Dahinin portreti
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ili Azərbaycanda "Nizami ili" elan
etmişdir.
Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki
Müəyyəd Şeyx Nizami Gəncəvi Azərbaycan
xalqının dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən
biri - dahi şair-mütəfəkkirdir.
1141-ci ildə Azərbaycanın elm-mədəniyyət mərkəzi
kimi məşhur olan Gəncə şəhərində
doğulmuş, bütün ömrünü burada
yaşamış, dünya şöhrətli əsərlərini
- qəzəllərini, "Xəmsə"sini də bu qədim
şəhərdə qələmə almışdır. Nizaminin həyatı
təmtəraq, dəbdəbə içərisində
keçməmiş, hələ uşaq ikən
atasını, sonra anası Rəisə xanımı itirdiyindən,
onun təlim-tərbiyəsini dayısı Həsən öz
üzərinə götürməli olmuşdu. Dayısının himayəsi ilə yanaşı,
fitri istedadı, yaradıcılıq enerjisi, zəhmətkeşliyi,
eləcə də Gəncə mühiti imkan vermişdi ki, gənc
İlyas tezliklə mükəmməl təhsil alıb,
dövrünün bütün əsas elmlərini dərindən
öyrənsin. Sonralar yazırdı ki,
"dünyada nə qədər kitab var belə,
çalışıb-vuruşub gətirdim ələ; oxudum,
oxudum sonra da vardım, hər dürlü xəzinədən
min dür çıxardım".
Əsərlərindən
məlum olur ki, Nizami Müsəlman İntibahının əsas
dilləri olan ərəbcəni, farscanı öz ana dili
türkcə qədər dərindən bildiyi kimi, yəhudi,
yunan və s. dillərə də bələd olduğundan onun
dünyagörüşü müasirlərindən müqayisə
edilməyəcək qədər geniş idi. Və heç də
təsadüfi deyildi ki, həm kökündən- əslindən
gələn ruhani nüfuza, həm də özünün son
dərəcə müdrik, humanist xarakterinə görə
Nizami istər xalq kütlələri, istərsə də
dövrün hakimləri, hökmdarları arasında yüksək
mövqeyi ilə seçilmiş, Şərq-müsəlman ənənələrindən
irəli gələrək saraylara dəvət olunmuşdur.
Lakin dahi şair-mütəfəkkir özünün yavan
çörəyini sarayların naz-nemətindən
üstün tutduğundan heç də az
olmayan bu cür təklifləri qəbul etməmişdir.
Şöhrəti
Gəncə hüdudlarından çox-çox kənara
yayılmış şairə Dərbənd
hökmdarının hədiyyə olaraq göndərdiyi kənizlə
- qıpçaq qızı Afaqla evlənməsi Nizaminin
kasıb komasına bir müddət işıq, istilik, zənginlik
gətirir... Afaqın vaxtsız
ölümünü şair sonsuz kədərlə
qarşılayıb, əsərlərində, xüsusilə
"Xosrov və Şirin" poemasında Şirinin gözəlliyini
tərənnüm edərkən yazır ki, "o (Şirin) mənim
qıpçaq Afaqıma bənzərdi, bəlkə də,
onun özü idi".
Afaqdan
doğulmuş yeganə oğlu Məhəmmədin də
şeir yazdığını görən Nizami onu bu yoldan
çəkindirməyə çalışmış, məşhur
misralarını söyləmişdi: "Şeirdən
ucalıq umma dünyada, çünki Nizamiylə qurtardı o
da".
Əlbəttə, burada həm səmimi bir ərk, həm
də doğma övlada düzgün yol göstərmək
istəyi var.
Nizami istər
qəzəllərini, istərsə də "Xəmsə"yə
daxil olan "Sirlər xəzinəsi" (1177), "Xosrov və
Şirin" (1180), "Leyli və Məcnun" (1188),
"Yeddi gözəl" (1196) və "İskəndərnamə"
(1203) poemalarını mövcud ədəbi-mədəni ənənəyə
uyğun olaraq farsca yazmışdır. Və həmin ənənə
Azərbaycan poeziyasında bütün orta əsrlər boyu bu
və ya digər səviyyədə özünü göstərmiş,
Qətran Təbrizi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi
kimi Azərbaycan şairləri hələ Nizamiyə qədər
farsdilli ədəbiyyatın dünyaca məşhur örnəklərini
yaratmışdılar.
