Bizim Nizamini anmağa deyil,
anlamağa ehtiyacımız var
Siracəddin Hacı AMEA Nizami
adına Ədəbiyyat İnstitutunun aparıcı elmi
işçisidir, Nizami Gəncəvi irsi ilə bağlı
on iki cildlik şərh yazmışdır. Beş yüzdən
çox məqaləsi Azərbaycanda və xaricdə nəşr
edilmişdir. Radioda "Qurani-Kərim"lə bağlı
beş yüzdən çox proqram hazırlamışdır,
tələbələri dünyanın məşhur universitetlərində
təhsil alırlar. "Nizami ili" ilə əlaqədar
olaraq "Ədəbiyyat qəzeti" ədəbiyyatşünas
alimlə söhbəti təqdim edir.
- Siracəddin müəllim, uzun
illərdir Nizamini tədqiq edir, Nizami Gəncəvi irsi ilə
bağlı on iki cildlik şərh yazmısınız. Nizami
Gəncəvinin kimliyini hansı ölçülərlə
tanıda bilərsiniz?
-
Nizaminin əsl adı Cəmaləddin əbu Məhəmməd
İlyas bin Yusuf bin Zəkiəddin bin Müəyyəddin əl-Gəncəvidir,
Azərbaycanın siyasi, iqtisadi, elmi düşüncə mərkəzlərindən
biri olan Gəncədə doğulmuşdur,
xanımının adı Afaq, oğlunun adı Məhəmməddir,
Böyük Səlcuqlu dövlətinə bağlıdır,
Azərbaycan türküdür, müsəlmandır,
bütün varlığı ilə Allaha bağlıdır,
dərin mədrəsə təhsili var, bütün elmləri
öyrəndiyini yazır, oxumağı çox sevir, deyir ki,
oxumadan, yeni şeylər öyrənmədən yatmaq
haramdır, türk, fars, ərəb dillərini bilir, yunan və
yəhudi qaynaqlarını araşdırır, "Qurani-Kərim"i,
hədisləri, İslam alim və filosoflarının əsərlərini dərindən öyrənmişdir,
düşüncəsinin mayası İslam dini və mədəniyyəti
olsa da, xristianlığı, musəviliyi, "İncil"i,
"Tövrat"ı, zərdüştlüyü, türk,
fars, ərəb, yunan, hind, çin mədəniyyətlərini,
tarixi, folkloru, musiqini, şeiri, əruzu diqqətlə
araşdırmış, elm xəzinəsi ortaya qoymuşdur,
şairdir, böyük iddiası var, deyir ki, dünyada
şairlik Nizami ilə bitmişdir.
Nizami
irfan məktəbinə bağlıdır, şeyxdir, arifdir,
alimdir, mürşiddir, müridləri var, zühd əhlidir,
qənaət sahibidir, təvazökardır, özünü
yetişdirmək üçün riyazət üsulundan istifadə
etmiş, çiləxanalarda çilələr çəkmişdir.
Nizami ağıla çox önəm verir, deyir ki,
ağıl mayadır, insanı seçən, üstün
qılan ilahi nemətdir, insan ağlından doğru istifadə
etsə, hər şeyi olar. Nizami böyük siyasət
adamıdır, siyasəti, diplomatiyanı gözəl bilir,
onun lirik şeirləri, "Sirlər xəzinəsi",
"Xosrov və Şirin", "Leyli və Məcnun",
"Yeddi gözəl", "İskəndərnamə"
adlı beş məsnəvisi dünya mədəniyyətinin
şah əsərləri sırasında yer tutur. O, məktəb
yaratmış, dünya ədəbiyyatına ciddi təsir
göstərmişdir, onun məsnəviləri əl-əl gəzmiş,
insanlar bu əsərlərə bərəkət
qaynağı kimi baxmışlar. Dünyanın önəmli
kitabxanalarında Nizaminin əsərləri var, bu əsərlər
dünya dillərinə tərcümə olunmuşdur.
Hindistanda təkcə "Sirlər xəzinəsi" məsnəvisinin
yüz yeddi nüsxəsinin olduğunu bilirik...
- Bəs bu zəngin irs dünya mədəniyyətinə
nə qazandırmışdır?
- Bu,
çox geniş cavab tələb edən sualdır.
İmkanımıza uyğun olaraq bunları deyə bilərəm.
