Türklüyü ilə qürurlanan
Şirin
Nizaminin "Xosrov və
Şirin"i əsasında
Giriş
Azərbaycan ədəbiyyatının dünya ədəbi
fikrinə yeni düşüncə axarı gətirən, onu
istiqamətləndirən ən görkəmli nümayəndələrindən
biri olan Nizami Gəncəvinin (1141-1209) "Xəmsə"sində
öncəki dövrlər və öz
çağının çeşidli biliklərinin cəmlənməsi
onu müxtəlif məqsədlərlə təhlilə cəlbetmə
imkanı verir.
Əsərin dəyərli özəlliklərinə
onun Azərbaycanın tarixi və coğrafiyasına aid məlumatları
ehtiva etməsi də daxildir. Bu barədə
bəzi tədqiqatçılar çeşidli niyyətlərlə
- tarix, dilçilik və ya ədəbiyyatşünaslıq
yönündən bəhs etmişlər. Bizim
bu məqaləni yazmaqda məqsədimiz bu böyük bəhsin
bir parçası olan problemə - Şirinin coğrafi, milli və
dini mənsubiyyəti ilə bağlı məsələlərə
aydınlıq gətirməkdir. Əslində
bu, təkcə bir bədii obrazla bağlı öyrənilməsinə
ehtiyac duyulan mövzu deyildir. Bu məsələnin
illərlə aktuallığını qorumasının səbəbi
Şirinin, demək ki, o dövrdə Ərmənzəmində
dünyaya gələn, o torpaqda böyüyüb boya-başa
çatan Azərbaycan övladının çoxyönlü
(milli, dini və s.) kimliyidir. Şirinin Ərmənzəmindən
olması və orada hökmdarlıq etməsini, onun milli mənsubiyyəti
məsələsini, bu barədə Nizaminin tarixi bilik və bədii
yozumlarını həssas edən məqam onun bugünkü
Azərbaycanın siyasi durumu, tarixi keçmişi, orta
çağda əhali tərkibi və s. ilə
bağlılığıdır və bu mövzunun təhlilinin
bir çox suallara tutarlı cavab verməyə şərait
yarada bilməsidir.
Şirin və prototipləri
Mövzuya keçməmişdən öncə qeyd edək
ki, nizamişünaslıqda milli mənsubiyyəti ilə təkrar-təkrar
gündəmə gələn, bir sıra mübahisə və
müzakirələrin obyekti olan Şirinin tarixi və ədəbi
şəxsiyyəti ətrafında fikir həmrəyliyi
yoxdur. Çox zaman Nizaminin haqqında bəhs etdiyi Ərmənzəminin
adının bu gün digər tarixi ərazimizdə mövcud
olan Ermənistan ilə assosiativliyinə aldanılaraq
yanlış nəticələrə gəlinmişdir. Xüsusilə sovet dövrü ədəbiyyatşünaslığı
saxta xalqlar dostluğu ideologiyasının təsiri ilə həmin
məqsədyönlü təqdimatı ənənəyə
çevirdi, hələ də elmi və tarixi
çözümünü tapmayan uzunömürlü bir
mübahisənin əsasını qoydu. Bu yanlış
düşüncəyə yol açan səbəblərdən
biri də Ərmənzəminin əsərin mənzum tərcüməsi
və müvafiq beytlərinin şərhlərində bəzən
Ərmənistan, bəzən hətta Ərmənlər kimi tərcümə
olunmasıdır:
Xosrov
yetişməkçün o şux canana
Göndərdi Şapuru Ərmənistana.
Bildi,
qorxub şahdan, ova getmişdir,
Ərmənlər tərəfə səfər
etmişdir.
Halbuki Nizaminin "Xosrov və Şirin"inin baş qəhrəmanlarından
biri olan Şirin mərkəzi Bərdə olan Ərmənzəminin
hökmdarıdır və onun türklüyünü
şair dəfələrlə vurğulayır. (Bu barədə
irəlidə təfərrüatlı bəhs edəcəyik).
Əslində "türk"
sözünün bir etnonim olaraq diqqətdən kənarda
qalmasının bir səbəbi də Nizaminin bu ifadəyə
çeşidli müsbət anlamları yükləməsidir.
Amma bu, onun etnonim olmaqdan çıxıb milli mənsubiyyət
bildirməməsi demək deyildir. Başqa sözlə,
bəzi məqamlarda bir çox anlamların
("ağlıq", "gözəllik", "yüksəklik",
"paklıq"...) toplusu olan "türk" (bu barədə
bax: Məmməd Əmin Rəsulzadə. Azərbaycan
şairi Nizami, Bakı: Azərnəşr, 1991, s. 143-144) milli
mənsubiyyətin ifadəçisi olaraq da nəzərdə
tutulur. Amma sovet dövrü araşdırmalarında
"türk" etnonimi üzərindəki məlum tabu
Nizaminin bir sıra ideyalarının təhrifli və natamam təqdimi
ilə nəticələndiyi kimi, Şirinin etnik mənşəyi
və ümumiyyətlə, Ərmənzəminin əhali tərkibi
barədə də yanlış təsəvvürlərin
yaranıb formalaşmasına yol açdı.
