"Xosrov və Şirin" poeması ilə
bağlı bəzi
uydurmalar və həqiqətlər
"Sirlər xəzinəsi" poemasının meydana
çıxması Nizamini bənzərsiz bir şair kimi
şöhrətləndirdi. Şair bu əsəri
sifarişlə yazmamışdı və onu qəlbən bəyəndiyi
Ərzincan hökmdarı Fəxrəddin Bəhram şaha
ithaf etmişdi. "Pansəd o həftad bəs
əyyam-e xab, Ruz boləndəst beməcles şetab"
(Nizami Gəncəvi, Məxzənol-əsrar, Bakı, 1960, s.
26) beytinə əsasən poemanın 570-ci (miladi 1174-1175-ci)
ildə yazıldığını
düşünürük. Bundan bir az
sonra Cahan Pəhləvan Nizamidən "yeni bir eşq əsəri"
yazmağı xahiş edir. Nizami mənim "Sirlər xəzinəsi"tək
bir xəzinəm ola-ola, həvəs və eşq
üçün nə üçün əziyyət çəkim",
- deyə zahirən bu sifarişi könülsüz
qarşılayır, ancaq "Xosrov və Şirin"
poemasını yazmağa girişir və 576-cı ildə onu
tamamlayır. Bu əsər əslində bir Azərbaycannamə,
bəlkə də bir Qarabağnamədir.
Y.E.Bertelsin fikrincə, Səlcuq sultanı II Toğrul
(1177-1194) 1180-1181-ci ildə Nizamiyə müraciət edərək
onun üçün yeni bir eşq əsəri yazmağı
xahiş edir.
(E.G.Bertels. Nizami Tvorçeskiy putğ pogta,
Moskva, 1956, s.103) Y.E.Bertels böyük alimdir və Nizami irsinin
öyrənilməsində, təbliğində müstəsna
işlər görmüşdür. Nizami
haqqında bir neçə monoqrafiya, çoxlu məqalələr
yazmışdır. Nizami əsərlərinin elmi-tənqidi
mətnlərinin hazırlanmasına rəhbərlik etmiş,
"Şərəfnamə"nin ən dəqiq
sətri tərcüməsini hazırlayıb nəşrinə
nail olmuşdur. Bütün bu işlərinə
baxmayaraq, yuxarıda sitat gətirdiyimiz fikri səhvdir. Əvvələn, Nizamidən yeni bir eşq əsəri
yazmağı Sultan Toğrul (nə II, nə III) xahiş etməyib.
İkincisi, yeni bir eşq əsərinin
yazılmağı sifarişi 1180-1181-ci ilin yaxınlarında
edilməyib, daha əvvəl sifarişi verilib, sifariş edən
isə III Toğrul yox, Atabəy Məhəmməd Cahan Pəhləvan
olub. Y.E.Bertels öz yanlış fikirlərində
o qədər inamlıdır ki, "Xosrov və Şirin"
poemasının 1180-1181-ci ildə qısa bir müddətdə
yazılıb başa çatdığını
düşünür. Qızıl Arslanın: "Bedan
name ke bordi salha rənc Çe dadət dəstmozd əz qouhər
o gənc" (Nizami Gəncəvi. Xosrov və
Şirin. Tərtib dəhənde-ye mətn-e elmi və
enteqadi: L.A.Xetaqurov, Bakı, 1960, s. 790). (Tərcüməsi:
üzərində illərlə işlədiyin o əsərə
görə əlmuzdu olaraq gövhərdən, xəznədən
nə verdi ?..) sözlərinə
məhəl qoymur. Başqa bir cəhətdən
II Toğrulun adını yazıb qarşısında III
Toğrulun hakimiyyət illərini göstərir.
