Yer altında günəş
Uşaqlığımın,
daha doğrusu, məktəb illərimin son iki ilini metronun
"Nizami" stansiyasında keçirmişəm. İndiki
Slavyan Universitetinin nəzdində yerləşən liseydə
oxuyurdum və "Nizami" stansiyasından, demək olar ki, hər
gün istifadə edirdim. Sinif yoldaşlarımızla deyə-gülə,
zarafatlaşa-zarafatlaşa metroya düşəndə
gözüm divarlardakı mozaikalarda qalırdı. Ancaq
heç vaxt uşaqlarla bir yerdə olanda bu mozaikaların
qarşısında ayaq saxlamazdıq. Nə vaxt ki tək
olurdum, özümlə baş-başa qalırdım, mütləq
stansiyanın içində o yan-bu yana var-gəl edir, hər
pannonun qarşısında dəqiqələrlə
dayanırdım.
Sənət
intimlik tələb edir. Onunla baş-başa olmalısan.
Duyğularını, düşüncələrini təkbətək
yaşamalı, içində söhbətləşməlisən
onunla. Bəlkə, buna görə belə idi bu?
İndi,
illərdən sonra "Nizami" metrosunun içində o
baş-bu başa gedib-gəlirəm, adamlara göz qoyuram.
Baxıram ki, adamlar qoşa-qoşa metroya düşür,
başları qızğın söhbətə
qarışır, pannoların yanından etinasız
ötüb-keçirlər. Hətta kürəklərini bu
möhtəşəm sənət əsərlərinə
çevirib, Allah bilir qeybət edirlər. Aralarında gənclər,
tələbələr də çoxdur.
Ancaq
kim ki, təkdir və özüylə baş-başadır,
mütləq ya bir-bir pannoların hamısına
yaxınlaşır, ya da ən çox diqqətini çəkən
mozaikanın qarşısında dayanır. Bir neçə dəqiqəlik
də olsa ayaq saxlayır.
Bu
cür təkbaşına pannolardan birini seyr edən gənc
oğlanlardan birinə yaxınlaşıram. Söhbətə
tuturam onu.
-
Maraqlıdır, hə?
Diksinib mənə şübhəylə baxır. Nə istədiyimi
anlamağa çalışır.
- Hə,
maraqlıdır, - qısaca cavab verir oğlan. Utancaq
qız kimi başını aşağı salır.
- Tələbəsiniz?
- soruşuram.
- Bəli,
tələbəyəm.
- Bu
pannoda təsvir olunan səhnəni oxumusunuz? "Daranın
ölümü" adlanan pannonun qarşısında
dayanmışıq.
- Yox, bunu
oxumamışam. Orda biri var, onu oxumuşam, - əlilə
qarşı divarın lap o başını göstərir.
"Bayquşların
söhbəti"ni deyir.
-
Hansı əsərdəndir o səhnə deyə bilərsiniz?
- Yox. Mən orta məktəb dərsliyində oxumuşam
- deyir.
- Bəs
Nizaminin "Xəmsə"lərindən
bütövlükdə heç nə oxumamısınız?
Başını bulayır.
- Eybi yox,
oxuyarsınız, əsərlər lap maraqlıdır.
Oxuyaram, - gülümsəyir.
Onu mozaikalarla baş-başa buraxıram, qoy rahat təəssürat
ala bilsin.
Ancaq onsuz da çox çəkmir, qatardan
düşüb gələn dostu qoluna toxunaraq onu fikirdən
ayırır.
Gənc tələbə səyahət etdiyi
sirli bir dünyadan qoparılmış kimi diksinir, sonra dostuna
qoşulub gedir.
Böyük
ehtimalla insanlar ən az "Nizami"
stansiyasında gözləməkdən yorulurlar. Gözləmək çox vaxt
darıxdırıcıdır. Böyük
Nizami yerin altında da insanları darıxmağa qoymur,
onların dadına çatır. Keçirdikləri
hər saniyədə, dəqiqədə onlara nəsə
öyrədir. Hətta yerin altında da
Nizami günəş kimi işıq saçır. Bəlkə elə buna görə rəssam
Mikayıl Abdullayev stansiyanın yuxarı hissəsində
Nizaminin mozaika ilə işlənmiş,
hündürlüyü 3 metrdən artıq olan irihəcmli
portretini günəş şəfəqlərinin fonunda verib.
Qaranlıqları aydınladan, zülmətlə
çarpışan Nizami kürəyini günəşə
söykəyib durub.
