Məhəmməd Əli Rəsulzadə:
“Gəncəli şair, heç
bir mübaliğəyə
meydan verməmək üzrə
ancaq və ancaq
türk olmuşdur”
“Azərbaycan yurd
bilgisi”nin bir məqaləsi haqqında
Sanbalı tədqiqatları ilə dünya, o cümlədən
Azərbaycan türkologiyasının
inkişafına misilsiz
töhfələr vermiş
İstanbul Universitetinin
professoru, Azərbaycan
mühacirətinin parlaq
siması, istiqlal mücahidi Əhməd Cəfəroğlunun (1899 Gəncə,
1975 İstanbul) tariximizdə
yaşadacaq daha bir şah əsəri,
əməli var: "Azərbaycan yurd bilgisi" elmi məcmuəsi. Prof.Ə.Cəfəroğlunun
naşiri və redaktoru olduğu bu
dərgi İstanbuldakı
Bürhanəddin mətbəəsində
işıq üzü
görmüş, 1932-1934-cü illərdə 36, 1954-cü ildə
1 nömrəsi çap
edilmişdir. Məcmuənin
məqsəd və qayəsini bəyan edən “Bir neçə söz” adlı proqram məqaləsində qeyd olunduğu kimi, Azərbaycanda müxtəlif
sahələrin tədqiqinə
təşəbbüs göstərilsə
də, bir çox sahələrdə müəllifin
təbirincə desək, yeni tiklilən böyük binanın təməlində
böyük boşluqlar
var və bu boşluqlar “Azərbaycan yurd bilgisi”nin bir an əvvəl intişarına
səbəb olmuşdur.
Məcmuə ədəbi-mədəni
sahələrin tədqiqi
ilə məşğul
olacağını bildirsə
də, dövrün mövcud çətinliklərinə
baxmayaraq, kifayət qədər digər problemləri, o cümlədən
ictimai-siyasi məsələləri
də işıqlandırmaqdan
çəkinməmişdir (ətraflı bax: Abid Tahirli. Azərbaycan mühacirət
mətbuatı, I hissə
(Bakı, «QAPP Poliqraf»
nəşriyyatı, 2002, 158 səh.).
Qeyd etdiyimiz kimi, məcmuənin toxunduğu
mövzu dairəsi geniş və rəngarəngdir: türkologiya,
tarix, etnoqrafiya, arxeologiya, dilçilik, folklor, teatr, musiqi, ümumtürk ədəbiyyatı, ədəbi-mədəni
əlaqələr, istiqlal
uğrunda mücadilə
və s. Klassik ədəbiyyatın tədqiqi
və tanıdılması
isə “Azərbaycan yurd bilgisi”nin aparıcı sahəsi, əsas istiqaməti və başlıca uğuru idi. Azərbaycan klassik ədəbiyyatının bir
sıra görkəmli
şəxsiyyətlərinin həyat və yaradıcılığının dərindən və hərtərəfli tədqiqi,
dəyərləndirilməsi, o vaxta kimi ədəbi aləmə məlum olmayan bəzi nümunələrin aşkar
edilməsi, onların
haqqında ciddi və sanballı, bu gün də
aktuallığını və
əhəmiyyətini itirməyən
məqalələrin qələmə
alınması məcmuə
əməkdaşlarının misilsiz xidmətidir. Qədim dövrlərdən XX əsrin
20-30-cu illərinədək dövrü əhatə edən məcmuəni ədəbiyyatşünaslıq ensiklopediyası da adlandırmaq olar.
Başlanğıcını XX əsrin əvvəllərindən
götürən Azərbaycan
nizamişünaslığının inkişafında, zənginləşməsində
mühacirlərin tarixi
xidməti danılmazdır.
Məhəmməd Əmin
Rəsulzadənin Nizaminin
800 illik yubileyi münasibətilə 1941-ci ildə
yazdığı, ilk dəfə
1951-ci ildə Ankarada nəşr olunan fundamental
"Azərbaycan şairi
Nizami" əsəri
fikrimizi təsdiq üçün yetərlidir.
