Ədəbiyyat fatehi və əbədiyyətin
fəthi
Görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi
(1141-1209) Azərbaycan xalqının dünya ədəbiyyatına
bəxş etdiyi qüdrətli sənətkarlardan biridir. Dahi şairin adı
dünya ədəbiyyatının Dante, Servantes, Uilyam
Şekspir, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman
Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli, Balzak,
Viktor Hüqo, Lev Tolstoy kimi ölməz yazıçı və
şairləri ilə bir sırada çəkilir.
Nizami Gəncəvi intibah dövrü Azərbaycan və
Şərq lirikasının, epik poemaların qüdrətli
yaradıcısıdır. Azərbaycanın Gəncə
şəhərində yaşayıb-yaratmış Nizami Gəncəvinin
şeirləri Şərq poetikası prinsipləri əsasında
yazılmış nadir Azərbaycan poeziyası inciləridir.
Dahi şairin "Sirlər xəzinəsi" (1174),
"Xosrov və Şirin" (1180), "Leyli və Məcnun"
(1188), "Yeddi gözəl" (1197) və "İskəndərnamə"
(1203) poemaları "Xəmsə" adı ilə
tanınan möhtəşəm Beşlik poemalar dəstidir.
Nizami Gəncəvinin "Xəmsə" - Beşlik poemalar
dəsti Azərbaycan poeziyasının və ümumiyyətlə
ədəbiyyatımızın zirvəsi olmaqla bərabər,
Şərq və Qərb ədəbiyyatının
inkişafına da qüvvətli təsir göstərmiş
ölməz sənət şedevrləridir. Hindistanda
Əmir Xosrov Dəhləvi (XIII əsr) və Mərkəzi
Asiyada Əbdürəhman Cami (XV əsr), Özbəkistanda
Əlişir Nəvai (XV əsr) Nizami Gəncəvinin
mövzuları və ideyaları əsasında "Xəmsə"
adlandırılan Beşlik poemalar yaratmışlar. Böyük alman şairi Hötenin "Şərq-Qərb"
divanında Nizami "Xəmsə"sinin motivlərindən
istifadə olunmuşdur.
Məlum
olduğu kimi, X-XV əsrlərdə Şərq ölkələrində:
Anadoludan Azərbaycana və Orta Asiyaya, habelə, Çinə
və Hindistana qədərki böyük coğrafi məkanda
feodal dövlətlərinin inkişafı, İpək yolu -
karvan yolları vasitəsilə iqtisadi-ticarət və ədəbi-mədəni
əlaqələrin sürətli şəkildə genişləndirilməsi
hərtərəfli və sürətli inkişafa səbəb
olmuşdur. Xüsusən, göstərilən
dövrdə həm də antik yunan ədəbiyyatı və
mədəniyyəti ənənələrinin yeni tarixi şəraitin
tələblərinə uyğunlaşdırılaraq
yaradıcı şəkildə dirçəldilməsi, elm və
təhsilin qüvvətləndirilməsi əsasında Şərqdə
böyük Renessans hadisəsi baş vermişdir. Həmin tarixi epoxada Azərbaycanda da iqtisadiyyatın
inkişafı, tranzit əlaqələrin genişləndirilməsi,
elmin, təhsilin, sənətkarlığın dirçəlişi
sahələrində geniş masştablı və dinamik bir
yüksəliş dövrü müşahidə
edilmişdir. Digər inkişaf etmiş Şərq
ölkələrində olduğu kimi, Azərbaycanda da
"dörd giriş qapısı və tərkibində
bazarlar da fəaliyyət göstərən ticarət məhəllələri" olan şəhərlər,
eyni zamanda ali məktəb statusu daşıyan mədrəsələr
və zəngin kitabxanalar da mövcud olmuşdur. Ölkədə yunan elmi, ədəbiyyatı və
mifologiyasına maraq daha da artmış, mədrəsələrdə
antik dövrün görkəmli alimlərinin və şairlərinin
əsərlərindən istifadə edilmişdir. Bu
proses dünya elmi və ictimai fikrində geniş mənada
Şərq intibahı və ya Müsəlman Renessansı
adlandırılmışdır.