Yenə də diqqətdən yayınan məqamlardan biri
Nizamidə bir dəfə də olsun Ərmənin etnonim (millət
adı) kimi istifadə olunmamasıdır. O, xatırlandığı
bütün mikromətnlərdə yalnız toponim (coğrafi
ad) kimi nəzərdə tutulur. Eynilə Səqlabın
istifadə şəkillərində gördüyümüz mənzərədir.
Nizaminin bu əsərində Ərmən də
Səqlab kimi toponim, yer adıdır və onun heç bir
şəkildə etnonim kimi istifadəsini görmürük.
Cəmi bir yerdə "ərməni"
(Ərmənə məxsus) ifadəsi yer alır: "qol-e
Ərməni" (Ərmən kömürü). Göründüyü kimi, söz həmin şəklində
də etnik mənsubiyyətin ifadəçisi deyildir.
Burada tarixə kiçik ekskursa - Şirinin həyatda
olduğu dövrdə Bərdə hökmdarının
kimliyini xatırlatmağa da ehtiyac vardır. Tarixi şəxsiyyətlər
olan Sasani hökmdarı Xosrov Pərviz və məlikəsi
Şirinin həyatda olduğu illərdə, məlum olduğu
kimi, paytaxtı Bərdə olan Qafqaz Albaniyasında Mehranilər
hakimiyyətdə idi. Araşdırmalarda məşhur
hökmdar və sərkərdə Cavanşirin də mənsub
olduğu bu xanədanın nümayəndələrinin etnik mənşəcə
parf olduğu bildirilir. Tarixi qaynaqlarda bu xanədanın
öncə Sasanilərin siyasi himayəsində olduğu,
sonralar müstəqillik qazanması barədə geniş məlumat
verilir...
Nizaminin qəhrəmanı Şirinin prototipi olan
Siranın coğrafi mənsubiyyəti barədə isə
tarixi qaynaqlarda - yunan xronikaları, ermənicə mənbələr
və s.-də fərqli məlumatlar verilir. Onu rumlu,
bizanslı, xuzistanlı deyə müxtəlif coğrafiyalarla
əlaqələndirən müəlliflər konkret millət
adını qeyd etmir, bunu coğrafi mənsubiyyəti
vurğulamaqla dolayısı ilə nəzərə
çatdırırlar. Görünür,
bu boşluq daha sonrakı dövrlərdə bəzi erməni
müəlliflərinin Sasani məlikəsinin mənşə
etibarilə erməni olduğunu iddia etməsinə şərait
yaratmışdır. Tanınmış tədqiqatçı
Q.Əliyev bu iddiaları belə bir əsaslı dəlillə
təkzib edir ki, Şirinin müasiri olan və daha sonrakı
erməni müəlliflərin əsərlərində bu barədə
heç bir məlumata rast gəlinmir. (Göstərilən
əsər, s. 35). Bu da Şirinin
prototipinin erməni əsilli olması iddiasında olan
çağdaş tədqiqatçılara tutarlı bir
cavabdır.
Amma Sasani məlikəsinin xristian dininə mənsub
olduğu qaynaqlarda yekdilliklə təsdiqlənir. Bu, "Şahnamə"də
"Xosrov və Şirin əhvalatı"nı
("Soxənha-ye Xosrov-o Şirin") tarixi mənbələrə
istinadən söyləyən Firdovsiyədək davam edir. (Bu
barədə ətraflı məlumat üçün bax:
Q.Ö.Aliev. Leqenda o Xosrove i Şirin v literaturax
narodov Vostoka. Moskva: İzdatelğstvo vostoçnoy
literaturı, 1960, s. 33-34). Bunu da qeyd edək ki,
Firdovsinin "Şahnamə"sində Xosrov və Şirin əhvalatı
epizodik xarakterlidir. Şair bu qadın qəhrəmanının
milli və coğrafi mənsubiyyətini deyil, ictimai mənşəyini
- hansı zümrəyə mənsub olduğunu diqqət mərkəzinə
çəkir. Zərdüşti kahinlərinin
- möbidlərin Şirini aşağı təbəqədən
olmasına görə Xosrova layiq bilmədiklərindən
geniş bəhs edən Firdovsi dini və ya etnik baxımdan
uyğunsuzluqdan söz açmır. Bundan başqa, Rum
qeysərinin qızı Məryəmin xristian olmasını
vurğulayan şair Şirinin vəsiyyəti qismində onun
öz dilindən ömrünün sonunadək Yəzdana sadiq
qalacağını bildirir... Beləliklə,
Nizaminin sələfi də Şirini xristian və ya erməni
kimi təqdim etmir.