Y.E.Bertels
səhv olaraq belə düşünür ki, Nizami "Xosrov
və Şirin"i əvvəlcə II Toğrulun, sonra Cahan
Pəhləvanın, daha sonra Qızıl Arslanın adına yazmışdır. Əslində,
II Toğrulun yerində III Toğrul olmalıdır. Çünki II Toğrul 1161-ci ildə artıq həyatda
yox idi. Y.E.Bertels, görünür ki,
"Bu nəzmin tarixi və keçmişi" bəhsini səhv
anlamışdır, həmin bəhsdə Nizami Toğrulu mədh
etmir. III Toğrul taxta əyləşən
vaxt, yəni 573-cu ildə (miladi 1177-ci ilin iyulunda) Nizami
poemanı yazmağa başladığını bildirir.
Hələ
bunlar bir yana qalsın, Y.E.Bertelsin başqa
uydurmaları təəccüb doğurur. Guya Nizami Toğrulun
sifarişi ilə yazılan əsəri sonra Cahan Pəhləvanın
adına yazır, əsərin
ortalarına yaxın Cahan Pəhləvanın qardaşı
Qızıl Arslan meydana çıxır. Bütün
bunlardan isə Y.E.Bertels heç cür Nizamiyə
yaraşmayan nəticə çıxarır. Guya Nizami ehtiyac içindəymiş, əsərinə
görə nəsə əldə etməyə
çalışırmış. Onun öz sözlərinə
müraciət edək: "Əgər heç vaxt
var-dövlətə və şöhrətə can atmayan, həyat
üçün ən vacib olanlarla kifayətlənən
şair bu şəkildə diqqət cəlb etməyə, yəni
hər hansı bir mükafat əldə etməyə
çalışırdısa, tamamilə aydındır ki,
onun ehtiyacı var idi". (E.G.Bertels. Nizami
Tvorçeskiy putğ pogta, Moskva, 1956, s.104). Y.E.Bertelsin Nizami haqqında bu şəkildə
düşünməsinə təəccüb edirsən.
Nizamidən eşq haqqında əsər
yazmağı xahiş edən Toğrul yox, Cahan Pəhləvandır.
O, Gəncədə hakim deyildi, bütün
sultanlığı idarə edirdi. Arslan şahın 7
yaşlı oğlunu sultanlıq taxtına əyləşdirən,
bütün vilayətlərə əmrlər göndərib
III Toğrulun adına xütbə oxunmasını əmr edən,
onun Atabəyi kimi ölkəni idarə edən, Səlahəddin
Əyyubi Mosulu tutmaq istəyəndə qoşunla onun
qarşısına çıxan, onu bu işdən çəkinməyə
məcbur edən, 573-cü ildə hakimiyyət
böhranını ögey qardaşı Arslan şahın 7
yaşlı oğlunu sultanlıq taxtına əyləşdirmək
və özünü onun atabəyi təyin etməklə həll
edən və bu qələbə münasibətilə həm
də Nizami Gəncəviyə yeni bir eşq əsəri
yaratmağı sifariş edən məhz Cahan Pəhləvandır.
Bunun üçün "Xosrov və
Şirin" dastanını yaxşı oxumaq lazımdır.
Qızıl Arslanın adına yazılan mədhdə də,
Qızıl Arslanın yanındakı görüşdə də
poemanın Cahan Pəhləvanın adına
yazıldığı nəzərə catdırılır,
Cahan Pəhləvan haqqındakı mədhin "Təzim
xitabı" hissəsi də var. Qızıl Arslanın mədhində
bu hissə yoxdur. Eyni zamanda Qızıl Arslanın mədhindəki
aşağıdakı beytlərə diqqət edək:
Ço
şod pərdaxte dər selk-e ouraq
Mosəccəl
şod be nam-e şah-e afaq
Ço
danestəm ke in Cəmşid-e sani
Ke badəş
ta qeyamət zendeqani
Əgər
bərg-e qoli binəd dərin bağ
Be nam-e
şah-e afaqəş konəd dağ.
(Nizami Gəncəvi.
Xosrov və Şirin. Tərtib dəhənde-ye
mətn-e elmi və enteqadi: L.A.Xetaqurov, Bakı, 1960, s.53).
