mühitdə böyüyüb tərbiyələnmiş
Nizami əsərlərində əxilərin xarakterindəki əməksevərlik
ruhundan təsirlənmiş, zülmə və zalimə boyun əyməməyi
təbliğ etmişdir. Şairin əsərlərində
aşılanan zəhmətə dəvət ruhu həmin təsirin
nəticəsi kimi başa düşülməlidir.
Həsəneyn
Nizaminin islam dini tərbiyəsi ruhunda
böyüdüyünü, çağında mövcud olan
dini-əxlaqi fikirlərin çevrəsində
yaşadığını göstərir. Şair
düşüncələr aləmində olmağa
üstünlük vermiş, Allahı sevən bir insan kimi
könül və qəlb aləmini dərk etməyə
çalışmışdır. Həqiqətən,
Nizaminin əsərlərindən aydın olur ki, onun
düşüncələri ağıl və qəlb süzgəcindən
keçmişdir. Şair islam dininin
idrak təliminə əsaslanır, eyni zamanda Aristoteli öyrənir.
Həsəneyn haqlı olaraq, Nizamini "fəzilət
şairi" adlandırmışdır. O, böyük
şair və mütəfəkkiri "möhkəm əxlaqlı"
("zu xulqin qavimin"), "hətta rəqiblərinə
qarşı dözümlü bir insan" ("mutəsamihun
hatta maə adaihi"), ailədə vəfalı ər və
qayğıkeş ata kimi oxuculara tanıdır.
"Fəzilət şairi Nizami Gəncəvi..." əsərinin
ikinci hissəsi Nizaminin məsnəvilərinin təhlili və
poetik xüsusiyyətlərinin göstərilməsinə həsr
edilmişdir.
Həsəneyn "Xəmsə"
poemalarının hər birinə ayrıca yer vermişdir.
Misir alimi poemaların təhlilində müqayisə
metodundan daha çox istifadə edir. Bu baxımdan
"Sirlər xəzinəsi"nin Sənainin "Hədiqətül-həqaiq",
"Xosrov və Şirin", "Yeddi gözəl" və
"İsgəndərnamə"nin
Firdovsinin "Şahnamə"sindəki müvafiq bölmələrlə
müqayisələri misal gətirmək olar. Müəllifin
qənaətlərindən aydın olur ki, o, Nizaminin poeziya sənətindəki
uğurlarını ona qədərki ənənənin
davamı hesab etməklə yanaşı, böyük
şair, müdrik müsəlman mütəfəkkiri və
humanist sənətçinin istedadı və
bacarığının nəticəsi kimi təqdim edir.
Həsəneyn Nizami ilə sələfləri
arasındakı fərqləri göstərməyə
çalışmışdır. Onun
müşahidəsinə görə, 20 məqalətdən
ibarət olan "Sirlər xəzinəsi"ndə ümumi
bir məqsəd mövcuddur. Bu məqsəd
ədalətin şərəfləndirilməsi, zülmü
pisləmək, insanlar arasında insaf və vəfanın bərqərar
olmasına çağırışdan ibarətdir. Həsəneynin
müqayisəli təhlilində aydın olur ki, Nizaminin sənətində
poeziya səmimi duyğuların ifadə olunduğu qəlbin
dilidir, şairin çıxışı etiraz dolu qəzəbə
bənzəyir, onun sufiliyi düşüncə ilə bağlıdır,
şair əsl mömin və Allahı tanıyan insan kimi dərk
etdiyi həqiqəti şeirin imkanları daxilində vəsf
etmişdir. Nəticədə Nizaminin poetik
üslubu daha gözəl, mükəmməl və cəlbedici
olmuşdur.