Ölkə elmində isə hələ XX
əsrin ortalarından etibarən XI-XIII əsrlər "Azərbaycan
intibahı" kimi elan olunmuşdur.
Böyük
Azərbaycan şairi Nizami Gəncəvi əsərlərində
intibah ədəbiyyatı üçün səciyyəvi
olan dövlətin inkişafını və cəmiyyətin
həyatında şəhərlərin rolunun daha da artmasını
geniş şəkildə təsvir və tərənnüm
etmişdir. Nizami Gəncəvi saraya getməsə
və saray ədəbi məclislərində təmsil olunmasa
da, cəmiyyətin həyatında dövlətin qüvvətli
olması faktorunun zəruriliyinə dərin inam bəsləmişdir.
O, Azərbaycan Atabəyləri dövlətinə ehtiramla
yanaşmış, həmin dövlətin daha güclü
olmasına dəstək vermişdir. "Xosrov və
Şirin" poemasını Atabəylər dövlətinin
başçısı Məhəmməd Cahan Pəhləvana
ithaf etməsi və onun vəfatından sonra hakimiyyətə
gəlmiş Atabəy Qızıl Arslanla görüşməsi
Nizami Gəncəvinin dövlətçiliyə münasibətlərinin
əməli ifadəsidir. Görkəmli sənətkarın
xalqın və ölkənin inkişafında dövlətin
rolunu ön mövqeyə çəkməsi onun özünəməxsus
baxışlarının bədii ifadəsi olmaqla bərabər,
həm də içində olduğu cəmiyyətdə
dövlətçiliyin inkişafının bütün digər
sahələrdəki dirçəlişin əsas səbəblərindən
biri olmasını əyani şəkildə müşahidə
etməsi ilə əlaqədardır. Belə ki, Nizami Gəncəvinin
yaşayıb-yaratdığı dövrdə Atabəylər
dövləti regionun ən inkişaf etmiş dövlətlərindən
biri olmuş, Gəncə şəhəri isə
özünün hərtərəfli inkişaf xüsusiyyətləri
ilə nəinki Şərqin, hətta bir çox cəhətdən
Avropanın renessans şəhərlərinin simasını əks
etdirmişdir. Bundan başqa, Nizami Gəncəvinin
əsərlərində iqtisadi və mədəni
mühitinin dirçəlişi ilə səciyyələndirilən
Gəncə, Dərbənd, Bərdə və sair kimi şəhərlərin
təsvirinin üstünlük təşkil etməsi Azərbaycan
Renessans ədəbiyyatının əsas prinsiplərindən
biridir. Bu mənada şairin "İskəndərnamə"
poemasındakı "Bərdənin tərifi" şeirini
onun mənsub olduğu Azərbaycanın tərifi kimi qəbul
edərək, şeirdəki poetik vüsətin
bütövlükdə ölkədəki intibahla əlaqədar
yüksəlişin bədii ifadəsi mənasında dəyərləndirmək
mümkündür.
Müsəlman
intibahının tədqiqatçıları "xalqın
sadə nümayəndələrinə və onların həyatına
maraq göstərilməsini" Renessans hadisəsi kimi qiymətləndirmişlər.
Nizami Gəncəvinin əsərlərində təsvir
olunan şəhərlərdə də kərpickəsən,
daşyonan, memar, nəqqaş, sazəndə, xəttat və
sair kimi peşələrin və sənətlərin təmsilçilərinin
dərin rəğbət hissi ilə təqdim edilməsi də
intibah ədəbiyyatı hadisəsi əlamətləridir.
Şərq ədəbiyyatında ilk dəfə
əsilzadələrinə imtiyazlı siniflərin nümyandələri
və sadə insanların obrazlarını ədəbiyyatda
bir araya Nizami Gəncəvi gətirmişdir. Həyatda və əsərlərində
hökmdarlara ehtiram göstərən Nizami Gəncəvi sadə
insanlara dərin rəğbətini ifadə etmişdir. Bu, intibah ədəbiyyatı və ictimai fikrinə
Nizami Gəncəvinin gətirdiyi demokratik düşüncədir.
