Nizaminin "Sirlər xəzinəsi"ndə

 

 "Təzadlar sirri"

 

Nizaminin hər əsəri möhtəşəm bir söz qəsrdir. Həmin qəsri görürük, oradan gələn ahəngi eşidirik, həzz alırıq.

Şairin yaratdığı hər bir söz qəsri gözəldir, bəs şair bu gözəlliyi necə yaradıb? Bu suala şairin əsərlərinin orijinalının dilinə, üslubuna müraciət etdikdə cavab tapa bilirik. Nizami əsərlərinin orijinalına, gözəl ahəngli farsca mətnə üz tutduqda, sanki şairə bir addım daha yaxın oluruq, onunla üz-üzə dururuq. Müsəlman Şərqinin poeziya dili olan fars dilində şairin seçdiyi sözləri, qurduğu qafiyələri, bəyəndiyi vəznləri eşidirik. Bir daha yada salırıq ki, Nizaminin hər bir əsərinin daxili məzmunundan əlavə, xarisi formasını təşkil edən gözəl bir dil qəlibi, üslub özəllikləri də vardır. Bu qəlib və üslub çalarları bizə Nizaminin şairlik dühası, nəzm istedadı, söz zövqü, poetik duyumu ilə bağlı çox məqamı açıqlaya bilər.

Axı, o, ilk növbədə, şairdir. Nizami nə deyib? Hamımız bilirik. Amma necə deyib? Bunu hamımız bilirikmi? Bu suala qismən cavab vermək üçün "Sirlər xəzinəsi" mətninin orijinalının linqvopoetik araşdırılmasına müraciət etdik. Diqqətimizi bir sıra maraqlı mətndaxili sistemlər cəlb etdi. Bunlardan biri də "Sirlər xəzinəsi" mənzuməsindəki xüsusi üslub özəlliyinə, struktur və kompozisiya zənginliyinə malik olan təzadlar sistemidir.

Farsdilli klassik ədəbiyyatımızda təzadlar ənənəvi qəliblərə malik olaraq, zəngin bir bədii sistem təşkil edir. Müəyyən dərəcədə sabitləşmiş bir sistem təşkil edən təzadlara, bu ənənəvi bədii ifadə vasitəsinə hər bir şair fərdiliklə yanaşmışdır. Qeyd edək ki, təzada müraciət edən hər bir şairin təzadlar sisteminin öz üslubi sirri vardır, eləcə də Nizaminin...

Nizaminin "Sirlər xəzinəsi"ndə müxatibə təsir gücünü artıran təzadların sirrini açmaq üçün əsərin orijinalının dilini və üslubunu araşdırmaq vacibdir. "Sirlər xəzinəsi"ndə təzadların poetikliyi və nəfisliyindən heyrətlənməmək mümkün deyildir. Belə heyrətamiz təzadların zənginliyindəndir ki, farsdilli klassik poeziyada "təzad-e heyrətafərin" (heyrətləndirici təzad) adlanan təzad növü mövcuddur. "Sirlər xəzinəsi"ndə olduğu kimi...

Orijinalın farsdilli mətninin tədqiqi göstərir ki, "Sirlər xəzinəsi"ndəki təzadların sirri əsər boyu müşahidə olunan təzadla təkrar tənasübüdür. Əsərdə səciyyəvi olaraq, təzadlar müxtəlif təkrar növləri ilə müşayiət olunur, xoş ahəng və fonoeffekt yaradır.

Əfsus ki, şairin söz ustalığından xəbər verən təzadla təkrarın vəhdətindən ibarət olan bu orijinal məqam poetik tərcümədə çox vaxt öz əksini tapa bilmir.

Təzadla təkrarın belə tənasübünü beyt və ya daha geniş poetik mətn daxilində müşahidə etmək olar. Bunlardan əsər üçün daha səciyyəvi olanları nəzərdən keçirək:

1. Təzad yaradan qoşalığın yalnız bir komponenti təkrarlanır: Maraqlıdır ki, "Sirlər xəzinəsi" üçün səciyyəvi olan bu konstruksiyaya daha çox mənəvi-əxlaqi, didaktik məzmunlu beytlərdə təsadüf olunur. Aşağıdakı beytdə [xənde vo gerye] "gülüş və gözyaşı" üzərində qurulan təzadın "gülüş" komponentini şair təkrarlayaraq, həm müəyyən fonoeffekt yaradır, həm də yersizlik məfhumu ilə bağlı didaktik fikri vurğulayır.