"Xosrov və Şirin" poeması ilə Firdovsinin
"Şahnamə"sində Xosrovla bağlı əhvalatları
müqayisəli təhlilə çəkən Həsəneyn
hər iki əsərin yazıldığı tarixi şəraitin
rolunu, müəlliflərin yaradıcılıq xüsusiyyətini
və məramını nəzərə alır. Onun
müşahidəsinə görə, Nizaminin bu mövzunu
işləməsi Firdovsi tərəfindən həmin
mövzunun işlənməsindən əsaslı şəkildə
fərqlənir, Nizami Xosrov və Şirinin sevgisini romantik əsər
şəklində təqdim edən ilk şairdir. "Xosrov və Şirin"də Nizami yeni bir surət
- Fərhad surətini yaratmaqla mövzuya yenilik gətirmiş,
dramatik konflikti artırmaqla şəxsiyyətlərin daxili aləmini
açmağa çalışmışdır. Şair qəhrəmanları donuq vəziyyətdə
deyil, dəyişməkdə və hərəkətdə təsvir
edir. "Yeddi gözəl"ə həsr
edilmiş hissədə də müqayisəli
araşdırmalar əsasında Bəhram Gurun bədii surəti
təhlil edilir. Firdovsinin əsərində
geniş döyüş səhnələri
yaradıldığı halda, "Yeddi gözəl"də
döyüş və ov səhnələri ilə
yanaşı, Bəhramın məhəbbətindən bəhs
edən sərgüzəştlər, onun ziddiyyətləri və
səhvlərini üzə çıxaran başqa insan surətləri
yaradılır, hökmdarı islah etməyə yönəldən
epizodlar verilir. Əsərdə şair cəmiyyəti
saflaşdırmağı nəzərdə tutan ideyaları təbliğ
edir. Həsəneyn Nizaminin əsərinin
fərqli xüsusiyyətlərini düzgün aça
bilmişdir. Firdovsi oxucularını Bəhram
şahın döyüş bacarığı ilə cəlb
etmək istəyirdisə, Nizami qəhrəmanının
göstərdiyi məharətlərinə lirik səciyyələr
artırmışdır.
"Leyli və Məcnun" poeması ilə
bağlı bölmədə əsərin məzmununun nəsrlə
təqdiminə daha çox yer verilmişdir. Həsəneyn
şairin ərəb qaynaqlarından istifadə etməsini
göstərməklə yanaşı qeyd edir ki, Nizami
özünəməxsus üslubdan irəli gələn
keyfiyyətləri də qabartmışdır. Şair fəzilətə, güclü xarakterə,
sədaqətə dəvəti və kədəri tərənnüm
etmişdir. O bu əhvalata öz təxəyyülündən
irəli gələn epizodları (Qeysin Leyli ilə məktəbdə
tanış olması, Leylinin öz rəfiqələrilə
bağa getməsi, Məcnunun dayısının yanına gəlməsi,
Məcnun və Salam Bağdadi əhvalatı, Leylinin ərinin
vəfatı) da əlavə etmişdir. Həsəneynə
görə, ərəb mənbələrindən fərqli
olaraq, Nizami Leylini mənfi planda təqdim etməmişdir.
Ərəb tədqiqatçısının qənaətinə
görə, Nizami Məcnunun eşqini nümunəvi saymaqla
onu sufi eşqinə oxşadır və
burada aşiqləri birləşdirən yol ölümdən
ibarətdir.
Misir alimi Nizaminin sonuncu poeması haqqında yazır ki,
burada təqdim edilən İsgəndər islahatlar aparan adil
bir hökmdardır, olduğu ölkələrdə ədaləti
qoruyur və məzlumları müdafiə edir. Şair Allaha
dəvət yolunda - həqiqət yolunda olan İsgəndərin
simasında həqiqətlə əfsanəni birləşdirmiş
və dolğun bədii surət yaratmışdır.
Həsəneyn Nizaminin divanı, poetik sənətinin
özəllikləri, onun şeir dilinin çətinliyi (əl-iqlab
vət-təqid) haqqında bəhs edir və göstərir
ki, bu cəhətlər şairin sənətinin dərinliyi
ilə bağlıdır və dövrünün yüksək
səciyyəli alimi kimi öyrəndiyi müxtəlif elmlərə
istinad etməsindən irəli gəlir.