Nizami insanlığın şairidir, min ilə yaxın bir
vaxt keçsə də, Nizaminin məsnəviləri dəyərini
itirmədi. Bunun səbəbləri var: onun məsnəviləri
içində həqiqət daşıyır, Nizami insanlara hər
zaman doğru yol göstərən dəyərləri təbliğ
etmişdir. İçində həqiqət olmayan, dəyər
daşımayan heç bir əsər qalıcı olmaz, təsir
göstərməz, sevilməz. Nizaminin təbliğ etdiyi dəyərləri
- insanı insan edən dəyərləri belə sıralaya
bilərəm: tövhid - şair deyir ki, bu ən böyük
dəyərdir, insanlar tövhidi doğru anlasalar, bütün
sıxıntılar həll olunar, Nizami tövhidi insan azadlığının
əsası kimi tanıtmışdır. Ədalət - Nizami
deyir ki, ədalət iki dünyanın sərmayəsidir, ədalət
hər varlığı ilahi təyinatına uyğun yerdə
tutmaq, hər kəsə, hər varlığa layiq olduğu
haqqı verməkdir, tövhid insanla Allah, ədalət insanla
insan münasibətlərinin əsasıdır. Mərhəmət
- Nizami deyir ki, mərhəmət olmasa, insanlıq ölər,
ilahi rizanı qazanmaq mərhəmətlə
mümkündür. Elm - Nizami deyir ki, elm güc
qaynağıdır, elmi olmayan Allahı tanımaz, inkişaf
etməz, həlak olar, dəyərlərini itirər.
Barış - bu, insanların bir arada yaşamasını təmin
edən dəyərdir, şair deyir ki, fərqlilik ayədir,
nemətdir, zənginlikdir, ona sayğı duyun ki, bir arada,
hüzur içində yaşaya biləsiniz. Rifah - Nizami deyir
ki, yoxsulluq parçalayır, zənginlik birləşdirir.
Şair zənginliyin əsasına halallığı qoyur,
deyir ki, halal yaşamaq igidlikdir. Sevgi - Nizami sevgini münasibətlərin
mayası kimi tanıtmışdır.
Nizami
"Qurani-Kərim"dən çıxış edərək
dövlət idarəçiliyinin əsasına altı dəyər
qoymuşdur: həqiqət - dövlət doğru dəyərlər
üzərində qurulmalı, doğru olan işləri
gerçəkləşdirməlidir; ədalət - dövlətin
imanı ədalətdir, bir dövlət küfürlə
deyil, zülmlə yıxılar; məşvərət -
dövlət məsləhətlə idarə
olunmalıdır; ləyaqət və əhliyyət - iş
işi bilənə verilməlidir; mərhəmət - Nizami
deyir ki, dövlət vətəndaşlarına mərhəmətlə
yanaşmalı, onların sıxıntılarını həll
etməli, bağışlama yolunu tutmalıdır; ümid - dövlət vətəndaşına
qorxu deyil, ümid verməlidir, ümidin anası ədalət,
meyvəsi sevgidir. Nizaminin dövlət idarəçiliyi ilə
bağlı ən gözəl ölçüsü budur:
hakimiyyətin şükrü ədalətdir. Dünya
dövlətlərinin əsasında Nizaminin təsbit etdiyi dəyərlər
olsa, yer üzündə savaş, kin, nifrət, aclıq,
yoxsulluq, zülm olarmı?
- Nizaminin İslam dininin dəyərlərinə
bağlılığını hansı ölçülərlə
qavramaq olar?
- Nizaminin
düşüncəsinin mayası İslam dinidir. O ən
çox hansı dəyərləri təbliğ edib desəniz,
mən tövhid və ədalət cavabını verərəm.
Nizami deyir ki, mənim torpağıma tövhid inancının
toxumu səpilmişdir. Şair insan azadlığının əsasına
tövhid inancını qoymuşdur, o deyir ki, Allaha təslim
ol ki, azad olasan. Nizami Allahı tanıdır, bu məqsədlə
varlıqları iki yerə ayırır: Yaradan və
yaradılanlar. Şair deyir ki, Yaradan Allahdır, O, təkdir, tək
olmaq ancaq Onun haqqıdır, O, vacibul-vücüddur, yəni
var olmaq üçün bir başqa varlığa möhtac
deyil, əbədidir, ehtiyacsızdır, hər
varlığın ehtiyacını təmin edəndir,
bütün mükəmməlliklər Ona aiddir, nöqsan sifətlərdən
uzaqdır, bir tək İlahdır, ibadət, itaət, dua
ancaq Onadır, heç bir varlığa bənzəməz,
varlığın mütləq hakimidir, mərhəmətlidir,
mülkün gerçək sahibidir, ölümü və həyatı
yaradan Odur, hüzur qaynağıdır, güvən və
iman verir, mütləq diridir, hər şeyi bilir, eşidir,
görür, qullarına əsla zülm etməz, şərəf
və etibar qaynağıdır, axirətin tək sahibidir, hər
kəsdən hesab soruşacaq.
Nizami
tövhid inancını doğru öyrətmək
üçün yaradılanları da tanıdır: onlar
çoxdurlar, yaradılmışlar, var olmaq üçün
bir yaradıcıya möhtacdırlar, ehtiyacları var,
fani-ölümlüdürlər. Nizami Allahı doğru
tanımağın yolunu da öyrətmişdir: o deyir ki,
insan Allahın zatını qavraya bilməz, belə ki, Allah
sınırsız, insan sınırlı varlıqdır,
sınırlının sınırsızı qavramaq
imkanı yoxdur, Allahı tanımağın iki yolu var:
birincisi, Onun yaratdıqlarını tanı, yaradılanlardan
yaradana doğru get, ikincisi, Allahın gözəl adlarının
anlamını öyrən (əzbərləmə, öyrən).