Lakin etiraf etmək lazımdır ki, Nizami
yaradıcılığı həm forma, həm də məzmunca
sələflərilə müqayisə olunmayacaq bir miqyas
qazanmışdır. "Eşqdir mehrabı uca göylərin,
eşqsiz, ey dünya, nədir dəyərin" fəlsəfəsilə
yazıb yaradan şair dünyanın ən ümumbəşəri,
ən humanist eşq dastanlarını qələmə
almış, yer üzündə ədalətin, xoşbəxtliyin,
demokratiyanın tərənnümçüsü olmuşdur.
Təsvir etdiyi hadisələr, müxtəlif
millətlər arasından aldığı qəhrəmanlar,
bir tərəfdən, orta əsrlərə məxsus epik
fundamentalizmi ilə fərqlənirsə, digər tərəfdən,
Şərq (Müsəlman) İntibahının məhsulu
olan psixoloji analitizmi, müfəssəl polemik ruhu ilə
seçilir.
Şairin, demək olar ki, bütün poemalarında
özünü göstərən Xeyir-Şər dilemması
da zərdüştlüyün məşhur tarixi formuləsindən
daha çox, Müsəlman İntibahının
formalaşdırdığı yeni idrak-mənəviyyat
prinsiplərinin interpretasiyasında verilir. Və bir dini
dünyagörüşün inhisarından
çıxarılaraq ümumfəlsəfi
dünyagörüşü, ümumbəşəri təfəkkür
metafizikası səviyyəsinə yüksəldilir.
Nizaminin Eşqi ağıllı, müdrik, dünyada
harmoniya, mütənasiblik yaradan fəlsəfi eşqdir. Və bu Eşq nə qədər
İlahidirsə, o qədər Həyati; nə qədər Həyatidirsə,
o qədər İlahidir... "Xəmsə"
araşdırıcıları Nizami
yaradıcılığının genotipini, ideya- estetik mənbələrini
müəyyənləşdirərkən üç məqama
üstünlük verirlər:
1) qədim türk eposu;
2) antik fəlsəfə;
3) Müsəlman
İntibahı ideyaları.
Heç
şübhəsiz, Nizaminin dahi bir şair-mütəfəkkir
kimi yetişməsinin əsas qaynağı doğma ümum(qədim) türk epos
yaradıcılığı ənənələridir ki,
"Xəmsə"nin hər bir poemasında
özünü bütün miqyası, parlaqlığı ilə
göstərir... "Yaradılış", "Oğuz
Kağan", "Köç", "Alp Ər Tonqa"
kimi qədim türk dastanlarında təzahür edən
ideyalar, motivlər "Xəmsə" üçün
olduqca səciyyəvidir.
Məsələn, İran eposundan fərqli olaraq,
türk eposunun sevimli obrazına çevrilmiş
Makedoniyalı İskəndərə Nizaminin xüsusi dəyər
verərək, onu son (və ən mükəmməl!)
poemasının ideal qəhrəmanı kimi təqdim (və tərənnüm!)
etməsi təsadüfi deyil. Və heç bir
İran şairi dahi yunan sərkərdəsinə bu cür
münasibət göstərməzdi. Türklər
arasında isə Nizamiyə qədərki min beş
yüz il ərzində Makedoniyalı İskəndər ədalət
simvoluna çevrilmişdi... Onu da nəzərə almaq
lazımdır ki, dahi şairin xüsusi diqqət yetirdiyi ideal
hökmdar problemi, "xoşbəxtlər ölkəsi"
arzusu və s. barədə ondan bir əsr əvvəl böyük
sələfi Əbu Nəsr əl-Fərabi ət-Türki
öz fəlsəfi traktatlarında artıq bəhs etmiş,
Nizaminin üzərində düşünməsi
üçün geniş mövzu-material vermişdi...
Aristoteldən sonra "ikinci müəllim" sayılan ət-Türki
kimi Nizami də həm antik fəlsəfəyə dərindən
bələd, həm də Müsəlman İntibahının
yaratdığı miqyaslı dünyagörüşünə
sahib idi...
