Altun Çağın
şairi
İslam renessansının qaynağında İslam
inancı dominantdır. Fars, yaxud ərəb dilində türk
kimliyi ilə (yaxud əksinə) yazmaq Altun Çağın
xüsusiyyətlərindəndir. Balasaqunlu
Yusifin türkcəsi ilə Nizaminın farscası və Mahmud
Kaşqarlının ərəbcəsi arasında önəmli
olan onların inanc birliyidir. Son peyğəmbəri Nizami
farsca, Balasaqunlu türkcə, Kaşqarlı ərəbcə
vəsf edir... Ərəb Əbu Osman əl Cahiz "Türklərin
fəziləti"ni yazır, fars Firdovsi
türk qəhrəmanını ədəbiyyatlaşdırır.
Qızıl Dövrün başlanğıcında
ərəb xəlifəsi Harun ər Rəşidin
xanımı Zübeydə xatunun Azərbaycan türkcəsində
şeirlər yazdığı tarixi qaynaqlarda qeyd olunur.
İslam dini dünya düzənində
düşüncə sistemini dəyişib, elmi həyata yeni
istiqamət verib. "Elm tarixi"nin müəllifi Georgi Sartona görə,
Fərabi, İbn Sina, İbn Rüşd, Qəzali, İbn Heysəm,
əl Kindi, Cabir, Xarəzmi, Razi, Məsudi, Xəyyam
dövrü dünya elminin Qızıl
Çağıdır...
Ərəblər
kimi türklər də, hətta farslar da bu yeni mədəniyyət
dalğasına daxil olublar... Əndəlüsdəki
ərəblə Qəznədəki türk eyni etiqad mədəniyyətini
bölüşür.
Türk Qəznəvilər
fars Firdovsiyə "Şahnamə"
yazdırır. Firdovsi tarixi farslaşdıracaq, öz
qövmünün xeyrinə faydası bu günə qədər
davam edən mifoloji bir tarix uyduracaq, məcusi inancını
"Şahnamə"yə yükləyəcək, amma qəznəli
sultan bilir ki, "Şahnamə"də türklərin
atası Əfrasiyab da ehya tapacaq...
Sultan
Mahmud "Şahnamə"ni farsca
yazdırdı, amma ərəbcə bilməyən
anasının xətrinə "Quran"ın türkcə
tərcüməsini də yazdırdı.
Qəznəlilərin
ölkəsində Mənuçöhri adlı bir şair isə:
"Daha gözəl söyləmən üçün
üslubunu Türk üslubuna bənzət" - deyirdi.
Mahmud Kaşqarlı ərəb dilində
yazdığı türk dili qamusunu ərəb xəlifəsinə
təqdim edir.
Abbasi xəlifəsi Muqtədibiəmrullahın
anası səlcuqlu sultanı Məlikşahın Türkan
xatundan olan qızı Mahmələk xatundur. Səlcuq
sultanı ərəb xəlifəsi tərəfindən cahan
hakimi elan edilib...
Abbasilərin
yönəltdiyi islam xilafətinin
zamanında Türklərin Cahan hakimiyyəti başlayır.
İslam tarixinin isə qızıl çağı davam
edir... Türklər üçün qəbləl
tarix bitib. Yeni tarix başlanıb.
Bizim alimlərin istər ötən əsrin 40-cı illərində,
istərsə də indi səlcuqlu amilini arxa plana keçirməsi
xeyli düşündürücüdür...
Axı burda mən və sən yoxdur. Biz varıq.
Fəriddəddin Əttar da, Xəyyam da, Nizami və Rumi də
səlcuqlu türklərinin dövlət gələnəyi
içindədir... Ərəb dilində yazan
türk Xətib Təbrizini ərəblər bütün ədiblərin
imamı adlandırdıqları kimi, farsca yazan türk Nizamini
də farslar zamanın şeyxi adlandırırdılar.
Qızıl Çağın başlanğıcında
görünən səlcuqlu üfüq xəttində Nizamiyyə
müdərrisi Xətib Təbrizi ilə Gəncə şeyxi
Nizaminin simasında Azərbaycan ədəbiyyatı həm nəzəri,
həm də bədii baxımdan Şərqin mənəvi
materikində dominantlıq edirdi. Zəki Vəlidi
Toğan demişkən, tarixdən öncəki
çağlarda buranı özünə vətən
qılmış və artıq başqa milli ünsürlərə
qarışıb itməkdə olan türkləri Azərbaycanda
yenidən qüvvətləndirən səlcuqlular oldu. Səlcuqluların
Malazgirddəki zəfəri Anadolunun qapılarını
türklərin üzünə açdığı kimi, Azərbaycanın
qapılarını da Bizansın üzünə
ömürlük bağladı...