Nizami haqqında Həsəneynin yekunlaşdırıcı
xülasəsində bildirilir ki, şair sənətini
yüksək insani dəyərlərin təbliğinə
yönəltməklə bəşəriyyətin xidmətində
durur, eyni zamanda bir müsəlman kimi hadisələrə
geniş islami dünyagörüş dairəsindən
baxır və beləliklə, Nizami çoxlu
davamçıları olan bir ədəbi məktəb
yaradır.
1954-cü ildə nəşr olunmuş bu kitabda müəllifin
təəssüf ifadə edən qeydinə münasibət
bildirməyi gərəkli sayıram. Həsəneyn göstərir
ki, Nizami farsdilli ədəbiyyatın Firdovsi, Rudəki, Xəyyam,
Sədi, Hafiz kimi sənətkarları ilə müqayisədə
lazımi şəkildə öyrənilməmişdir.
Çox təəssüf ki, keçən əsrin 50-ci
illərində Azərbaycanın və Azərbaycan alimlərinin
Misirlə birbaşa əlaqələri olmadığından
onların əsərləri dünya
nizamişünaslarına çatmamışdı. Təbii ki, Azərbaycanda
aparılmış və əsasən, Azərbaycan dilində
yazılmış həmin tədqiqatlardan Həsəneynin xəbəri
olmamışdır. Həmin dövrə qədər
Nizami haqqında tədqiqatlar aparmış Azərbaycan və
rus alimlərindən M.Rəfili, H.Araslı, M.Əlizadə,
A.Y.Krimski, Y.E.Bertels, M.Quluzadənin əsərlərində
böyük Azərbaycan şairinin həyatı, mühiti, əsərlərinin
bədii dəyəri, sənətkarlıq məsələləri,
habelə Nizami və folklor, yaratdığı ədəbi məktəbin
özəllikləri kimi problemlər ədəbi faktlar əsasında
obyektiv şəkildə öyrənilmişdir. Ərəb
aliminin monoqrafiyasının ədəbiyyat hissəsində
Y.E.Bertelsin "Böyük Azərbaycan şairi Nizami" və
"Fars ədəbiyyatı tarixi oçerki" və əsərləri
ilə yanaşı, A.Bakıxanovun "Gülüstani-İrəm"
və Nizami Yubiley Komitəsinin nəşr etdiyi
"Nizami" məqalələr məcmuəsinin ikinci
sayının (1940) adı vardır.
Bizim müşahidələrimizə görə,
Nizaminin mühitinin öyrənilməsi ilə bağlı
mülahizələrdə şairin
dünyagörüşünün formalaşmasında həmin
dövrdə yayılmış elmlərin rolu ilə
bağlı Həsəneynin söylədiyi fikirlərdə
Y.E.Bertelsin əsərinin təsiri vardır. Bununla yanaşı, Nizamini
fars şairi kimi təqdim edən ərəb alimi
"Böyük Azərbaycan şairi Nizami" əsərinin
müəllifi Bertelsi günahlandırır ki, o, ideoloji səbəblərə
görə Nizamini Azərbaycan şairi kimi təqdim
etmişdir. Halbuki Nizaminin
türklüyünü, əsərlərinin Azərbaycan ədəbiyyatının
zəngin xəzinəsində özünəməxsus yer
tutduğunu tədqiqatçılar elmi əsaslarla sübut
etmişlər. Şairin əsərlərini fars dilində yazdığı doğru olsa da,
o, mənsub olduğu xalqın dilində, yəni Azərbaycan
türkcəsində düşünmüşdür. Bunu Şirvan şahı Axsitanın şairə
göndərdiyi məktubu oxuduqdan sonra "Leyli və Məcnun"
poemasında yazdığı sözlər sübut edir.
Azərbaycan şairi kimi Nizaminin əsərlərinin
Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində
özünəməxsus yer tutduğunu tədqiqatçılar
elmi əsaslarla sübut etmişlər. Şairin Azərbaycan
şifahi xalq yaradıcılığı, ortaq türk ədəbi
abidələri və Azərbaycan ədəbi məktəbi
ilə bağlılığından bəhs edən
Y.E.Bertels, M.Ə.Rəsulzadə, M.Rəfili, H.Araslı,
Y.Rıpka, R.Əliyev, R.Azadə və N.Araslının əsaslandırılmış
fikirləri artıq bu qənaəti möhkəmləndirmişdir.
