Nizami yaradıcılığında təsəvvüf  

 

Nizami və təsəvvüf

 

Nizamini təsəvvüf baxımından təhlil etmək üçün ilk növbədə onun əsərlərini orijinaldan oxumaq, təsəvvüfi terminologiyaya, simvol və məcazlara bələd olmaq, digər sufi şairlərin əsərləri ilə tanış olmaq lazımdır.

Fikrimizcə, Nizaminin "Xosrov və Şirin" əsəri ilə ən çox üstə-üstə düşən məqamların müşahidə edildiyi əsər Əttarın "Xosrovnamə" məsnəvisidir. Əttar bu əsərin əvvəlində bir dostunun xahişi ilə özünə xas olan tərzdə, yəni aşiqanə dastan, mənzum roman şəklində əsər yazdığını qeyd edir. Əttarın "Xosrovnamə"sini bəzən, onun təsəvvüfi olmayan yeganə əsəri kimi qiymətləndirsələr də, əslində bu əsər də təsəvvüfi məzmundadır. Lakin bu mənzum eşq dastanında təsəvvüf, Əttarın digər əsərlərində olduğu kimi qabarıq şəkildə görünmür, Nizaminin əsərlərindəki kimi, daha dərin qatlarda, daha gizli və simvolik şəkildə ifadə edilir.

Nizami, Makedoniyalı İskəndəri "Allah və peyğəmbər" dinini yayan, təbliğ edən bir şəxs kimi verməklə, eləcə də Xosrovun yuxuda Həzrət Məhəmmədi görərək islamı qəbul etməsini təsvir etməklə dövrünün təsəvvüfi görüşlərinə uyğun olaraq Nuri-Məhəmmədiyyə və Həqiqəti-Məhəmmədiyyə ideyalarını təsdiqləmiş olur.

"Sufilərə görə, Əqli-Küll bir nurdur ki, buna "Nuri-Məhəmmədiyyə" deyirlər. "Həqiqəti-Məhəmmədiyyə" bütün kamal sifətlərinin cəmidir. Məşhur bir hədisə görə, Allah-Taala ilk olaraq Məhəmməd Peyğəmbərin nurunu yaratmış, ondan sonra mərhələ-mərhələ peyğəmbərlərin, övliyaların və digər məxluqatın ruhunu xəlq etmişdir. Həzrət Məhəmmədin peyğəmbərliyi Həzrət Adəmin peyğəmbərliyindən daha öncə mövcud olmuşdur".

Təsəvvüfi şeirdə geniş yayılmış "Hənuz" rədifli qəzəllərdə ifadə edilən əsas məna "Nuri-Məhəmmədiyyə" və Həzrət Məhəmmədin nurunun ilkin nur olaraq qəbul edilməsidir. Bu, "Həqiqəti-Məhəmmədiyyə" olaraq da adlanır. Bütün dünya və içindəkilər yaranmamışdan daha öncə Allah-Taala Məhəmməd Peyğəmbərin nurunu yaratmışdır. Sonra bu nurdan digər peyğəmbərlərin, övliyaların, möminlərin, insanların və digər bütün məxluqatın ruhlarını yaratmışdır.

Nizami də istər əsərlərinin əvvəllərində verilən nətlərdə, istərsə də "Xosrov və Şirin", "İskəndərnamə" əsərlərində bu ideyanı ifadə edir. Şair əsərlənin əvvəlində verdiyi nətlərdə Məhəmməd Peyğəmbərin nurunun bütün peyğəmbərlərdən əvvəl və üstün olduğunu bildirir:

 

Həmço əlef rast be əhd-o vəfa

Əvvəl-o axer şode bər ənbiya

(Əhdə vəfada əlif kimi doğrudur,

Peyğəmbərlərin əvvəli də, axırı da odur).

 

Nizami və Əttar şeirində ortaq rəmz və məcazlar

 

Məşhur İran alimi Səid Nəfisinin səkkiz çap və ən qədim əlyazma nüsxələri əsasında hazırladığı "Divan-e ğəsaed-o ğəzəliyyat-e Nezami Gəncəvi" kitabında yer alan bir qəzəl həm Əttarın, həm də Nizaminin divanlarında var. Səid Nəfisi bu qəzəlin ilk iki beytinin Əhməd Cam Jendepilin divanında nəşr edildiyini qeyd edir:

 

Meyxanə və məscidin yolu hansıdır?

