Deyir: "O Keyxosrovdursa, biz
Əfrasiyabıq"
"Ədəbiyyat qəzeti"nin
qonağı şair, yazıçı, kinodramaturq İlqar Fəhmidir
- "Nizami ili" çərçivəsində
bir sıra layihələr həyata keçirildi. Onlardan biri də sizin ssenarisini
yazdığınız "Xosrov və Şirin" serialıdır.
Ümumiyyətlə, klassiklərin adlarına illərin təsis
olunmasının, həm sənətə, həm cəmiyyətə
hansı mühüm təsirləri oldu?
- Əvvəla, onu qeyd etmək istəyirəm ki, klassiklərimizin
adlarına illərin təsis olunması çox gözəl ənənədir. Biz bunu "Nəsimi
ili"ndə də gördük. Bir il
ərzində Nəsimi yaradıcılığı hərtərəfli
araşdırıldı, tədbirlərlə
işıqlandırıldı. Mənim də
bir pyesim tamaşaya qoyuldu.
Elə bu ənənənin davamı olaraq Nizaminin 880
illik yubileyi münasibətilə ölkədə "Nizami
ili"nin elan olunması çox sevindirici
bir hadisədir. Düzdür, mövcud vəziyyətlə
bağlı olaraq ürəyimiz istədiyi qədər tədbir
və layihələr edə bilmədik. Amma
bacardığımızı etməyə
çalışdıq. Bu layihələr
içərisində tərcümə, bir sıra layihələr,
pyes var. Bu arada onu da qeyd edim ki, ilin sonuna kimi Nizami ilə
bağlı bir pyesimin səhnələşdirilməsi nəzərdə
tutulur. İdeyalar çox idi, onların
arasında film ideyası da vardı. Ancaq
sonradan belə qərara gəldik ki, bu, serial olsa, daha
yaxşı olar. Beləliklə, Mədəniyyət
Nazirliyi, "Azərbaycanfilm" kinostudiyası və
İctimai Televiziyanın birgə layihəsi olan "Xosrov və
Şirin" ərsəyə gəlmiş oldu.
- "Xosrov və
Şirin"ə müraciət etmək ideyası necə
yarandı və niyə məhz "Xosrov və Şirin"?
-
Açığını desəm, "Xosrov və
Şirin" poemasını film kimi işləmək mənim
uzun illərdir istəyim və arzum idi. Bilirsiniz ki, bizim klassik
Şərq ədəbiyyatının öz dramaturgiyası
var və Şərq dramaturgiyası üzərində
olduğu üçün süjet bir az fərqlidir.
Bəzi yerlərdə isə ümumiyyətlə
süjet dramaturgiyası olmur, yaxud da zəif olur. Klassik əsərlərimizin
içərisində "Xosrov və Şirin" əsəri
yeganə əsərdir ki, dramaturgiyası sırf Yunan - Avropa dramaturgiya modeli əsasında
qurulub. "Xosrov və Şirin" Nizaminin
eksperimentləri içərisində sırf Antik dramaturgiya
üzərində qurulan süjetdir ki, biz də bu gün, əslində,
intibah dövründən sonra, Avropa mədəniyyətinin
intibahını görürük. Bu
gün bizim istər kinomuzda, istər teatrımızda qurulan
dramaturgiya həmin antik Yunan dramaturgiyası üzərində
qurulub. Ona görə də Nizaminin
"Xosrov və Şirin" əsəri müasir dövr
üçün çox düzgün quruluşa malik bir əsərdir.
Ona görə də hər zaman
düşünürdüm ki, bu əsəri tarixi film kimi
işləmək mümkün olmasa belə, biz o konflikti
götürüb müasir dövrün müstəvisinə
yerləşdirsək yenə yüksək səviyyəli
müasir bir melodram alınacaq. Çünki
əsərdə dramaturji xarakterlər zərgər dəqiqliyi
ilə işlənilib.
- Əsəri müasir
dövrə uyğunlaşdırdığınızı
dediniz. Qəhrəmanları
müasir dövrə necə
uyğunlaşdırdınız?