Ərəb tədqiqatçıları arasında Məhəmməd
Quneymi Hilal ədəbiyyatların müqayisəli öyrənilməsi
baxımından ilk dəfə olaraq Nizami Gəncəvinin
yaradıcılığı haqqında fikir söyləmişdir. O, müqayisəli ədəbiyyatşünaslıq
sahəsində əsaslı tədqiqatlar aparmış, Şərq
və Qərb dünyasında ədəbi-estetik fikirlərin
qarşılıqlı əlaqəsi məsələsinə
dair dəyərli işlər görmüşdür. Alimin bu sahədəki fəaliyyəti
"Müqayisəli ədəbiyyat" ("Əl-ədəbul-muqarənu")
əsəri ilə yanaşı, "Üzrilik və sufilik
arasında sentimental həyat" ("Əl-həyatul-atifiyyətu
beynəl-uzriyyəti vas-sufiyyəti"), "Farsdilli
şeirdən seçmələr" ("Muxtaratun minəş-şiril-farisiyyi"),
"Müqayisəli ədəbi tədqiqatlarda humanizm
nümunələri" ("Ən-nəmazicil-insaniyyəti
fid-dirasatil-ədəbiyyətil-müqaranəti") adlı
kitablarında əksini tapmışdır.
Hilal
Nizaminin məsnəvi yaradıcılığında rolunu
düzgün qiymətləndirərək yazır: Nizami bu sahədə
xüsusi istedada və gözəl sənətə malik
olmuş, məsnəvi şeirini mükəmməl bir mərhələyə
çatdırmışdır.
Ərəb
alimi şairin təsəvvüf mahiyyətli görüşlərinə
də toxunur və qeyd edir ki, Nizaminin əsərlərində
islam təsəvvüfünün gözəlliyə
bağlılıq xüsusiyyəti özünü daha bariz
şəkildə göstərir. Bununla belə,
şairin qəlbində bu dünyaya qarşı duyğu və
bağlılığın sirləri də özünə
yer tapmışdır. Onun vəsf etdiyi
gözəllik ilahi mahiyyətlə bağlıdır.
Hilal Nizaminin sənəti və şəxsiyyətini yüksək
qiymətləndirərək ərəb ədəbiyyatında
geniş yayılmış üzri və təsəvvüf
eşqinin mahiyyətini öyrənmək üçün tədqiqatında
şairin "Leyli və Məcnun" poemasına ayrıca
yer vermiş, mövzunun qaynaqlarına və Nizami tərəfindən
edilən əlavə və dəyişikliklərə diqqət
yetirməyi gərəkli saymışdır.
Qahirənin Eyn Şəms Universitetinin professoru Bədi
Muhəmməd Cuma "Farsdilli ədəbiyyatın parlaq
nümunələrindən" ("Min rəvaiil-ədəbil-farsiyyi")
kitabında şairin əsərlərindən ərəb
dilinə edilmiş tərcümələrlə
yanaşı, Nizami irsinə yüksək qiymət verilir. Cuma Nizaminin
farsdilli ədəbiyyatda heç bir şairin çata bilmədiyi
bir mövqeyə yüksəldiyini göstərir. O,
böyük şairin romantik şeir sahəsində misilsiz
uğurlar əldə etdiyini bildirir. "Xosrov və
Şirin" poeması haqqında ərəb alimi qeyd edir ki,
Nizami bu əsəri yazmaqla qazandığı böyük
uğur nəticəsində ondan sonra gələn görkəmli
şairlər bu mövzuda çoxlu əsərlər
yaratmışlar. Onların müəllifləri
ya Nizami üslubunu davam etdirmiş, ya da bəzi dəyişikliklər
etməklə məlum süjeti müəyyən qədər
zənginləşdirməyə
çalışmışlar.