Tərcüməsi:
Yazıldı
ta ki qurtardı vərəqlər,
Üfüqlər şahının oldu o dəftər.
Bilirdim bu
ikinci Cəmşid amma,
Ömür
sürsün görün durduqca dünya!
Bu
bağda görsə bir gül də o ancaq,
Üfüqlər şahı adıyla vurar dağ.
(Nizami Gəncəvi.
Xosrov və Şirin. Tərc. ed.: X.Yusifli,
Gəncə: GDU nəşriyyatı, 2012, s. 41).
Nizami
"üfüqlər şahı" deyərkən Cahan Pəhləvanı
nəzərdə tutur və "Xosrov və Şirin" əsərinin
onun adına yazılmasında Qızıl
Arslan "daha çox şaddır" fikrini ifadə edir.
Eyni zamanda bu əsər Cahan Pəhləvanın sifarişi ilə
onun adına yazılmaqla bərabər onun
əvvəlində Qızıl Arslan da mədh olunursa, bu,
tamamilə təbii bir hadisədir. Qızıl Arslan
qardaşından ayrı, ona zidd bir adam
deyildir. Onlar qardaşdırlar, hətta III
Toğrul da onlara yad deyil, onların anabir qardaşı Arslan
şahın oğludur. Onlar Toğrulu həmişə
himayə etmiş, Cahan Pəhləvanın ölümündən
sonra III Toğrul yenidən sultan olmaq istəyəndə
Qızıl Arslan xəlifəyə məktub yazıb onun
Sultan olmasına razılığını bildirmişdir. Ancaq xəlifə Toğrulun yox, Qızıl
Arslanın həmin vəzifəni tutmasını məsləhət
bilir və Qızıl Arslan sultanlıq taxtına əyləşir,
Van gölü ətrafı torpaqları da öz ərazisinə
birləşdirir. Bu vaxt eşidir ki,
gürcülər Gəncə ətrafı torpaqlara hücum
edərək qətlü-qarətlə məşğul
olurlar. Qızıl Arslan böyük ordu
ilə Gürcüstan üzərinə hərəkətə
başlayır. İbn əl-Əsirin
yazdığına görə, Bitlisə qədər gəlir,
gürcülər geri cəkilir, Qızıl Arslanın
yanına elçilər göndərib müharibənin
qarşısını alırlar. Görünür
ki, onun Nizamini görüşə çağırması da
bu vaxt, yəni 1190-cı ildə baş tutub. Bu görüşün yeri haqqında dəqiq fikir
yoxdur. Ancaq həmin görüşün
Naxçıvan ətraflarında şahın düşərgəsində
baş tutduğunu söyləmək mümkündür.
Bəzi
alimlər Nizaminin "Tərəfdaran ze Səqsin ta Səmərqənd
be noubətqahe dərgahəş kəmərbənd" (Tərc:
Sərhəd qoruyucuları Səqsindən Səmərqəndə
qədər sarayının keşiyində durmaq
üçün kəmər bağlamışdılar) beytinə
əsasən bu görüşün Zəngəzurun Şəki
kəndində baş tutduğunu bildirirlər. Bu
fikir beyti düz anlamamağın nəticəsidir. Nizami Səqsin dedikdə Xəzər
xaqanlığının böyük şəhərlərindən
biri olan Səqsini nəzərdə tutur.
Bu sətirlərin müəllifi də "Bir
görüşün tarixi" adlı məqaləsində həmin
fikrin doğru olmadığını yazmışdı. (Bax: X.Yusifov. "Bir
görüşün tarixi", "Elm və həyat"
jurnalı, Bakı, 1983, ¹ 9).