Burada çox önəmli bir məsələni də
qeyd etməyə ehtiyac vardır ki, Nizaminin Xosrovu Şirinə
nisbətən öz tarixi prototipi ilə daha artıq ortaq cəhətlərə
malikdir. Şirin isə Nizaminin təqdimatında öz
prototipi ilə bir çox baxımdan əlaqəsini
itirmiş durumdadır: prototip və bədii surətin
başlıca müştərək cəhətlərinə
onu Xosrovun çox sevməsi, Sasani məlikəsi statusunun
sahibi olduğu, qənirsiz gözəllik və dərin
ağıl sahibi olmasıdır. Nizami bu
surəti yaradarkən onunla sevimli Afaqına ikinci həyat
verdiyindən qəhrəmanının dini və milli mənsubiyyətini
də dəyişmiş, sevən tərəflər
arasında ictimai status baxımından tarazlıq
yaratmış, hər ikisini öncə şahzadə, daha
sonra hökmdar olaraq göstərmişdir. Həm də Nizaminin bu məhəbbət dastanı
Firdovsinin "Şahnamə"sinin ana xətlərindən
birinə - İran və Turan zidliyinə gizli bir cavab səciyyəlidir.
Tarixən Azərbaycanla
bağlılığı olmayan, başqa coğrafiya və
milli kimlik ilə əlaqəli Şirini Arran və Ərmənzəminlə
(Azərbaycan) əlaqəli təqdim edib onun mənşəyini
Babilə, etnik mənsubiyyətini türkə bağlayan Nizami
bu əsərində maraqlı əkslik və vəhdət
yaradır. Zidd qütblərdən birini
Sasani hökmdarı Xosrov (İran), digərini türk olaraq,
Turan və Babilistanla bağlı Şirin təmsil edir.
Amma şair sələfi Firdovsidən fərqli olaraq, onlar
arasındakı qarşıdurma, qanlı müharibələr
və s.-dən deyil, böyük bir eşq və sədaqətdən
danışır...
Məhinbanu və "sələf"ləri
Burada
ortaya belə bir sual da çıxır ki, Nizami Ərmənzəmindən
bəhs edərkən məhəbbətlə təbiəti və
gözəlliklərini vəsf etdiyi bu ölkənin həqiqi
tarixi keçmişindən və ümumiyyətlə, Xosrov
Pərvizin dövründə paytaxtı Bərdə olan
ölkənin Mehranilərin hakimiyyəti altında
olduğundan xəbərsiz olmuşdurmu? Onu
Şirin bəhsində tarixi gerçəklikdən daha
çox uzaqlaşıb bədii təxəyyülünün
axarına uymağa tarixi qaynaqlardan xəbərsizlikmi vadar
etmişdir? O zaman niyə onun Xosrov Pərvizlə
bağlı verdiyi məlumatlar, əsasən, tarixi mənbələrdə
deyilənlərə və onun kimi tarixi qaynaqlara söykənən
Firdovsinin söylədiklərinə daha yaxındır? Zənnimizcə,
Nizaminin qadın qəhrəmanını Bərdənin
hökmdarı etməsinin bir neçə səbəbi
vardır: yurduna və Şirinin prototipi olaraq
gördüyü Afaqa məhəbbəti. Bu əsər
boyu aydın görünən səbəblərdir. Digəri xüsusi araşdırmaya möhtac olan və
indilik yalnız ehtimal kimi irəli sürə biləcəyimiz
Mehranilər, Parfiya və Babilistan əlaqəsidir. Artıq qeyd etdiyimiz kimi, etnik mənşəcə
parf sayılan Mehranilərin Babilistanla dolayısı ilə əlaqəsi
vardı. Araşdırmalarda Babilistanın
süqutundan sonra onun bir dövlət olaraq, Parfiyanın tərkibinə
daxil olduğu bildirilir. Beləliklə də,
Məhinbanunun prototipi olan Şəmiranın, əslində məşhur
Babil hökmdarı Semiramidanın yada düşməsi səbəbinə
də bir aydınlıq gəlir. Eləcə də Azərbaycana
yaxın ərazidə - "Albaniyadan yuxarı
dağlarda" amazonkaların yaşaması barədə qədim
qaynaqlarda deyilənlər (bax: Azərbaycan tarixi üzrə
qaynaqlar, Bakı: Çıraq nəşriyyatı, 2007, s. 22)
də şairin digər ilham qaynağı ola
bilərdi.