Bundan başqa, intibah ədəbiyyatı və mədəniyyətində
aparıcı olmuş humanizm, ədalət, bərabərlik,
azadlıq və sair kimi ideallar Nizami Gəncəvi
yaradıcılığının əsasını təşkil
edir. Nizami humanizmi geniş anlayış olub, həyat
eşqi və insanlığa xidmətlə yanaşı, həm
də yüksək əxlaqi-mənəvi dəyərlərə
yiyələnməyi, Xeyirdən yoğrulan və Şərdən
uzaq olan bir həyatı və idealları özündə cəmləşdirir.
Əhatə etdiyi geniş mənalara görə
akademik Məmməd Cəfər Cəfərov Nizami Gəncəvi
yaradıcılığındakı humanizmin Renessans
sözünün daşıdığı mənaların
sinonimi səviyyəsinə
çatdırıldığını xüsusi olaraq qeyd
etmişdir.
Nizami Gəncəvi əsərlərində əhatə
edilən möhtəşəm coğrafi genişlik və
çoxcəhətli ədəbi-mədəni və iqtisadi əlaqələrin
inkişafının təsviri onun
yaradıcılığında intibah ədəbiyyatının
ana maddələrindən biri olan ölkələrarası
inteqrasiya məsələsinin də yüksək səviyyədə
əks etdirilməsi deməkdir. Dünyanı geniş
coğrafi miqyasda aydın şəkildə dərk və
şərh etməsi Nizami Gəncəvinin renessans
dünyagörüşünə malik mütəfəkkir sənətkar
olduğunu nümayiş etdirir. Tərəddüd etmədən
demək olar ki, nəinki Şərq intibahı dövründə,
hətta Qərb intibah ədəbiyyatı və mədəniyyətində
də Nizami Gəncəvi qədər əsərlərində
bir neçə qitədə: Avropa, Asiya və Afrikada baş
vermiş hadisələri və geniş coğrafi məkanda
yaşayıb-yaratmış ədəbi-tarixi şəxsiyyətləri,
fəaliyyət göstərmiş dövlət xadimlərinin
taleyini və xidmətlərini əks etdirən ikinci bir sənətkar
göstərmək çətindir. Bu cəhətdən
Nizami Gəncəvini qitələrdən-qitələrə səfərlər
etmiş dünyanın ən məşhur səyyahları ilə
müqayisə etmək olar. Nizami Gəncəvi
Azərbaycan ədəbiyyatının Kolumbu və ya
Magellanıdır. XII əsr şəraitində
Nizami Gəncəvinin yeddi iqlim ölkəsinin hadisələrini
öyrənib, "Yeddi gözəl" əsərində bədii
düşüncə əsasında böyük istedadla təsvir
etməsi intibah mədəniyyətinin nadir təzahürlərindən
biridir. Bu mənada "Yeddi gözəl"
poeması nəinki Şərq, ümumiyyətlə dünya
intibah ədəbiyyatının möcüzəsidir. Eyni zamanda "İskəndrnamə" poemasında
Makedoniyalı İskəndərin Həbəşistandan-Hindistana
qədərki hərbi yürüşlərinin təsvir edilməsi
də heyrətamiz ədəbiyyat hadisəsidir. Nizami Gəncəvinin digər poemalarında da
möhtəşəm zaman və məkan genişliyi hakimdir.
Haqlı olaraq qeyd edildiyi kimi, "Nizaminin bütün
poemaları ümumdünya ruhu il səciyyələnir. "Xəmsə" Nizamini ümumdünya
masştabına və ümuminsanlıq əhəmiyyətinə
malik şair-mütəfəkkir kimi xarakterizə edir". Qərb maraqları
baxımından Asiya romantikasını, Şərq
üçün isə xristian və slavyan
dünyasının reallıqlarını açıb
göstərmək baxımından Nizami Gəncəvi öz
xalqına və bəşəriyyətə Kolumb kimi xidmət
göstərmişdir.