 

Xənde çu bivəğt qoşade gereh,

Gerye əz an xənde-ye bivəğt beh.

Gülüş bivaxt olarsa,

Gözyaşı o bivaxt gülüşdən daha yaxşıdır.

 

Poetik tərcüməyə müraciət edək:

 

Ağlamaq daha xoşdur, yersiz gülməkdən, inan,

Yersiz gülsən, gülüşün zəncirini qırarsan.

 

(Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı: Lider, 2004. s.183)

 

Orijinaldan göründüyü kimi, şairin poetik fikri müraciət etdiyi təzad konstruksiyasında, poetik tərcümədən fərqli olaraq, daha lakonik şəkildə ifadə edilə bilmişdir.

Bəhs olunan təzad konstruksiyası ilə bağlı daha bir maraqlı faktı qeyd etmək istərdik. Diqqət yetirsək görərik ki, əsər boyu bəhs olunan təzad konstruksiyasında təkrarlanan, əsasən, müsbət məna daşıyan komponentdir. Məsələn, növbəti beytdə "cəvani və piri" ("cavanlıq və qocalıq") təzadının "cavanlıq" komponenti misralara paylanaraq, təkrarlanır:

 

Gərş-e cəvani həme xod atəş əst,

Piri təlx əst-o cəvani xoş əst.

(Cavanlığın özü atəş olsa da,

[Yenə də] qocalıq acı, cavanlıqsa şirindir).

 

Beytin uğurlu poetik tərcüməsinə də nəzər salaq:

(Gənclik - yaxıcı atəş, hər dəmi od parçası,

Gənclik - həyatın dadı, qocalıqsa - acısı)

(Göstərilən əsər, s. 114).

 

Müraciət olunan poetik nümunələrdən görünür ki, Nizami təzad yaradan sözlərin beytdəki mövqeyinə də xüsusi diqqət yetirmişdir. Şair əks mənalı qoşalığın tərəflərini məhz misra əvvəlində yerləşdirməklə, sanki təzad daşıyan poetik fikri daha da vurğulayır.

2. "Sirlər xəzinəsi" mənzuməsində xüsusi ahəng yaradan təzad və təkrar tənasübünü əks etdirən digər bir konstruksiya beytdə təzad bildirən qoşalığın özünün təkrarlanmasıdır. Növbəti beytdə "nou" - "kohən" ("təzə" - "köhnə")  təzadı beytin hər iki misrasında yer almışdır. Şair bəhs olunan qoşalığın tərəflərini fərqli tərkiblərdə işlədərək, təzad daşıyan poetik fikrə daha geniş vüsət verir.

 

Key məh-e nou borc-e kohən ra bekən,

Vay gol-e nou şax-e kohən ra bezən.

(Ey təzə Ay, köhnə bürcü dağıt,

Və ey, təzə gül, köhnə budaqları qır).

 

Şairin "təzə Ay" - "köhnə bürc" və "təzə gül" - "köhnə budaq" kimi təzad daşıyan ifadələri həm də kiçik bir poetik mətndə Şərq poetikasında geniş yayılmış "tənasüb" poetik fiqurunu yaradır. Beytin leksik tərkibində anlamca bağlı olan sözlər yer alır. Asiman ilə bağlı olan "Ay", "bürc" və bağ ilə bağlı olan "gül", "budaq" sözləridir. Bir beytdə həm təzad, həm təkrar, həm tənasübün işlənməsi şair istedadından xəbər verir.

Növbəti beytdə isə şair təzad yaradan "ruz və şəb" ("gündüz və gecə") qoşalığının təkrarına bir misrada yer vermişdir.

 

Ta şəb o ruz əst, şəbət ruz bad,

Gouhər şahiyət şəbəfruz bad.

(Hələ ki gecə və gündüz var,

            sənin gecən gündüz olsun,

Sənin şahlıq gövhərin gecəni işıqlandırsın).