Nizami irsini öyrənən ərəb alimləri
şairin "Leyli və Məcnun" poemasına dair
maraqlı və diqqət çəkən fikirlər irəli
sürmüşlər. Əhvalatın qaynaqları, burada təqdim
edilən eşqin mahiyyəti əsas süjetə edilmiş əlavə
və dəyişikliklər, obrazlar aləmi ilə
bağlı yürüdülmüş mülahizələr
Nizami irsinin tədqiqinə ciddi
yanaşıldığını göstərir.
Bilindiyi kimi, Leyli və Məcnun əhvalatı ilə
bağlı mövzunun əsas qaynaqları İbn Quteybənin
"Şeir və şairlər", Əbul-Fərəc əl-İsfahaninin
"Mahnılar kitabı" və Əbu Bəkr əl-Valibinin
"Məcnun haqqında xəbərlər və onun şeirləri"
əsərləri göstərilir. Bizim
apardığımız tədqiqatlardan aydın olmuşdur
ki, Valibinin əsəri Məcnun ləqəbli şair Qeys ibn əl-Müləvvəhin
şeirləri əsasında əhvalatın qurulmasına əsaslandığı
və tarixən İsfahaninin kitabından əvvəl tərtib
edildiyi üçün daha mötəbər
sayılmalıdır.
Yazılı
ədəbiyyata ilk dəfə Leyli və Məcnun
mövzusunun Nizami Gəncəvi tərəfindən gətirildiyini
bildirən professor Məhəmməd Səid Camaləddin epik
şeirin inkişafında humanist sənətkar Nizaminin rolunu
yüksək qiymətləndirərək yazır ki, Nizami
epik şeir sənətində böyük yenilik yaratdı, nəticədə
ondan sonrakı dövrlərdə bir çox tanınmış
şairlər onu təqlid etdilər, onun kimi "Leyli və Məcnun"
və başqa əsərlər yazmağa
çalışdılar.
Nizami Gəncəvi irsini öyrənən ərəb tədqiqatçıları
böyük Azərbaycan şairinin müraciət etdiyi
mövzuların, xüsusilə Leyli və Məcnun əhvalatının
müqayisəli öyrənilməsində təsvirçiliyə
çox yer vermişlər. Onların
araşdırmalarının başlıca qüsuru isə
Nizami Gəncəvinin XII əsr Azərbaycan poeziya məktəbindən
kənarda götürülməsi ilə bağlıdır.
Ərəb tədqiqatçıları Nizami irsini
öyrənməklə yanaşı, onun əsərlərini
və əsərlərindən nümunələri ərəb
dilinə tərcümə etmişlər. Məhəmməd Quneymi
Hilal, Əbdunueym Həsəneyn, Məhəmməd Bədi
Cuma, Məhəmməd Səid Camaləddinin "Xosrov və
Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl"
və "İsgəndərnamə"dən etdikləri tərcümələr
ərəb oxucularını böyük şairin sənəti
ilə tanış etməkdə əhəmiyyətli rol
oynayır.
Nizami Gəncəvi irsinin ərəb aləmində
tanıdılmasında Livan Universitetinin nəzdində fəaliyyət
göstərən Fars Dili və Ədəbiyyatı Mərkəzi
və onun başçısı professor Viktor əl-Kikin fəaliyyəti
də qeyd edilməlidir. 2004-cü ildə Mərkəzin nəşr etdiyi
"Ədəbi tədqiqatlar" ("Əd-dirasatul-ədəbiyyətu")
jurnalının "Nizami Gəncəvi" adlı xüsusi
buraxılışında Nizamişünas alimləri, habelə
Viktor əl-Kik və doktor Dəllal Abbasın Nizaminin həyatı
və yaradıcılığının müxtəlif məsələlərindən
bəhs edən məqalələri ərəb ölkələrində
şairin ədəbi irsinin öyrənilməsində
marağın güclü olduğunu göstərir.
İmamverdi HƏMİDOV
Ədəbiyyat qəzeti.- 2021.- 9
oktyabr.- S.32-33.