Dünya
intibah mədəniyyətində olduğu kimi, böyük Azərbaycan
şairi Nizami Gəncəvi də antik yunan elmi, ədəbiyyatı
və mədəniyyətinin əsaslarını dərindən
öyrənmiş və böyük məharətlə Azərbaycan
həyatı ilə əlaqəli şəkildə təsvir
etmişdir. Bu mənada Nizami Gəncəvinin
"İskəndərnamə" əsəri təkcə
Makedoniyalı İskəndərin deyil, bütövlükdə
antik yunan elminin və mədəniyyətinin möhtəşəm
poetik təqdimatıdır. "İskəndərnamə"
Azərbaycan intibah ədəbiyyatının
Odisseyasıdır. "İskəndərnamə"də
təsvir edilmiş antik yunan alimlərinin məclisi Platon
Akademiyasındakı elmi ideyaların, ağıl və
idrakın məhsulu olan yenilikçi fikirlərin Azərbaycan
cəmiyyətinə, Şərq aləminə canlı və
yaradıcı şəkildə gətirilməsi deməkdir.
Akademik Yevgeni Bertelsin aşağıdakı mülahizələri
Nizami Gəncəvinin özünün də antik
dövrün mütəfəkkirləri kimi böyük idrak
və istedad sahibi olduğunu göstərir: "Nizami Gəncəvi
burada ("İskəndərnamə"də - İ.H.) bizim
qarşımızda alim və mütəfəkkir kimi
çıxış edir. Bu əsərdə o,
bütün ömrü boyu onu narahat edən və
düşündürən problemləri bir yerdə cəmləşdirmişdir".
Nizami Gəncəvinin antik dövrdə olduğu kimi, cəmiyyətin
inkişaf etdirilməsində elm faktoruna xüsusi əhəmiyyət
verməsi, dönmədən elm öyrənməyin zəruriliyini
və faydalarını təbliğ və təşviq etməsi
Azərbaycanda və türk-müsəlman dünyasında
yaşanan vüsətli intibah proseslərinə meydan
açmaq, təkan vermək amalının bədii ifadəsidir. Şərqdə
və Qərbdə Nizami Gəncəvi qədər elm faktoruna
geniş meydan açan, elmi ideyaları dönmədən təşviq
edən ikinci bir şair-mütəfəkkir göstərmək
çətindir. Nizami Gəncəvinin təqdimatında
elm ağıl və idrak mənalarını ifadə edir.
Nizami dünyanı ağıl və idrak əsasında
dərindən dərk etmiş, xüsusi istedad və ilhamla tərənnüm
etmişdir. Dahi şairin atalar sözü kimi səslənən
aşağıdakı misraları onun cəmiyyətin
inkişafında və insanlığın taleyində elmə
hansı səviyyədə xüsusi önəm verdiyini
nümayiş etdirir:
Qüvvət
elmdədir, başqa cür heç kəs,
Heç
kəsə üstünlük eyləyə bilməz!
Nizami Gəncəvi dünya intibah mədəniyyəti təfəkkürü
üçün xarakterik olan əsl universal zəka nümunəsidir. Bir çox dünya dillərini,
dəqiq elmləri və təbiət elmlərini dərindən
mənimsəmiş, həm də geniş ədəbi
dünyagörüşə, qeyri-adi bədii istedada malik olan
Nizami Gəncəvi miqyası intibah standartlarını
aşan, Renessans üçün yeni
çağırışlar meydana qoyan ölçüyəgəlməz
bir reallıqdır. Elmi-ədəbi biliklərinin
universallığına görə Nizami Gəncəvi Azərbaycanın
Aristotelidir. "İskəndərnamə"
Azərbaycanın və Şərqin Platon Akademiyası
funksiyasını həyata keçirən böyük sənət
abidəsidir.