- Bu elə
də çətin olmadı. Xosrov əsərdə
hökmdardır, biz onu serialda böyük bir şirkətin rəhbəri
etdik. Fərhad elə əsərdə
olduğu kimi serialda da heykəltaraşdı. Şirin isə nisbətən kiçik bir şirkət
rəhbərinin qızıdır.
Ümumiyyətlə, əsərdə məhəbbət
üçbucaqları çox yüksək səviyyədə
qurulub. Məsələn, Xosrovla Fərhadın arasında
qalan Şirin obrazını götürək. Biri hökmdardır, eyni zamanda da xarizmatik şəxsiyyətdir.
Amma Şirinə münasibəti yuxarıdan
aşağıdır. Digəri isə sadə
bir zəhmətkeşdir, sənətkardır və Şirini
ilahiləşdirir. Lakin Şirin ona
qarşı özündə heç cür sevgi
formalaşdıra bilmir. Elə burdan yola çıxaraq
görmək olar ki,
"Xosrov və Şirin"in süjet xətti
müasir dövrə çox uyğundur.
İndi əsərin qısa xülasəsini deyəcəm,
özünüz də görəcəksiniz ki, əsərdə
baş verən hadisələr necə bizim müasir
serialların süjetinə bənzəyir. Xosrov Şirini
sevir. Onların münasibətlərinin
yarandığı bir zamanda Xosrovun atası rəhmətə
gedir və atasının vəziri hökmranlığı ələ
alır. Xosrov məcbur olub qaçır
başqa ölkəyə və Bizansa gedir. Bizans
hökmdarı deyir ki, mən sənə hər cür köməklik
edirəm, get öz məmləkətini geri al, amma əvəzində
mənim qızımı almalısan. Xosrov
razı olur və Məryəmlə evlənir. Bizans hökmdarının dəstəyi ilə gedib
Bəhram Çudini devirir yenidən hökmdar olur. Bu indi hökmdardır, amma eyni zamanda arvadının
yanında dili qısadır. Çünki
onun atasının hesabına hökmdar olub. Bir tərəfdən də Şirinə olan hissləri
yenidən qabarır. Fikir verirsiniz, necə
bizim indiki dövrün melodramı var. Bir tərəfdə
sevdiyi qız, digər tərəfdə də atasına borclu
olduğu üçün qırıla bilmədiyi həyat
yoldaşı var. Qalır ikisinin arasında. Hətta əsərdə bir yer var, o çox
maraqlıdır. Xosrov açıq şəkildə
Məryəmə Şirini kəniz gətirmək istədiyini
bildirir. Məryəm etiraz edir, hətta
Xosrovu hədələyir ki, o bura gəlsə mən
özümü öldürəcəm. Özümü
öldürsəm sən atama nə cavab verəcəksən.
Bu müasir dövr üçün çox
maraqlı detaldır.
- Adətən, tarixi əsərlərin,
hadisələrin əsasında çəkilən filmlərdə
müəyyən dərəcədə ixtisarlara və dəyişikliyə
yol verilir. "Xosrov və Şirin"də bu
balansı necə qorumusunuz?
- Demək
olar ki, bütün hadisələr müasir dövrə
proyeksiya olunub. Xırda dəyişikliklər
etmişik. Məsələn, Xosrovun Məryəmdən
olan oğlunu biz serialda Xosrovun ögey oğlu olaraq
vermişik. Bundan başqa, mənim
üçün Məhinbanu obrazı çox əhəmiyyətli
idi. Çünki Məhinbanu obrazı
üzərində çox fərqli bir süjet xətti
qurmuşuq. Xosrov Şirini sevir, amma
arvadından qopa bilmir. Şirin Xosrovu sevir
Fərhadı sevmir, Fərhad isə Şirini sevir. Məhinbanu da yaşı ötmüş bir
xanımdır. O da Fərhada vurulub. Ona kömək edir və ümid bəsləyir ki, nə
vaxtsa Fərhad onu sevə bilər. Sonra məlum
olur ki, Fərhad onun qardaşı qızına vurulub. Məhinbanu bunu biləndən sonra aqressivləşir.