 

3. Təzad və təkrar tənasübünə misal olaraq digər bir konstruksiyanı da göstərmək olar. Təzadın komponentləri əks istiqamətdə işlənərək təkrarlanır. Xiazma uyğun gələn, Şərq poetikasında "əks" adlanan bu poetik fiqur "Sirlər xəzinəsi" mətni üçün səciyyəvidir. Belə kompozisiya həm xoş fonetik fon, həm də ərəb qrafikası üzərində qurulan vizual mətn gözəlliyi yaradır. Sözü yüksək qiymətləndirən Nizami şeir mətnində sözün mənası, səslənməsi ilə yanaşı, onun qrafik şəklinə də əhəmiyyət verir.

4. Nizami eyniköklü qrammatik antonimlərə əsərdə geniş yer verir. Eyniköklü, qrammatik antonimlər öz struktur-funksional cəhətləri ilə, ahəng ortaqlığı ilə əsərin poetik dil sistemində özünəməxsus yer tutur. Aşağıdakı beytdə "nə" inkar şəkilçisi ilə yaranan "olmaq-olmamaq" mənası daşıyan [bud-nəbud], [başəd-nəbaşəd] qrammatik antonimlərindəki müştərək [bud] və [başəd] komponentlərinin təkrarı xüsusi səs fonu yaradaraq təzada ahəng axıcılığı bəxş edir.

 

Bud-o nəbud ançe bolənd əst-o pəs

Başəd-o in niz nəbaşəd ke həst.

(Nə ki, olub, olmayıb, nə ki, yüksək və alçaqdır,

Olmasa da [O] olmuş və olacaq).

 

Beytdə eyni zamanda işlənən [bolənd və pəs] "yüksək və alçaq" antonim qoşalığı təzadı daha da gücləndirir. Bununla da, sanki Tanrı və əbədiyyət mövzusunu beytdə bir daha vurğulayır.

Bəzən poetik tərcümədə bəhs olunan məqamlar itir. Nizaminin yüksək söz sənətkarlığını bütövlükdə dərk etmək üçün orijinaldakı bəzi üslubi özəllikləri, incəlikləri izləmək, şairin söz duyumunu araşdırmaq çox maraqlıdır. Məsələn, aşağıdakı beytdə Nizami "dil ilə" - "dilsiz" mənası daşıyan [bezəban] - [bizəban] - eyniköklü antonim söz qoşalığından istifadə etmişdir. Həmin qoşalığı birinci misranın əvvəlində və axırında yerləşdirərək, ahəngi gücləndirən və mənanı vurğulayan təzad yaratmışdır. Təzad yaradan eyniköklü sözlərin misradakı mövqeyi Şərq poetikasında "təsdir" adlanan poetik fiqur növünə uyğun gəlir. Təsdirin bu növündə eyni söz, eyni misranın əvvəli və sonunda təkrarlanır. Nizami Şərq poetikasında geniş yayılan bu poetik fiqurda da fərdilik göstərərək, təkrarlanan sözlərə əks mənalı inkar hissəciyi əlavə etmişdir. Amma bu şairanə incəlik poetik tərcümədə öz əksinin tapa bilmir. Müxtəlif dil sistemlərinə daxil olan fars və Azərbaycan dili üçün tərcüməçidən asılı olmayan bu hal isə təbiidir.

 

Del bezəban qoft ke, ey bizəban,

Morğ tələb boqzər əz in aşiyan.

(Ürək dil ilə (dilə gəlib) dedi ki, ey dilsiz!

Bu yuvanı (bədəni) tərk et, quşu (ruhu) axtar).

 

Həmin beytin poetik tərcüməsi belə səslənir:

 

Könül dedi: Heyrətdən itirmisən huşunu,

Bu yuvadan uçurma səadətin quşunu.

 

(Göstərilən əsər, s. 114).

 

Mənada da bir qədər uzaqlıq izlənilən bu şairanə beytdə orijinalda vurğulanan məna və yuxarıda bəhs olunan Nizaminin şeir sənətinin incəliklərini mənzum tərcümədə görmək olmur.