SSRİ Xalq rəssamı, görkəmli boyakar, qrafik və
teatr rəssamı Mikayıl Abdullayev Nizaminin portretilə birgə
19 panno yaradıb metrostansiyada. Pannolardan 18-də Nizaminin "Xəmsə"sinə
daxil olan beş məsnəvidən səhnələr təsvir
edilmişdir, mozaikalardan üçü "Sirlər xəzinəsi",
üçü "Xosrov və Şirin",
üçü "Leyli və Məcnun", dördü
"Yeddi gözəl", beşi isə "İskəndərnamə"
əsərlərindən götürülmüşdür.
Rəssam süjetlərin təsvirində klassik
miniatür formasına müraciət etmişdir, parlaq,
gözqamaşdıran rənglərdən qaçmış,
yumşaq rənglərə üstünlük vermişdir. Ancaq həm də
pannolar rəng çeşidi ilə zəngindir, monoxrom rənglərdən
ibarət deyil.
1973-cü ildə Bakı metropoliteninin "Nizami"
stansiyasının interyerinin işlənməsi təsadüfən
Mikayıl Abdullayevə tapşırılmamışdı. O, bundan əvvəl də
Nizami mövzusuna dəfələrlə müraciət
etmişdi. Nizami yaradıcılığına
ilk dəfə 1941-ci ildə müraciət edən rəssam
şairin "İskəndərnamə" poemasının
motivləri əsasında "Nəsihət" adlı
üçfiqurlu tablo yaratmışdır. Nizami Gəncəvi
adına Ədəbiyyat Muzeyinin
sifarişilə 20 yaşlı gənc rəssamın çəkdiyi
tabloda Aristotellə İskəndərin söhbəti təsvir
olunur. Metro stansiyasının yeraltı salonunun
mozaikalarla bəzədilməsini stansiyanın baş memarı
Mikayıl Hüseynova rəssam özü təklif edir, onun təklifi
rəğbətlə qarşılanır.
"1973-cü
ildə dahi şairin adını daşıyan "Nizami"
stansiyasının bədii tərtibatı kimi məsul və
şərəfli bir iş başlandı. Bütün
yaradıcılıq imkanlarımı səfərbərliyə
aldım. İncilər incisi "Xəmsə"ni yenidən mütaliə etməyə
başladım. Hər poema üçün
seçdiyim ən səciyyəvi səhnələri,
stansiyanın yeraltı salonunun tağlı pilonlarında yerləşdirməyi
qət etdim. Doqquz cüt qabaq-qabağa yerləşən
pilonlarda on səkkiz səhnəni təsvir etməyi qərara
aldım. Baş memar, akademik Mikayıl
Hüseynovun bu niyyətimə razılıq verməsi məni
bir qədər də ürəkləndirdi. Belə ki, memarlıq layihəsində mozaik
pannolardan istifadə edilməsi məsələsi əsla nəzərdə
tutulmamışdı" - rəssam Mikayıl Abdullayev xatirələrində
yazırdı.
Rəssamın xatirələrindən öyrənirik ki,
mövzuları təsadüfən seçməmişdir. Nizaminin məsnəvisini
yenidən və diqqətlə oxuyaraq, ən səciyyəvi
hesab etdiyi səhnələrin üzərində
dayanmışdır. Ən birinci
pannolardan biri də təsadüfi deyil ki, memarlıq
mövzusundadır.
Ekskalatordan enən kimi sol tərəfdə
"Simnarın faciəsi" pannosu sağ tərəfdəki
"Bayquşların söhbəti" ilə üz-üzə
dayanır. "Simnarın faciəsi" "Yeddi gözəl"
əsərindən alınmış mövzudur. Hekayəyə görə, Yəmən şahı
Neman Simnar adlı memara dünyanın ən gözəl
sarayını tikməyi sifariş edir. Şahın əmrilə
işə başlayan memar beş il fasiləsiz
çalışır, Xəvərnaq sarayı adlanan möhtəşəm
bir saray inşa edir. Sarayın inşası
başa çatdıqdan sonra şah Simnarın bundan
yaxşı saray tikməməsi üçün memarın
qollarını bağlatdıraraq sarayın qülləsindən
aşağı atdırır. Xəvərnaq
sarayı Simnarın son əsəri olur.
"Sirlər xəzinəsi"ndən alınan
"Bayquşların söhbəti"ndəki əhvalat demək
olar ki, uşaqdan böyüyə hamımıza
tanışdır. Hələ orta məktəb dərsliklərindən tanış olduğumuz bu əhvalat belədir:
şah Nuşirəvan ov zamanı dəstədən ayrı
düşərək bir xarabalığa gəlib
çıxır. Burada iki bayquşun söhbətinə
şahid olurlar. Şah öyrənir ki,
bayquşlardan biri qızını ərə verir və əvəzində
oğlandan bir neçə xaraba kənd istəyir. O biri
bayquş cavab verir ki, şah onsuz da hər yanı xarabazara
döndərib, heç narahat olma, sənə yüz min belə
xaraba kənd verərəm.
