Ey şeyx Nizami...
Əslində, ithaf şeirləri kimisə tərəfləməkdən
çox, onu öyrənmək, yaxud öyrəndiyinə əmin
olmaq anlamını daşıyır. Daha doğrusu, Nizami Gəncəviyə
həsr edilən şeirlər əslində, normal halda onun
poetikası önünə tutulan güzgü rolunu
oynamalıdır, bu isə bir daha təkrar edək, həmin mətnlərdə
Nizami yaradıcılığının necə mənimsənilməsindən
asılıdır. Bu da təbiidir, çünki burda
söhbət heç şübhəsiz ki, şəxsiyyətdən,
onun xarakteri və simasından getmir (yadınıza salın
Svetayevanın ithaf şeirlərini, bu tipli mətnlərdə
o, haqqında yazdığı şəxsin portretində bircə
ayrıntını qabardırdı: gözlər... həm də
tutqun və kəskin baxışlı,.. məsələn,
şeirlərinin birində belə yazırdı: iki şəfəq,
iki qızartı yeri, yox, güzgü!..), uzaq əsrlərdə
qalmış obrazın bu gün bütün cizgiləri ilə
canlandırılması yalnız təxminlər verə bilər.
İthaf şeirləri bu mənada Nizaminin
yaradıcılığında, misralar arasına düşən
işıq şüasının sınmasından nəşət
tapır, yəni bu ithaf şeirlərini qələmə alan ədiblər Nizami Gəncəvi
yaradıcılığında işığın bu şəkildə
"sınması"nı necə görüb, öz
yaradıcılıqlarında bunu necə əks etdiriblər.
Böyük
mütəfəkkir Nizami Gəncəviyə həsr edilən
şeirlərdə bu həqiqət aydın şəkildə
hiss edilir. Vaxtilə sovet dönəmində böyük
şairin əsərlərinin poetik tərcüməsinə
start veriləndə bunun tərcüməçi şairlər
üçün nə qədər böyük anlam
daşıdığını və onların ədəbi
taleyini dəyişdirəcək məktəb
olacağını çoxları bilmirdi. Nizami
yaradıcılığı, Nizami Gəncəvi adı, məşhur
bir ifadədə deyildiyi kimi bütöv, arasıkəsilməyən
bir prosesdir, onun diqqətlə oxunması bədii
dünyagörüşü hardasa ilişdiyi çərçivələrdən
azad etmək, onu büsbütün dəyişdirmək
gücünə malikdir ("Hölderlin bizim
üçün hansısa fərqləndirici mənada
şairlər şairidir. Elə buna görə də
onun başlatdığı proses səciyyəvidir...". Haydegger).
Diqqət
edin, "Xəmsə"ni və Nizaminin
lirikasını dilimizə çevirən şairlərin həyatında,
ədəbi taleyində daha sonralar sıçrayış
anlamında baş verən hadisələrin stixiyası bir
bütöv aura formalaşdırdı. Bu topluda Səməd
Vurğunun şeirinə diqqət edin:
Yoğruldu
bütün varlığın ümidlə hünərdən,
Şimşək
kimi keçdikcə qaranlıq gecələrdən,
Hər kəlməni,
hər şeirini bir top kimi atdın,
Sevda yuxusundan bizi vaxtında oyatdın.
Xoş gəldin,
əzizim, gəlişindən ana yurdu
Dünya
evinə bir yeni söz məclisi qurdu...
Bu
misralarda sözün həqiqi mənasında Nizami bilmək,
onun poetikasının mahiyyətini anlamaq mənasında
çox az şey var, amma zaman keçdikcə şairin
yaradıcılığında Nizami "izi" dərinləşir
(yəni Nizami Gəncəvi poetikası "hədəfə
aldıqlarına" təkcə birbaşa yox, zamanla,
zamanların arasından keçərək təsir edir...),
Nizami həmin illərdən başlayaraq bütün şairlərin
söz dünyasına sirayət edir, həm də çox
ciddi bir ədəbi fiqur kimi. Nizami Gəncəvinin həm
poetik, həm də filoloji tərcümələr vasitəsilə
ədəbiyyatımıza, bədii təfəkkür aləminə
daxil olması və bundan sonra nələrin baş verməsi...
şübhəsiz ki, bu topludakı (Ramil Əhməd. Nizami Gəncəvinin
poetik portreti, Nizami Gəncəviyə həsr edilmiş
şeirlərdən ibarət toplu) mətnlərdən o qədər
da görünmür, əsl mənzərə sovet dönəmindən
üzü bəri Azərbycan poeziyasında Nizaminin təsiri
ilə böyük mətləblərin şeir dilinə
çevrilməsidir.
