Azərbaycan epik şeirində qəzəl:

Nizamidən Füzuliyə doğru

 

Azərbaycan epik şeiri uzun bir tarixi inkişaf yolu keçmişdir. Bu inkişafı təşəkkül, formalaşma və təkamül dövrü kimi mərhələlərə bölmək olar. Azərbaycan ədəbiyyatı tarixində lirik şeir kimi, epik şeirin də müəyyən zaman kəsimində farsdilli ədəbi örnəklər əsasında yaranıb inkişaf etdiyini nəzərə aldıqda Azərbaycan epik şeirinin inkişaf tarixinin iki xətt üzrə davam etdiyi məlum olar: farsdilli və anadilli epik şeir. Məlum ilkin nümunələri XII əsrə aid olan və fars dilində yaranan Azərbaycan epik şeir örnəkləri ilə XIII əsrdə meydana çıxmaqda olan anadilli epik şeir nümunələri arasındakı fərq belə bir fikir yürütməyə tam əsas verir. Fars dilində yaranan ilkin və sonrakı dövr Azərbaycan epik poeziya örnəklərində fars ədəbiyyatı ilə bir sıra ümumi cəhətlərin olması kimi bir ənənə var idi. Məhz bu səbəbdəndir ki, Azərbaycan farsdilli epik şeirinin inkişaf tarixində təşəkkül və formalaşma dövrü, demək olar ki, eyni zamanda baş vermiş, Nizaminin "Xəmsə"si ilə özünün təkamül mərhələsini keçərək zirvə nöqtəsinə qədəm qoymuşdur. Heç şübhəsiz, farsdilli Azərbaycan epik şeiri artıq uzun illərdən bəri fars ədəbiyyatında formalaşmaqda olan epik şeir ənənələri əsasında yaranıb inkişaf edirdi və Nizami "Xəmsə"si də belə bir epik zəmin əsasında vüsət tapıb pərvazlanmışdı.

Məlumdur ki, fars ədəbiyyatında olduğu kimi, Azərbaycan epik şeir örnəkləri də məsnəvi formasında qələmə alınırdı. Fars ədəbiyyatında məsnəvilərdə üç cəhətə diqqət etmək vacib sayılırdı: birincisi, məsnəvilər eyni bir vəzndə yazılmalı idi, eyni əsərdə müxtəlif vəznlərdən istifadə etmək olmazdı. İkincisi, məsnəvinin bəhri mövzu və məzmuna görə seçilməli idi. Üçüncüsü, məsnəvidə qəzəl, qəsidə və s. kimi şeir janrlarına yer vermək olmazdı. (Mustafa Çiçekler. "Mesnevi" mad.., TDV İA, c. 29, s. 320). Odur ki, ilkin dövr Azərbaycan epik şeirinin ən kamil nümunələrinin yaradıcısı sayılan  Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan məsnəvilərdə yuxarıda qeyd edilən cəhətlər gözlənilmişdir. Ancaq bununla belə Şərq, o cümlədən Azərbaycan-türk epik şeirində müxtəlif sənətkarlar bir-birindən fərqlənən formalar tərtib etməklə eyni mövzularda fərqli məsnəvilər qələmə almağa çalışmışlar. Hətta bir sıra ənənəvi mövzular olmuşdur ki, həmin mövzularda yeni-yeni məsnəvilər yazmaq bir növ ədəbi yarışa çevrilmişdir.

Azərbaycan epik şeirinin tacdarı olan Nizami "Xəmsə"sinə daxil olan məsnəvilərdə bir sıra ənənəvi başlanğıc formaları özünü göstərirdi ki, buna, demək olar ki, Nizami davamçıları sayılan bütün sənətkarlar əməl edirdi. Tövhid, münacat, nət, hökmdarın mədhi, sözün tərifi, əsərin yazılma səbəbi və s. kimi formalar buna örnək ola bilər.