Nizaminin "Xosrov və Şirin" əsərində 15 il ərzində baş verən hadisələri
xronologiya ilə göstərə bilmədik. Bizim
üçün çətin idi. Ona
görə də baş verən hadisələri
yığdıq və elə göstərdik ki, sanki hər
şey 1-2 ay içərisində baş verib. Süjet xəttində də bir balaca dəyişiklik
etdik. Poemada Xosrov Şirinlə əvvəl tanış olur, sonra gedib Məryəmlə
evlənir. Amma serialda biz bunu dəyişdik.
Xosrov artıq Məryəmlə evli ola-ola Şirinlə tanış olub ona aşiq olur. Məhinbanunu
Fərhadı sevmə detalı Nizamidə yoxdur. Çünki Nizami onu bu cür yazıb ki, Məhinbanu
öləndən sonra Şirin taxta çıxır ondan
sonra Fərhadla rastlaşır. Məhinbanunun
Fərhadı sevmə ideyası Nazim Hikmətdə var. O,
Nazim Hikmətin ideyası idi. Bu detal həm
də məhəbbət üçbucağını daha da
mürəkkəbləşdirir. Əslində,
bir yox, serialda üç məhəbbət
üçbucağı var. Xosrovun oğlunun Şirinə
aşiq olması da çox maraqlı detal idi bizim
üçün. Əsərdə Nizami
Xosrovun oğlunu məkrli bir insan kimi təsəvvür edir,
axırda da, bildiyiniz kimi, oğlu Xosrovu öldürür.
Biz onu serialda da elə bu cür vermişik.
- Serialda Nizaminin öz fikirlərindən
necə, istifadə olunubmu?
- Biz
Nizaminin modelini müasir dövrə gətirmişik. Amma
Nizaminin "Xosrov və Şirin" əsərindən xəbəri
olmayan adam baxanda deyər ki, "bu, qəşəng
müasir melodramdır, bunun Nizamiyə nə dəxli var".
Bu fikirlərin qarşısını almaq
üçün əsərdə bir Büzürgümid
obrazı var. Serialda həmin obraz klassik ədəbiyyat həvəskarıdır,
Nizami yaradıcılığını çox yaxşı
bilir və hadisələr içərisində sanki
Büzürgümidin xətti ilə Nizami
yaradıcılığına ekskursiyalar olunur.
- Bu serialda biz Nizami dövrü ilə
müasir dövr arasında paralellik görəcəyikmi?
- Bir-iki
yerdə yuxularda klassik-müasir dövr qəhrəmanların
gözlərinin qabağına gəlir. Rejissor
Xəyyam Abdullayev və Elməddin Əliyevlə oturub məsləhətləşəndə
qərara gəldik ki, köhnəliyi bir qədər
yuxuların içərisində versək daha yaxşı
olar. Çünki onsuz da bu serialı
klassik modeldə çəkmək hazırkı imkanlarla
mümkün deyil. Klassik dekor üçün çox
böyük vəsait lazımdır. Odur ki,
çalışdıq hansısa məqamlarda müəyyən
qədər qədim dövrün qoxusu gəlsin. Ona görə də süjeti yuxular üzərində
qurduq.
Onu da qeyd etmək istəyirəm ki, serialda çox
peşəkar aktyorlar rol alıb. Kifayət qədər
də gözəl gəliblər öz rollarının
öhdəsindən. Burda rejissor Xəyyam
Abdullayevlə Elməddin Əliyevin ustalığını da
vurğulamaq yerinə düşər. Bildiyiniz
kimi, bu iki rejissorun klassik ədəbiyyata müraciət təcrübəsi
var. "Xosrov və Şirin" İctimai Televiziya ilə
birlikdə onların artıq ədəbiyyatla bağlı
üçüncü layihəsidir. Bundan əvvəl
Cəfər Cabbarlının yubileyində "Solğun
çiçəklər"i müasir dövrə proyeksiya
etmişdilər. Cəlil Məmmədquluzadənin
"Anamın kitabı" əsərini çəkmişdilər.