Böyük
şair M.Şəhriyarın farsca yazdığı bir
şeirdə Nizami Gəncəvi dühasının səciyyəsi
bütün parlaqlığı və masştabı ilə
açılır, bu bədii mətndə yer alan
personajlar - qoca Şərqin az qala bütün filosof və
fikir adamları, şair və alimləri arasında Nizami obrazı
kəskin şəkildə fərqlənir və bu fərqə
yön verən Şəhriyarın Nizamini hansı dərəcədə
dərindən duymasıdır. Bu mətndə
bütün personajlar danışır, hərəkət
edir, dinamika yalnız onların hərəkətləri üzərində
qurulub və belədə ad çəkilməsə kimisə
tanıya bilməzsən, ancaq dialoq uzandıqca üzdən
daxilə, hərəkətdən daxili qasırğalara
keçid baş verir və bədii mətnin
çoxplanlılığı öz işini görür.
Əsas məqam isə orada Nizaminin sadəcə
susması, əvvəldən sona qədər olduğu yerdə
qalmasıdır. Şəhriyar Nizamini az
qala heç bir söz və hərəkətlə səciyyələndirmir,
onun sükutu və olduğu yerdə qalması bədii mətn
boyu baş verən amansız, sürəkli hadisələrdən
hasil olur. Və bir ara sənə elə gələ
bilər ki, Nizami də Şəhriyarın təhkiyəsini
dinləyir...
Nizamini anlamaq ədəbiyyatın əsl missiyasına
vaqif olmaqdır. Yaxud Seyid Əzim Şirvaninin
Ey
Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü - ehtişamı
dağılan.
Olmayıbdır
cahanda bir səninlə məntək
Beyti, evi,
məktəbi, kəlamı dağılan
-
misraları dünyada çox böyük dühaların,
onların mətnlərindən görünən hikmət
dünyasının həm gizlin (sirli), həm də
dünyanın, gerçəkliyin sərhədlərinə
sığmaması fikrini də ifadə edir və bu tipli nəsnələr
daim dağıntıya məruz qalır, dünya daim çox
böyük şeyləri, insanı olduğundan uca və
yüksək göstərən nəsnələri yerlə
bir etməyə (bərabərləşdirməyə-!), bu
situasiyada onun görünməməsinə
çalışıb. Seyid Əzimin bəndinin
görünən və bilinən anlamı təkcə fiziki
dağıntı, nəyinsə uçması,
dağılması demək deyildir, dünyadan böyük
olmaq, onun sərhədlərindən daşmaq... elə toz
olmaq, dağılmaq, yaxşı mənada görünməmək
deməkdir. Böyük ədəbiyyat həmişə
və hər yerdə, həm də bütün zamanlarda bu
tipli görünməyən nəsnələrin təsirinə
uyur, onunla yaşayır, onunla nəfəs alır... Seyid Əzim Şirvani bu kiçik mətndə
Nizami və zaman konseptinin bütün mahiyyətini üzə
çıxara bilmişdir. Belə bir
ayrıntıya diqqət edək.
Qaydenko
Piamanın fikrincə, "Meterlinqin "Orada, içəridə"
adlı pyesində iki hissə var: otaq və onu dörd bir
yandan bürüyən qaranlıq. Ailə - ana,
ata, iki qız uşağı bu gecəni otaqda lampa
işığında keçirir. Ananın
qucağında uşaq var, mürgüləyir. Bacılar nəsə toxuyurlar, sakitcə. Ancaq
bu azca işıqlı "ada"nı
bürüyən qaranlıq otaqdakılara görünmür,
tamaşaçılarsa bunu faktiki seyr edirlər. Bütün
hadisələr (əsas hadisələr, faktura -!) bağda,
evin pəncərəsi altında cərəyan edir: bir dəstə
adam bağa yığışıb, indicə
ailənin başına gələn bədbəxt hadisəni
onlara xəbər verəcəklər: üçüncü
bacı həlak olub, cəsədini evə gətirirlər".
Bu pyesdə Meterlink nə deyir? Deyir ki, qaranlığı görən
tamaşaçıya insanın onun üçün hələ
mövcud olmayan şeyə necə münasibət bəsləmək
imkanı verilir, halbuki ailə üzvləri üçün
bayırda, qaranlıqda deyilənlər "heç nə"dir.