Ayıra bilmirəm, çünki hər ikisi

                        mən yazığa haramdır.

Nə məscidə gedə bilirəm, nə meyxanəyə.

Məscidə gedəndə deyirlər ki, rinddir,

Meyxanədə isə deyirlər ki, bu xam sərxoşdur!

Meyxanada bir imam sərxoş məst,

                        sərxoş olaraq yatmış;

Bilmirəm ki, o bütün adı nədir?

Nizami belə cavab verdi: Meyxanənin

                  məscidin qapısı hansıdır?

 

Hər iki şairin divanında şeirin ilk dörd beyti eynidir. Yalnız beşinci beytin ilk misrasında Nizamidə "anca" (orda), Əttarın divanında isə "emruz" (bu gün) sözü verilmişdir. Qəzəlin məhz Nizamiyə və ya Əttara aid olması barədə qəti söz söyləmək çətindir. Bunun üçün hər iki şairin əsərlərinin əlyazmaları üzərində tədqiqat aparılmalı, mətnşünaslıq baxımından dəyərləndirmələr edilməlidir.

Nizami yaradıcılığında Kəbeyi-ruhani, tərsa, məscid, meyxanə, deyr və s. terminlər, Əttarda olduğu kimi, Haqq aşiqi, təqlidi imandan həqiqi imana keçiş, ilahi sirlərin açıqlandığı məkan, salikin qəlbinə ilahidən doğan nur, müşahidə, ilahi qeyb məqamı və s. mənaları ifadə edir. Bu beytdə Nizami də Əttar kimi "dilbəri-tərsa" dedikdə ilahi təcəlla nurlarına işarə edir. Əttarın "Məntiqüt-teyr" əsərində məşhur "Şeyx Sənan" hekayəsində 50 dəfə Həcc ziyarəti etmiş, möhtərəm bir şeyxin yuxusunda "tərsa" xristian qızı görüb ona aşiq olması, qızın eşqiylə yollara düşüb hörmətini, dövlətini, dinini tərk edərək içki içməsi, donuz otarması, xaç taxması və s. təsvir edilir. Əttar "Divan"ında da "xristian qızı" və "tərsabeçə" obrazlarına tez-tez müraciət edir.

Əttarın "Divan"ında çoxsaylı "Nəqoncəd" , "Nəqoncəm", "Nəmiqoncəd" və s. rədifli qəzəlləri təsəvvüf ədəbiyyatında geniş yayılmış "sığmazlıq" anlayışını ifadə edir. Sığmazlıq motivi Nizaminin yaradıcılığında da öz əksini tapmışdır. Bu mövzu əslində ruh və bədən münasibətlərini ifadə edir. Aləmi-ərvahdan, əsl vətəni olan ruhlar aləmində ayrılan insan ruhu Allahın əmri ilə bədən içində qərar tutur. Ruh böyük, bədən kiçik, ruh lətif, bədən isə kəsif məxluqdur. Ruh bədən içində sıxılır, əzab çəkir. İnsan ruhu bu dünyanın sərhədlərinə sığmır.

Nizamidə təsəvvüf ideyaları Sənai və Əttardan daha örtülü və pərdəli şəkildə ifadə edilir:

 

Dər pərde-ye del mizən-o dər pərde həmi quy

Kan pərde çe pərdeəst-o an raz çe raz əst?

Ta pərdegi-ye xas miquyəd ke, Nezami,

Can-e to yek pərde-vo an pərde niyaz əst.

(Könül pərdəsinə gir və pərdə içində söylə:

O pərdə nə pərdədir, o sirr nə sirdir?

Ta xas pərdəçi desin ki, Nizami, sənin canın,

Ruhun bir pərdədir, o pərdə niyazdır).

 

Nizami saf, ixlaslı bir imanı təbliğ edir, zahir əhlindən olmamağı, sidq və səmimiyyəti tövsiyə edir: "İtaət o deyil ki, nəbinin torpağına döşənəsən, Sədaqətini ortaya qoy ki, İblis də çox səcdələr etdi".