Bayaq danışdırdığım tələbə
oğlan da elə bu təsvirdəki əhvalatı
xatırlayırdı. Pannolardan bəzilərinin süjetləri
olduqca məşhurdur. Hətta
ömründə bir dəfə də Nizaminin "Xəmsə"sini,
hətta "Xəmsə"yə daxil olan əsərlərdən
hər hansı birini əlinə alıb oxumayan adamlar da o təsvirləri
seyr edəndə söhbətin nədən getdiyini o saat
anlayırlar. Məsələn, məşhur
Fitnə əhvalatının təsvir olunduğu pannonun
haqqında kimi dindirsən bir-iki kəlmə deyəcək.
Ancaq elə təsvirlər də var ki, "Xəmsə"dən
xəbəri olmayan o təsvirlərdə nədən
danışıldığını, hansı əhvalatın
nəql olunduğunu çətin ki deyə bilsin. Təsvirlərin
hər birinin qarşısında dayana-dayana baxıram və
xatırlayıram: "Bəhram və əjdaha". Bu da "Yeddi gözəl" əsərindən
alınmış mövzudur. Bəhram Gur
şir ovundan sonra mağarada bir əjdahaya rast gəlir. Şah əjdahadan qorxmur, qəhrəmanlıqla
vuruşub onu öldürür. Əjdahanın
keşiyini çəkdiyi böyük xəzinəni ələ
keçirir. Bu səhnə də hamıya
tanışdır. Çünki Bəhram
Gurun bu mozaikadakı təsvirinə oxşar heykəli şəhərin
görkəmli yerlərindən birində qoyulub. Şəhər funikulyorunun qarşısında
Azneft meydanında qəşəng bir fəvvarənin
içində Bəhram Gur bu təsvirdəki kimi əjdahanı
öldürür. 1959-cu ildə Albert
Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov tərəfindən
hazırlanmış heykəl hamının diqqətini
heç olmasa bir dəfə çəkmişdir, insanlar heykəlin
hekayəsiylə maraqlanmışlar.
"Kərpickəsən
kişinin dastanı" hekayətinin təsvir olunduğu səhnə
də kimə tanış deyil ki? "Əlifba" dərsliyindən
tanıyırıq bu əhvalatı. Demək
olar ki, böyük Nizami ilə ilk
tanışlığımız elə bu əhvalatla
başlayıb, onu bu əhvalatla sevmişik,
xatırlamışıq.
Mövzusu "Sirlər xəzinəsi"ndən
götürülmüş "Sultan Səncər və
qarı" əhvalatı da eləcə. Hamımız
qoca və yaşlı qarının qorxmadan, çəkinmədən
sultana hansı öyüd-nəsihətləri verdiyini əzbər
bilirik.
"İskəndər
və çoban" mozaikasında İskəndərin
buynuzunun olduğunu ney çalaraq aləmə
car çəkən çobanın əhvalatının
"İskəndərnamə"dən
alındığını bilmək üçün filoloq
olmağa gərək yoxdur. Bu əhvalatla da orta məktəbdən
tanış olur hamı.
Bərdənin
hakimi Nüşabənin işğalçı İskəndərin
qarşısına ləl-cəvahirat dolu kasalar düzüb,
yeməyə dəvət etməsini kim eşitməyib
ki? Bu səhnə də "Nüşabə və
İskəndər" mozaikasında əks olunub.
"Leyli və Məcnun" əsərindən olan məşhur
səhnələr də hamımızın bildiyi səhnələrdir. Məcnunun atasının Məcnunu
Məkkə ziyarətinə aparıb Leylini unutmağı dua
etdiyi səhnə, Məcnunun Leylinin məzarı
üstündə əzab çəkdiyi və Leyliylə Məcnunun
- əfsanəvi aşiqlərin baş-başa, üz-üzə
dayandıqları səhnələr ən daş ürəklərə
belə toxunur.
Yeddi
alimin - Ərəstun, Varis, Bəlinas, Sokrat, Fərfiryus,
Hürmüz və Əflatunun Makedoniyalı İskəndərin
ətrafında toplaşdığı məclis ("Yeddi
alim") bir az da xristian kilsələrinin
divarlarını bəzəyən mozaikaları
xatırladır.