Şairin Məhinbanunu Mehranilər kimi xristian deyil, atəşpərəst
kimi təqdim etmənin səbəbi də, çox güman
ki, onun prototipi Semiramidanın dini mənsubiyyətindən
qaynaqlanır.
Müqayisə üçün bunu da qeyd edək
ki, "Ağvan ölkəsinin tarixi"ndən albanların
VII əsrdə xristianlıq kimi qərarlaşan dininin
bütpərəstliyin yerinə gəldiyi məlum olur. Bu mənada Nizaminin Şirin və bibisini bütpərəst
və ya xristian deyil, atəşpərəst kimi təqdiminin
Babil hökmdarı ilə bağlı məlumatlardan
qaynaqlandığını güman etmək
mümkündür. Bundan başqa, artıq qeyd etdiyimiz
kimi, Firdovsinin Şirininin də Yəzdana sitayiş edənlərdən,
yəni zərdüşti dininə qail olduğunu onun elə
öz dilindən deyilən beytlərdən öyrənirik...
Ümumiyyətlə, Nizaminin digər qəhrəmanlarının
təsvirində də Babil rəvayətlərinin motivlərinə
müraciət müşahidə olunur. Bunlardan biri çiyninə
öküz alan Fitnənin təsviri ilə
Babilistanda arxeoloji qazıntılar zamanı üzə
çıxarılmış çiynində keçi
daşıyan qadın heykəlciyinin assosiativliyidir.
Şirinin milli kimliyi
İlk olaraq, Nizaminin bu baş qadın qəhrəmanının
milliyyət etibarilə kimliyini tədqiqatçıların
dilindən, daha sonra şairin özü və qəhrəmanı
Şirindən eşidək. "Yaxın Şərq ədəbiyyatında
Xosrov və Şirin mövzusu" adlı çox dəyərli
araşdırmanın müəllifi olan Qulamhüseyn Beqdeli bəhsin
əvvəlində yazır: "Nizami Şirini gah Qafqaz
gözəli, Bərdə şahzadəsi, gah da Ərmən
hökmdarı kimi qələmə alaraq, onun mənşə
və milliyyətcə hansı xalqa, ölkəyə mənsub
olduğu barədə açıq və qəti fikir söyləmir.
Şair öz poemasında Şirini gah erməni,
gah da türk kimi təqdim edir". (Q.Beqdeli.
Yaxın Şərq ədəbiyyatında Xosrov və
Şirin mövzusu. Bakı: Elm, 1970, s. 88). Daha sonra bu dediklərini öz sözləri ilə təkzib
edən müəllif bildirir ki, Nizami bu əsərində
"təkcə Şirinin öz dili ilə onun türk
xalqına mənsub olduğunu bildirmir, bəlkə Məhinbanunun
da dilindən bu haqda fikir söyləyir. Həm
də şair Şirini geyimi, hansı adət və ənənəyə
bağlılığı, etnik xüsusiyyətləri,
davranışı və bir sıra digər səciyyələrinə
görə də türk qızı kimi tərənnüm
edir". (Göstərilən əsər,
s. 89).
Əslində, Nizami əsərdə bir çox məqamda
bəzən açıq, bəzən də işarəvi dil
ilə Şirinin milli mənsubiyyətini diqqət mərkəzinə
çəkir.
Bunlardan biri indiyədək tədqiqatçıların
diqqətindən yayınan ərmənzəminli Şirinin həyat
tərzi - köçərilikdir. Nizaminin
Əfrasiyabın varisi saydığı Məhinbanunun ölkəsindəki
yaşamın köçəri səciyyəliliyi maraq
doğurur. Çünki şairin bu təsviri türkman
(tərəkəmə) və türk xalqları
üçün xarakterik olan bir yaşayış tərzinə
uyğun gəlir:
Gül fəslində
yeri Muğandır,
Çünki ayaq basdığı yerlər
yamyaşıl olur.
Yayda
Ərmən dağlarına gedər,
Nazla güllükləri və xırmanları bir-bir gəzər.
Payız
vaxtı Abxaza gələr,
Ov tapmaq üçün (quş kimi) qanadlanar.
Qışda
Bərdəyə meyil göstərər,
Çünki Bərdənin havası isti olur.
Şair
başqa bir yerdə deyir:
Çöldən,
biyabandan keçib,
Sürətlə Ərmən dağlarına
çatdı.
Çünki
o gözəllər dəstə ilə
Yayda o dağa gələrdilər.
Göründüyü kimi, Nizaminin bu qəhrəmanlarının
- Şirinin bibisinin hökmdar olduğu ölkədəki
insanların və o cümlədən Şirinin də həyat
tərzi köçəri türklərin məişətinə
uyğun təsvir edilmişdir. Şairin Afaqla bağlı bəhsdə
yer verdiyi aşağıdakı misralar onun köçəriliyi
türklərin həyatının ayrılmaz tərkib hissəsi
olaraq bildiyini göstərir:
Türklər
tək olmuşdur bir köçə möhtac,
Türklər tək eylədi yurdumu tarac.