Mən o kollektivi ədəbiyyatla kino
arasında bir bağlılıq yarada biləcək gücdə
görürəm. Əfsuslar olsun, bizim bu gün kino sahəsində
olan insanların əksəriyyəti, xətirlərinə dəysə
də deyəcəyəm, ədəbiyyatdan xəbəri
olmayan, az kitab oxuyan insanlardır. Amma müəyyən nadir şəxsiyyətlər
var. Onlardan biri də Xəyyam Abdullayevdir. Xəyyam
özü də şeir yazır. Öz
ruhunda ədəbiyyatla kinonu birləşdirən adamdır.
- Tarixi bir əsəri müasir
dövrə proyeksiya edərək təqdim etmək çox
riskli bir addımdır. Nəticə gözlənilən
kimi olmaya bilər. İşin sonunda ədəbiyyat
adamlarının sərt reaksiyaları ilə toqquşmaq da
var.
-
Çox riskli addımdır. Birinci ona görə
risklidir ki, bunun üzərində Nizaminin adı var. Biz iki
seçim qarşısında idik. Elə
edə bilərdik ki, bu sırf hikmətli fikirlər üzərində
qurulan, tamamilə Nizamiyə köklənən bir serial olsun.
O zaman bu, sırf ədəbiyyat adamları, Nizamini başa
düşən insanlar üçün serial olacaqdı. Ədəbiyyatdan kənar adamlar o seriala baxa bilməyəcəkdi.
Ona görə də biz çalışdıq
iki yol arasında elə bir ortaq xətt tapaq ki, həm
özündə ağırlığı daşısın,
həm də müasir tamaşaçının öyrəşdiyi
templə, konfliktli, dramatik seriallardan uzaqlaşmasın. Çünki bu sadaladığım nüanslardan
uzaqlaşsa, geniş
tamaşaçı kütləsini itirəcək. Bizim də məqsədimiz geniş
tamaşaçı kütləsini cəlb etməkdir.
- Özünüzü ədəbiyyat
adamlarının polemikalı fikirlərinə necə
hazırlamısınız?
-
Söz-söhbətlər onsuz da olacaq. Ona
görə də biz serialın əvvəlində belə bir
qeyd veririk ki, bu serial Nizaminin əsərinin
ekranlaşdırılması deyil. "Nizami
ili"nə töhfədir və Nizaminin əsərinin motivləri
əsasında müasir bir əsərdir. Ekranlaşdırma
belədir ki, sən əsəri götürürsən və
iddia edirsən mən bu əsəri olduğu kimi işləyəcəm.
Belə olduğu halda əsərdən kənara
çıxanda da məsuliyyət daşıyırsan.
Amma biz Nizaminin
"Xosrov və Şirin"ini çəkirik
demrik. Nizaminin əsərinin modeli əsasında müasir dram
qururuq, həm də tamaşaçıya göstərmək
istəyirik ki, 800-900 il əvvəl
Nizaminin yazdığı dramaturji model necə
müasirdir. Bu həm
də Nizaminin böyüklüyüdür. Halbuki 20-30 il əvvəl yazılan əsərlər indi
marağını itirir.
- Bir növ həm də
hazırkı dövrdə şablon olan, "keçmişdə
belə şeylər yox idi" fikrinə cavabdır demək
olarmı?
- O da var.
Eyni zamanda "keçmişdə yazılan əsərlər
öz aktuallığını itirib" fikrinə
cavabdır. İndi Nizaminin "Xosrov və
Şirin"i qədər dəqiq işlənmiş
dramaturgiyası olan hansı əsərimiz var müasir
dövrdə? Deməli, əslində, bu əsər
köhnə deyil. Bizim klassik ədəbiyyatımızda
elə güclü, elə sanballı əsərlərimiz var
ki, onlar heç də Avropa klassikasından, müasir
dövrün elementlərindən geri qalmır. Hətta yeri gələndə onlardan da müasirdir.
Məsələn, "Xosrov və Şirin"
əsərində bir çox maraqlı məqamlar var.
- Xosrov və Fərhad konflikti. Bu
iki kişi arasında qalan Şirin niyə
israrla Xosrovun üzərində dayanır?
- Freyd
yazırdı ki, "sevgi kişinin dominantlığı
üzərində qurulmalıdı və kişinin həzz
alması üçündür. Qadının
sevməyi, həzz alması əhəmiyyətsiz
şeydir". From isə "Sevmək sənət" əsərində
yazır ki, "Sən həqiqətən sevirsənsə,
özünün yox, sevgi obyektinin həzzini düşünməlisən".