Onlar, yaxud aralarında kimsə bunu dumanlı şəkildə
fəhm edə bilər. Ancaq dramaturq üçün maraqlı
olan bu deyil, əsas məsələ mövcud olan gerçəkliklə
mövcud olmayan gerçəkliyin intuitiv və faktiki əlaqəsidir:
Meterlinqin fikrincə, qorxu, həyəcan, həsrət, ürəyə
damma... elə insanın həmin "heç nə"yə
münasibətidir. Qorxur, amma niyə
qorxduğunu, niyə təlaşlandığını kəsdirmir.
Və bu "heç nə" ilə "təmasda"
məhz real dünya qəfildən "mövcud olmayan nəsnəyə"
çevrilir. Görünən
görünməyənə və əksinə çevrilir.
Bu üzdə olan (faktiki) heç nə
insanı "heç nədən" qoruya bilməz,
çünki həmin boşluq elə insanın öz
içindədir, onun taleyidir.
Təhlil
assosiativ alınsa da, deyək ki, bizimlə münasibətdə
bədii əsər, şübhəsiz ki, bədii cəhətdən
mükəmməl əsər məhz
"qaranlıqdır" və belə olduğu
üçün də bizə nəyisə dərindən təlqin
etmək, ən yüksək tonla deyilənləri
pıçıltılara çevirmək, heç eşidilməyən
sözləri isə ürəyimizə, ruhumuza
damızdırmaq qüdrətinə malikdir. Niyə
bəs qaranlıq? Poeziya görünməyən,
ağla gəlməyən dünya ilə təmasdan bəhs
edir və bu qaranlıq və görünməyən dünya
zamanla görünən, əlini toxundura bildiyin gerçəklikdən
daha yüksək və əhəmiyyətli olur, Meterlinqin
pyesində olduğu kimi, iki dünyanın hər yeri
bağlı, işıqsız, yalnız ailə üzvlərinin
yığışdığı otağın şamla
işıqlandırıldığı, amma onun da
böyür-başının qaranlıqla
qucaqlaşdığı otaq iştirakçıların
sövq-təbii fəhm etdikləri kənardakı
qaranlıqdan çox kiçikdir. Nizami Gəncəvinin bu
qüdrəti təəssüf ki, ona həsr edilən mətnlərə
az sızıb. Gənc
şair Ramil Əhmədin çapa hazırladığı
topluda bu sızıntılar mətndən mətnə izlənilir
və nəticə etibarilə ithaf şeirlərindəki
"güzgü metaforası" fərqli şəkildə
şərh edilə bilib.
Nizami Gəncəviyə həsr edilən şeirlərdən
sözə başlayan bu kitab bir layihə və ideya olmaq
etibarilə oxucuya məmləkətdə böyük poeziya
dahisinin necə duyulması məsələsini gündəmə
gətirir. Bu mətnlər bəzən ithaf janrının dar
çərçivəsinə sığır, bəzən
də o çərçivəni qırır.
Şübhəsiz ki, Nizami Gəncəvini anlamağın, onu
bütün dərinliyi ilə duymağın mübahisəsiz
yolu "Xəmsə"ni
yazıldığı dildə oxumaqdır. Bu mümkün
olmadıqda onun ana dilinə çevrilən filoloji və
poetik variantları kömək ola bilər.
Ancaq Nizamiyə həsr edilən və bu kitabda yer alan şeirlər başqa bir məna
daşıyır: Nizami Gəncəvi kimdir, onun Azərbaycan və
dünya poeziyasında yeri hardadır? Böyük
şairin bədii mətnlərinin yaratdığı və
zaman keçsə də solmayan mənaların insan həyatı
ilə əlaqəsi hansı formadadır? Bütün bu sualların cavabını Ramil Əhmədin
tərtib etdiyi kitabda axtarmalıyıq. Bu kitab, eyni
zamanda bütün yuxarıdakı sualları da içinə
alan yeni bir ideya və yolun
başlanğıcı da sayıla bilər, ard-arda
düzülən mətnləri oxuduqca bütün dünyada
tanınan və oxunan dahi Nizaminin sözünə yolun
bitib-tükənməyəcəyinə bir daha əmin
olursan...
Başqa
bir sual: Nizamiyə həsr edilən şeirlər nəyin
göstəricisidir, şübhəsiz ki, bu, onun əsərlərini,
yaradıcılıq ideyasını dərindən
anlamağın mükəmməl ifadəsi deyildir, deməli,
burada daxilən dolmaqdan, yaxud nəyinsə qəlbə
damıb Nizami əsərlərindəki sirli qatlardan hansı
birininsə şairin ruhunda oyanması ilə əlaqəsi
çox azdır, daha doğrusu, Nizami dühasına qiymət
vermək, onu ədəbi kəhkəşanda ayırıb fərqləndimək
məsələsi hələ gündəmdədir.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.31.