Əslində, "İskəndərnamə"dəki
Alimlər Məclisində antik yunan alimləri ilə
yanaşı, Şərq elmi fikrinin nümayəndələrinin
birlikdə iştirakını göstərməklə və
müəllif kimi müdaxilələri və təqdimatları
ilə özünün də iştirakını nəzərə
çarpdırmaqla, böyük mütəfəkkir şair fərqli
bir "Nizami Gəncəvi Məclisi"
yaratmışdır. "İskəndərnamə" mənzum
epopeyasında Makedoniyalı İskəndərin və Azərbaycan
hökmdarı Nüşabənin timsalında həm ölkə
ilə bağlı regional məsələlərin və həm
də dünya ilə əlaqədar qlobal problemlərin
müzakirə edilib qərarlar
çıxarılmasının təsviri "Nizami Gəncəvi
Məclisi"nin mahiyyətinə və əhatə dairəsinə
görə, "Ümumdünya Məsləhət Məclisi"
funksiyasını həyata keçirməyə qadir olan Beynəlxalq
Elmi Şura təəssüratı yaradır. Nizami
Gəncəvi öz dövrünün, yaxın və uzaq gələcəyin
reallıqlarını dərindən dərk edən və gələcək
inkişafın yollarına işıq sala bilən mütəfəkkir
sənətkardır.
Ənənə və novatorluq baxımından Şərq
Müsəlman İntibahı ilə Qərb Xristian Renessansı
bir-birilə üzvü surətdə əlaqədardır. Şərq
intibah ədəbiyyatının meydana
çıxardığı bədii obrazlarla Qərb
Renessansının aparıcı obrazları arasındakı bənzərliklər
onları eyni dərəcədə əhatə edən
ümumrenessans baxışlarından irəli gəlirsə, həmin
qəhrəmanları ayıran cəhətlər isə Şərq
və Qərb düşüncə tərzindəki fərqliliklərdən
doğur. Nizami Gəncəvinin Leylisi ilə
Françesko Petrarkanın Laurası, Nizaminin Məcnunu ilə
Uilyam Şekspirin Otellosu arasındakı
oxşarlığın bir ortaq cəhəti də hansı
coğrafi məkanda yaşamasından asılı olmayaraq,
insanların talelərindəki yaxınlıqla və ya sənətkarların
insan talelərinə bəslədikləri münasibətlərdəki
ortaq mövqelərlə əlaqədardır. Beləliklə,
Leyli ilə Lauranın, Məcnunla Otellonun arasındakı
yaxınlıq və fərqlər Nizami Gəncəvi ilə
Uilyam Şekspirin və Françesko Petrarkanın
baxışlarındakı bənzərliklərdən və
fərqli cəhətlərdən ibarətdir. Geniş
mənada bu, Şərq və Qərb Renessanslarının
oxşar və fərqli cəhətləri kimi də başa
düşülə bilər. Dünya ədəbi-mədəni
kontekstindən yanaşsaq, Şərq İntibahı ilə Qərb
Renessansı arasındakı oxşarlıqlar həm də
ayrı-ayrı coğrafiyada cəmiyyət həyatında
baş vermiş bənzər inkişaf səviyyəsinin əsas
göstəricisidir. Lakin Şərq və
Qərb intibah mədəniyyətləri cəbhəsində
müşahidə olunan fərqlər bu coğrafiyalardakı
ictimai-siyasi və iqtisadi, dini-mənəvi və mədəni
vəziyyətin və baxışların fərqlilikləri
(özünəməxsusluqları) ilə bərabər, həm
də mütləq mənada insan cəmiyyətinin həyatındakı
yeni inkişaf mərhələsinin reallığı idi.
Xronoloji cəhətdən Şərq
intibahından sonra meydana çıxmış Qərb
Renessansı özündən əvvəlki inkişafı
inkar etmir, əksinə, fərqli formada davam və inkişaf
etdirərək tamamlayır.
Şərq
ölkələrində və Azərbaycanda intibah proseslərinin
formalaşmasında islam amili də
özünəməxsus əhəmiyyət kəsb etmişdir.