Şair bütün məsnəvilərinin əvvəlində
Allahın gözəl adlarını bədii dillə bir-bir
tanıtmışdır. Nizami hədəfini belə
açıqlamışdır: yer üzündə Rəhmət
Evi tikmək istəyirəm, bu, sevgi, barış, xeyir, rəhmət,
bərəkət, hüzur evidir, insanlıq üçün
tikiləcək bu ev dörd dayaq - dörd dəyər üzərində
dayanacaq: tövhid, ədalət, elm, mərhəmət. Nizami
Allah Rəsulunu - son Elçini, aləmlərə rəhmət
olaraq, gözəl əxlaqı tamamlamaq üçün
göndərilmiş hz. Məhəmmədi sevə-sevə
tanıtmış, hər məsnəvisinin əvvəlində,
tövhid bölməsindən sonra Ona yer vermiş, Onun gözəl
örnəkliyini önə çıxarmış, Onu
tanıtmaq üçün gözəl məcazlar
seçmiş, oğlunun adını da Məhəmməd
qoymuşdur. Nizami insana ikidünyalı həyat təklif edir,
deyir ki, axirət dünyanın ruhudur, axirət inancı
olmasa, insan da, bu dünya da anlamını itirər. Nizami
insana şükrü, dini, yaradılışı, savabı,
günahı, tövbəni, dünyanı, qəlbi, ümidi,
əməyi, anlamlı həyatı, sərvəti
tanıdır. Deyir ki, hər insan yer üzünün xəlifəsidir,
onun işi yer üzündə tövhid, ədalət, xeyir, mərhəmət,
barış, rifah üçün çalışmaqdır.
İnsan olmağın şükrü Allaha təslim
olmaqdır. Anlamlı həyatın ölçüsü
budur: insan ilahi təyinatına uyğun yaşamalı,
Allahın buyruqlarını yerinə yetirməlidir.
- Nizami ilə bağlı son
araşdırmalarınız nə yerdədir?
- Öncə
onu deyim ki, bizim Nizamini anmağa deyil, anlamağa
ehtiyacımız var. Kimliyimizi, dəyərlərimizi
tanımaq, inkişaf etmək, azad olmaq, ədalətli cəmiyyət
qurmaq, dünya mədəniyyətinin öncüllərinin
sırasında yer tutmaq istəyiriksə, Nizami irsini dərindən
öyrənməli, dəyərlərini günümüzə
daşımalıyıq. Bu böyük işi gerçəkləşdirmək
üçün də bir sıra şərtlərə
ehtiyac var: birincisi, Azərbaycan mədəniyyətinin, o
sıradan Nizaminin islami kimliyi qəbul olunmalı, Nizami
bağlı olduğu dəyərlər əsasında öyrənilməlidir.
İkincisi, Nizami irsi yenidən tərcümə olunmalı, bədii
və sətri tərcüməsi hazırlanmalıdır.
Üçüncüsü, bu böyük işi gerçəkləşdirmək
üçün ayrı-ayrı elm sahələrinin mütəxəssislərindən
ibarət elmi heyət formalaşdırılmalıdır.
Dördüncüsü, Nizaminin hər misrasına şərhlər
yazılmalı, onun irsi ilə bağlı ciddi elmi işlər
ortaya qoyulmalıdır. Beşincisi, Nizaminin təbliğ
etdiyi dəyərlər həyatımıza
daşınmalıdır.
Biz də
gücümüz ölçüsündə işlər
gördük. Elmi fəaliyyətimizin iki əsas istiqaməti
var, biri "Qurani-Kərim"lə, o birisi Nizami ilə
bağlıdır. Nizamini aid olduğu dəyərlər
işığında öyrənməyə
çalışdıq, onun əsərlərinə on iki cild
şərh yazdıq, işlərimiz davam edir, bu ilə
"Yeddi gözəl" məsnəvisi ilə bağlı,
min iki yüz səhifəlik, iki cildlik şərhimiz çap
olundu. Dünya nizamişünaslığında ilk dəfə
olaraq şairin iki məktubuna yüz əlli səhifəlik
şərh yazdım, "Nizaminin iki məktubu: dünya siyasət
və diplomatiya tarixinin iki şah əsəri" adı ilə
çap etdim. İndi "Nizaminin ədalət xütbəsi"
adlı elmi işimi tamamlamışam. İşlər davam
edir, Allah ömür versə, Nizami irsinin hamısını
şərh edəcəyəm. Hərəkət bizdən, bərəkət
Allahdandır.
Söhbətləşdi: A.Bayat
Ədəbiyyat qəzeti.- 2021.- 9
oktyabr.- S.35.