1926-cı
ildə yazdığı "Türk ədəbiyyatı
tarixi" kitabının "Səlcuqlular dövründə
türk ədəbiyyatı" bölümündə Fuad
Köprülü Səlcuqlular mərhələsinin
başlıca şairlərinin sırasında "xəyallarının
genişliyi və sözlərinin ehtişamı ilə"
Ənvəri, "ədasındakı səmimiyyət və
şəhanətlə" Xaqani Şirvani, "təbiət
təsvirlərindəki məharətiylə" Qətran Təbrizi
ilə yanaşı "özündən əvvəl və
sonra gələnlərin hamısına tərcih edilə biləcək
bir sənət dəhası olan" Nizami Gəncəvini də
yada salırdı. Bartold Nizamini səlcuqlu dövrü ədəbiyyatında
"mənzum romanları ilə tanınmış məsnəviçi"
kimi səciyyələndirir, Banarlı isə səlcuqlu
dövrü ədəbiyyatı barədə mülahizələrini
irəli sürərkən, "müştərək
İslam ədəbiyyatının əsrlərcə ustad
bilib izindən yürüdüyü Gəncəli Nizamini
"beş böyük məsnəvisiylə klassik Şərq
romanının qurucusu" adlandırırdı. Səlcuqlu dövrü ədəbiyyatı
Qızıl Çağın ağuşunda ortaq ədəbiyyat
tariximizin fərqli bir aşaması və keçid mərhələsiydi.
Yaşar Qarayev haqlı yazır ki, ""Xəmsə"
üzərində son tədqiqlər Mikel Ancelonun və
Leonardo da Vinçinin Renessans mənşəyindən,
Renessansın isə vahid Nizami mənşəyindən
danışmağa bizə haqq verir". (Yeri gəlmişkən,
xatırladım ki, ədəbiyyatşünaslıqda
Nizami-Qızıl Çağ və intibah kontekstini, hələ
üstəlik, "Azərbaycan intibahı" problemini ilk dəfə
1939-cu ildə yazdığı "Nizami" monoqrafiyası
ilə Mikayıl Rəfili təklif etmişdi).
Nizami Gəncəvi
Azərbaycan ədəbiyyatının da, dünya
renessansının da bünövrəsində
dayandığı kimi, yeni çağın təməllərinin
qoyulmasında da yaxından iştirak etdi... Yeni
çağ deyərkən, mən təkcə Azərbaycan ədəbiyyatını
nəzərdə tutmuram. Dünya romantizm və millət
dövrünə adlayanda Alman ədəbiyyatının dahiləri
- alman maarifçiliyinin ana kitabını yaradan, romantizm
dalğasını hərəkətə gətirən
Höte də, Şiller və Heyne də Nizamini təqdis edirdilər.
XX yüzilin əvvəllərində Azərbaycanda
türk kimliyi prosesi aktuallaşanda Əli bəy Hüseynzadə
də diqqəti Nizami Gəncəviyə yönəltmişdi.
1906-cı ildə "Həyat" qəzetində "Xəmseyi-Nizamidən
tərcümə" ("Sirlər xəzinəsi"ndən
"Ədl-zülm, yaxud bir xərabazarın mənzərəsi"),
1907-ci ildə isə "Füyuzat" dərgisində
"Leyli və Məcnun" poemasından "Nizaminin
övladına nəsihəti" dərc olundu. Bu, əslində, böyük bir
qayıdışın başlanğıcı idi. Və səbəbsiz deyildi. Çünki Nizami
düşüncələrinin milli bir bünövrəsi
vardı, dediyim kimi, özü də Azərbaycandakı
türk kimliyinin təməl daşlarından biriydi, heyrətamiz
dərəcədə olan dahiliyinin və
övliyalığının bəlirtilərindən biri də
800 il əvvəl Qafqazı rusların təcavüzündən
azad görmək ideyası, yaxud "Şahnamə"də
İran aristokratiyasının çox aydın əks etdirilən
siyasi nəzəriyyələrini qəti surətdə rədd
etməsi" (Bertels) idi... Nizami İran
şairi deyildi, Səlcuqlu ölkəsinin və ənənəsinin
şairi idi. Bertelsin dediyi kimi,
"Bugünkü İran ərazisi Səlcuq dövlətinə
daxil olurdu. Təkcə buna görə Səlcuq
dövlətini İran adlandırmaq mümkün
olmadığı kimi, İran ədəbiyyatını da bu
torpaq ilə əlaqədar etmək düzgün deyildir".
"Biz Əfrasiyabıq!" - deyə
özünün milli kimliyini dolayısı ilə deyil,
birbaşa ifadə edən, "Xəzər dağından
Çin suyuna qədər, Türklərlə doludur
bütün bu yerlər" deyən şairin doğulduğu
və yaşadığı Azərbaycan, hələ üstəlik,
Ərmən də (bugünkü Ermənistan) türk
Əfrasiyabın torpaqları, böyük Turanın bir
parçasıydı və bunun İrana heç bir dəxli
yox idi. Nizami Əfrasiyab yurdunun Azərbaycanla kifayətlənmədiyini
də "İskəndərnamə"dəki bu sözlərilə
ifadə etmişdi: "Əfrasiyab mülkünün varisi
erkən // Başını günəştək ucaltdı
Çindən".