Bir sıra tədqiqatlarda Nizaminin "Xəmsə"sinə daxil olan əsərlər sırf epik şeir örnəkləri kimi qələmə verilir, onlarda geniş epik lövhələrin əsas yer tutduğu xüsusi qeyd edilir. Ancaq şairin əsərləri üzərində aparılan müşahidələr göstərir ki, "Nizami "Xəmsə"si epik və lirik ünsürlərin sıx vəhdətindən yaranmış möhtəşəm bir abidədir. Nizami öz poemalarında həmişə hadisələrin inkişafından istifadə edərək, onu düşündürən fikir və duyğulara həsr olunmuş, ayrılıqda bitkin lirik əsərlər olan parçalar vermişdir". (X.Yusifov. Nizaminin lirikası. Bakı, 1968, s. 208).

Doğrudur, Nizaminin məsnəvilərində ayrı-ayrı lirik şeir janrlarında olan nümunələr yoxdur. Ancaq bununla belə, şair yeri gəldikcə obrazların daxili aləmini, özünün müxtəlif mövzularla bağlı lirik düşüncələrini epik təsvirlərlə vəhdətdə verməyə nail olmuşdur. İstər Nizaminin poemalarının girişində yer alan tövhid, minacat və nətlər, istərsə də, "Xosrov və Şirin", "Leyli və Məcnun" və "Yeddi gözəl" əsərlərindəki qəzəllər bunu deməyə tam əsas verir. Amma nəzərə almaq lazımdır ki, şairin əsərlərinin giriş hissələri qəsidənin məzmunca növlərinə aid olsa da, formaca qəsidə deyil, məsnəvi şəklindədir. Eyni sözləri "Xosrov və Şirin", "Leyli və Məcnun" və "Yeddi gözəl" əsərlərində verilən qəzəllər haqqında da demək mümkündür. Nizami əsərlərində yer alan lirik düşüncələri, obrazların daxili aləmini açmaq üçün istifadə etdiyi hissələri şərti olaraq qəzəl adlandırmışdır. Bir neçə nümunəyə diqqət edək. "Xosrov və Şirin"dən iki örnək:

 

Nəkisa o sənəmin istədiyi tərzdə

Bu qəzəli rast pərdəsində oxudu.

 

(Xosrov və Şirin. Filoloji tərcümə, 1981, s.278)

 

Yaxud:

 

Barbədin setarı hava götürdü.

Üzrxahlar kimi, həzin avazla 

Bu qəzəli İsfahan [havasında] oxudu...

 

(Xosrov və Şirin. Filoloji tərcümə, 1981, s.287)

 

"Leyli və Məcnun"dan bir nümunə:

Leyli ki bu qəzəli eşitdi,

Ağladı, ağlaması ilə daşı əritdi.

 

(Leyli və Məcnun. Filoloji tərcümə, 1981, s.93)

 

Həqiqətdə isə həmin örnəklər forma və quruluş baxımından qəzəl janrının tələblərinə uyğun deyildi. Məsələn, deyək ki, onlarda qəzəl janrına məxsus qafiyələnmə sistemi, məqtə beytində təxəllüsün işlənməsi, eləcə də janra məxsus həcmin gözlənilməsinə əməl olunmur.

Nizami "Xəmsə"yə daxil olan üç əsərdə qəzəllərdən istifadə etmişdir: "Xosrov və Şirin", "Leyli və Məcnun" və "Yeddi gözəl". Şairin poemalarında işlənmiş ilk qəzəl nümunələrinə  "Xosrov və Şirin" əsərində rast gəlirik.

Həmin qəzəllərdən bir neçə parçaya nəzər salaq. Xosrovun dilindən verilən qəzəldən bir nümunə:

 

Cadugər nərgizlərinin yuxusuna and olsun ki,

Onun qəmzəsi cadunun dilini bağlamışdır.

Tüstütək burulan zülfünə (and olsun ki),

Tüstü salanlar kimi məni odlayıbdır...

 

(Xosrov və Şirin. Filoloji tərcümə, 1981, s.280)

 

Şirinin dilindən verilən qəzəldən bir örnək:

 

Xəyalın varlığıma hakim biçilmiş,

Gözümün ağrısına tozun tutiyadır.

Sən mənim gözümsən, gözümün çırağısan,

Çırağın, şamın parlaq bağısan...