Bundan xeyli əvvəl isə
M.Ə. Rəsulzadənin əmisi
oğlu, silahdaşı,
istedadlı publisist Məhəmməd Əli Rəsulzadənin (1882–Bakı, 1982– İstanbul) “Azərbaycan yurd bilgisi” məcmuəsinin
1934-cü il tarixli 31-32-ci nömrəsində
“Cəncəli Nizami” adlı məqaləsi dərc olunmuşdur. Ola bilsin ki, bu gün həmin
yazı toxunulan problem
baxımından ciddi təəssürat oyatmasın.
Amma nəzərə alsaq ki, məqalə
Azərbaycan nizamişünaslığının
ilk qədəmlərini atdığı,
eyni zamanda Nizaminin fars şairi kimi tanıdıldığı, təqdim
edildiyi dövrdə qələmə alınmışdır,
o zaman yazının həmin dövrdə nə qədər böyük əhəmiyyət
kəsb etdiyi, müəllifin əslində
fars şovinizminə sinəsini sipər etdiyi aydın olar.
Məqaləsini “Azərbaycan ədəbiyyatının
ən böyük ustadlarından biri sayılan Gəncəli Nizaminin tərcümeyi-halı
haqqında, təəssüf
ki, hələ bu günə qədər əlimizə
sarih (təmiz, aydın - T.A.) bir vəsiqə keçməmişdir.
Şairin nə doğum, nə də ölüm tarixi məlumumuz olmadığından, bu xüsusda bir şox rəvayətlər
nəql edilmişdir”
–cümləsi ilə
başlayan Məhəmməd
Əli Rəsulzadə
opponentlərinin Nizaminin
milliyyətcə fars olduğuna dair heç bir məntiqə, fakta əsaslanmayan fikirlərini
özünün tutarlı,
təkzibolunmaz dəlilləri,
dərin məntiqi, ən əsası isə təzkirəçilərin
məlumatları ilə,
tarixi mənbələrlə,
eləcə də şairin şeirlərində
tərcümeyi-halı və
milli mənsubiyyəti
ilə bağlı fikirləri ilə alt-üst edir. Məlum olur ki, şairin fars olduğunu
iddia edənlərin ən böyük “dəlili”, guya onun Qum şəhərində
anadan olmasıdır.
Məhəmməd Əli
Rəsulzadə Qumda çox sayda türk qəbilə və aşirətlərinin
yaşadığını yazır və bu qənaətə gəlir: “Nizaminin əcdadının Qum şəhəri
civarından Gəncəyə
gəlməsi şairin
mütləq fars olduğunu isbat edəcək mühik (keçərli - T.A) bir dəlil deyildir”. Müəllifin fikrincə, Nizaminin
əsərləri, həmçinin
ona ünvanlanan məktublar isə Nizaminin milli mənsubiyyətinin türk
olduğuna heç bir şübhə yeri qoymur. “Leyli və Məcnun”
poemasını yazmaq üçün Şirvan
hökmdarı Əxistan
Nizamiyə sifariş
verir. Bu münasibətlə
onun şairə ünvanladığı məktubda
poemanı “vəfasız,
bizə yaraşmayan və layiq olmayan
türk dilində” yox, fars dilində yazmağı lazım bilir. Məhəmməd Əli Rəsulzadə bu fikirdən belə nəticəyə
gəlir: Şahın
“Leyli və Məcnun” poemasını türk dilində yox, fars
dilində yazması ilə bağlı bu qədər israr etməsi onu deməyə əsas verir ki, şair türkcəni
çox yaxşı bilir və hətta
şairin özünə
qalarsa, əsəri türkcə yazmaq niyyətinə də düşər. Belə olmasaydı, şah şairə “türkcə
deyil, farsca yaz” - deməzdi. Nizami fars
olsaydı, şahın
bu cür israrına nə ehtiyac vardı ki?!