Bunu da xatırladaq ki, Nizamidən sonra yaşamış
Həmdullah Qəzvini (1281- 1339) "Nuzhətül-qülub'' əsərində
bərdəlilərin şəhərdən kənarda gözəl
istirahət yerləri olduğunu göstərir, yayın
istisində onlar orada dincəlirlərmiş. Bu yer isə
Xarik (Hirək) adlanırdı. Qəzvininin
verdiyi məlumatlara görə, Xaruk çox səfalı
olub, orada çoxlu bulaqlar, otlaqlar və ov yerləri
vardır. Bərdəlilər yayda oraya,
qışda isə öz əsas yerləri olan Bərdəyə
qayıdırdılar. (Sitat: Arif Məmmədov. Bərdə
toponiminə dair mülahizələr, "Tarix və onun
problemləri", 2011, N1, s. 198-dəndir).
İndiyədək diqqətdən kənarda qalan digər
bir cəhət Şirinin yaxın çevrəsindəki
qızların adları vasitəsilə ifadə olunan milli mənsubiyyətdir. Nizami
Şirinin nədimlərindən olan 10 qızın
adını qeyd edir. Bu adlardan üçü vasitəsilə
şair, "Yeddi gözəl" əsərində
gördüyümüz kimi, onların mənşəcə
türk olduğuna işarət edir: Firəngiz (orijinalda: Firəngis),
Səməntürk, Xütənxatın. Bu
adlardan birincisi (elə əsərdəki sıralamada da o ad
birincidir) Firdovsinin "Şahnamə"sində türk
hökmdarı Əfrasiyabın qızı Firəngizin
adı ilə eynidir. Son iki ad Nizami təxəyyülünün
məhsulu kimi görünür. Qalan yeddi ad isə ərəb
və fars mənşəlidir: Süheyl,
Əcəbnuş, Fələknaz, Hümeyla, Humayun, Pərizad,
Gövhərmülk.
Nizami bu
gözəlləri bəzən kəniz, bəzən nədim
kimi göstərsə də, Şapurun Şirini Xosrova
tanıtmasında deyilir:
O ölkədə
əmir olan pəriüzlülərin hamısı
Xidmətində dayanıb buyruğuna qulaq asırlar.
Ayüzlü
zadəgan qızlarından
Yetmiş nəfəri xidmətində hazır
dayanıb.
Deməli,
ölkə "əmir olan pəriüzlülər" -
qadın başçılar tərəfindən idarə
olunur, bu türk, fars və ərəb mənşəli
əmirlər isə türk Məhinbanuya tabedirlər...
Elmi
araşdırmalarda Şirinin türklüyünü əsaslandırmaq
üçün ən çox istinad verilən iki misra isə
az qala dillər əzbəridir:
Əgər
o Aydırsa, biz Aftabıq,
O
Keyxosrov, bizsə Əfrasiyabıq.
Əslinə
çox yaxın olan bu mənzum parçanın orijinaldan sətri
tərcüməsi belədir:
Əgər
o Aydırsa, biz də Günəşik,
Əgər (o) Keyxosrovdursa, (biz) Əfrasiyabıq.
Bu misralar çox zaman Şirin və Məhinbanunun milli
mənsubiyyətini, onların türk olduqlarını təsdiqləmək
niyyəti ilə misal olaraq göstərilir. Çünki
Q.Beqdelinin də qeyd etdiyi kimi, "Şahnamə"dən
etibarən Əfrasiyab türklüyü, Keyxosrov isə
iranlılığı təmsil edir. (Göstərilən
əsər, s. 89).
Qeyd etməliyik ki, Nizaminin Məhinbanunun dilindən səsləndirdiyi
bu misralarda başqa mətləblər də gizlidir. Belə ki, Məhinbanu
Arrandan başlamış Ərmənə qədər,
başqa sözlə, Muğan, Ərmən, Abxaz və Bərdənin
də daxil olduğu böyük bir bölgənin fərmanına
boyun əydiyi bir hökmdardır. Əslində
"böyük xanım" anlamına gələn Məhinbanunun
bu ad-titulu həm də "böyük hökmdar",
"şahlar şahı", "şahənşah"
anlamına gələn Xosrovla da yaxın anlamlı bir ifadə
kimi nəzərdə tutulur. Nizami deyir:
İgidliyi
kişilərdən artıqdır,
Böyüklüyünə görə Məhin banu
adlandırırlar.
O
cahangirin adı Şəmiradır,
Şəmiranın izahı Məhin banudur.