 

(Xosrov və Şirin. Filoloji tərcümə, 1981, s.285)

 

Nümunələrdən də göründüyü kimi, poemaya daxil olan qəzəllər baş qəhrəmanların daxili aləmini açmaqla bərabər, onların bir-birinə olan sevgisini də izhar edir və nəticədə bu  lirik duyğuların ifadəsi onlar arasında barışıq yaranmasına səbəb olur.

"Leyli və Məcnun"da isə qəzəllərə daha tez-tez müraciət edilir. Məlumdur ki, əsərin baş qəhrəmanı elə şair kimi təqdim edilir və o, düşdüyü müxtəlif vəziyyətlərlə bağlı çoxlu sayda şeirlər, nəğmələr - qəzəllər oxuyur. Amma poemanın bir yerində Nizami xüsusi olaraq "qəzəl" sözünü başlığa çıxarmışdır: "Leylinin hüzurunda Məcnunun qəzəl oxuması". (Burada qəzəl ümumi addır, konkret janr adı deyil... Bu barədə elmi ədəbiyyatda məlumat var). Təxminən 100 beytlik olan bu hissədə şair Məcnunun keçirdiyi bütün hiss və düşüncələrini, daxili aləmini bütün səmimiyyəti ilə açmağa nail olmuşdur. Bir parçaya diqqət edək:

 

Əgər səni bircə gecə yada salmasam,

Elə hala qalaram ki, düşmənin qalsın!

Bundan sonra sən mənsən, mən də sən.

Biz iki adama bir (şərikli) ürək kifayətdir...

 

(Leyli və Məcnun. Filoloji tərcümə, 1981, s.197)

 

Ümumiyyətlə, "Leyli və Məcnun"da, xüsusilə də Məcnunun dilindən məsnəvi şəklində verilən müxtəlif həcmli şeirlər - qəzəllər əsərdə süjet xətti boyu işlək olub,  obrazın daxili aləmini, iç dünyasını Leyliyə olan sevgisini bütün yönləri ilə işıqlandırmağa xidmət edir. Bu fikirləri əsər boyu Leylinin dilindən verilən şeir parçalarına da şamil etmək olar. Nizaminin "Leyli və Məcnun" poemasında, demək olar ki, süjet boyu epik təsvir lirik təqdimatla vəhdətdə verilmişdir.

Nizaminin "Yeddi gözəl" əsərində isə məsnəvi şəklində 3 qəzəl vardır. Həmin qəzəllər poemanın "Adına günü Bəhramın günbəddə əyləşməsi və yeddinci iqlim padşahın qızının əfsanə söyləməsi" fəslindəki əfsanədə işlənmişdir. "Qəzəl (qəzəllər - A.Mirzəyev) buraya (əfsanəyə - A.Mirzəyev) ədəbi bir priyom kimi daxil edilmiş olur. Yeddi beytdən ibarət olan birinci qəzəldə şair eşq, aşiqlik, səbir, tövbə, və s. kimi məsələlərdən danışır... O biri iki qəzəl də məzmun etibarilə Nizaminin əldə olan aşiqanə qəzəllərinə yaxın olmaqla bərabər, hekayədə nəql olunan hadisələrlə də səsləşir" (X.Yusifov. Göstərilən əsəri, s. 224-225).

Anadilli Azərbaycan epik şeirinin inkişaf mərhələsi farsdilli epik şeirdən fərqli olmuşdur.  Bu örnəklərdə türk nağılçılıq və dastançılıq ənənələrindən gəlmə elementlər üstünlük təşkil edirdi. Bahadırlıq və qəhrəmanlıq kimi motivlərlə zəngin olan türk nağılçılığı və dastançılığı özünəməxsus söyləmə-nağıletmə ənənəsinə malik idi və ilkin epik şeir örnəklərində də bu elementlər özünü qabarıq şəkildə göstərirdi. Əlinin "Qisseyi-Yusif" əsərindən başqa, anadilli epik şeir nümunələri Şərq epik şeirinə məxsus olan məsnəvi formasında yazılmışdır. Bu poemalarda dilin mükəmməlliyi, ifadənin zənginliyi ilə yanaşı, təbiiliyi də, bilavasitə, Şərq epik şeiri üçün səciyyəvi olan məsnəvi forması ilə bağlıdır. Bu forma dili nəsr-təhkiyə imkanları ilə təmin edirdi. Təsviri xarakter daşıyan epik lövhələr isə özü-özlüyündə danışıq dilinin, folklor dilinin ədəbi-bədii material kimi istifadəsinə şərait yaradırdı.