"Həyat" və "Füyuzat"da dərc edilən
parçalar Nizami Gəncəvinin
yaradıcılığından Azərbaycan türkcəsinə
ilk tərcümələr idi. Şeirləri Məhəmməd
Hadi tərcümə etmişdi və Nizami Azərbaycan
türkcəsində ilk əsərinin - "Sirlər xəzinəsi"nin elə öz bəhrində - səri bəhrində
Məhəmməd Hadinin diliylə danışırdı:
Hər kişi İsa kimi bəxş etsə can.
Aləmə
ədl ilə olur hökmran...
Məmləkət
ədl ilə olur payidar
Hər əməl
ədl ilə qalır bərqərar...
Sonra
"Füyuzat":
Su misli
söz də gərçi basəfadır,
Söz ol sözdür ki, azdır, bixətadır.
Nə
rütbə olsa da su pakü safi,
Çox içmək sihhətə oldu münafi.
Məhəmməd
Hadidən 35 il sonra bu misralara bir də Səməd
Vurğun müraciət etmişdi:
Sözün
də su kimi lətafəti var,
Hər
sözü az demək daha xoş olar.
Bir inci
saflığı olsa da suda,
Artıq içiləndə dərd verir o da.
Mən bu paralelləri əbəs yerə örnək
vermirəm.
Əvvəla, köhnə sovet təbiri ilə "azərbaycanlıları
tarixə bəlli olmayan "türk xalqı"nın bir
hissəsi, bir budağı kimi qələmə verdiyinə
görə" - hədəfə aldıqları
"pantürkist və burjua millətçisi" Əli bəy
Hüseynzadənin Nizami irsini Azərbaycanda hamıdan əvvəl
önəmsədiyini xatırlatmaq istədim... Digər tərəfdən,
Azərbaycan ədəbi dilinin (həm də Azərbaycan
tarixinin) iki fərqli inkişaf mərhələsində iki fərqli
böyük istedadın qələmində Nizami Gəncəvi
təxminən eyni sözləri söyləyirsə, indi
"Xəmsə"nin yeni tərcümələrinin zəruriliyindən
danışanlar bu misraları hətta bəhr və poetika, məzmun
dəqiqliyi baxımından Məhəmməd Hadidən, yaxud
çağdaş Azərbaycan ədəbi dili
baxımından Səməd Vurğundan daha üstün səviyyədə
tərcümə edəcək hansı şairimizi təklif
edə bilər? Ümumiyyətlə, tərcümənin
yenilənməsinə lüzum varsa, tutaq ki, təqdim olunan
parçaların orijinalla müqayisəsində unudulan məqam
hansıdır? Eləcə də "İskəndərnamə"nin ideoloji ağırlığı onun filoloji
yapısını kölgədə qoyursa bu əsəri, əsərdə
ruslar barədə yazılanları kim Abdulla Şaiq həssasiyyəti
ilə çevirə bilər? Hər halda, bu barədə
düşünməyə dəyər... Yeri gəlmişkən,
İslam intibahının ilk onilliklərində slavyanlar barədə
ilk tarixi-etnoqrafik bilgiləri ərəb İbn Fədlan verir.
Qızıl Çağın sonlarında Nizami
rus varlığını ədəbiyyat səhnəsinə
rus ədəbiyyatından əvvəl çıxarır.
Rus obrazını əvvəl Nizami, sonra rus ədəbiyyatı
yaradır... Bu da təbii idi. Laslo Rasoninin
dediyi kimi, "Avropanın böyük millətləri hələlik
meydanda deyildi, slavyanlar, o cümlədən ruslar sivrilib tarix meydanına
çıxmamışdılar, tarixsiz və məchul
kütlə şəklindəydilər... İngilis, rus... zəkasının hələlik heç
bir əsəri yoxdu. Hələlik bu millətlər milli
şüura malik deyildi...". Bu mənada,
Nizami təkcə bizim üçün deyil, millət
ayrı, din ayrı başqaları üçün, tutaq ki, "Dördüncü iqlim
padşahının qızının hekayəti" ilə
ruslar üçün də əvəzsiz bir dəyər
hesab olunmalıdır. Rusları həm özlərinə, həm
də dünyaya tanıtdırmaq baxımından...
Nizami bir-birinə bağlı iki dalğanın
içindən keçir. Altun Çağ adlanın islam intibahının və Səlcuq mərhələsinin...
Azərbaycan intibahı da bu dalğaların içində gəlişir...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.12.