Yeri gəlmişkən
bunu da qeyd edək ki, mənzum tərcümə və hətta
filoloji tərcümədə belə Nizaminin Məhinbanuya aid
etdiyi sifətlər təhrif olunub. Mənzum tərcümədə
son misralar aşağıdakı kimi ifadə edilir:
Şəmira
adlanır o göyçək qadın,
Böyükdür mənası bu gözəl adın.
Filoloji tərcümə
isə mətnin əslinə yaxın olsa da, "cahangir"
sadəcə "hökmdar" sözü ilə əvəz
edilmişdir ki, bu ifadələrin anlam tutumu eyni deyildir...
Bu mənada
Məhinbanu: "o, Keyxosrovdursa, biz Əfrasiyabıq", - deyərkən
təkcə milli mənşəyə işarə edərək
qürrələnmir, həm də siyasi güc və qüdrət
baxımından da Sasanilərdən geri
qalmadıqlarını vurğulayır.
Burada digər bir incə məqam Keyxosrovun Ay,
Əfrasiyabın isə Günəşlə müqayisə
olunaraq, bu səma cisimlərinə bənzədilmələridir. Azərbaycan
folklor örnəklərində Ayın oğlan, Günəşin
isə qız kimi təsəvvür və təqdim
olunması məlumdur. Bu mənada bu bənzətmə
də yerinə düşür. Çünki Xosrov
Keyxosrovun, Şirin isə Əfrasiyabın nəslinin
davamçısı sayılır. Bu mənada
Ayın Xosrov, Günəşin isə Şirinlə əlaqələndirilməsi
xalq inamları baxımından da doğru seçim
sayılır. Nəhayət, səma cismi olaraq, Ay
qaranlıq və soyuq səma cismi olaraq öz
işığını Günəşdən alır... Bu təbiət hadisəsi orta çağ şeirində
xüsusi diqqət yetirilən motivlərdəndir. Nizami
də, göründüyü kimi, ilk baxışda Keyxosrovla
Əfrasiyabı ali məqam
baxımından bərabər tutsa da, əslində təşbeh
seçimi onun türk hökmdarını daha ali status sahibi
kimi gördüyünü göstərir.
Artıq qeyd etdiyimiz kimi, tədqiqatçıların əksəriyyəti
Nizaminin Şirinin mənşəyi məsələsinə
ilk dəfə Məhinbanunun ona öyüd verdiyi zaman işarə
etdiyini bildirərək, yuxarıdakı məşhur beyti
xatırladırlar. Amma örnəklərdən də
gördüyümüz kimi, milli mənsubiyyət əsər
boyunca müxtəlif yardımçı detallar vasitəsilə
də vurğulanmışdır.
Şirinin iftixar mənbəyi:
türklük və Türküstan
Əsərdə öz mənşəyi,
türklüyü ilə öyünmə təkcə Məhinbanunun
nitqində görünmür, eyni şəkildə qürrələnmə
Şirinin öz türklüyünü ifadə şəkillərində
də müşahidə olunur. Maraqlıdır ki,
Nizami Şirin ilə əlaqəli olaraq istifadə etdiyi
xüsusi vurğulu "türk" sözünə epitetlər
aid edərkən heç bir təkrara yol vermir və hər dəfə
yeni bir sifəti diqqətə çatdırır.
"Şirinin Xosrova cavabı" adlı fəsillərdə
Şirin "naz bilməyən bir türk
olmadığını", "qəmzəsi ilə
könül ovlayan bir türk" olduğunu, "sərxoş
türklər kimi gözlərinin məstliyini" dilə gətirir
və "ərəbcə bilməyən türk deyiləm mən"
deyə öyünür.
Beytlərdən
birində deyilir:
Qara
gözlü türkəm bu dam üstə mən,
Ağ hindu adını almışam səndən.
Beləliklə də, Şirinin öz sözləri ilə
sanki portreti cızılır və məzmun etibarilə mətnin
əslinə yaxın bu mənzum misralarda onun ağbənizli,
qaragözlü bir gözəl olması haqqında təsəvvür
yaradılır.
Q.Beqdeli
haqlı olaraq yazır: "...düzdür, bədii ədəbiyyatda
"türk" və "hindu" sözləri bəzən
rəşadət və cəsarət rəmzi, bəzən də
kölə, qul mənasında işlənmişdir. Ancaq burada Şirin məhz özünün türk
olduğunu söyləyir, rəşidlikdən, cəngavərlikdən
və köləlikdən söz getmir. Bir də ki,
Şirin bu sözləri rəmzi mənasında işlətdiyi
zaman da özünü hindu yox, türk
adlandırır". (Göstərilən əsər,
s. 90). Daha sonra tədqiqatçı Nizaminin türk
sözünü sadəcə məcazi bir deyim kimi işlətmədiyini,
bununla milli mənsubiyyəti nəzərdə tutduğunu bir
qədər ehtiyatla olsa da doğru müəyyənləşdirir:
"Nizami Dərbənd hökmdarı tərəfindən
göndərilən qıpçaq gözəli Afaqı
(Appaq) da elə Şirin sayağı "türk",
"türküm" adlandırır. Bu
oxşarlıqdan bir daha bu nəticəyə gəlmək olar
ki, Nizaminin Şirin barədə söylədiyi
"türk" sözü də Afaq haqqında dediyi kimidir.