Vəhid
Dəstgirdi isə "Gəncine-ye Gəncəvi"də
"Xosrov və Şirin" poemasının hicri-qəməri
573-576-cı illərdə yazıldığını bildirir
və onun III Toğrulun, Cahan Pəhləvanın və
Qızıl Arslanın adına
yazıldığını qeyd edir (Vəhid Dəstgirdi. Gəncine-ye Gəncəvi ya dəftər-e həftom
əz səəbe-ye Həkim Nezami Gəncəvi, Tehran, 1317.
s. 79). Ustad Vəhidin səhvi oradadır
ki, əsər Cahan Pəhləvanın sifarişi ilə və
yalnız onun adına yazılsa da, tədqiqatçı
"Xosrov və Şirin"in həm də III Toğrulun və
Qızıl Arslanın adına yazıldığını
iddia edir. Halbuki şair özü Qızıl Arslana
yazdığı mədhdə poemanı məhz Cahan Pəhləvanın
adına yazdığını bəyan
edir. Əsərdə III Toğrulun barəsində
xüsusi mədh də yoxdur. Sadəcə
poemanın 573-cü ilin məhərrəm ayında
yazılmağa başlandığı bildiriləndə III
Toğrulun barəsində bir-iki beyt tərif deyilir. "Xosrov və Şirin" poemasının
yazılmasının sifariş verilməsi özlüyündə
573-cü ildə Cahan Pəhləvanın 7 yaşlı
Toğrulu sultanlıq taxtına əyləşdirməsi və
özünü onun Atabəyi təyin edərək hakimiyyəti
ələ alması hadisəsi ilə əlaqəlidir.
"Xosrov və Şirin" poeması ilə əlaqədar
mübahisə doğuran məsələlərdən biri də
Məhinbanu və Şirinin etnik mənsubiyyəti ilə əlaqədar
yürüdülən fikirlərdir. Tədqiqatlarda,
"Xosrov və Şirin" poemasına yazılan şərhlərdə
daha çox Məhinbanu və Şirin surətləri ilə
bağlı səhvlərə yol verilir. Məsələn,
Mirzə Həsən Rzaquliyevin "Xosrov və Şirin"
poemasına yazdığı şərhdə oxuyuruq: "Məhinbanu
Ərmənistan hökmdarı, paytaxtı Bərdə şəhərində
imiş (?). Şirinin bibisidir, bunun əsl adı Şəmiradır
...". Bu sətirlərin müəllifi
"Xosrov və Şirin" poemasının 1947-ci il nəşrinə şərh yazan Mirzə Həsən
Rzaquliyevdir. Onun şərhinin əlyazmasını
anonim adlandırmaq yanlışdır. M.H.Rzaquliyevin
səhvi odur ki, əsassız şəkildə Nizaminin Bərdə
hökmdarı, türk kimi təqdim etdiyi Məhinbanunu Ermənistan
hökmdarı elan edir. Ərmən
sözünü Arranla deyil, müasir və uydurma toponim olan
Ermənistanla eyniləşdirir. Bəli, Bərdə
qədim Azərbaycan şəhəri, Arran dövlətinin
paytaxtı olmuşdur. M.H.Rzaquliyev isə
bu fikri tamamilə təhrif edərək "paytaxtı Bərdə
şəhərində imiş" kimi gülünc bir
cümlə işlədir. Əslində
bu anonim şərhçi Məhinbanunu Ermənistan
hökmdarı elan etməklə Bərdəni də erməni
şəhəri elan etmiş olur. Bu
gülməli şərhdə "Arran Məhinbanunun ölkəsinin
aşağı hissəsinə deyilir" (Nizami Gəncəvinin
"Xosrov və Şirin" poemasının şərhi və
lüğət (anonim əlyazma), Bakı, Elm, 2019, s. 46).