Yəni mənə çay içmək
xoşdur deyə, oturub burda çay içək yox. Sənə nə xoşdur. Əgər
sənə kofe xoşdursa, oturub səninlə kofe içərəm.
Bu zaman sən özünü sevgi obyektinə həsr
edirsən, onun düşüncələri ilə
yaşayırsan, həyatı onun üçün gözəlləşdirməyə
çalışırsan. Bir sözlə,
özün, öz üstündən xətt çəkirsən.
Bu bir az da Şərq irfan mədəniyyətinə
yaxındır.
Sonralar məşhur psixoanalitik Yonqun tələbələri
bu iki fikri yan-yana qoyub qərara gəliblər ki, hər ikisi
haqlıdır əslində. Necə
halqırdırlar? İnsan münasibətlərinin
iki növ modeli var. Bu iki model sənətə və başqa
sahələrə də aiddir. Rəiyyət
sənəti və zadəgan sənəti. Məsələn, muğam sənəti bizdə zadəgan
sənəti olub, aşıq sənəti kütlə sənəti.
Sevgidə də bu ikilik var. Freydin dediyi sevgi zadəgan
sevgisidir. Fromun yazdığı isə rəiyyət
sevgisidir. Məsələn, bizim klassik ədəbiyyatımızda
var. "Qulun olaram". Bu rəiyyətin
sevgi üsuludur, çünki sevgi obyekti onun özündən
çox-çox yuxarı görünür. Yunqun tələbələrinin bu məqamda çox
maraqlı yanaşma tərzləri var. Bir qadın həyatda
bu iki cür sevgi ilə qarşılaşanda məntiqlə
ikinciyə meyil etməlidir. Çünki
ikinci cür sevgi onu ilahiləşdirir, birinci
sındırır. Amma praktika göstərir
ki, qadın həmişə birinciyə meyil edir. Onu ilahiləşdirənə deyil, onu
sındırana, eqosu yüksək olana meyillənir. Amma burda onların düşüncəsi dayanır.
Səbəb açılmır. Nizami isə "Xosrov və Şirin"də bunu
açıqlayıb. Məsələn,
Xosrov Şirinə deyir ki, gəl yaxınlıq edək.
Şirin deyir: "Mən namuslu, şərəfli
bir qadınam. Əgər məni bu qədər
çox istəyirsənsə gəl evlənək". Xosrov ona cavabında belə deyir:
"Yox, sən əgər mənə evlilik təklif edirsənsə,
mənim gözümdən düşürsən. Onda mən düşünəcəyəm ki, sən
şahzadə olmaq xətrinə məni yaxına
buraxırsan. Əgər məni həqiqətən istəyirsən,
qeyri-şərtsiz özünü mənə təslim et". Ondan sonra nə baş
verir. Bir dəfə hirslənir
çıxıb gedir Məryəmlə evlənir. Sonra yenə qayıdır Şirinin başına
fırlanır. Yenə tələb edir mənim
ol. Hətta Şirinin ayağına getmir, Şapuru
göndərir ki, get onu mənim sarayıma gətir. Yenə Şirinin qüruruna toxunur. Onun hirsindən
gedir Şəkər adlı isfahanlı şəkər satan bir kişinin qızı ilə evlənir.
Bu arada serialda da Şəkər obrazı var.
Xosrovu Nizami eqoist düşüncəli insan kimi göstərib.
Fərhad isə Xosrovun tamamilə əksidir.
- Bu, həqiqətən də,
çox maraqlı detaldır və istər-istəməz
insanı düşündürür. Nizami əsərdə
Yunqun tələbələrinin praktikasının nəticəsində
doğan fikri necə açır?
-
Çünki qadının doğub-doğmamasından
asılı olmayaraq içində bir analıq instinkti var.