"Daranın
ölümü" pannosunda bu hekayət nəql olunur: Əhəməni
şahı Daranın sülh təkliflərinə etiraz edən
İskəndər müharibə edir. Dara məğlub
olur və öz sərkərdələri tərəfindən
öldürülür. İskəndər
hörmət əlaməti olaraq Daranı dəfn edir,
qızı Rövşənəklə evlənir, İran sərkərdələrilə
əhd-peyman bağlayır. Pannoda
ölmüş Daranın başı üstündə kədərlə
və təəssüflə dayanan İskəndər təsvir
olunub.
"Nəqqaş Mani" adlı mozaikada əksini tapan əhvalata
görə, iki rəqib rəssam görüşürlər,
biri digərinə qonaq gəlir, gözəl bir fontanla
qarşılaşır, su içmək istəyəndə
parçı sındırır. Sən demə, orda su
yox imiş, su rəsm əsəri imiş. Səhər fontanın kənarında it
ölüsüylə rastlaşan rəssam onun da gerçək
bir it ölüsü yox, sadəcə bir şəkil
olduğunu öyrənir.
Pannolardan üçündə "Xosrov və
Şirin" poemasından təsvirlər öz həllini
tapıb. Bu, "Fərhad və Şirin", "Fərhad
Bisütunda", "Xosrov və Şirin" təsvirləridir.
Şirinə aşiq olan xalq qəhrəmanı Fərhad
Şirinə görə Bisütun dağını yarıb
ordan arx çəkir. Bunu öyrənən Xosrov Fərhadı
çağırıb öldürtdürür. Məhəbbət üçbucağının əks
olunduğu əsərdə hökmdar Şirinə aşiq
olan hər iki gənc şərt kəsmişdi. Fərhad Bisütunu yara bilsə, Xosrov Şirindən
əl çəkəcəkdi, dağı yara bilməsə,
Fərhad. Ancaq məhəbbəti naminə
Fərhad namümkünü həyata keçirir. Xosrov da hiyləyə əl atır.
"Xosrov və Şirin" adlanan pannonun
qarşısında hərlənib bir də dayanıram. Rəssam
süjeti həm rəngarəng, cəlbedici, həm də sərbəst
şəkildə işləyib. Hekayəyə
görə, Şirini axtarmaq məqsədilə Ərmənə
gələn Xosrov yolda çayda çimən gözəl bir
qızı görür. Qızı
hürkütməmək üçün gizlincə izləyir,
gözəlliyinə hayıl-mayıl olur. Saraya gəldikdən sonra gizlincə izlədiyi
qızın elə Şirin olduğunu öyrənir. Mozaikada ağacların arasından axan çayda
çılpaq çimən Şirini görürük, onun
paltarları ağacın budaqlarından asılıb, atın
tərkindəki Xosrov isə ağacların arxasında gizlənib.
Sağımdan, solumdan adamlar gəlib keçir, indi mən
özüm də bu təsviri təxminən Xosrov kimi oğrun-oğrun
izləyirəm. Elə Xosrov kimi gizlincə Şirinə
baxıram. Guya Şirinə
baxmırmış kimi göstərirəm özümü,
sanki təkcə ağaclara, atlara, ağacların arxasında
gizlənmiş Xosrova baxıram. Mən də
gözümü Şirinin çılpaq gözəlliyindən
çəkə bilmirəm, onu burda qoyub gedə bilmirəm,
hansısa sirli bir qüvvə məni burda saxlayır. Bu vaxt bir polis mənə yaxınlaşır.
Mən pannoları bir-bir seyr edib qeydlər etdikcə polis də
Xosrov Şirini pusan kimi mənim
özümü pusurmuş. Qulağımın dibində nəzakətlə
deyir:
-
Xanım, üzr istəyirəm, siz burda nə işlə məşğulsunuz,
nə yazırsınız? - gözucu dəftərimə
boylanır.
Gülümsəyirəm
məsuliyyətli polisə:
-
Heç nə, pannoları izləyir, qeydlər aparıram,
siz də bilirsiniz ki, bu il dahi Nizaminin ili
kimi qeyd olunur, bu mozaikalarla bağlı yazı yazacam, jurnalistəm.
Şübhəli
biri olmadığıma əmin olandan sonra polis də
gülümsəyir:
- Nə
gözəl! - deyir və sanki ilk dəfə
"Nizami" metrostansiyasına yolu düşən bir adama
göstərirmiş kimi, həvəslə pannoları
göstərir:
- Hə,
xanım, baxın, baxın, hamısı bir-birindən gözəldir,
hamısı bir-birindən maraqlıdır!
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2021.- 9
oktyabr.- S.26-27.