Şahın
şairə məktubu
digər bir cəhəti ilə də diqqəti çəkir. Şahın
məktubunda poemanın
fars dilində yazılması ilə bağlı israrı həmin dövrdə artıq türk dilinin Gəncədə hakim mövqedə
olduğuna dəlalət
edir. Məhəmməd Əli Rəsulzadə
sonra digər bir əsərə - “İskəndərnamə” poemasına
müraciət etməklə
öz mülahizələrini
və qənaətlərini
qətiləşdirir. Poemanın müqəddiməsində
Nizami digər əcnəbi dilləri, o cümlədən yəhudi,
nəsrani, pəhləvini
(fars - T.A) də bildiyini yazır. Həmin misraları Məhəmməd
Əli Rəsulzadə
sətri tərcümə
ilə oxucuya çatdırır: “Dəfinə
kimi bol olan sözlər müxtəlif nüsxələrdə
dağınıq halda
idilər. Hər nüsxədən “öz”lərini aldım.
Ən çox yeni yəhudi, nəsrani və pəhləvi tarixlərindən istifadə
etdim. Hər kitabdan yaxşılarını
seçdim, hər qabıqdan məğzini aldım. Dildən-dilə dəfinə topladım
və onlardan hekayələr doğrultdum.
Hər dildən məlumatları
olan adamın dili qaxınçlardan qısa olur”. Müəllif sitatdan sonra qəti qənaətini bildirir: “Məlumatdan da əldə edilən nəticə budur, şair Nizami bir çox dilləri bilirdi. Nədənsə, indiyə qədər
Nizaminin əsərlərində
gizli qalan bu nöqtələr ağıllı tənvir
edilməmişdir (aydınlaşdırılmamış,
işıqlandırılmamışdır
- T.A.). Hər kəs
ancaq Qumlu olduğuna görə Nizamini fars
olaraq tanıtmaqla iktifa eyləmişdir (kifayətlənmişdir). Bizcə isə,
Gəncəli şair,
heç bir mübaliğəyə meydan
verməmək üzrə
ancaq və ancaq türk olmuşdur”.
Məhəmməd
Əli Rəsulzadənin
adıçəkilən məqaləsi
haqqında deyilənləri
yekunlaşdıraraq bu
qənaətə gəlirik:
Nizaminin milli mənsubiyyəti ilə bağlı, onun türk olduğuna dair Məhəmməd Əli Rəsulzadəyədək
ara-sıra fikirlər
səsləndirilmiş, sonralar
bu mülahizə təsdiqini tapmış, mövzu ilə bağlı çox sayda məqalələr qələmə alınmışdır.
Amma fikrin bayraqdarı Məhəmməd Əli Rəsulzadə olmuşdur. Bu problemlə bağlı Azərbaycan mühacirət
ədəbiyyatının tanınmış
tədqiqatçısı fil.e.d. Nikpur Cabbarlının “Mühacirət
və klassik ədəbi irs” monoqrafiyasında (Bakı,
Elm, 2003,172 səh.) irəli
sürdüyü qənaət
də deyilənləri
təsdiqləyir: “ ...dahi şairin milliyyəti ilə bağlı mübahisələr
getdiyi bir vaxtda müəllif “Nizaminin xalis türk olduğuna dair bir cığır
açmağa çalışmış”
və buna müəyyən qədər
nail ola bilmişdir. Bu
cığırı sözün
əsl mənasında
genişləndirən, Nizaminin
yalnız milliyyətcə
deyil, yaradıcılığının
runu, hissiyyat və təfəkkürü
etibarilə də bir Azərbaycan türk şairi olduğunu küllü miqdarda ədəbi-tarixi faktlar əsasında klassik şəkildə isbat edən isə M.Əli Rəsulzadənin
əmisi oğlu Məhəmməd Əmin
Rəsulzadə olmuşdur”.
30.09.2021
Abid TAHİRLİ
Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.17.