Şərqin bir çox regionlarında, o cümlədən
Azərbaycanda IX əsrə qədər davam edən ərəb
xilafəti ilə mübarizədən sonrakı dövrdə
çoxəsrlik ənənələrə malik türk
sivilizasiyası ilə islam dininin vəhdət
təşkil etməsi, islam maarifçiliyinin oturuşmuş
bir sistemə çevrilməsi cəmiyyətin
inkişafında yeni inkişaf mərhələsinin
formalaşmasında mühüm rol oynamışdır. Buna
görədir ki, XI-XII əsrlərdə Azərbaycan ədəbiyyatında
meydana çıxmış poemalarda, o cümlədən
Nizami Gəncəvinin poemalarında təkallahlığın
- tanrıçılığın, islam peyğəmbərlərinin
mədh və vəsf edilməsi, hədislərdən gəlmə
motivlərin didaktik imkanlarına diqqət yetirilməsi ənənəsi
genişlənmişdir. Türk sivilizasiyasındakı
ümummilli ideyalarla islam təlimindəki əxlaqi-mənəvi
kamillik baxışlarının üzvi sintezi nəticə
etibarilə ədəbiyyatda möhtəşəm bir
bütövlük və genişlik anlayışları
formalaşdırmışdır. Nizami Gəncəvinin
yaradıcılığı türk ruhunu və islam təlimindəki kamillik
qavrayışını ifadə etməklə fərqli bir mərhələ
təşkil etmiş, intibah ədəbiyyatı örnəkləri
səviyyəsinə yüksəlmişdir.
Beləliklə, Nizami Gəncəvi Azərbaycanda intibah
mədəniyyəti və ədəbiyyatının qüdrətli
yaradıcısıdır. Nizami Gəncəvinin və onun
görkəmli müasirləri Əfzələddin Xaqaninin, Məhsəti
Gəncəvinin yaradıcılığında intibahı
doğuran səbəblər içərisində antik elm və
ədəbiyyat amili ilə bərabər, onların mənsub
olduqları ölkənin xüsusi iqtisadi-mədəni
dirçəlişi və yüksəlişinin də əsas
faktorlarından biri olması XII əsrdə Azərbaycanda da
Renessans hadisəsinin baş verdiyini nümayiş etdirir. Ölkəmizin Şərq intibahının əsas
mərkəzlərindən biri olmasının heç bir
mübahisə doğurmaması öz növbəsində həm
də Azərbaycanın da intibah ölkəsi kimi etiraf edilməsi
deməkdir. Avropa Renessansı çərçivəsində
həm də özünəməxsus xüsusiyyətləri
ilə səciyyələnən inkişaf etmiş İtaliya
intibah mədəniyyəti olduğu kimi, Şərq
intibahının hüdudları daxilində də oxşar və
fərqli keyfiyyətləri ilə seçilən Azərbaycan
Renessansı olmuşdur. Bu mənada Azərbaycan
Şərq intibahının İtaliyasıdır. Avropa Renessansının inkişafında İtaliya mədəniyyətinin
oynadığı rolu, Şərq intibahının taleyində
Azərbaycan həyata keçirmişdir.
Şərq
intibahının əsas inkişaf mərkəzlərindən
biri olan Azərbaycanla coğrafi baxımdan qonşuluqda yerləşməsi,
Türkiyə ilə yaxın və sıx əlaqələri,
ərazisində azərbaycanlıların da
yaşadığı Gürcüstanda da müsəlman
intibahı ədəbi ənənələrinin
yayılmasına şərait yaratmışdır. Bundan başqa, Gürcüstan ərazisinin, o cümlədən
Tiflis şəhərinin qədim İpək yolunun, karvan
yollarının üzərində yerləşməsi də
burada intibah ədəbiyyatının inkişaf tapmasına
meydan açmışdır.