Analıq da nədir? Pisi
yaxşılaşdırmaq. Anaların, adətən
hansı uşaq bir az problemlidirsə, onun
üzərində diqqəti daha çox olur. O birindən
arxayındır ki, bu yaxşıdır. Bu
düşüncə eynilə "Xosrov və Şirin" əsərində
verilib. Fərhad obrazında Şirin
üçün fəaliyyət meydanı olan heç nə
yoxdu. O, onsuz da yaxşıdı. Onun
üzərində qadın eqosunu təsdiq edəcək
heç bir şey yoxdur. Amma Xosrovu adam
etmək istəyir. Burda sevgi ilə
yanaşı, həm də qadının qələbəsi
var və əsərin sonlarına doğru Şirin buna da nail
olur. Düzdür, buna 15 il vaxt sərf
olunur. Nəticədə Xosrov axırda çox
ədalətli bir hökmdara çevrilir. Şirin
ona görə Xosrova meyilli idi ki, özü-özünə
sübut etməyə çalışırdı ki, mən ən
mənfur xasiyyətə malik bir adamı da yaxşı insana
çevirə bildim. Nizami "Xosrov və
Şirin"lə Yunqun tələbələrinin
açıq qoyduğu suala bu cür cavab verir. Analıq instinkti və qadın təntənəsi.
- Biz həm də bu əsərdə
Nizaminin qadına münasibətini görürük.
- Bəli,
Nizaminin qadın psixologiyasını necə gözəl
bildiyini görürük.
- Ona görəmi deyirlər Nizami
ilk feministdir?
- Ferminist
deyil, sadəcə qadınları yaxşı tanıyır və
onlara haqq qazandırır. Əgər Nizami yazsaydı ki, Fərhad
meydana çıxandan sonra Şirin Xosrovu atıb keçdi Fərhad
tərəfə, onda məlum olacaqdı ki, Nizami qadın
xarakterini bilmir öz kişi instinkti ilə
çıxış edir.
- Çox qəribədir, əsərdə
Nizami elə bir süjet xətti qurub ki, fərqli tərəflərdən
yozumu var. Siz bunu belə əsaslandırdınız ki,
qadın eqosudur. Amma başqa bir yozuma da yer var: qadın
kişidən daha sədaqətlidir öz sevgisinə.
-
Çox doğru qeyd etdiniz. Ümumiyyətlə,
bu cür süjetlər çoxşaxəli yanaşma tərzini
əsas götürür. İnşallah,
serialda da görəcəksiniz bunu.
Yenə də qayıtmaq istəyirəm Şirinin Xosrovu
tərbiyə etmə məsələsinə. Əsərdə,
eyni zamanda Nizaminin qadına son mesajı var ki, sən istənilən
halda Allah deyilsən. Sonda Xosrovu öz
oğlu öldürür. Hansı
oğlu? Hansısa məkrli, tamah niyyətlə
evləndiyi qadından dünyaya gələn oğlu. Əslində, bu övlad onun məkrliyinin,
riyakarlığının yetirməsidir. Çünki
Xosrov onun anasını sevməyib. Sadəcə,
hökmranlığını geri qaytarmaq üçün
onunla evlənib. Ticarət
övladıdır və bu övlad Xosrovun müdrikləşib,
kamilləşib, adil hökmdar həyatı sürməsinə
mane olur. Müdrikləşib kamilləşəndən
sonra Şirinlə evləndi və oğlu onu
öldürdü. Burda mesaj nədir?
Yəni sən nə qədər təmizlənsən
də keçmişdəki günahların nəticəsi nə
vaxtsa dolayı yol ilə gəlib səni tapacaq.
- Bunu həm də Allahın Şirinə
cəzası kimi də qiymətləndirmək olarmı?
- Bəli,
o da var. Şirin ki, inadkarlıqla Xosrovu tərbiyə etmək
istəyirdi. Allah ona göstərmək istədi ki, əgər
bu adam rəzildirsə o cür də
qalmalıdır. Mənim
yazdığımı düzəltmək sənin işin
deyil.
- "Xosrov və
Şirin" əsərində Şirinin erməni
qızı olması barəsində ermənilərin məntiqsiz
iddiası var. Zaman-zaman bunu dilə gətirirlər. Bilmək istərdim ki, serialda bu məsələlərə
toxunulubmu və bunu hansı formada çatdırmağa
çalışmısınız?