Başabəla "anonim" şərhçi
bilmir və anlamır ki, Bərdə Arran dövlətinin
paytaxtıdır. Onun hökmdarı isə
Məhinbanudur. Məhinbanu və onun
qardaşı qızı Şirin qışı Bərdədə,
yazı Muğanda, yayı Ərmən dağlarında,
payızı Abxazda keçirir. Bu sadalanan ərazilər
ona məxsusdur. Məhinbanu qardaşı
qızı Şirinə nəsihətində bəyan edir ki, əgər
Xosrov Pərviz Keyxosrovdursa, biz Əfrasiyabıq, yəni o,
farsdırsa, biz türkük. Bu sözlər
Nizaminin ürəyindən qopan, onun bir Azərbaycan
türkü olmasının inkar olunmaz təsdiqidir. Y.E.Bertels də Məhinbanu və Şirin barədə
tarixi qaynaqlara baş vurur. Şirinin Nizamiyə
qədərki mənbələrdə aramey, xuzistanli, mədainli
kimi göstərilməsini dilə gətirir. Ancaq Nizami Şirin və onun bibisi Məhinbanunu bir Azərbaycan
türkü kimi təqdim edir. Şəmira
və Məhinbanu adlandırılan qadın Babil
hökmdarının arvadı olan, şərəfinə
Babildə asma bağlar düzəldilən Semiramidadır.
Onun haqqındakı rəvayətlər bəzən
Assuriya hökmdarı Semiramis haqqındakı rəvayətlərlə
qarışır. Semiramida ərinin
ölümündən sonra babasının köməyi ilə
vətəni olan Qaf dağına qayıdır. Nizami bu və digər qaynaqlardan bəhrələnərək
Məhinbanu və Şirin simasında Azərbaycan türk
qadınlarının möhtəşəm, ilahi surətlərini
yaratmışdır. Bu qadınlar
olmuş, var və olacaq. Ot
kökü üstdə bitər. Nizami bu Məhinbanu
surətində həm də, yəqin ki, öz doğma
bibisinin real cizgilərini əks etdirmişdir. Şirin Şəbdizi minib Mədainə yola
düşəndə Məhinbanu çox narahat olur, kədərlənir.
Nizami bu məqamda yazır ki, bu hadisə Məhinbanunun
qardaş kədərini təzələdi. Bu qardaş, bizə görə, Nizaminin atası Yusifdir.
"Xosrov və Şirin" poemasında Nizami
"Qəbri nurla dolsun, rəhmətlik atam" deyərək
atasını xatırlayır. Görünür,
şairin atası elə həmin vaxtlarda vəfat etmişdi.
Bu yaxınlarda Ərzurum Atatürk Universiteti Nizami Gəncəvinin
880 illiyinə həsr olunmuş möhtəşəm bir
konfrans təşkil etmişdi. Həmin konfransı təşkil
edən, ürəkdən çalışan insanlara Nizami
şəhərində yaşayan bir insan kimi
sayqılarımı bildirirəm. Ancaq onu da qeyd etmək
istəyirəm ki, həmin konfransın
iştirakçılarından biri Nemət İldırım
Məhinbanu və Şirini erməni adlandırdı... Bu məsələ ilə əlaqədar beyinlərdə
kirəcləşmiş fikirləri silmək
üçün ardıcıl maarifləndirməyə,
Nizamini düzgün "oxumağı" öyrətməyə
ehtiyac vardır. Görünür ki,
yalnız Məhinbanu və Şirin haqqında danışarkən
bu cür ifadələrin işlədilməsi ətrafında
deyil, ümumiyyətlə, Ərmən toponiminin
etimologiyası ilə əlaqədar elmi araşdırmalara,
elmi-publisistik məqalələrin çapına nail
olmalıyıq. Danılmaz həqiqətdir
ki, Nizami "Xosrov və Şirin" dastanında Məhinbanu
və Şirin surətləri ilə ona əziz və
doğma olan insanları canlandırmışdır.
Nizami irsində nəinki erməni surət, heç erməni
qoxusu da ola bilməz. Nizami qəhrəmanlarının
dili ilə ucadan bəyan edir.
O,
Aydırsa əgər, biz Afitabıq!
O,
Keyxosrovsa, biz Əfrasiyabıq!
(Nizami Gəncəvi.
Xosrov və Şirin. Tərc. ed.: X.Yusifli,
Gəncə, GDU nəşriyyatı, 2012, s. 112).
Xəlil Yusifli
Ədəbiyyat qəzeti.- 2021.- 9
oktyabr.- S.11.