Şairin fikrincə, həqiqi mömin, Yaradanın eşqinə yaradılanı sevməlidir.

Nizamidə Haqqın təcəllisi "kəmali-zühur" şəklində ifadə edilir. Haqqın təcəllası qarşısında salik Turi-Sinada Allahın nurunu görüb özündən gedən Musa peyğəmbər kimi yox olur. Çünki Haqqın varlığı yalnız qulun yoxluğunda, bütün maddi aləmi, dünya bağlarını tərk etdiyi, özündən getdiyi anda təcəlla edir.

Rindlik və qələndərlik motivləri də həm Əttar, həm də Nizami yaradıcılığında müşahidə edilən ortaq məqamlardandır.

Hər iki sənətkarın yaradıcılığında nəfslə mübarizə, mənəvi kamillik, əql və eşq münasibətləri təsəvvüfi baxımdan əks edilmişdir. Nizami də, Əttar da insanı dünyanın əşrəfi, kainatın yaranma səbəbi hesab edərək, onu çirkin duyğulardan təmizlənməyə, nəfsini tərbiyə etməyə, ruhi yüksəlişə doğru səsləmişlər.

 

"Sirlər xəzinəsi"ndə təsəvvüf

 

Əbədi həyat ideyası və sirr anlayışı Nizami şeirinin ayrılmaz tərkib hissəsidir. Əgər əbədi həyata qovuşmaq istəyirsənsə, eşq əzablarında öz cismini fənaya ver. Yalnız bu zaman ilahi sirlərə qovuşmaq və əbədi həyat tapmaq mümkündür.

"Nəhayət, gecənin qaranlığında onu həyat çeşməsi kim tapdım. Bu bir xəzinədir, onu necə açım ki, gizli tapdım" - deyən şairin bütün yaradıcılığı və şəxsiyyəti "məxzənül-əsrar"dır. Onun şeirinin ölümsüzlüyü isə bu sirlərin ən gözəl açarıdır.

Təsəvvüfi yolçuluğun mərhələləri olan "yeddi bağça", "yeddi vadi", "yeddi məqam", "yeddi qapı", "yeddi peykər", "yeddi cam" və s.-nin əsər adlarında istifadəsini də görürük. Nizaminin "Sirlər xəzinəsi" əsərində Sənai Qəznəvinin "Hədiqətül-həqiqə", Əttarın "Əsrarnamə", "İlahinamə" əsəri ilə səsləşən məqamlar çoxdur.

"Gecənin vəsfi və könülə dalma" bölümündə Nizami təsəvvüfi yolçuluq nəticəsində maddi pərdələrinin qaldırılması, bəsirətin açılmasından bəhs edir:

 

Nə cür keçim qapıdan? Cığır hanı, yol hanı?

Bəlkə geri qayıdım, tərk edim bu məkanı?

Qorxudan nitqim batıb. Yolum dar bir keçiddi,

Fəqət cilovdan tutan eşqim dadıma yetdi.

Sarayın ürəyindən bir səs qopdu: - Nizami!

İçəri keç, bura gəl! - Bu səs necə səmimi.

Saray hərəminin dərhal məhrəmi oldum,

"Gəl lap içəri". - Getdim. Nurlu bir hücrə buldum.

Bir əfsanə içində yeddi hekayət kimi,

Yeddi xəlifə burda əyləşiblər səmimi.

 

Yeddilik sistemi Əttarın "Məntiqüt-teyr" əsərində mənəvi yolçuluğun rəmzi olan yeddi vadi - tələb, eşq, mərifət, tovhid, heyrət, istiğna, fəna-bəqa mərhələlərini ifadə edir. Yeddi sayı qədim yunan, hind, İran mifologiyasında müqəddəs olduğu kimi, islam təsəvvüfündə də xüsusi önəm kəsb edir. Nizaminin "Yeddi gözəl" əsərində də yeddilik simvolikasından istifadə edilir. Lakin "Sirlər xəzinəsi" əsərində 3 xəlvətdən söhbət gedir. Xəlvət dedikdə salikin 40 gün tənhalığa çəkilməsi, özünü ibadətə həsr etməsi nəzərdə tutulur. Şair digər təsəvvüfi əsərlərdə olduğu kimi, qəlbin insan vücudundakı uca məqamından, "cismani və ruhani" xüsusiyyətləri özündə birləşdirməsindən bəhs edir. "Qəlbin tanınması" bölümündə şair "Xaceyi-dil"dən riyazəti qəbul etdiyini, riyazətə girdiyini bildirir:

 

Xace-ye del əhd-e məra taze kərd

Nam-e Nezami fələk avaze kərd.