Şair Afaqı təriflədiyi sözlərlə,
təşbehlərlə Şirini də tərifləyir,
oxşayır". (Göstərilən əsər,
s. 90).
Nəkisanın
Şirinin dilindən söylədiyi nəğmədə də
türkmənşəliliyə diqqət çəkilir:
Əgər
gözüm türklükdən daraldısa,
Cavanmərd
hindu kimi üzr istəməyə gəlmişdir.
Nizami
"Şirinin Xosrova cavabı" fəsillərindən
birində "Xəllux gözəllərinin günəşi"
deyə təqdim etdiyi qadın baş qəhrəmanını
digər qisimlərdə onun öz dili ilə Çin
Türküstanının Təraz və Xütən kimi yerləri
ilə də əlaqələndirməklə türk mənşəliliyinin
üzərinə diqqəti cəlb edir: "Hələ
cavanlıq arxım qurumamışdır // Üzüm Təraz
gözəllərinin bir dənəsidir";
"Saçdığım ətirlə Xütənlə
yarışaram...".
Şirinin özünü bənzətmələrində
türklərin yurdu olan Səqlab və Rumu seçimi də
eyni bir düşüncədən - onun türk mənşəliliyi
qənaətindən qaynaqlanır.
Bir
çiçək kimi idim - Səğlab mülkünün
banusu
("banu-ye Səqlab"),
İndi
gülab kimi şüşədə məhbus (mətndə:
"dej banu" (qalanın xanımı)) kimiyəm.
Bircə
nazımla Rumu alaram,
Qoxumla Xütənlə bəhsə girərəm.
Nizaminin
yuxarıdakı beytlərdən birincisində
türk-qıpçaq eli Səqlabın
banusu adlandırdığı Şirini bir də gül ilə
əlaqələndirməsi təsadüfi deyildi. İlk olaraq "Kitabi-Dədə Qorqud"da
Banuçiçək adında gördüyümüz bu
fikri bağ Şirin-Səqlab banusu və gül əlaqəsində
də nəzərə çarpır. Bundan
başqa, farsca "banu" həm də gül suyu
saxlanılan qaba deyilir. Beləliklə,
bir-birilə əlaqəli banu (həm xanım, həm də
gül suyu saxlanılan şüşə qab) və
çiçək (həm gül, həm də türk
şahzadələrinin titulu) bir-birilə fikri tənasüb
yaradır.
Nizami dövründə Rumun əhali tərkibini və
oranı tutanların da türk olduğunu nəzərə
alsaq, şairin yuxarıdakı misralarındakı poetik bənzətmənin
ilham qaynağı aşkara çıxar.
Şirinin
qiyafəsinin təsvirində də türklük
dolayısı ilə nəzərə
çatdırılır: "Cövhərlə bəzənmiş
örpəyi // Çinlilər sayağı başına
salmışdı". Q.Beqdeli haqlı olaraq,
bu beytdə Şirinin "Çin sayağı" örpəyinin
təsvirini türklər kimi geyinib bəzənmə kimi dəyərləndirir.
(Göstərilən əsər, s. 90). Çünki Nizami bir çox orta çağ
şairi kimi Çin deyərkən əksər hallarda
Çin Türküstanını nəzərdə tutur.
Onun "Xosrov və Şirin"ində yer alan
"torkan-e Çin" ("Çin türkləri")
ifadəsi, eləcə də Xəllux, Xütən və Tərazı
xatırlatması tədqiqatçının bu mülahizəsinin
həqiqətə uyğunluğunu təsdiqləyir.
Burada daha
bir mühüm məqamı da qeyd etmək istəyirik ki,
Nizaminin xüsusi diqqət yetirdiyi Ərmənzəmin və Bərdə,
onların təbii gözəllikləri, bu torpaqların
övladı olaraq öydüyü Məhinbanu
və Şirinin türklüyü məsələsinə
"Xəmsə" ənənəsini davam etdirən xələflərinin
əsərlərində diqqət yetirilməmişdir.