Onun əsərlərində, bir tərəfdən,
hökmdarların, böyük tarixi şəxsiyyətlərin
(İskəndər, Xosrov, Şirin, Bəhram, Sultan Səncər...)
obrazları canlandırılırsa, digər tərəfdən,
öz şəxsiyyətlərini qoruyan adi zəhmət
adamlarına sonsuz hörmət, məhəbbət ifadə
olunur. Şairin qadın qəhrəmanları, ümumən
qadına münasibəti Məhinbanunun, Nüşabənin,
Fitnənin timsalında yüksək bəşəri dəyərlərilə
seçilməklə "Dədə Qorqud" eposundakı
münasibəti xatırladır. Və bu
da tamamilə təbii olub dahi mütəfəkkirin hansı
ideya-estetik, mənəvi-əxlaqi qaynaqlara
dayandığını bir daha təsdiq edir.
Əlbəttə,
Nizami yaradıcılığı, prinsip etibarilə, Azərbaycan
ədəbiyyatı hadisəsi olsa da, ona a) ümumtürk, b)
ümumşərq və c) ümumdünya ədəbiyyatı
kontekstlərində baxmadan dahi şair-mütəfəkkirin
tarixi miqyasını (və ədəbi missiyasını) təsəvvür
etmək çətindir. Lakin uzun illər istər
Şərq, istərsə də Qərb ədəbiyyatşünaslıq
təcrübələrində Nizami İran şairi kimi təqdim
olunmuşdur ki, bu zaman onun məhz farsca yazması əsas
götürülmüşdür. Həmin
məntiqlə yanaşsaq, onda gərək tərcümeyi-halları,
yaradıcılıqlarının ideya-estetik koordinasiyası
yaxşı məlum olan onlarca türk şairini iranlı elan
edək. Yaxud həm türkcə, həm farsca, həm də
ərəbcə yazmış Azərbaycan şairi Füzulini
eyni zamanda üç xalqın övladı sayaq...
Mütəxəssislər Nizami
yaradıcılığında şəksiz ümumbəşəri
miqyas ilə birlikdə eyni dərəcədə şəksiz
türklüyü (azərbaycanlılığı) yalnız
ideya-məzmunda deyil, həm də forma-üslubda görürlər. Məşhur
İran ədəbiyyatşünaslarından Səid Nəfisi
vaxtilə yazmışdı ki, "Nizamidən türk ətri
gəlir". Görkəmli Azərbaycan ədəbiyyatşünası
Həmid Araslı isə Nizaminin dilində işlənən
spesifik türk-Azərbaycan sözlərindən, ifadələrindən
çoxlu örnəklər vermişdi... Belə bir
maraqlı fakt-müqayisə də mövcuddur: "Şahnamə"də
fars dilini bütün zənginlikləri,
incəliklərilə əks etdirmiş Firdovsidən sonra
Nizami bu dilə elə yeniliklər gətirdi ki, farsdilli poeziya
uzun zaman həmin yeniliklərin təsirindən çıxa
bilmədi... Bu isə o deməkdir ki, türk-azərbaycanlı
Nizami yazdığı dilin poetik ənənələrini həm
davam etdirmiş, həm də ona türk təfəkkürü
mövqeyindən rezonans vermişdir.
Nizamişünaslıq
bu gün ən inkişaf etmiş filoloji elmlərdən
sayılır ki, onun təşəkkülü
üçün ilk növbədə dünya şərqşünaslığının
Y.E.Bertels, A.Y.Krımski kimi nəhənglərinə minnətdar
olsaq da, sonrakı dövrlərdə həmin elmin
hüdudlarının genişlənməsində, problemlərinin
dərinləşməsində, heç şübhəsiz,
azərbaycanlı alimlər daha böyük əmək sərf
etmişlər. Məhəmməd Əmin Rəsulzadənin
1941-ci ildə qələmə alıb, 1951-ci ildə Ankarada nəşr
etdirdiyi "Azərbaycan şairi Nizami" monoqrafiyası isə,
görünür, nizamişünaslığın ən
möhtəşəm əsəridir. Şair- mütəfəkkirin
dövrünün, yaşadığı siyasi, sosial və mədəni
coğrafiyanın geniş panoramını verən, Nizaminin
milli kimliyi, yaradıcılığının genezisi,
tipologiyası, əsas ideyaları (və idealları) barədə
müfəssəl təsəvvür formalaşdıran
M.Ə.Rəsulzadə yazır: "Gözəl ilə
böyüyə türk, gözəllik ilə
böyüklüyə türklük, gözəl və
böyük sözə türkcə, gözəllik və
böyüklük diyarına Türküstan deyən bir
şairə hansı ağız "o, türk deyildir" deyə
bilər?".