Çonke nədidəm ze riyazət qozir,

Gəştəm əz an xacə riyazət pəzir.

(Qəlbin sahibi mənim əhd-peymanımı təzələdi;

Nizaminin adını fələk zümzümə etdi.

Riyazətdən keçə bilməyəcəyimi görüb;

O sahibdən riyazəti qəbul etdim).

 

Şair riyazəti qəbul edərək xəlvətə girməsindən bəhs edir. Şair birinci xəlvətdən bəhs edərkən yenə də irfani ideyaları gözəl poetik forma içərisində gizlədir. Yaşıl bağ, çiçəklər, nəğmə oxuyan quşlar, gözəl təbiət mənzərələri əslində ilahi Hüsnün, təcəllayi-camalın bir rəmzidir. Şair xəlvətdə ruhun yüksəlişindən bəhs edir:

 

Ruzi əz an Mesr-e Zoleyxa pənah

Yusef-e xoşxolq birun şod ze çah.

(Bir gün o Züleyxanın ölkəsi olan

                        Misirə pənah apardı;

Xoş xasiyyətli Yusif quyudan nicat tapdı).

 

Şair insanın cismani bağlardan, asılılıqdan qurtulmasını ruh Yusifinin bədən quyusundan xilas olması kimi verir. Öz nəfsinin qeydindən, dünyaya bağlılıqdan qurtardığını bildirir. Birinci xəlvətdə təbiət gözəllikləri sanki bir rəssam fırçasıyla çəkilirmiş kimi təsvir edilirdisə, "İkinci xəlvət və məşuqənin görünməsi" bəhsində şair insan gözəlliyini vəsf edir. Təbiətin bütün gözəllikləri, güllər, ağaclar, quşlar bu gözəlliyin yanında sönük qalır. Bununla şair insanın məxluqatın əşrəfi, bütün yaradılmışların ən mükəmməli olduğunu ifadə edir. Bu gözəlliyin mahiyyətini dərk edən şairin gözü önündən surət, zahir aləmi qalxır. Bədən qəfəsindən xilas olur:

 

Kise-ye surət ze miyanəm qoşad

Tövq-e tən əz gərdən-e canəm qoşad.

(Surət örtüyünü ortadan qaldırdı;

Bədən boyunduruğunu ruhumun boynundan açdı).

Şair burada rəmz və məcazlarla danışır:

Vanke roxəş pərdegi-ye xas bud

Ayine-ye surət-e İxlas bud.

(Üzü xüsusi bir pərdə içində idi;

İxlas surəsinin aynası idi).

 

Nizamiyə görə, insan maddi dünya bağlarından qurtularsa, riyadan, rəngdən xilas olar, ilahi sirlər xəzinəsinə çevrilər:

 

Xətm-e səpidi-vo seyahi şodi,

Məxzən ol-əsrar-e İlahi şodi.

(Ağlıq və qaralığa son versən;

İlahinin sirlər xəzinəsi olarsan).

 

Bu fikir sonra böyük sufi şair Nəbatinin bir şeirində də ifadə olunmuşdur. Mövlananın qəzəlinə nəzirə olan qəzəlin son beytində yazır:

 

 (Degər, Nəbati, raz-e u dər nəzd-e hər nakəs məqu,

Dər bəste, həmçon məxzən ol-əsrar şəv, əsrar şəv).

(Bir daha, Nəbati, onun sirrini

            hər nakəsin yanında söyləmə;

Qapını (dilini) bağla, "Sirlər xəzinəsi" ol, sirr ol).

 

Nəzakət Məmmədli

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.28-29.