5. Təzad və təkrar tənasübünə maraqlı misallardan biri də şairin təzad komponentlərinə saylar əlavə edərək, onların təkrarı ilə təzadı gücləndirməsidir. Aşağıdakı poetik nümunələrdə "səd" ("yüz") və "çehel" ("qırx") saylarının beytdəki mövqeyi fikrimizi təsdiqləyir. Əsərin yüksək ideya-bədii dəyərə malik olan "Hacı və sufi dastanı" adlı hissəsindən "yüz gülüş" və "yüz göz yaşı" ifadələrinin işləndiyi beytə müraciət edək. Şair sufiyə ünvanlanan beytdə deyir:                               

 

Mal be səd xənde be tarac dad,

Rəft-o be səd gerye be pa istad.                         

(Yüz gülüşlə malı tarac etdi,

 

Sonra da yüz göz yaşı ilə

            (üzr diləmək üçün) ayaq üstə durdu).

 

İnsanın qırx yaşına çatanda kamilləşməsinə işarə edən şair ağılı "qırx yaşlı qoca" adlandıraraq, onunla "qırx günlük tifil" ifadəsi arasında təzad yaradır:

 

Tefl-e çehel ruze-ye kəjməj zəban,

Pir-e çehel sale bər u dərs xan.

(Dili açılmayan bu qırx günlük tifil,

Qırx yaşlı qoca (ağıl) ona dərs verirdi).

 

6. Təzadlardan biri məcazi, digəri isə real məna daşıyan iki qoşalığa yer verməklə təzad təkrarlanır. Növbəti beytdə "ağ-qara" məfhumu "zənci-rumi" məcazı və "gecə-gündüz" ifadələrində işlənərək, semantik təkrar yaradır.

 

Çun şəb, çun ruz dorəngi mədar,

Surət-e rumi, del-e zəngi mədar.

(Gecə və gündüz kimi iki rəngli (ikiüzlü) olma,

Rumi (kimi ağ) surətli,

            zənci (kimi qara) qəlbli olma).

 

Mətn boyu "qara və ağ" məfhumunu ifadə edən müxtəlif məcazi təzadları izləmək olur. Məsələn, əsərin qocalığı vəsf edən hissəsindən olan aşağıdakı beytdə şair qara saçlarda ağ tellərin görünməsinə işarə edir.

 

Muy be muyət ze Həbəş ba Təraz,

Tazi-yo tork aməde dər torknaz.

(Sənin [ağ, qara] tellərinın,

            Həbəşlə Təraz kimidir,

Sanki (başına) ərəb və türklər hücum çəkib).

 

Beytdə yer alan "qara və ağ" anlamı ifadə edən məcazi ifadələr aşağıdakılardır:

Qara məfhumu: Həbəş - qaradərili qulların gətirildiyi Həbəşistan (Efiopiya) nəzərdə tutulur. Birinci misrada "ağ" məfhumunu ifadə edən "Təraz" - ağdərili qulların gətirildiyi Şərqi Türküstanda olan ərazi adıdır. İkinci misrada farsdilli klassik poeziya üçün ənənəvi olaraq, "ərəb" sözü "qara", "türk" isə "ağ" məcazı kimi işlənmişdir. (bax: Nizami Qəndjevi. Sokrovihniüa tayn. Baku: Elm, 1983. s.222).

Şairin məcazi ifadələr üzərində qurduğu "ağ və qara" məfhumunun semantik təkrarı heyrət yaradır.

Şairin təzad daşıyan poetik fikrini belə izah etmək olar ki, lalənin bağrı qarğa rəngli ərəb kimi qaradır. Türk (ağ) yasəmən isə Yəmən üzərindəki Süheyl ulduzu kimi parlaqdır.

Müraciət etdiyimiz beytdə şair "səhl" sözünün çox nadir işlənən mənalarından biri olan "qarğa" anlamını poetik mətnə daxil edərək, eyni misrada [səhl] və [Soheyl] sözlərini işlətməklə naqis cinas yaradır.

7. "Sirlər xəzinəsi"nin təzadlar sirrinə bir məqamı da əlavə etmək istərdik. Bu, şairin təzadlar üzərində qurulan müxtəlif poetik fiqurlara nüfuz edən məcazlardan geniş istifadə etməsidir. Məsələn, əsərdə müəyyən hadisəyə, şəxsə və ya anlama işarə olan təlmih poetik fiquru ilə müşayiət olunan təzadlar maraq doğurur.