Nizaminin bu məsnəvisinə ilk farsca nəzirə yazan
türkəsilli şair Əmir Xosrov Dəhləvinin və
eyni əsərə ilk türkcə nəzirə qələmə
alan Əlişir Nəvainin Şirin surətini
təqdim şəklində heç bir milli mənsubiyyətin
vurğulanmadığını müşahidə etdik. Bundan başqa, Nizaminin mövzusunda yazmasına
baxmayaraq, onun bir çox motiv və təsvirlərini təkzibə
meyilli Arif Ərdəbili Şirinin Ərmənzəmindən
olmasını fakt kimi qəbul etsə də, onun etnik mənşəyi
məsələsinə toxunmur. Ümumiyyətlə,
Nizami ənənəsinə sadiq qalaraq, Şirinin Ərmənzəmindən
və ya Ərməndən olmasını vurğulayan hər
üç müəllifin əsərində bu, sadəcə
coğrafi addır.
Araşdırmamız Nizaminin Şirinin milli mənsubiyyəti
ilə bağlı xüsusi vurğulu işarələrinin
divan və təsəvvüf ədəbiyyatının ən
görkəmli nümayəndələrindən biri olan Nəsiminin
nəzərini cəlb etdiyini aşkara çıxardı. "Xosrov və
Şirin" mövzusunda məsnəvi müəllifi olmasa
da, Nəsimi özünün istər farsca, istərsə də
türkcə divanında sələfinin bir çox motivlərini
- onun sevən və sevilən bir gözəl, qadınlar
ölkəsinin padşahı ("xosrovi-xuban") və
gözəl nitq sahibi olduğu, Xosrov və Fərhadın ona
aşiqliyinin özəllikləri, Şəkərlə rəqabəti
və s. kimi motivlərə fraqmentar müraciət etmiş və
şeirinə bu illüstrativ səciyyəli motivlərlə
məzmun dərinliyi qazandırmışdır. Şairin Nizaminin bu əsərindən əxz etdiyi
bir motiv - Şirinin türklüyünün ifadəsi də
indiyədək digər tədqiqatçıların nəzərini
cəlb etməmişdir. Nəsimi beytlərindən
birində deyir:
Fərhad
ilə Xosrov, ey Nəsimi,
Şirin kələci, şəkkərdəhansan.
Beyti belə
açıqlaya bilərik: sevən də, sevilən də,
eşqi yolunda canından keçən (Fərhad) də,
yolunda candan keçilən (Xosrov) də səndə cəmləşib,
ey Nəsimi. Çünki sözün ("kələci")
şirin (həm də: Şirin), o sözün ifadəçisi,
vasitəsi olan ağızın ("dəhan") şəkərdir
(həm də: Şəkkər). Burada daha bir maraqlı məqam
vardır: Nəsimi paytaxtı Bərdə olan ölkənin
hökmdarı Şirinin adını qədim türkcədə
"söz" anlamında olan "kələci",
isfahanlı Şəkkərin adını isə farsca "dəhan"la
əlaqələndirir. İlk baxışda bu
ad və ifadələr arasında bağlılığın
olması inandırıcı görünməyə bilər.
Amma orta çağda İslami Şərq
poeziyasında, o cümlədən onun ən qüdrətli təmsilçilərindən
olan Nəsiminin şeirində bədii məntiqin
güclülüyünü nəzərə aldıqda
buradakı uyğunluğun təsadüfü
olmadığı qənaəti hasil olur. Çünki
orta çağ şeirində heç bir söz təsadüfən
seçilmirdi, poetik materialın məzmunu dəqiq müəyyənləşdirilir
və forması həssaslıqla qurulurdu. Bundan başqa,
Nəsiminin türkcə divanında "kələci"nin
deyil, "söz"ün işləkliyini, "dəhan"
kimi "ağız"ın da istifadə olunduğunu nəzərə
aldıqda onun yuxarıdakı beytdə sözləri milli mənsubiyyətə
uyğun seçimində təsadüfilik olmadığı
nəticəsinə gəlmək mümkündür.
Nəticə
Göründüyü kimi, Nizami Şirinin mənşəcə
türklüyü barədə sistemli bir təsəvvür
yarada bilmişdir. Bu cəhət isə şairin onunla əlaqəli
hər bir detal (qohumluq münasibəti, dostluq əlaqələri,
fəxriyyə səbkli sözləri, qiyafəsi, yaşam tərzi
və s.) vasitəsilə qəhrəmanının mənşəcə
türklüyünü oxucusuna
aşıladığını təsdiqləyir.
Sonda bunu da qeyd etmək istərdik ki, əsər boyunca
müxtəlif səviyyələrdə türkə məhəbbətin
dilə gətirilməsi əslində təkcə Şirinə
aid duyğuların ifadəsi deyildir. Eyni zamanda Nizaminin həmin
misralardakı şeir dili onun özünün ruh halına bir
tərcümandır...
Səadət ŞIXIYEVA
Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.20-22.