Azərbaycan anadilli epik şeirində diqqəti çəkən başqa bir məqam isə farsdilli epik şeirdən fərqli olaraq, obrazların daxili aləmini, könül dünyasını, keçirdiyi hiss-həyəcanlarını, istək və arzularını, nigaranlıq və həzin kədərini, iztirabını, vətən, ata-ana həsrətini, hekayət edilən hadisələrin daxili dinamikasını açmaq üçün bu poemalarda müxtəlif lirik şeir janrlarından istifadə ilə bağlıdır. Bu da, heç şübhəsiz, xalq yaradıcılığından, dastançılıq ənənəsindən gəlirdi. Azərbaycan dastanlarında müşahidə edilən nəsrlə nəzmin növbələşməsi anadilli epik şeirdə təhkiyə ilə lirik əhval-ruhiyyənin vəhdətdə verilməsi şəklində özünü göstərmiş oldu. Bu cür lirik təqdimat ilkin anadilli poema olan "Dastani-Əhməd Hərami"də bir qəzəl şəklində ("Yalvarış" adlı lirik ricət) müşahidə edilirdisə, sonrakı nümunələrdə bu qəzəllərin sayı artmaqda davam etdi. Belə qəzəllərin sayı hər bir poemada fərqlidir. İsanın "Mehri və Vəfa" əsərində 2, "Yusif və Züleyxa" müəllifləri olan Mustafa Zəririn əsərində 21, Suli Fəqihin əsərində 14, Şəmsin əsərində 8, Xətai Təbrizinin əsərində 9, Yusif Məddahın "Vərqa və Gülşah" əsərində 12 qəzəldən istifadə edilmişdir. XVI yüzillikdən isə artıq qəzəllər sırasına mürəbbelər (dördlüklər) daxil olur. Belə ki, Şah İsmayılın "Dəhnamə" əsərində 27 qəzəl, 1 mürəbbe, Həqirinin "Leyli və Məcnun" poemasında 28 qəzəl 2 dördlük-mürəbbe vardır.

Anadilli epik şeir nümunələrində istifadə edilən qəzəllər ilkin dövrlərdə məsnəvinin aid olduğu əruz vəzninin eyni bəhrində yazılırdı. Bu ənənə təxminən Füzulinin "Leyli və Məcnun" poemasına qədər davam etmişdir. Artıq Füzulinin "Leyli və Məcnun" poemasına daxil olan lirik şeir janrları məsnəvinin aid olduğu əruzun eyni bəhrinə (həzəcin on birinci növü) deyil, fərqli-fərqli (rəməl və həzəc bəhrlərinin müxtəlif növlərinə, eləcə də müctəc, müzare) bəhrlərə  aiddir.

Beləliklə, qeyd edə bilərik ki, Azərbaycan epik şeirində əsərin mətni içərisində  qəzəl janrının işlənməsi Nizami "Xəmsə"si ilə başlasa da, bu, şərti olaraq belə idi.  Çünki əslində, Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcnun" və "Yeddi gözəl" əsərlərində istifadə etdiyi lirik parçalar ancaq məzmunca qəzəl janrının tələblərinə uyğun gəlirdi; janr xüsusiyyətləri, forma və quruluş baxımdan isə onlar məsnəvi şəklində idi. Azərbaycan epik şeirində lirik şeir janrlarından, xüsusilə qəzəldən istifadə XIII yüzillikdə "Dastani-Əhməd Hərami" ilə başlayıb, Füzulinin "Leyli və Məcnun" poeması ilə özünün zirvə nöqtəsinə çatmışdır.

 

Ataəmi MİRZƏYEV

 

Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.18.