Sam ke, Simorğ pesər gir daşt,

Bud cəvan, gər çe pesər pir daşt.

(Oğlu Simurqun əlində olan Sam,

Cavan idi, oğlu isə qoca idi).

 

"Cavan və qoca" təzadı işlənən bu beytdə Firdovsinin "Şahnamə" əsərinin  qəhrəmanları olan Sam və onun oğlu Zala işarə edilir. Rəvayətə görə yüz il yaşayan Samın oğlu Zal ağ saçla doğulmuşdu.

8. "Sirlər xəzinəsi"ndə təzadın çox maraqlı və poeziyada nadir müraciət olunan növü - oksimoron (tam zidd məna daşıyan sözlərin eyni ifadədə işlənməsi) da müşahidə olunur. "Şərabın acılığı şirinliyin mayasıdır" deyən Nizami oksimorona uyğun fəlsəfi mənalı təzad yaradır.

 

 Zəxm-e bəla mərhəm-e xudbinist,

Təlxi-ye mey maye-ye şirinist.

(Bəlanın vurduğu yara xudbinliyin

            məlhəmidir (müalicəsidir),

Şərabın acılığı şirinliyin mayasıdır).

 

Təzad yaradan sözlərin bir-birinə nüfuz edərək, paradoks təşkil etməsi dərin məzmunlarla müşayiət olunur. Aşağıdakı kiçik bir poetik mətndə təzad daşıyan dərin məzmun buna misaldır:

 

Ey şəb gisu-ye to ruz-e necat,

Atəş-e sevda-ye to ab-e həyat.

(Sənin zülfünün gecəsi nicat günüdür,

[Sənə olan] sevdanın atəşi dirilik suyudur).

 

Həm leksik tərkibdə, həm poetik strukturda, həm də məzmunda təzad daşıyan bu kiçik poetik mətn Nizami şairliyinin nəfis nümunəsidir.

Təzadlarla dolu həyat həqiqətləri açıqlanan, ədalətsizliyə, haqsızlığa, şərə qarşı səs ucalan bu əsərin mətni üçün təzadlar sistemi təbiidir. Məsələn, "Kərpickəsən qocanın dastanı" adlı didaktik hekayə həm ideya-məzmun, həm dil və üslub baxımından tam təzadlar üzərində qurulmuşdur. Həmin hekayədə təzad daşıyan aparıcı motiv "qoca və cavan" əksliyidir. Orijinalda da hekayə məhz "pir" (qoca) sözünün yer aldığı "Dastan-e pir-e xeştzən" ("Kərpickəsən qocanın dastanı") ifadəsi ilə adlanır. Əfsus ki, bəzən tərcümədə "qoca" sözü "kişi" ilə əvəz olunaraq, "Kərpickəsən kişinin dastanı" şəklinə salınmışdır. Bu da şairin "qoca və cavan" təzadı üçün yaratdığı zəmini zəiflədir.

"Sirlər xəzinəsi"ndəki təzadlar sistemi Nizaminin poetik dilinin üslubi özəlliklərinin bir çox incə məqamlarını açıqlayır. Əsərdə şairin təzaddan əsas bəyan elementi kimi istifadə etməsini, onların fəlsəfi-linqvistik əhəmiyyətini, poetik və məntiqi-üslubi səciyyə daşımasını tam genişliyi ilə izləmək olur.

Bəhs olunan mövzuya müraciət etdikdə, nədənsə, daim şairin təzadlar üzərində qurduğu aşağıdakı fəlsəfi, ritorik sualı qulağımda səslənir. Əlimizdə olmayan bir rməqama - bu dünyaya gəliş-gedişə işarə edən Nizami deyir:

 

Nə vaxtacan sürəcək bu hicranlar, görüşlər,

İstəmədən gəlişlər, istəmədən gedişlər?

Amma əziz oxucular, sözümü Nizaminin "Leyli və Məcnun" əsərindən olan nikbin təzadlarla süslənmiş bir beytlə bitirmək istərdim:

Hər ümidsiz işdə bir çox ümid var,

Qaranlıq gecədən ağ səhər doğar.

 

Şəfəq ƏLİBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.33-34.