Qeyd etmək lazımdır ki, Şərq intibahı ənənələri
geniş mənada Qafqazın müsəlman olmayan
xalqlarının ədəbiyyatına, o cümlədən
gürcü ədəbiyyatına da öz təsirini göstərmişdir. Akademik
Ş.İ.Nutsubidzenin yazdığı kimi "Nizaminin simasında
Azərbaycanda yaranmış intibah ənənələri
Gürcüstanda yüksək Rustaveli səviyyəsinə
çatdırılmışdır". Bu cəhətdən
Gürcüstanın XI-XII əsrlərdəki inkişafı
hərtərəfli intibah ədəbiyyatı və mədəniyyətinin
tələblərinə cavab verir. Xüsusən,
gürcü ədəbiyyatının klassiki Şota
Rustavelinin məşhur "Pələng dərisi geymiş pəhləvan"
poeması Qafqaz intibah ədəbiyyatının şedevrlərindən
biri hesab oluna bilər. Mövzusunu Şərq-müsəlman
dünyasından alması, ideyasının antik yunan fəlsəfəsi
ilə səsləşməsi "Pələng dərisi geymiş
pəhləvan" poemasına yüksək intibah ədəbiyyatı
nümunəsi kimi baxmağa əsas verir. "Pələng
dərisi geyinmiş pəhləvan" poemasında Şərq-müsəlman
və Qafqaz-xristian sintezi cizgilərinin olması Şota
Rustavelinin XI-XII əsrlərin intibah ədəbiyyatının
fərqli bir görkəmli ədəbi simasının
olduğunu göstərir.
Böyük Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvi və görkəmli gürcü şairi
Şota Rustaveli Qafqaz Renessans ədəbiyyatı və mədəniyyətinin
qoşa qanadları və qoşa zirvələridir.
Məlum olduğu kimi, Qərbdə intibah ədəbiyyatı
realist ədəbiyyat tipi olaraq yaranıb inkişaf
etmişdir. Şərqdə və o cümlədən Azərbaycanda
isə intibah ədəbiyyatı romantik bədii metodun
işığında formalaşıb kamala
çatmışdır. Əvvəla,
Şərq mühitində, türk-müsəlman cəmiyyətində
mövcud olmuş ətalətdən hərtərəfli
inkişafa, sıçrayışa doğru yüksəlişin
vüsətini göstərmək üçün realizm yetərli
sayıla bilməzdi. Hərçənd,
Azərbaycan intibah ədəbiyyatının realist xarakterə
malik olması haqqında da elmi iddialar mövcuddur. Görkəmli yazıçı-ədəbiyyatşünas,
akademik Mirzə İbrahimovun fikrincə, "Renessans
insanlığın fikrini birdən real gerçəkliyin
üzünə doğru döndərmişdir". Bununla belə, qədim Şərq ədəbiyyatında,
həmçinin orta əsrlər Azərbaycan ədəbiyyatında
romantik bədii metod əsas təsvir və tərənnüm
üsulu olduğu üçün Qərbin klassik Renessans sənətkarlarının
realist şəkildə əks etdirdikləri problemləri
Şərqdə və eyni zamanda Azərbaycanda romantik
üsulla şərh və təqdim etmək heç bir
çətinlik törətməmişdir. Akademik N.İ.Konrad Şərq
intibahı dövrü ədəbiyyatındakı romantik tərənnüm
üsulunu şərti olaraq "Renessans romantizmi" adlandırmışdır. Həm də Renessans üçün onun hansı bədii
metod vasitəsilə təsvir və tərənnüm edilməsi
yox, necə, hansı miqyasda əks etdirilməsi daha zəruridir.
Bu baxımdan realizmin Qərb Renessansı ədəbiyyatının
taleyində oynadığı rolu Şərq intibah ədəbiyyatında
romantik bədii metod tam olaraq yerinə yetirmişdir. Möhtəşəm özünəməxsusluğu
və orijinallığı ilə də Şərq və Qərb
Renessansları bir-birlərini təkrar etməyən möhtəşəm
ədəbiyyat hadisələridir.