"Azərbaycan
şairi Nizami" monoqrafiyasının müəllifi Firdovsi
ilə Nizamini ən müxtəlif tərəflərdən
müqayisə edərkən Firdovsidə fars,
Nizamidə isə islam təəssübkeşliyi olduğunu
göstərir. Və deyir: "O (Nizami - N.C.), bütün
duyğu və şüuru ilə müsəlmandır... Allahın təkliyinə inanır, farsca yazsa da,
duyğu və şüuru farslıqdan uzaqdır".
Nizami saraylardan kənarda dayansa da, dövrün
xüsusilə türk hökmdarları ilə həmişə
yaxın, səmimi münasibətləri olmuşdur. "Sirlər
xəzinə"sindən sonra qələmə
aldığı ikinci poemasını - "Xosrov və
Şirin"i Atabəy Məhəmməd Cahan Pəhləvana
göndərmiş, onun ölümündən sonra taxta
çıxan Qızıl Arslan ehtiram əlaməti olaraq Gəncə
yaxınlığında şairlə görüşüb Həmdünyan
adlı kəndi ona bağışlamışdı. "Yeddi gözəl"i isə Ələddin
Körpə Arslana həsr etmişdi.
Nizaminin
şairlik qüdrətindən xəbərdar olan Şirvan
hökmdarı I Axsitan şairə "Leyli və Məcnun"
mövzusunda bir əsər yazmağı sifariş verib, onu da
əlavə edir ki, həmin əsər türkcə yox, farsca
olsun. Nizami bu təklifi qəzəblə
qarşılayır. Və hökmdarın
"türk dili yaraşmaz şah nəslimizə, əskiklik
gətirər türk dili bizə" sözləri
müqabilində "qan vurdu beynimə, əsdi
dodağım" deyir. Şairin belə
bir reaksiya verməsini nizamişünaslar onun həm ana dilinə
ehtiramının ifadəsi sayır, həm də türkcə
əsərlər yazmış olduğu qənaətinə gəlirlər.
Ancaq təəssüf ki, indiyə qədər
Nizaminin türkcə heç bir əsəri
tapılmamışdır.
Dahi Azərbaycan şairi, mütəfəkkiri 1209-cu ildə
Gəncədə vəfat etmişdir. Onun məzarı
yüz illər boyu müqəddəs sayılmış,
yalnız Azərbaycandan deyil, dünyanın hər yerindən
Şeyx Nizaminin ziyarətinə gəlmişlər. Dəfn
olunduğu yerdə şairin adına layiq
möhtəşəm məqbərə
ucaldılmışdır.
Bu gün
Nizami dünyanın nüfuzlu elm-mədəniyyət mərkəzlərində
ən müxtəlif baxımlardan öyrənilir ki, həmin
mərkəzlər içərisində Oksford Universiteti nəzdində
akademik Nərgiz Paşayevanın təşəbbüsü
(və rəhbərliyi) ilə yaradılmış Nizami Gəncəvi
adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzi xüsusi əhəmiyyət
kəsb etməkdədir.
Ömrü
boyu doğma şəhərindən kənara çıxmayan
Nizami Gəncəvi əsərlərinin nadir əlyazma
nüsxələri Bakı, Təbriz, Tehran, Daşkənd,
İstanbul, Qahirə, Dehli, Moskva, Sankt-Peterburq, Paris, London və
b. kitabxana, muzey, əlyazma fondlarında ən qiymətli incilər
kimi qorunub saxlanılır ki, bu da azərbaycanlı
şair-mütəfəkkirin dünya şöhrətinin əyani
göstəricisidir. Və neçə yüzillərdir ki,
humanizm, sülh, həmrəylik, ali insani
hisslər təbliğ edən Nizami dühası bəşəriyyətə
ruh, mənəvi güc, enerji verir.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2021.- 9
oktyabr.- S.10.