- Bəli,
doğru qeyd etdiniz. Biz də serialda bu məsələyə
Büzürgümidin dilindən toxunmuşuq. Düzdür, serialda publisistik çıxışa
yer yoxdur. Ancaq bu il Nizami ili olduğu
üçün və sizin qeyd etdiyiniz kimi, Şirinin
mübahisəli obraz olduğu üçün bir neçə
yerdə vurğulamışıq ki, Şahzadeyi Ərmən
vilayətin adıdır. Ərmən
dağlıq yer deməkdir. Erməni
sözünün ora dəxli yoxdur. Şirin
də Şahzadeyi Ərməndir, yəni dağlıq yerin
şahzadəsidir. Ərmən şahzadəsi
ifadəsini orda nə sındırır? Nizami
Ərmən vilayətini təsvir edərkən deyir ki, bunun
bir başı Dərbənddə, bir başı Abxaz
dağlarında, bir başı da Kür sahilindədir. Hardasa müəyyən qədər Qafqaz
Albaniyasının xəritəsini göstərib Nizami. Yoxsa ki, ermənilərin Abxazda, Dərbənddə nə
işləri var. İkincisi də, xarakter var axı. Şirin sırf türk qadını xarakteridir.
Məsələn, orda Əfrasiyab söhbəti var. Deyir: "O
Keyxosrovdursa, biz Əfrasiyabıq".
Əfrasiyab türk xaqanıdı. Bu məqamlara
serialın içində toxunulmasaydı, hesab edirəm, serial
bir qədər çılpaq görünərdi.
- Bizdə kino materiallarında art haus
da, kütləvi sənət nümunələri də var.
Amma bunların ikisinin ortasında, orta statistik ziyalı təbəqəsi
var. Hansı ki, onlar üçün art haus çox mürəkkəbdir,
başa düşmək çox çətindir. Eyni zamanda da kütləvi sənət nümunələrini
izləyə bilmirlər. Ortaq kontenti
dolduran materiallar bizdə varmı?
-
Ümumiyyətlə, biz son vaxtlar dünya praktikasına da
baxanda görürük ki, art haus, yəni elitar, fəlsəfi
kino ilə sırf kütləvi kinonun arasında olan orta təbəqənin
baxdığı materiallar kinodan daha çox qısa seriallara
köklənib. Orta kontenti dolduran materiallar daha
çox 12-16 seriyalı qısa, bəzən də ədəbi
əsərlərə söykənən seriallar olub ki, bu xətt
də bizdə zəifdir. Mən əminəm,
Xəyyam Abdullayev və komandası ilə birlikdə bu xətti
inkişaf etdirəcəyik. Rusiyada da,
Türkiyədə də həmin qısahəcmli seriallar, ziyalı
təbəqəyə hesablanan ədəbi əsərlərə
söykənən seriallar çoxdur. "Hərb və
Sülh", "Anna Karenina" və s. Bu həm də ədəbiyyatın
dirçəlməsinə xidmət edir. Mən "Xosrov və
Şirin"i də sonuncu iş görmürəm. "Xosrov və Şirin"dən sonra
düşünürəm ki, ədəbiyyat və serial
bağlılığının xəttini çox
yaxşı inkişaf etdirib ənənəyə çevirəcəyik.
Orta statistik düşündürən ədəbiyyata
söykənən qısa seriallar ənənəsini davam
etdirməliyik və buna ciddi ehtiyac var. Biz o nəsilik ki, ədəbi
əsərlərin ilk filminə baxıb sonra gedib əsəri
oxumuşuq. Mən etiraf edirəm ki, ilk dəfə
"Dəli Kür" romanını filmə baxandan sonra
oxudum. İndi də həmin funksiyanı
seriallar yerinə yetirir.
- Və sonda bu layihədən
gözləntiniz nədir?
- Mənim
layihədən əsas və ən əhəmiyyətli
gözləntim ədəbiyyat və kino arasında qopan
bağlılıq xəttinin bərpa olunmasıdır.
Söhbətləşdi: Günel
MUSA
Ədəbiyyat qəzeti.- 2021.- 9
oktyabr.- S.24-25.