Ayrılıqda
götürülmüş bir ölkəni deyil, geniş mənada
Şərq aləmini və Qərb dünyasını əhatə
etdiklərinə görə hər iki mərhələdə
Renessans ədəbiyyatı üçün milli dil amili ilə
yanaşı, geniş masştabda qəbul edilən
xalqlararası ümumi ünsiyyət vasitəsi olan dil faktoru əsas
prinsip olmuşdur. Bu cəhətdən Şərq intibahı
dövrünün ədəbi əsərlərinin fars dili, Qərb Renessans ədəbiyyatının
isə latın dili vasitəsilə yayılması tamamilə
təbii qəbul edilməlidir.
Nizami Gəncəvi Azərbaycan intibah ədəbiyyatının
banisi və Şərq intibah mədəniyyətinin əsas
yaradıcılarından biridir. Anadoludan-Qafqaza-Azərbaycana-Orta
Asiyaya və Hindistana-Çinə qədərki
Türk-müsəlman dünyasındakı intibah proseslərini
Nizami Gəncəvinin yaradıcılığı olmadan,
"Xəmsə"siz təsəvvür etmək
mümkün deyildir. Nizami Gəncəvinin
əsərləri Şərqdə intibah proseslərinə
yol açmış və istiqamət vermişdir. Renessans ideyalarının təməllərini təşkil
edən humanizm, ədalət, bərabərlik və gələcəkçilik
baxımından Nizami Gəncəvi Şərq mütəfəkkirlərini
də, Qərbin elm, sənət və ədəbiyyat xadimlərini
də qabaqlamışdır.
Nəhayət, Nizami Gəncəvi ümumiyyətlə ədəbiyyatda
və ictimai fikirdə intibah, yəni xüsusi dirçəliş
və sıçrayış yaratmış qüdrətli sənətkardır. Ədəbiyyatda
Nizami Gəncəvinin fəth etdiyi zirvə əlçatmazdır.
Yekun olaraq belə deyə bilərik ki, Nizami Gəncəvinin
parlaq əsərləri və böyük idealları Azərbaycan
intibah ədəbiyyatının və Şərq intibah mədəniyyətinin
yaradılmasında və inkişafında həlledici rol
oynamışdır. Nizami Gəncəvinin zəngin və
çoxcəhətli yaradıcılığı təkcə
Azərbaycan ədəbiyyatının və ictimai fikrinin
deyil, dünya ədəbiyyatının və bəşər
mədəniyyətinin Şərq intibahı ilə Qərb
Renessansının qovuşağındakı ən
böyük sənət hadisəsidir. İntibah
ədəbiyyatının şedevrlərini yaratmış
Nizami Gəncəvinin vətəni həm də Azərbaycan
Renessansının yaranma və inkişaf mərkəzlərindən
biridir. Azərbaycan karvan yolları,
karvansaraları və bazarları, şəhərləri və
sənətkarları geniş elmi və ədəbi
imkanları ilə əsl Renessans ölkəsi idi.
Nizami Gəncəvinin adı və sənətinin ənənələri
əsasında Nizami ədəbi məktəbi
yaranmışdır. XII əsrdən bu günə qədər geniş
coğrafi məkanda Şərq ədəbiyyatına yol
göstərən, dünya ədəbi fikrinə işıq
saçan, Azərbaycan ədəbiyyatının inkişaf
yollarına bələdçilik edən Nizami ədəbi məktəbi
özünün tarixi yolunu uğurla davam etdirməkdə,
milli-elmi və ədəbi-ictimai fikrin, müxtəlif mədəniyyətlərin
inkişafına özünün böyük töhfələrini
verməkdə davam edir.
Böyük Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının
Makedoniyalı İskəndəridir. Makedoniyalı İskəndər
dünyanı qılıncı ilə, Nizami Gəncəvi isə
qələmi ilə fəth etmişdir. Nizami
Gəncəvi də ədəbiyyat dünyasının fatehlərindən
biridir. Ədəbiyyat fatehi olmaq isə həm də əbədiyyəti
fəth etmək deməkdir!
İsa
HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.- 2021.- 9
oktyabr.- S.6-7.